Məhkəmə qərarları › İş №e-2(006)-3354/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3354/2022

07.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3354/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 35.000 (otuz beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-dən onun xeyrinə 35.000 (otuz beş min) manat məbləğində mənəvi zərərə görə kompensasiyanın və ödənilmiş 195 (yüz doxsan beş) manat məhkəmə rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin X31 Təchizatı və Satışı idarəsinin, Gədəbəy X7 şəbəkə sahəsinin ustası işləyən X9 öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə- X17 ölümünə səbəb olmuşdur. Belə ki, X18, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 19 sentyabr 2018-ci il tarixli K/18-05345 nömrəli əmri ilə "xxxx"ASC-nin X31 Təchizatı və Satışı idarəsinin, Gədəbəy X7 şəbəkə sahəsinin ustası vəzifəsində işləməklə "xxxx" ASC-nin sədri tərəfindən 20 aprel 2015- ci il tarixdə təsdiq edilmiş rayon elektrik şəbəkəsinin X22 ustasının vəzifə təlimatına əsasən hadisə baş vermiş Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən X4 məxsus rabitə dayağının yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttinə vaxtaşırı və növbədənkənar baxışlar keçirməklə aşkar edilmiş qüsurların aradan qaldırılmasını təmin etməyə cavabdeh olan məsul şəxs kimi "xxxx"ASC-nin rayon elektrik şəbəkəsinin X22 ustasının vəzifə təlimatının 12-ci bəndinə əsasən illik qrafik üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım təmir işlərinin aparılmasını, 14-cü bəndinə əsasən hava xətlərinə baxış keçirilməsini, 15-ci bəndinə əsasən hava kabel xətlərinin normal vəziyyətdə olmasını, 32-ci bəndinə əsasən meqoometr və gərginlik zədə göstəricisi ilə transformator və kabellərin vəziyyətinin yoxlanılmasını, elektrik avadanlığında qoruyucuların dəyişilməsini, torpaqlamanı quraşdırıb və çıxartmasını, 37-ci bəndinə əsasən hava və kabel xətlərində bütün əsaslı və cari təmir bərpa işlərini yerinə yetirməsini, 39-cu bəndinə əsasən elektrik avadanlıqlarına mütəmadi baxış keçirməsini və qəza açılmalarının səbəblərini müəyyən etməsini, elektrik xətlərinə vaxtaşırı və növbədənkənar baxışlar keçirməklə aşkar edilmiş qüsurların aradan qaldırılmasını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 fevral 2020-ci il tarixli 40 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik qurğularının quraşdırılması qaydaları»nın 2.1.2.19-cu bəndinə əsasən elektrik xətlərinin mexaniki zədələnmələrini mümkün olan yerlərdə açıq çəkilmiş naqillər və kabellərin öz mühafizə örtükləri ilə onlardan mühafizə olunmasını, əgər belə örtüklər yoxdursa və ya mexaniki zədələnmələrə qarşı kifayət qədər davamlı deyillərsə - borularla, qutularla, çəpərlərlə və ya gizli elektrik xətti tətbiq edilməklə mühafizə olunmasını, 2.4.4.2ci bəndinə əsasən izolə edilməmiş və izolə edilmiş naqilli hava xəttlərində dayağın materialından, havanın çirklənmə dərəcəsindən və ildırımın baş vermə intensivliyindən asılı olmayaraq izolyatorlardan və yaxud izolyasiya materiallarından olan traverslərdən istifadə olunmasını, 2.4.4.3-cü bəndinə əsasən izolə edilməmiş və izolə edilmiş naqilli hava xəttindən budaqlanma dayaqlarında, bir qayda olaraq, çoxboyunluqlu və ya əlavə izolyatorlar tətbiq edilməsini, 2.4.7.3-cü bəndinə əsasən hava xətt naqillərindən asma rabitə xəttləri (RX) və naqilli yayımxəttləri (NYX) kabellərinə və ya naqillərinə qədər şaquli istiqamətdə olan məsafə kəsişmə aşırımındakı hava xətti naqillərinin ən böyük sallanma oxunda olmasını, (a) özüdaşıyan izolə olunmuş naqillər (ÖİN)-dən və izolə edilmiş naqillərdən-1 m-dən az olmamaqla; b) izolə edilməmiş naqillərdən-1,25 m-dən az olmamaqla, 2.4.7.15-ci bəndinə əsasən hər bir izolə edilmiş hava xətt (İHX) dayağının torpaqlayıcı qurğuya malik olmasını, bu halda torpaqlama müqavimətinin 10 Om-dən artıq olmamasını, hər bir izolə edilmiş hava xətt dayağında təkrar torpaqlayıcı PEN-naqili quraşdırılmasını, 20 fevral 1989-cu il tarixdə keçmiş SSRİ Energetik naziri tərəfindən təsdiq olunmuş «Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1-ci bəndinə əsasən elektrik hava xətlərinin (HX) istismarı zamanı, onların etibarlı işləməsini təmin etmək üçün, texniki xidmət və təmirlərin aparılmasını, 5.7.5-ci bəndinə əsasən texniki xidmət zamanı profilaktik yoxlama və ölçmələr aparılmaqla, nasazlıq və qüsurlar aradan qaldırmaqla HX-nin elementlərinin vaxtından əvvəl aşınmasının qarşısının alınmasını, 5.7.16-cı bəndinə əsasən HX-nin istismarında onlara vaxtaşırı və növbədənkənar baxışların təşkil edilməsini, hər bir HX-nə vaxtaşırı baxış xəttin bütün uzunluğu üzrə ildə bir dəfədən az olmamasını, bundan əlavə, ildə bir dəfədən az olmayaraq, mühəndis-texniki heyət tərəfindən, əsaslı təmirə aid olan bütün xətlər (sahələr) daxil olmaqla, xətlərin ayrı-ayrı sahələrinə seçmə baxışlar aparılmasını, 5.7.19-cu bəndinə əsasən hava xəttlərində baxış, profilaktik yoxlama və ölçülmələr zamanı aşkar edilmiş nasazlıqların istismar sənədlərində qeyd olunmasını və onların xarakterindən asılı olaraq tezliklə, yaxud texniki xidmət apararkən və ya hava xəttlərinin əsaslı təmirində aradan qaldırılmasını təmin etməli olduğu halda vəzifəli şəxs kimi işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini yerinə yetirməyərək, cinayətkarcasına etinasızlıq göstərmiş, bu əməlləri ilə Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində quraşdırılmış üzərinə elektrik və rabitə xətləri asılmış taxta materialdan ibarət X4 aid dayağın yaxınlığında yerləşən X19 məxsus bərbərxanaya 25 iyul 2021-ci il tarixdə saat 19 radələrində saçını kəsdirmək üçün gəlmiş Gədəbəy rayonu, Novosaratovka kəndində qeydiyyatda olmaqla yaşayan X13 əli ilə həmin rabitə dayağının üzərinə qoşulmuş, dayağa bərkidilməmiş və torpaqla əlaqələndirilməmiş ildırımötürücü naqildən tutarkən dayağın yuxarı hissəsinə yolverilməz qaydada üçqat dolanmış elektrik xəttindəki naqilin vaxtında aşkar edilərək aradan qaldırılması təmin edilməmiş elektrik cərəyanının təsirindən yaranmış zədələrinin açıq hissəsinin ildırımötürücü naqillə birləşməsi səbəbindən Ceyhun Paşayevin elektrik cərəyanı vurma nəticəsində sağ əlin ovuc səthi və sol daban nahiyələrində “elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşayiət olunan elektrik vurma halı kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alaraq ehtiyyatsızlıqdan ölümünə səbəb olmaqla səhlənkarlıq cinayəti törətmişdir. Gədəbəy rayon məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(042)- 21/2022 nömrəli hökmünə əsasən X18 Azərbaycan Respublikası CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinərək ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X9 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, X9 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarətedən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulması hökm edilmişdir. Bundan başqa, hökmdə göstərilmişdir ki, məhkəmə iclasında təqsirləndirilən şəxs X18 ona Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, X15 Novosaratovka Şəbəkə sahəsi üzrə sahə ustasıdır. Onun vəzifəsi xidməti ərazisində olan elektrik xətlərinin qəzalarını aradan qaldırmaq, abonentlərin fasiləsiz elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. Gədəbəy rayonunun Novosaratovka, Qızıltorpaq, Qaraməmmədli, Kəsəmən, Dikdaş, Bayramdərəsi, Böyük Qaramurad, Toplar, Çayqarışan, Ataxal, ÇayAtaxal, Poladlı, Emir, Kəlaman, Hacıalılar, Heriknaz, Arıqıran, Əyrəvəng, İnəkboğan, Kərimli, Qasımlı, Köhnə Qışlaq, Şahdağ, Qızılqaya, Çobankənd, Novoivanovka, Çiçəkli kəndləri xidmətiərazisidir. Gədəbəy rayonu, Novosaratovka kəndiərazisinə elektrik xətləri və dayaqları 1964 və ya 1965-ci ildə çəkilmişdir. Novosaratovka kəndi ərazisində X4 məxsus rabitə xətləri və dayaqları da mövcuddur. Həmin rabitə xətləri və dayaqlarının nə vaxt quraşdırıldığını bilmir. Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən X19 məxsus bərbərxana və Novosaratovka poçt şöbəsini elektrik enerjisi ilə təchiz edən elektrik xəttinin X3 balansında olan rabitə dayağına bağlanmasından məlumatı olmuş, lakin elektrik xəttinin həmin rabitə dayağına nə vaxt və kim tərəfindən bağlanmasını bilməmişdir. Belə ki, bir dəfə həmin elektrik xəttinin təmiri ilə əlaqədar montyora göstəriş vermişdir. Rabitə xətlərinin quraşdırıldığı dayaqlara elektrik xətlərinin, o cümlədən elektrik xətlərinin quraşdırıldığı dayaqlara rabitə xətlərinin qoşulması qadağandır. O, bu barədə X15 rəhbərliyi qarşısında məsələ qaldırmamışdır. 25 iyul 2021-ci il tarixdə həftənin bazar günü olduğundan yaşadığı evdə olarkən saat 18 radələrində X15 nəzarətçi mühəndisi işləyən Faiq Pirverdiyev onun istifadəsində olan mobil telefona zəng edib Novosaratovka kəndində Hafiz Məmmədovun bərbərxanasının qarşısında bir nəfərin elektrik cərəyanının vurmasını bildirib həmin yerə getməsini tapşırmışdır. Bundan sonra o, 35/10 kilovoltluq Novosaratovka yarımstansiyasında növbədə olan Natiq Allahverdiyevə zəng edib Novosaratovka kəndində bir nəfəri elektrik cərəyanın vurmasını deyib 10 kilovoltluq Novosaratovka kəndinə gedən elektrik enerjisinin verilişini dayandırması barədə göstəriş vermişdir. Sonra Novosaratovka kəndinin mərkəzində yerləşən Hafiz adlı şəxsin bərbərxanasının qarşısına getmiş, orada çoxlu vətəndaşların, habelə polis və prokurorluq orqanı əməkdaşlarının olduğunu görmüşdür. Hadisə yerində danışılanlardan ona məlum olmuşdur ki, 2004-cü il təvəllüdlü Ceyhun Paşayev adlı Novosaratovka kənd sakini X4 aid rabitə dayağına bağlanmış torpaqlama məftilindən tutarkən elektrik cərəyanı vurub öldürmüşdür. Hadisə baş vermiş rabitə dayağının üzərində olan ildırımötürücü xətt GədəbəyTelekommunikasiya Qovşağının balansındadır və həmin idarənin əməkdaşları tərəfindən nəzarət olunur. Qeyd olunan elektrik kabelinin rabitə dirəyinə bağlanmasını görmüş, lakin bu barədə rəhbərliyə məlumat verməmişdir. O, əməlindən səmimi peşmandır. Səhlənkarlıq etdiyindən nəzarəti və digər xidməti vəzifələrini düzgün aparmamışdır. Bundan başqa, hökmdən görünür ki, Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 14 nömrəli rəyindən görünür ki, X17 meyitinin bədənində sağ əlin ovuc səthində və sol daban nahiyyəsində “elektrik nişanələri” aşkar edilmişdir, bunlar da elektrik cərəyanının təsirindən (elektrik vurma) törənmiş, törənmə müddətləri 25 iyul 2021 -ci ilə uyğun gəlir. Qeyd olunan (“elektrik nişanələri”, daxili orqanların dolu və duru qanlılığı ilə müşaiyət olunan) elektrik vurma halı həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. X6 ölümünə səbəb elektrik cərəyanının altına düşmə-elektrik vurma olmuşdur. Mərhumun ölümü ilkin meyit əlamətlərinin inkişafına əsasən demək olar ki, meyitin müayinəsindən 16-18 saat əvvəl müddətə baş vermişdir. X6 meyitindən götürülmüş qanın məhkəmə-kimya müayinəsi zamanı etil spirti aşkar edilməmişdir. - Məhkəmə texniki təhlükəsizlik ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 10/4666 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması qaydalarının” 2.1.2.19, 2.4.4.2, 2.4.4.3, 2.4.7.3, 2.4.7.15 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1, 5.7.5, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Elektrik xətlərinə (hadisə baş vermiş taxta materialdan ibarət dayağın yuxarı hissəsinə yolverilməz qaydada 3 qat dolanmış elektrik xəttinə) vaxtaşırı və növbədən kənar baxışlar keçirilməklə aşkar edilmiş qüsurların aradan qaldırılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması qaydalarının 2.1.2.19, 2.4.4.2, 2.4.4.3, 2.4.7.3, 2.4.7.15 bəndlərinin və “Elektrik stansiyaları və şəbəkələrinin texniki istismar qaydalarının 5.7.1, 5.7.5, 5.7.16, 5.7.19 bəndlərinin tələbləri öz vəzifə funksiyalarına görə "xxxx"ASC-nin Rayon Elektrik Şəbəkəsinin X22 ustası tərəfindən pozulmuşdur. - "xxxx" ASC-nin sədri tərəfindən 20 aprel 2015-ci il tarixdə təsdiq edilmiş Rayon Elektrik Şəbəkəsinin X22 ustasının vəzifə təlimatının 6-cı bəndinə əsasən elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək, 12-ci bəndinə əsasən illik qrafiklər üzrə hava və kabel xətlərinin, habelə bütün elektrik avadanlıqlarının əsaslı və cari baxım/təmir işlərinin aparılmasını təmin etmək, 14-cü bəndinə əsasən hava xətlərinə baxış keçirilməsini təmin etmək və 15-ci bəndindən hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etmək, 32- ci bəndindən meqoometrnən və gərginlik zədə göstəricisi ilə, transformator və kabellərin vəziyyətini yoxlamaq, elektrik avadanlığında qoruyucuları dəyişmək, fazlaşma aparmaq, torpaqlama quraşdırıb və çıxarmaq, 37-ci bəndinə əsasən hava və kabel xətlərində, KTM, TM və Y/st da bütün əsaslı və cari təmir bərpa işlərini yerinə yetirmək, 39-cu bəndinə əsasən elektrik avadanlıqlarına mütəmadi baxış keçirmək və qəzaaçılmalarının səbəblərinimüəyyən etmək X22 ustasının vəzifəsidir. - X11 daxil olmuş, 23 noyabr 2021-ci il tarixli, 764 nömrəli məktuba əlavə olunmuş 19 sentyabr 2018-ci il tarixli, k/18-05345 nömrəli əmrin surətindən görünür ki, Qərb RETSİ-nin (Gəncə) hava və kabel xidmətinin ustası, X18 19 sentyabr 2018-ci il tarixdən Qərb RETSİ-ninGədəbəy X7 Şəbəkə Sahəsinə usta vəzifəsinə keçirilmişdir. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 314.2-cimaddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(042)-21/2022 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx"ASC-nin X31 Təchizatı və Satışı idarəsinin, Gədəbəy X7 şəbəkə sahəsində ustaişləyən əməkdaşının təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Həyat yoldaşı xəstədir, işləmək qüvvəsi yoxdur. Oğlu işləyib onu və ailəsini dolandırırdı. Oğlunun vəfatından sonra onsuz da çətin olan ailə durumumu daha da ağırlaşdı. O, onun ümid yeri idi. Bir ana kimi hisslərini çatdıra bilmir. Həmin duyğuları yalnız onun başına gələnləri yaşayan ana bilər. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdikləri stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona, dəymiş mənəvi zərər cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq ona ödənilməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək və iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X20 iddia tələbini qəbul etməyərək bildirdi ki, hazırda iddiaçı tərəf təzminat olaraq 35.000 manat məbləğində pul vəsaiti istəyir, lakin buna bənzər hallarda "xxxx" ASC tərəfindən zərərçəkmiş tərəfə standart olaraq 10.000 (on min) manat məbləğində pul kompensasiya olaraq ödənilir. Odur ki, iddia tələbinin məbləğini yüksək hesab edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gədəbəy Rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(042)-21/2022 saylı Hökmünə əsasən, baş vermiş hadisə ilə əlaqədar hazırki iddia üzrə İddiaçı oğlu X25 zərərçəkmiş şəxs qismində tanınmış, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X9 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, X9 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək ünvan 1i ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X21 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, X21 üzərinə Gədəbəy rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dən səhər saat 07:00-dək Gədəbəy rayonu, Nərimankənd ünvanında olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini və iş yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuş, iş üzrə maddi sübutlar- Gədəbəy rayon Prokurorluğunda saxlanılan mərhum X24 məxsus bir ədəd çəkələyin sağ tayı zərərçəkmişin hüquqi varisi İddiaçı, bir ədəd ildırım ötürücü (torpaqlama) naqil, bir ədəd məftil və bir ədəd kabel qanuni sahibi X2ytarılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışın surətindən görünür ki, X25 xx.xx.2004-cü il tarixdə Gədəbəy rayonunun Novo-Saratovka kəndində anadan olmuşdur. X10, anası İddiaçıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilən Arayışın surətindən görünür ki, X25 xx.xx.2021-ci il tarixdə Gədəbəy rayonunun Novo-Saratovka kəndində ölmüşdür. Ölümün səbəbi elektrik cərəyanının təsiri olmuşdur. Ödəniş qəbzindən (№ 9********) görünür ki, iddianın qaldırılması üçün iddiaçı tərəfindən 195 (yüz doxsan beş) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin araşdırılmış hallarından müəyyən olundu ki, 25 iyul 2021-ci il tarixdə vəzifəli şəxslərin səhlənkarlığı ilə bağlı elektrik cərəyanının təsiri nəticəsində X1 ağır zərər vurulmuş və nəticədə X25 vəfat etmişdir. Baş vermiş hadisə ilə bağlı cinayət işi açılmış, Gədəbəy rayon Məhkəməsinin 14 aprel 2022-ci il tarixli, 1(042)-21/2022 saylı Hökmünə əsasən, təqsirkar şəxslər X18 və X26 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və onlara müvafiq olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hazırda zərərçəkmiş şəxs X17 varisi kimi çıxış edən İddiaçı məhkəməyə müraciət edərək, oğlunun ölümü ilə bağlı həm ana kimi ona, həm də onun ailə üzvlərinə dəymiş mənəvi zərərin və iddia qaldırılması üçün məhkəməyə ödənilmiş dövlət rüsumunun əvəzini cavabdeh "xxxx" ASCdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbi bu hissədə əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçının nümayəndəsinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçının oğlunun-X17 vəzifəli şəxslərin təqsiri nəticəsində ölməsi nəticəsində iddiaçı və onun ailəsi mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Məhkəmə, zərərçəkmiş şəxsə 10.000 (on min) manat məbləğində kompensasiyanın ödənilməsini daha ədalətli və ağlabatan hesab edir. Belə ki, baş vermiş çinayət hadisəsi nəticəsində iddiaçının oğlunun ölməsi ilə bağlı iddiaçı və digər ailə üzvləri mənəvi sarsıntı keçirmiş və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı stress yaşanıb, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqları yaranmışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X16 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarında, AR MM-nin 1097-ci maddəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda, mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkmiş şəxsin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X12rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi, yəni səbəbli əlaqənin mövcud olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Məhkəmə dövlət rüsumunun ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 95 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 10.000 (on min) manat məbləğində mənəvi zərər və 95 (doxsan beş) manat dövlət rüsumu tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə 10.000 (on min) manat məbləğində mənəvi zərər və 95 (doxsan beş) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar