Məhkəmə qərarları › İş №e-2(006)-3570/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3570/2023

18.10.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3570/2023 18.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli 3M-167 saylı kredit müqaviləsinə xitam verilməsi, 24.000 (iyirmi dörd min) manat pul vəsaitinin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 01 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində onunla 01 noyabr 2021-ci il tarixdə kredit müqaviləsi bağlayaraq ondan 24.000 manat pul almışdır. Həmin kredit müqaviləsi 01 saylı Bakı Asan Xidmət Mərkəzinin Notariat Ofisində təsdiq edilmişdir. Cavabdeh 18 mart 2022-ci il tarixədək borcunu qaytarmasına öhdəlik götürmüşdür. Cavabdehə borc almış olduğu pulun qaytarılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müqavilə üzrə qəbul etdiyi öhdəliyini icra etməkdən boyun qaçırır. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddiaçını tanımır. O, İlahəni tanıyır, sonuncu faizə pul verir. O, İlahədən 25.000 manat pul götürmüşdür. Onlar üç nəfərdir. Həmin götürdüyü 25.000 manat üçün ona üç müqavilə imzalatdırmışlar. O, həmin 25.000 manat pulu İlahəyə geri qaytarmışdır. Hazırki müqaviləni də onun xəbəri olmadan ona imza etdirmişlər. Onu da qeyd edir ki, İlahə ona təzyiq edib ki, müqavilə bağlasın. Düzdür, müqavilə onun tərəfindən imzalanmışdır, amma ona müqavilədə qeyd edilən pul verilməmişdir. İddia ərizəsini əsassız hesab edir, iddia ərizəsini qəbul etmir və məhkəmədən iddia ərizəsinin rədd edilməsini xahiş edir. Bir daha qeyd edir ki, ona müqaviləyə qol çəkməsi üçün təzyiq edilmişdir. Ona bildirilmişdir ki, evinə gələcəklər, anasına və ona ziyan vuracaqlar. Qeyd etdikləri keçən il olmuşdur. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Gərək müraciət edərdi. Heç kim notariat kontorunda pul sayıb ona təhvil verməmişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 01 noyabr 2021-ci il tarixdə notarial qaydada bağlanmış və təsdiq olunmuş 3M-167 reyestr saylı kredit müqaviləsinə əsasən, Abutalib X1 Sona İbrahim qızından 18 mart 2022-ci il tarixədək qaytarmaq şərti ilə, faizsiz olaraq 24.000 manat borc almışdır. Müqavilənin 6-cı bəndinə əsasən borc verən müqavilə üzrə öhdəliyin icrasının tamamilə və ya hissə-hissə qəbulunu borc sənədinin üzərində etdiyi qeydlə təsdiq etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı cavabdehə pretenziya qaydasında müraciət edərək, borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıdan bir neçə ay müddətinə, müqaviləyə əsasən xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 24.000 manat borc almış, lakin iddiaçı qarşısında götürdüyü öhdəliyi tam və vaxtında icra etməmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, kredit müqaviləsi imzalansa da, ona 24.000 manat pul vəsaiti verilməmişdir. Lakin məhkəmənin sorğusuna əsasən təqdim olunmuş notariat işinin materiallarında olan sənədlərdən görünür ki, 24.000 manat pul vəsaiti notariusun depozit hesabına qəbul edilərək, cavabdehə təqdim olunmuşdur. Cavabdehin etirazı əsassızdır və subyektiv mülahizələrdir. Habelə cavabdeh müqaviləni təzyiq altında imzaladığını qeyd etsə də, qeyd etdiyi hallara dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Əksinə, işdə olan sənədlərlə müəyyən edilir ki, müqavilə bağlanarkən notarius tərəfindən müqavilənin hüquqi nəticələri və sair diqqətəlayiq hallar tərəflərə izah edilmişdir. Həmçinin məhkəmə iclasında cavabdehin iddia etdiyi kimi “müqaviləni təzyiq altında imzalaması” məsələsi ilə əlaqədar aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməməsinin səbəbinin nə olduğu sualına “gərək müraciət edərdim” məzmununda cavab vermişdir. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 162 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli 3M-167 saylı kredit müqaviləsi ləğv edilməli; 24.000 manat borc və ödənilmiş 162 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 noyabr 2021-ci il tarixli 3M-167 saylı kredit müqaviləsi ləğv edilsin. 24.000 manat borc və ödənilmiş 162 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar