Məhkəmə qərarları › İş №e-2(006)-3394/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3394/2021

07.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3394/2021 07.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6, Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və LPO Cavabdeh3 ASC-yə qarşı «ipotekaya xitam verilməsi və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və LPO Cavabdeh3 ASC-yə qarşı «ipotekaya xitam verilməsi və dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin Cavabdeh3 ASC qarşısında 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə ipoteka ilə yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən müvafiq qeydiyyatın aparılması; Əmanətlərin Sığortalanması Fondundan dəymiş 70.000 manat məbləğində real zərərin əvəzinin, habelə dəymiş 30.000 manat məbləğində mənəvi zərərin və habelə 30 manat dövlət rüsumunun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu «X12» MMC-yə, X8, X9 və İddiaçı qarşı «borcun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «X12» MMC ilə 26 iyul 2013-cü il tarixdə aralarında bağlanmış 042/13 saylı kredit müqaviləsinə xitam verilməsi, LPO Cavabdeh3 ASC-nin xeyrinə 501.021,34 manat əsas borc, 85.936,08 manat faiz və 89.181,80 manat dəbbə pulu olmaqla, ümumilikdə 675.916,54 manat məbləğində borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması; tutmanın X13 ilə bağlanmış ipoteka müqaviləsinə əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi; həmin əmlakın açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi; həmçinin tutmanın İddiaçı ilə bağlanmış ipoteka müqaviləsinə əsasən Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi; həmin əmlakın açıq hərracdan satılması; satışdan əldə olunan vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(001)-860/2018 saylı qətnaməsi ilə həmin iddia – cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi olmadığı, tam əksinə 229.559,35 manat artıq ödəməsinin olduğu əsas gətirilərək təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)-11910/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 08 avqust 2018-ci il tarixli 2(001)-860/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 may 2019-cu il tarixli 2(102)-3332/2019 saylı qərarı ilə LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 dekabr 2018-ci il tarixli 2(103)- 11910/2018 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərarı ilə Cavabdeh3 ASC müflis elan edilmiş və əvvəlcə "xxxx" MMC, sonradan isə "xxxx" MMC iflas proseduruna başlamış Cavabdeh3 ASC-yə ləğvedici qismində təyin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 aprel 2016-cı il tarixli 2-1(81)-1541/2016 saylı qərardadı ilə LPO Cavabdeh3 ASC-nin ləğvedicisi "xxxx" MMC dəyişdirilərək Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənmişdir. «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 59.5.1, 71.1, 71.3-cü maddələrinə istinad edən iddiaçı daha sonra göstərmişdir ki, onlar tərəfindən Cavabdeh3 ASC qarşısında borc öhdəliklərinin tam ödənilməsinə və həmçinin bununla bağlı müvafiq məhkəmə qərarının qüvvəyə minməsinə baxmayaraq, Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin ipotekadan azad edilməsi barədə 08.02.2021-ci il tarixli ərizə verilsə də, həmin ərizə təmin olunmamış, daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqana bu barədə ərizə göndərilməmişdir. Həmçinin onlar tərəfindən Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmetinin ipotekadan azad edilməsi barədə 16.02.2021-ci il tarixli son xəbərdarlıq məktubu göndərilmişdir. Eyni zamanda həmin məktubda qeyd edilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinin alğı-satqısı üçün X4 ilə İddiaçı arasında bağlanmış 28.01.2021-ci il tarixli beh müqaviləsinə əsasən sözügedən mənzilin ümumi satış qiymətini 600.000 manat razılaşdırmışdır. Həmin beh müqaviləsinə əsasən beh verən X4 mənzilin ümumi satış qiymətinin 15 %-nə bərabər olan 90.000 hissəsini müqavilə imzalanan gün beh olaraq İddiaçı vermiş və beh alan isə müqaviləyə əsasən 1 ay ərzində notarial qaydada alğı-satqı müqaviləsi bağlayaraq mülkiyyətində olan Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilini beh alanın adına rəsmiləşdirməyi öz üzərinə götürmüşdür. Beh müqaviləsinin 5-ci bəndinin 1 və 2-ci bəndinə əsasən beh alan bu müqavilə üzrə üzərinə düşən öhdəliyi 28.02.2021-ci il tarixədək yerinə yetirməlidir. Beh alan behlə təmin edilmiş mənzilə dair alğı-satqı müqaviləsinin bağlanması üçün zəruri olan bütün sənədləşmə işlərinin təmin olunmasını, mənzili hər cür yüklülükdən azad şəkildə beh verənə təhvil verilməsini öz öhdəsinə götürür. Beh alan öz növbəsində öhdəsinə götürür ki, əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyarsa, o digər tərəfə behin iki mislini ödəməlidir. LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna göndərilmiş son xəbərdarlıq məktubuna baxmayaraq İddiaçı məxsus Bakı şəhəri Yasamal rayonu 556/557ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipotekadan azad edilməmişdir. Bu səbəbdən, beh müqaviləsinin şərtləri ləğvedici Əmanətlərin Sığortalanması Fondunun hərəkətsizliyi nəticəsində pozulmuş və müqavilə tərəfi olan beh verən X1 Fəxri Firudin oğlu tərəfindən aldadıldığını iddia edərək onun barəsində 102 xidməti vasitəsi ilə 20-ci Polis Bölməsinə şikayət vermişdir. Həmin şikayət 20-ci Polis Bölməsinin təhqiqat şöbəsi tərəfindən araşdırılmış, tərəflərin izahatları alınmış və aparılmış təhqiqatın nəticəsində tərəflər arasında 01.03.2021-ci il tarixli razılaşma imzalanmışdır. Həmin razılaşmaya əsasən beh alan İddiaçı bu müqavilənin müddəti bitdiyinə və öhdəliklərini yerinə yetirmədiyinə görə müqavilə üzrə 90.000 manat behi və həmin məbləğin ikinci misli olan 90.000 manatın 20.000 manatı güzəşt olunmaqla 70.000 manatını, ümumilikdə isə 160.000 manatı beh verən X3 qaytarır, beh verən isə beh alandan 102 xidməti vasitəsi ilə 20-ci Polis Bölməsinə verdiyi şikayətini geri götürməyi və gələcəkdə beh alana güzəşt olunan 20.000 manat məbləği tələb etməyəcəyini öz öhdəsinə götürür. X2 şikayətinə əsasən araşdırma aparılmış və nəticəsində 20-ci PB-nin baş təhqiqatçısı polis kapitanı Tuqay Mehtiyev tərəfindən 01.03.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına, Mülki Məcəllənin bir neçə maddi hüquq normasına, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci, 48.2-ci maddələrinə, «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 71.3-cü, 92-ci maddələrinə istinad edilməklə, daha sonra qeyd edilmişdir ki, beləliklə, LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən əsas öhdəliyə xitam verilməsinə (borc ödənildiyi üçün iddia tələbi rədd edildiyindən) baxmayaraq, ipoteka predmeti olan sözügedən mənzilin ipoteka yüklülüyündən azad olunmaması nəticəsində İddiaçı ilə X4 arasında alğı-satqı müqaviləsi baş tutmamış, nəticədə İddiaçı istinad olunmuş beh müqaviləsinin 2.2-ci bəndinə əsasən beh verən qarşısında aldığı behin iki misli – yəni 180.000 manat məbləğində öhdəlik yaranmış və həmin öhdəlik məcburiyyət qarşısında icra edilmişdir. Ona görə də, hesab edirlər ki, ləğvedici tərəfindən İddiaçı dəymiş 70.000 manat real zərərin əvəzi ödənilməlidir. Bundan başqa, ləğvedicinin qanunsuz hərəkətsizliyi nəticəsində alıcı qarşısında reputasiyasına xələl gəlmiş, onun inamını itirmişdir. Habelə, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsbit olunmuş kredit borcu öhdəliklərini tam icra etməsinə baxmayaraq, ləğvedicinin onun mülkiyyət hüquqlarını pozması, əsassız olaraq sərəncam hüquqlarını məhdudlaşdırması, əmlakı üzərində yüklülüyün aradan qaldırılması üçün zəruri hərəkətləri aparmaması nəticəsində əsəb, stres, psixoloji gərginlik və depresiya keçirmişdir. Ona görə də, hesab edir ki, ləğvedici tərəfindən ona 10.000 manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X11 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi X14 məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının, iddiaçının nümayəndəsinin, cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi T.O.Surxaylının və cavabdeh LPO Cavabdeh3 ASC-nin nümayəndəsi V.İ.Qədirovanın izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, İddiaçı uzun müddətdir ki, tanıyır. Ev almaq istəmişdir, söhbət əsnasında Fəxri evini satdığını demişdir. Evin qiyməti 600.000 manat idi. Sonra evə gedib baxmışlar, bəyənmişdir. Ev Nərimanov rayonunda, H.Cavid küçəsində yerləşir. 28 yanvar 2021-ci il tarixdə beh müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən qarşı tərəfə doxsan min manat pul ödəmişdir. Lakin beh müqaviləsi bağlanan zaman əmlakın girovda olduğunu bilmirdi. Müqavilədən təxminən 15- 20 gün müddət keçdikdən sonra Fəxri əmlakın girov yüklülüyünün olduğunu ona demişdir. Bundan sonra o, narahat olduğundan 17 fevral 2021-ci il tarixdə polisə teleqram vasitəsi ilə müraciət etmişdir. Polisə müraciət etdiyinə görə Fəxrinin qohumları onu razı salmaq üçün onunla danışmağa başlamışlar. Fəxridən verdiyi pulu ikiqat məbləğində istəmişdir. Sonradan razılığa gəlib yüz səksən min manat əvəzinə yüz altmış min manat pul almışdır. Fəxri yüz altmış min manat məbləğində pulu ona təxminən fevral ayının axırı, mart ayının əvvəlində Semaşko adlanan xəstəxananın qarşısında vermişdir. Fəxri pulu qaytaranda sənəd imzalamamışlar, sadəcə pulu ona vermiş, o da bundan sonra polisə teleqram vasitəsi ilə müraciət edib bildirmişdir ki, ona dəymiş maddi ziyanı almışdır. Pulun qaytarılmasına dair heç bir sübutu yoxdur, pulu aldıqdan sonra polis bölməsinə zəng edərək, İddiaçı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan pulun qaytarılması ilə bağlı razılaşmanın imzalanmasını unutmuşdur. Razılaşma Semaşko adlanan xəstəxananın qarşısında maşında hər ikisi tərəfindən imzalanmışdır. İddiaçının nümayəndəsi dedikdən sonra razılaşmanın olduğunu xatırlamışdır. Beh müqaviləsi bağlanarkən evin ipoteka yüklülüyü ilə bağlı məlumatı yox idi. Müqavilədən təxminən 15 gün keçdikdən sonra bilmişdir ki, evin ipoteka yüklülüyü mövcuddur. Fəxrini uzun müddət tanıdığı üçün 90.000 manat pul vermişdir. Məhkəmə şahid ifadəsini mötəbər sübut hesab etməmişdir. Çünki, iddiaçının şahidə 160.000 manat real ödəniş etməsinə dair mötəbər sübut mövcud deyil. Digər tərəfdən, iddiaçı ilə şahid arasında uzun müddətdir ki, tanışlıq mövcuddur. İkinci bir tərəfdən, iş materiallarında olan sənədləri tarixləri üzrə xronoloji ardıcıllıqla nəzərdən keçirdikdə görünür ki, iddiaçı 2018-ci ildən ipoteka qoyanlar, borc alan və bank arasında mübahisənin olduğunu, həmin mübahisə üzrə mülki işə birinci instansiya məhkəməsində baxıldığını və 08 avqust 2018-ci il tarixdə qətnamə çıxarıldığını, qətnamənin apellyasiya qaydasında mübahisələndirildiyini və apellyasiya instansiyası məhkəməsi tərəfindən 12 dekabr 2018-ci il tarixdə qətnamə qəbul olunduğunu, həmçinin həmin qətnamədən kassasiya şikayəti verildiyini və kassasiya instansiyası məhkəməsi tərəfindən 22 may 2019-cu il tarixdə qərar qəbul olunduğunu və həmin qanuni qüvvəyə minmiş məhkəmə aktı üzrə ipotekaya xitam verilmədiyini bilə-bilə 28 yanvar 2021-ci il tarixdə beh müqaviləsi bağlamış, bundan 10 gün sonra 08 fevral 2021-ci il tarixdə cavabdehə birinci pretenziya ünvanlamış, 16 fevral 2021-ci il tarixdə ikinci – son xəbərdarlıq məktubu ünvanlamış, 18 fevral 2021-ci il tarixdə beh verən beh alandan polis orqanlarına şikayət etmiş, beh verən və beh alan arasında razılaşma 01 mart 2021-ci il tarixdə imzalanmış, həmin tarixdə təhqiqat orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı şahidlə beh müqaviləsi bağlayarkən mənzilin ipoteka yüklülüyünün üzərindən götürülmədiyini, beh müqaviləsini icra etməsinin 1 ay ərzində mümkün olmayacağını bildiyi halda, göstərilən müddət ərzində icrası mümkün olmayan beh müqaviləsi bağlamışdır. Həmin beh müqaviləsi real olaraq bağlandığı təqdirdə belə, müqavilənin icra edilməsinin mümkünsüzlüyü iddiaçıya öncədən bəlli olduğundan, ona cavabdehlər tərəfindən hər hansı maddi və mənəvi ziyanın vurulması mümkün deyil. İddiaçı bank və ləğvedicisi ilə aralarında yaranmış mübahisənin həll edilməsindən və mənzil ipoteka yüklülüyündən azad edildikdən sonra, mənzillə bağlı icrası real olan istənilən müqavilə bağlaya bilərdi. Yuxarıda qeyd olunan səbəblərdən, məhkəmə şahid ifadəsini mötəbər sübut hesab etmir. İddia - mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması hissəsində isə əsaslı olduğundan təmin edilməlidir. Çünki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.01.2021 tarixli 2(102)-891/2021 saylı qanuni qüvvəyə minmiş qərarından görünür ki, İddiaçı mülkiyyətində olan mənzil «X12» MMC-nin kredit öhdəliyinin icrası üçün hazırda ləğv prosesində olan Cavabdeh3 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Həmin qərardan həmçinin aydın olur ki, kredit alan «X12» MMC-nin kredit müqaviləsindən irəli gələn öhdəliyinin olmaması (qalmaması, borc alan tərəfindən icra edilməsi) qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə təsbit olunmuşdur. Belə olduğu halda, ipoteka yüklülüyünün qalmasına heç bir qanuni əsas mövcud deyil. Mənzilin ipoteka ilə yüklü edilməsinə əsas verən ipoteka müqaviləsinin təminat altına aldığı kredit müqaviləsi üzrə borc alanın borc verən qarşısında icra edilməmiş öhdəliyi qalmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Yuxarıda qeyd olunan hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi, iddiaçının ipoteka predmeti olan mənzil üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, iddiaçının mülkiyyət hüququ toxunulmazdır və Dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qanuni qüvvəyə minmiş və digər işə baxılarkən mübahisələndirilməsinə yol verilməyən məhkəmə aktlarından göründüyü kimi, borclunun kreditor qarşısında icra edilməyən öhdəliyi qalmamışdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır. İşin faktiki hallarından görünür ki, cavabdeh Əmanətlərin Sığortalanması Fondu (LPO Cavabdeh3 ASC-nin ləğvedicisi) əsas öhdəliyə xitam verildiyindən ipotekaya xitam verilməli olduğundan, 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməli idi, bu, cavabdehin qanunla üzərinə qoyulan, icrası məcburi olan vəzifəsidir (qanunun imperativ göstərişidir). Göründüyü kimi iddia - mənzilin ipoteka yüklülüyünə xitam verilməsi və bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması hissəsində əsaslıdır və təmin edilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə borc alan şəxsin öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında Bakı şəhəri Yasamal rayonu 556/557ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipoteka yüklülüyündən azad edilməli, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 26 iyul 2013-cü il tarixdə bağlanmış 042/13 saylı kredit müqaviləsi üzrə borc alan şəxsin öhdəliklərinin icrasının təminatı kimi İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Yasamal rayonu 556/557-ci məhəllə Hüseyn Cavid prospekti 81 saylı evin 73 saylı mənzili ipoteka yüklülüyündən azad edilsin. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar