Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-3376/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh LPO QSC "xxxx" Kommersiya Bankına qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh LPO QSC "xxxx" Kommersiya Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2007-ci il tarixli ********** saylı İpoteka müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və ünvan 1 ünvanında olan 0,57311 ha. torpaq sahəsində yerləşən 3467,8 kv.metr ümumi, 3005,1 kv.metr əsas, 462,7 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə ipoteka yüklülüyünə xitam verilməsinə razılıq verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ("xxxx"), QSC "xxxx" Kommersiya Bankı (“İpoteka saxlayan”) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (“Borc alan”) arasında bağlanılmış 04 dekabr 2007-ci il tarixli ********** saylı İpoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən “İpoteka saxlayan”la “Borc alan” arasında bağlanmış 04 dekabr 2007-ci il tarixli ********** saylı kredit müqaviləsinə müvafiq olaraq “İpoteka saxlayan” “Borc alan”a 24 (iyirmi dörd) ay müddətinə bağlanılmış müqavilələr çərçivəsində təmir-tikinti işlərinin aparılması, avadanlıqların, xammalın və materialların alınması üçün kreditdən istifadəyə görə illik 16 (on altı) faiz ödəməsi şərtilə 300 000,0 (üç yüz min) manat məbləğində kredit verməyi və “Borc alan” kreditdən istifadəyə görə faizləri xx.xx.2008-ci il tarxindən başlayaraq hər ayın 04-dən gec olmayaraq, iş günün sonuna kimi “İpotekasaxlayan”a ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kredit müqaviləsi üzrə “Borc alan”ın öhdəliyinin icrasını təmin etmək məqsədilə "xxxx" mülkiyyətində olan ünvan 2 ünvanda 0,57311 ha. torpaq sahəsində yerləşən 3467,8 kv.metr ümumi, 3005,1 kv.metr əsas, 462,7 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksini “İpoteka saxlayan” qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin Müqavilənin 4.1.3-cü bəndinə əsasən "xxxx" ipoteka ilə təmin edilən öhdəliyin tam şəkildə icra olunduğu təqdirdə “İpoteka saxlayan”dan ipotekanın xitamına dair müvafiq qeydiyyat orqanına məlumat verilməsi üçün zəruri olan tədbirlərin görülməsini tələb etmək hüququna malikdir. Həmin Müqavilənin qüvvədə olma məsələlərini tənzimləyən: 7.1-ci bəndinə əsasən, bu müqavilə notarial qaydada təsdiq olunduqdan və ipoteka daşınmaz əmlakın dövlət reyestrində müvafiq dövlət orqanı tərəfindən qeydiyyatına alındığı andan qüvvəyə minir. 7.2-ci bəndinə əsasən bu Müqavilə“Borc alan”ın əsas öhdəlik üzrə üzərinə düşən bütün vəzifələri tam icra etməsi anınadək qüvvədədir. 7.3-cü bəndinə əsasən, bu Müqaviləyə qanunvericiliklə müəyyən edilmiş qaydada xitam edilə bilər. Bu Müqaviləyə xitam edilməsindən sonra “İpotekasaxlayan” qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ipotekaya xitam edilməsi ilə bağlı ərizə ilə müvafiq dövlət orqanına müraciət etməlidir. Məlumat üçün bildirir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 16 noyabr 2009-cu il tarixli, 2(001) 3698/2009 saylı icra sənədinə əsasən, borclu "xxxx" MMC-dən xx.xx.2007-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 299610,3 manat məbləğində pulun, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə isə cəmi 805359,9 manat məbləğində pulun tutularaq tələbkar "xxxx" KB QSC-nin xeyrinə ödənilməsi, tutmanın ünvan 1 ünvanında olan 0,57311 ha. torpaq sahəsində yerləşən 3467,8 kv.metr ümumi, 3005,1 kv.metr əsas, 462,7 kv.metr köməkçi sahədən ibarət əmlak kompleksinə və Bakı şəhəri, Binəqədi rayonu, C.Xəndan küçəsi, 3066 məhəllədə olan 0,1253 ha. torpaq sahəsində yerləşən 40a nömrəli, 17 mərtəbəli binada 81,82 kv.metr yaşayış sahədən ibarət 3 otaqlı, 89 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və boşaldılması qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən qəbul edilmiş 21 dekabr 2018-ci il tarixli Qərarı ilə QSC "xxxx" KB-nin xeyrinə tutulması və ipoteka predmeti olan əmlaklara yönəldilməsi barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3698/2009 nömrəli iş üzrə 16 noyabr 2009-cu il tarixli qətnaməsi icra edildiyindən həmin iş üzrə icraata xitam verilmiş və icra işi Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmışdır. Həmin tarixdən də, kredit müqaviləsi üzrə əsas öhdəliklər tam yerinə yetirildiyindən, ipoteka müqaviləsi tam olaraq qüvvədən düşmüşdür. Şərh olunanlara əsasən, xx.xx.2007-ci il tarixli ********** saylı və xx.xx.2008-ci il tarixli ********** saylı kredit müqavilələri üzrə İddiaçı bank və onun ləğvedicisi qarşısında hər hansı bir öhdəliyi qalmadığından, sözügedən əmlak ipoteka yüklülüynüdən azad edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48-ci maddəsinə əsasən ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə (48.1.1-ci maddə); əsas öhdəliyə xitam verildikdə (48.1.2-ci maddə) ipotekaya xitam verilir. Bununla bağlı, üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin Binəqədi Rayon İcra Şöbəsinə və ona ünvanladığı xx.xx.2025-ci il tarixli 3-21-3-30/211733/2025 saylı məktubu ilə sözügedən əmlakın QSC Bank Standard KB-nin xeyrinə ipotekailə yüklülüyünün mövcud olduğu bildirilmişdir. Cavabdehə ünvanladığı xx.xx.2025-ci il tarixli ünvan 4 ünvanında olan 0.57311 ha torpaq sahəsində yerləşən 3467.8 kv.m ümumi, 3005.1 kv.m əsas, 462.7 kv.m köməkçi sahədən ibarət əmlak kompleksinin ipoteka qeydiyyatının ləğv edilməsinə yazılı razılıq verilməsi barədə müraciətə xx.xx.2025-ci il tarixli 12-5/2-N-2096-21- 5957/2025 saylı məktubla cavab verilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(001)- 3698/2009 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondunun üzərinə icraediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Halbuki, yuxarıda qeyd olunan İpoteka müqaviləsindən və eləcə də məhkəmə qərarlarından da göründüyü kimi, əsas kredit müqavilələri üzrə əsas öhdəliklər icra edildiyindən ipotekaya xitam verilmişdir və bu səbəbdən ipoteka yüklülüyünə xitam verilməsinə razılıq verməli olduğu halda, cavabdeh bundan əsassız şəkildə imtina edir. Beləliklə, şərh olunanlar əsasında o, İpoteka müqaviləsinin qüvvədən düşmüş hesab edilməsi və ipoteka yüklülüyünə xitam verilməsinə razılıq verilməsi öhdəliyininin cavabdehin üzərinə qoyulması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, mübahisənin predmetini nəzərə alaraq hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, həmin Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 25-ci maddəsinin tələblərinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Bu Məcəllənin 26-cı maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 10 saylı Qərarının 14-cü bəndində göstərilir ki, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış iddiaçının vergi məlumatlarına əsasən, İddiaçı (VÖEN **********) qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanında uçota alınmış fərdi sahibkardır. İddiaya cavab verməli olan şəxs - cavabdeh LPO QSC "xxxx" Kommersiya Bankı isə kommersiya hüquqi şəxsidir. İpoteka ilə təmin edilmiş 300000 manat məbləğində kreditin verilməsinə dair xx.xx.2007-ci il tarixli kredit müqaviləsi kommersiya hüquqi şəxsləri "xxxx" MMC ilə QSC "xxxx" Kommersiya Bankı arasında bağlanmaqla, təyinatı təmir tikinti işlərinin aparılması, avadanlıqların xammalın və materialların alınması olmuşdur. Hazırda yüklülükdən azad edilməsi tələb edilən əmlak da məhz həmin kredit müqaviləsinin icrasının təmin edilməsi məqsədilə ipoteka ilə yüklü edilmişdir. Göründüyü kimi hazırkı işdə iddiaçı sahibkarlıq subyektidir, yüklülüyünə xitam verilməsini tələb etdiyi ipoteka predmeti isə qeyri-yaşayış sahəsi olan əmlak kompleksi olmaqla iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi əmlakdır. Belə ki, məhkəmə iclasında tərəflərin nümayəndələrinin izahatları əsasında müəyyən edildi ki, həmin əmlak kompleksi fabrik binası olmaqla iddiaçının birbaşa kommersiya fəaliyyətini həyata keçirdiyi əmlakdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisələndirilən ipoteka predmeti onun sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar əmlakla bağlı olduğundan, hazırkı işə kommersiya mübahisəsi kimi kommersiya məhkəməsi tərəfindən baxılmalıdır. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh LPO QSC "xxxx" Kommersiya Bankına qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh LPO QSC "xxxx" Kommersiya Bankına qarşı ipoteka yüklülüyünə xitam verilməsi tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3376/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-3376/2025
05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver