Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3446/2025 28.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması, uşaqların ananın himayəsində saxlanılması və aliment» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq hər ay Cavabdeh əmək haqqının və başqa gəlirinin 1/3 hissəsinin tutularaq iddiaçıya verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh ilə el adəti ilə toy edərək ailə həyatı qurmuşdur. Nikahları 14 iyun 2013-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsində 670 nömrə ilə rəsmiləşdirilmişdir. Birgə nikahlarından iki övladı dünyaya gəlib: xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il X2. Nikaha daxil olarkən münasibətləri yaxşı olsa da sonradan pisləşmişdir. Faktiki olaraq ayrı yaşadıqları üçün nikahın pozulması zərurəti yaranmışdır. Son illər daim aralarında tez-tez cavabdehin uşaqlara maddi yardım göstərməməsinə görə söz-söhbətlər olur. Cavabdeh demək olar ki, uşaqların saxlanmasında, təhsilində hər hansı bir köməklik göstərmir. Məcburiyyət qarşısında qalıb iddiaçı çətinliklə uşaqlara baxır. Sonradan İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, Cavabdeh ilə xx.xx.2013-cü il tarixində Bakı şəhəri Yasamal Rayon Qeydiyyat Şöbəsində 670 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2024-cü il tarixdən hesablanaraq hər ay Cavabdeh əmək haqqının və başqa gəlirinin 1/3 hissəsinin tutularaq iddiaçıya verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etmiş və bildirmişdir ki, cavabdehlə faktiki olaraq ötən ilin noyabr ayında ayrılsalar da, sonradan barışaraq yenidən birlikdə yaşamışlar, yalnız bu ilin aprel ayından etibarən birgə yaşamırlar və təsərrüfat aparmırlar. Cavabdeh onlara heç bir maddi yardım göstərmir, bu səbəbdən xahiş edir ki, alimentin hesablanması ötən ilin noyabr ayından, yəni mediasiya arayışının verildiyi tarixdən etibarən müəyyən edilsin. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında iştirak edərək iddia tələbini qismən qəbul etdiklərini bildirmiş və “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək, iddiaçının tələbinə münasibətdə, nikahın pozulmasına, uşaqların ananın himayəsində qalmasına, cavabdehin əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissədə tutularaq iddiaçıya ödənilməsinə razı olduqlarını bildirmiş və aliment tutulmasının əvvəlinin qətnamə çıxan gündən hesablanmasını xahiş etmişdir. İş materialları: Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 861258 nömrəli nikah haqqında şəhadətnamənin əslindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx.xx.2013-cü il tarixdə 670 nömrəli akt qeydi ilə bağlanmışdır. 1 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən xx.xx.2016-cu il tarixdə verilmiş AZ-İİİ seriyalı, 813907 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2016-cı il tarixdə anadan olmuş, bu barədə xx.xx.2016-cı il tarixdə 4549 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası Cavabdeh, anası İddiaçıdır. 1 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 354314 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə anadan olmuş, bu barədə xx.xx.2014-cü il tarixdə 2788 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur, uşağın atası Cavabdeh, anası İddiaçıdır. Abşeron 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞAB/MT041/2024- 00014 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, Cavabdeh İMS-də iştirak etməmiş, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. 2.3-cü maddəsinə əsasən nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur: 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Məhkəmə xatırladır ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli qərarının 8.2-ci bəndində qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. İddiaçı nikahın pozulmasında təkid edir, cavabdeh tərəf də öz növbəsində iddia tələbini qismən etiraf etmişdir. Belə ki, cavabdeh nikahın pozulmasına, uşaqların ananın himayəsində qalmasına və uşaqların saxlanması üçün alimentin tutulmasının əvvəlinin qətnamə çıxan gündən hesablanaraq əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissədə tutularaq iddiaçıya ödənilməsinə razı olduğunu bildirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, nikahın pozulması barədə işlərə baxarkən məhkəmə tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının valideynlərdən hansının himayəsində saxlanması və həmin uşağın saxlanması üçün aliment tutulması məsələsini də həll etməlidir. Hazırda tərəflər arasında uşaqların himayədə saxlanması ilə bağlı mübahisə yoxdur. Həmçinin məhkəmə hazırki halda uşaqların ananın himayəsində saxlanmasının onların mənafeyinə zidd olması ilə bağlı hər hansı hal müəyyən etmir. Uşaqların ananın himayəsində saxlanması isə onun cavabdehə qarşı uşaqların saxlanması üçün aliment tələbi irəli sürməsini əsaslı edir. Uşaqların saxlanması üçün tərəflər arasında aliment tutulması ilə bağlı saziş təqdim edilmədiyindən və uşağın ananın yanında saxlanması, cavabdehin aliment ödənilməsinə dair razılığı nəzərə alınmaqla məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin alimentin tutulmasının tərəflər arasında mübahisənin ilkin mediasiya sessiyasının keçirildiyi xx.xx.2024-cü il tarixdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı hesab edilə bilməz. Müəyyən edildiyi kimi iddiaçı tərəf daha əvvəl də məhkəməyə bu tələblə müraciət etsə də, sonradan tərəflər barışmış və birgə təsərrüfatı bərpa etmişlər. Hazırda iddiaçının alimentin xx.xx.2024-cü il tarixdən tutulması tələbi əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən edilməli, İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 670 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikah pozulmalı, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanmalı, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının üçdə bir hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Tələb etməməsi nəzərə alınaraq məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Yasamal rayon Qeydiyyat Şöbəsində xx.xx.2013-cü il tarixdə 670 nömrəli qeyd ilə rəsmiləşdirilmiş nikah pozulsun. xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X2 oğlu anaları İddiaçı himayəsində saxlansınlar. xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh qazancının üçdə bir hissəsi məbləğində aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Tərəflərə izah edilsin ki, onlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə müvafiq olaraq 3 illik iddia müddəti nəzərə alınmaqla ər-arvadın ümumi əmlakının bölünməsi tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Hakim Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №e-2(006)-3446/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3446/2025
28.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver