Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3392/2025 02.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “gecikdirilmiş əmək haqqına görə faizlərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı “ödənilməmiş əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-706/2023 nömrəli qətnaməsinə əsasən, ödənilməyən 118,18 manat və əmək müqaviləsi xitam verildiyi gündən ərizə ilə məhkəməyə müraciət etdiyi günədək olan müddət üçün 3 faiz tətbiq edilməklə 3.496 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin ümumilikdə 3.694 manat məbləğində pulun ona ödənilməsi ilə bağlı işəgötürən Cavabdeh üzərinə öhdəliyin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki işə “Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-706/2023 nömrəli qətnaməsinə əsasən, ödənilməyən 118,18 manat məbləğində pulun ona ödənilməsi ilə bağlı işəgötürən Cavabdeh üzərinə öhdəliyin qoyulması ilə bağlı” tələb hissəsində icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 04 aprel 2020-ci il tarixdə Cavabdehnə (VÖEN **********) “Təhlükəsizlik şöbəsinin Təhlükəsizlik rəisi” tam iş rejimli vəzifəsinə işə qəbul edilmiş, işəgötürən, yəni Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) 06 oktyabr 2022-ci ildə 443-K №-li əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu barədə “Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsinin xxxxxxx0001X0 №-li bildirişi elektron informasiya sisteminə 07 oktyabr 2022-ci ildə daxil edilmişdir. Lakin, onun əmək müqaviləsinə xx.xx.2022-ci ildə xitam verildiyi halda, əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilmişdir. Belə ki, MMC-nin ona ünvanladığı İR-2511 №-li “xəbərdarlıq məktubu”nda xx.xx.2022-ci ildə əmək müqaviləsinə xitam veriləcəyi bildirilərək işlərinin yekunlaşdırılması və sənədlərinin təhvil alınması üçün MMC-nin ofisinə yaxınlaşması xahiş edilmiş, o, xx.xx.2022-ci il tarixdə MMC-nin ofisinə gəldikdə ona sənədləri və işlərini yekunlaşdırmağa 2 gün vaxt verilmiş, tam iş rejimli qaydada həmin 2 gün o, işdə olmuş, əmək funksiyasını yerinə yetirmiş, lakin işəgötürən tərəfindən həmin 2 gün əsassız olaraq nəzərə alınmamış, əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı xx.xx.2022-ci il tarixədək olan müddətə ödənilməklə 2 günün əmək haqqı ona ödənilməmiş, əmrin surəti ona verilməmişdir. Bu da onu göstərir ki, işəgötürən tərəfindən Əmək Məcəlləsinin 83-cü 2-ci hissəsində göstərilən “əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir” tələbi kobud şəkildə pozulmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli, e-2(006)-706/2023 nömrəli Qətnamə ilə iddianı qismən təmin etmişdir. Belə ki, həmin məhkəmə ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən təmin olunmayan hissə ilə bağlı Apellyasiya instansiyasına şikayət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-5443/2023 nömrəli qətnaməsi ilə apellyasiya şikayətini təmin etməmişdir. Daha sonra kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-2095/2024 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, 1-ci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Yuxarıda da qeyd etdiyi kimi, Cavabdeh MMC onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi, son əmək haqqını isə, xx.xx.2022-ci il tarixdə ödədiyi üçün fəaliyyət göstərdiyi 2 gün ödənişini icra etməmişdir. Bu səbəbdən tərəfindən məhkəmə qaydasında hüquqlarının təmin edilməsi üçün müraciət olunmuş və məhkəmə prosesi (3 mərhələli) xx.xx.2024-cü il tarixədək davam etmişdir. Belə ki, Ali Məhkəmənin qərarı xx.xx.2024-cü il tarixli olsa da, dərc etmə tarixi xx.xx.2024-cü ildir. Diqqətə çatdırmaq istəyir ki, Əmək Məcəlləsinin 172-ci maddəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Məqsədəmüvafiq hesab edir ki, gündəlik 3 faiz hesablanmaqla ona ödənc verilməlidir. Cavabdeh tərəf ona qanunamüvafiq qaydada və vaxtında ödəniş etmədiyindən 118,18 manatla birgə ödənməmiş hər gün üçün 3 faiz hesablanmalıdır. Bu səbəbdən 118,18 manat deyil, 3.496 manat ödənilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixindən etibarən 953 gün keçmişdir. Hər gün üçün 118,18 manat məbləğinin 3 faizi ilə birgə 118,18 manat ödənilməlidir. Beləliklə ümumilikdə ödənilməlidir: 118,18 + ((118,18 : 100 x 3) x 953) = 3.496 manat. Kassasiya instansiyası mərhələsi bitdikdən sonra Əmək Məcəlləsinin 172-ci maddəsinin tələbləri nəzərə alınaraq ödənməmiş əməkhaqqının cavabdeh tərəfindən ödənməsi üçün tərəfindən "xxxx" MMC-yə müraciət edilmiş, lakin müraciəti cavabsız qalmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etsə də, cavabdeh tərəf müraciətinə məhəl qoymamış, sessiyada iştirak etməmiş, müddəti ötürdüyü qeyd olunaraq imtina verilmişdir. Nəzərə çatdırmaq istəyir ki, tərəfindən iddia müddəti ötürülməmişdir. Belə ki, Əmək Məcəlləsinə əsasən, əməkhaqqının ödənilməsi ilə bağlı iddia müddəti 1 ildir. Apellyasiya, kassasiya instansiyasında mübahisələndirilən hissə həmin 118,18 manat olmasa belə, qətnamə hissə-hissə qüvvəyə minə bilmədiyinə görə müddət son instansiya məhkəməsinin qərarının dərci tarixindən hesablanmağa başlanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı xx.xx.2024-cü il tarixdə dərc olunmuşdur. Göründüyü kimi bir il müddət ötürülməmişdir. Hətta nəzərə çatdırmaq istəyir ki, Ali Məhkəmənin Qərarının dərcindən sonra da xx.xx.2024-cü il tarixdə Mediasiyaya müraciət etmiş, xx.xx.2025-ci il tarixdə isə, MŞB/18/2025-00080 nömrəli Mediasiya arayışı verilmişdir. Təklif göndərildiyi müddətdən arayışın verilməsinə qədər olan müddət “Mediasiya haqqında” Qanuna əsasən, iddia müddətindən çıxılmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və iddia müddəti tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: Bakı 18 saylı Mediasiya təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/18/2025-00080 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 16:30-a təyin edilmiş mediasiya sessiyasına gəlsə də, Cavabdeh nümayəndəsi gəlməmiş, bu səbəbdən mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. 50 manat İMS xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2095/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və sair tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5443/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 oktyabr 2023-cü il tarixli, 2(103)- 5443/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(006)-706/2023 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilərək, ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaitinin cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manatın cavabdeh MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Sonradan, iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5443/2023 nömrəli iş üzrə 10 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 2 saylı Xəzinədarlıq İdarəsinə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan və ödəniş tapşırığından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-706/2023 nömrəli icra sənədinə əsasən Cavabdeh tərəfindən ödənilmiş 298,18 manat pul vəsaitinin 198,18 manat hissəsi İddiaçı hesabına köçürülmüşdür. Cavabdeh “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən 04 aprel 2020-ci il tarixdə “Təhlükəsizlik şöbəsinin Təhlükəsizlik rəisi” tam iş rejimli vəzifəsinə işə qəbul edilmiş, 06 oktyabr 2022-ci ildə 443-K №-li əmrlə Cavabdeh MMC tərəfindən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tələblərinə əsaslanaraq (əmək müqaviləsinin müddətinin qurtarması) əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh tərəfindən həmin tarixdə iddiaçıya son haqqhesabı ödənilmişdir. Daha sonra İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 06 oktyabr 2022-ci il tarixli 443-K saylı əmrinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi; onun işə bərpa olunması; məcburi iş buraxdığı dövr üçün ştat cədvəlinə uyğun olaraq əmək haqqının ödənilməsi; əmək müqaviləsinə 06 oktyabr 2022-ci il tarixdə xitam verildiyi halda əmək haqqı 04 oktyabr 2022-ci il tarixədək olan müddətə ödənildiyinə görə qalıq 2 günün əmək haqqının ona ödənilməsi; ilkin mediasiya sessiyasına görə Mediasiya şurasına ödədiyi 50 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(006)-706/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ödənilməmiş əmək haqqının əvəzi olaraq 118,18 manat, mediasiya xərci qismində ödənilmiş 50 manat və bank hesabından çıxarışın əldə edilməsi ilə əlaqədar ödənilmiş 30 manat pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulmuşdur. Göründüyü kimi, şəxsin hüquqlarının pozulduğunun ona məlum olduğu tarix 6 oktyabr 2022-ci il olmuş, hətta şəxs bu barədə məhkəməyə müraciət etmişdir. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Bu maddənin tələbindən anlaşılır ki, işçi əmək haqqı tələbini irəli sürərkən gecikdirilməsi ilə bağlı faiz məbləğini də tələb etməli və bu məsələ məhkəmə qaydasında həll olunmalı idi. Yəni, əlavə faiz məbləğinin ödənilməsi ayrı bir iddia deyil, əmək haqqının gecikdirilməsi ilə bağlı irəli sürülmüş iddiadan yaranır. Lakin, iddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərkən belə bir tələb irəli sürməmişdir. Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Şəxsin hüquqlarının pozulduğunu aşkar etdiyini müəyyən etdiyi gündən 2 ildən artıq müddət keçmiş, şəxs iddia müddətini ötürmüşdür. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, iddia müddətinin tətbiq edilərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on ildir. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçir. 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarı ilə qərara alınmışdır ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı onunla cavabdeh arasında daha əvvəl yaranmış əmək mübahisəsi çəçivəsində əmək haqqı ödənilməsi bağlı hüquqlarının pozulmasını aşkar edərək müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, hazırda iddiaçı daha əvvəl məhkəmə qaydasında həll edilmiş əmək mübahisəsindən irəli gələrək ödənilməmiş əmək haqqına görə faizlərin tutulması tələbi ilə hüquqlarının pozulmasından xəbərdar olduğu vaxtdan 2 ildən daha artıq müddət keçdikdən sonra məhkəməyə hazırki iddia tələbilə müraciət etmişdir. Göründüyü kimi iddiaçı vaxtında iddia ərizəsi ilə məhkəməyə müraciət etməmiş, qanunla müəyyən olunmuş iddia müddətini üzürsüz səbəbdən ötürmüş, iddia müddəti başa çatdıqdan xeyli sonra iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, hazırkı iş üzrə iddia müddəti keçdiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “gecikdirilmiş əmək haqqıya görə faizlərin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “gecikdirilmiş əmək haqqıya görə faizlərin ödənilməsi” tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3392/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3392/2025
02.07.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver