Məhkəmə qərarları › İş №e-2(006)-3617/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3617/2023

12.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3617/2023 12.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızının Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh əmək haqqının və gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Alıeva (Əliyeva) Arzu Fazil qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə 03 dekabr 2016-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan 09 sentyabr 2017-ci il təvəllüdlü X3 adlı övladları doğulmuşdur. Hal-hazırda rəsmi olaraq nikah münasibətlərində olsalar da, faktiki olaraq onların ər-arvad münasibətləri mövcud deyildir. Belə ki, cavabdehlə xasiyyətləri uyğun gəlmir. Ailənin saxlanılması qeyrimümkündür. Qeyd etmək istəyir ki, bir neçə ildir ki, qızı Banu ilə öz valideynlərinin yanında yaşayırlar. Həyat yoldaşı X5 oglu "xxxx" MMC-də işləyir. Cavabdehin gəlirləri kifayət qədər yuksəkdir (1.545,77 manat təşkil edir). O, qızı Banunun ehtiyaclarını təkbaşına qarşılaya bilmir və çətinlik çəkir. Onlar cavabdehin evini tərk etdikləri vaxtdan indiyə kimi cavabdeh uşağının saxlanılması üçün heç bir maddi köməklik göstərməmişdir. Uşağın bütün ehtiyaclarını özü və onun valideynləri qarşılayırlar, onun təlim-tərbiyəsi ilə özü məşğul olur və bu səbəbdən ali təhsilli olduğuna baxmayaraq işləmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, o, iddiaçı ilə bir neçə ildir ki, ayrı yaşayır, lakin heç vaxt istəməmişdir ki, ailəsi ondan ayrı yaşasın. Hər zaman çalışmışdır ki, ailəsi dağılmasın. Qarşı tərəfin maddi vəziyyəti yaxşıdır. Belə ki, iddiaçının atasının bir neçə evləri vardır və həmin evləri kirayə verərək, kifayət qədər gəlir əldə edirlər. Bundan başqa iddiaçı hazırlıq müəllimi kimi fəaliyyət göstərərək, kifayət qədər gəlir əldə edir. Əlavə olaraq qeyd edir ki, iddiaçının atası Rusiyada bizneslə məşğul olur. Hesab edir ki, tələb edilən aliment məbləği övladı üçün istifadə edilməyəcəkdir. Övladının altı yaşı vardır, lakin ona baxanda üç yaşında olan uşaq kimi görünür. Ondan tələb edilən alimenti öz gəlirlərinə qatacaqlar. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, eləcə də cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 05 dekabr 2016-cı il tarixdə verilmiş AZ-İİ seriyalı 170918 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Alıeva (Əliyeva) Arzu Fazil qızı arasında nikah 05 dekabr 2016-cı il tarixdə 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2372 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Alıeva (Əliyeva) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəlüldlü X3 adlı bir yetkinlik yaşına çatmamış uşaqları var. İş materiallarında olan Bakı 16 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli, MŞB/16-00359 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etsələr də, ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər (mediator: E.Məmmədov). “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də baş mühasib vəzifəsində çalışmaqla, aylıq əmək haqqısı 1.750,59 manat təşkil edir. Beləliklə iş materiallarından görünür ki, tərəflər 05 dekabr 2016-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2017-ci il təvəlüldlü X3 adlı bir övladları doğulmuşdur. Hal-hazırda cavabdeh uşağı ilə maraqlanmadığı üçün iddiaçı övladını böyütməkdə maddi sıxıntılar çəkir. Bu səbəbdən aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1 və 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Göründüyü kimi, iddiaçının övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh Alıeva (Əliyeva) Arzu Fazil qızının xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulmalıdır. Qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2017-ci il təvəlüldlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən (iddia ərizəsi ilə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh Alıeva (Əliyeva) Arzu Fazil qızının xeyrinə hər ay qazancın (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar