Məhkəmə qərarları › İş №e-2(006)-3494/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3494/2022

31.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3494/2022 31.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC-yə və "xxxx" MMC-yə qarşı “ipotekaya xitam verilməsi və daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğv edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən X3 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X6 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir. Qətnamə icraya yönəldilmiş və Xətai rayon İcra Şöbəsinin xx/xx-25435/16 nömrəli, xx.xx.2016-cı il tarixli sifariş məktubu əsasında hərraca çıxarılmışdır. Açıq hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli, 01/2550 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ilkin satış qiyməti 80000 manat olmaqla birinci hərracı keçirilmişdir. Daha sonra, açıq hərracın keçirilməsinə dair xx.xx.2016-cı il tarixli 01/2886 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ilkin satış qiyməti 68000 manat olmaqla ikinci hərracı keçirilmişdir. Hərracların heç biri baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində dərc edilmişdir. Qeyd olunmalıdır ki, mövcud qanunvericiliyin tələbləri kobudcasına pozularaq hərracın keçirilməsi yeri və vaxtı barədə ipoteka qoyan İddiaçı bildiriş göndərilməmişdir. Bununla əlaqədar olaraq, "xxxx" MMC-nin vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubuna əlavə olunmuş sənədlər də bunu təsdiq edir. Qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin mülkiyyətçisi olan İddiaçı qeydiyyatda olaraq yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinə heç bir rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa, iki dəfə hərrac keçirilməsinə baxmayaraq, "xxxx" ASC ipoteka predmetini əldə etməmişdir. Ona görə də, İddiaçı “İpoteka haqqında” Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. Belə ki, «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də, həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. Göstərilənlərə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın İddiaçı qaytarılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" QSC BOKT-un nümayəndəsi X5 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər "xxxx" ASC-nin və "xxxx" MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 105 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4066 nömrəli vərəqində ********* nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 31 iyul 2014-cü il tarixli, 2(009)-1795/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, X3 30.000 manat əsas, 4095 manat faiz, 140 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 34.265 manat məbləğində borcun "xxxx" ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinin ilkin satış qiymətinin 50.000 manat müəyyən edilməklə, tutmanı həmin mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına Bankın tələblərinin ödənilməsi, İddiaçı, X2 və X6 həmin yaşayış sahəsinin ən geci bir ay ərzində tərk etmələri qət edilmişdir. İşdə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1010/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən X3 27945 manat məbləğində əsas borcun tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 105 saylı evin 105 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsaitin X4 banka olan borcunun ödənilməsinə yönəldilməsi, borc ödənildikdən sonra yerdə qalan məbləğin İddiaçı qaytarılması, ipotekaya qoyulmuş mənzilə tutma yönəldildikdə və həmin mənzil açıq hərrac yolu ilə satıldıqda, ipoteka qoyan İddiaçı, X2 və X6 həmin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, mənzilin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi qət edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə və borclu X7 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2016-cı il tarixli, 01 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 105 satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 29 avqust 2016-cı il tarixə təyin edilmişdir. İş materiallarındakı "xxxx" MMC-nin tələbkar "xxxx" ASC-yə və borclu X7 ünvanladığı «açıq hərracın keçirilməsinə dair» xx.xx.2016-cı il tarixli, 02 №-li bildirişdən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 105 satılmaq üçün açıq hərraca çıxarılmış, hərracın keçirilməsi 03 oktyabr 2016-cı il tarixə təyin edilmişdir. İşdə olan sənədlərdən görünür ki, hərracların heç biri baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2016-cı il tarixli nömrəsində dərc edilmişdir. İşin materiallarında olan "xxxx" MMC-nin "xxxx" ASC-yə ünvanladığı 07 oktyabr 2016-cı il tarixli, 01/3555 №-li təklifində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 105, mənzil 105-in hərracda satılmadığına görə həmin mənzilin almağı təklif edilmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.1-ci maddəsinə əsasən auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Həmin Məcəllənin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Göründüyü kimi qanunvericiliyin qeyd olunan tələbi kobud şəkildə pozulmuşdur. İpoteka predmetinin mülkiyyətçisi olan İddiaçı qeydiyyatda olaraq yaşadığı ünvan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinə heç bir rəsmi bildiriş göndərilməmişdir. Bundan başqa, iki dəfə hərrac keçirilməsinə baxmayaraq, "xxxx" ASC-nin ipoteka predmetini əldə etməmişdir. Ona görə də İddiaçı “İpoteka haqqında” qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. «İpoteka Haqqında» Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli Qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. Eləcə də həmin qərara əsasən, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka Haqqında» Qanunun 44-cü maddəsinə əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli əmlakın mülkiyyətçisi kimi haqlı olaraq ipotekaya xitam verilməsini tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilməli, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilməli və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 105 nömrəli evin 105 nömrəli mənzilinin ipotekasına xitam verilsin. Həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilsin və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarış İddiaçı qaytarılsın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar