Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-363/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi ilə, İddiaçı və İddiaçı1 nümayəndəsi - İddiaçı2, Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi - X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X4 və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 məxsus “Toyoto Camry” markalı, **-RG-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə sığorta məbləği 5000 manat pul vəsaitinin cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçılara ödənilməsi, dəymiş ziyana görə qalan hissə üçün 982 manat, mənəvi zərər üçün 700 manat və nəqliyyat vasitəsinin bazar dəyərini itirməsi üçün 2500 manat pul vəsaitinin cavabdeh X2 tutularaq iddiaçılara ödənilməsi, həmçinin 112 manat məbləğində dövlət rüsumunun, eləcə də qiymətləndirmə aktına görə ödənilmiş 100 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, xx.xx.2023cü il tarixində X5 idarə etdiyi “Toyoto Prius” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində xx.xx.2022-cü il tarixli İXP5607735 nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, xx.xx.2023-cü il tarixli TP5904952 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Sözügedən yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, İddiaçı1 mülkiyyətində olan və İddiaçı2 sürücülük hüququ ilə idarə etdiyi “Toyoto Camry” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sağ yan hissəsində xarici əzintilər almışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası barədə PDS seriyalı ********** nömrəli şəhadətnaməsindən görünür ki, İddiaçı1 məxsus, İddiaçı2 sürmə hüququ ilə idarə etdiyi “Toyoto Camry” markalı, **-RG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2023-cü il tarixində 1 il müddətinə avtonəqliyyat hadisəsi sığorta riski daxil olmaqla sığortalanmışdır. Sözügedən yol-nəqliyyat hadisəsi baş verən tarixdə sığorta müqaviləsi qüvvədə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsindən dərhal sonra Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin məsul əməkdaşları hadisə yerinə gələrək sığorta hadisəsini qeydə almışlar. Sığortalı sığorta hadisəsi nəticəsində dəymiş maddi ziyanın müəyyən edilməsi üçün sığorta əməkdaşının təqdim etdiyi bildirişdə qeyd edilmiş məntəqəyə yaxınlaşmış, orada mütəxəssislərin iştirakı ilə avtonəqliyyat vasitəsinə baxış keçirilmiş və müvafiq qeydlər aparılmışdır. "xxxx" MMC-nin təqdim etdiyi avtomobilə baxış keçirilməsinin nəticələrinə dair xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından müəyyən edilmişdir ki, “Toyoto Camry” markalı **-RG-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ümumilikdə 5982 manat maddi ziyan dəymişdir. Qiymətləndirmə aktına görə, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli hesab-fakturaya əsasən 100 manat məbləğində pul vəsaiti ödəmişdir. Sığorta qanunvericiliyinin tələblərinə uyğun olaraq, sığorta tələbi SS**********AZ və SS**********AZ nömrəlisifarişi poçt göndərişi ilə cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə göndərilmiş, işə əlavə edilmiş xəbərnamələrdən görünür ki, sığorta şirkəti xx.xx.2023-cü il tarixdə göndərişləri almış, lakin sığorta ödənişini hazırki tarixədək etməmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsinə dəymiş maddi ziyanla bərabər, əmlakına vurulmuş ziyanla bağlı eyni zamanda iddiaçıya mənəvi ziyan dəymişdir. Əmlakına vurulmuş ziyan, o cümlədən bir müddət ondan istifadə edə bilməməsi səbəbindən iddiaçı mənəvi iztirablar keçirmişdir. Bu mənəvi iztirabların aradan qaldırılması və həyat eşqinin yüksəldilməsi üçün 700 manat məbləğində pul vəsaitinin ödənilməsi ilə mümkünlüyü müəyyən edilmişdir. Bundan əlavə avtomobillərin onlayn satışınını təklif edən turbo.az və avtomobil.az internet portallarında aparılmış təhlillərlə müəyyən edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə vurulmuş ziyanla bağlı onun təmirbərpa edilməsindən sonra da öz əvvəlki bazar dəyərini 2500 manat məbləğində itirmişdir. Beləliklə müəyyən edilmişdir ki, sığorta hadisəsi nəticəsində iddiaçıya qiymətləndirmə aktına əsasən, 5982 manat, mənəvi zərər olaraq 700 manat və nəqliyyat vasitəsinin bazar dəyərini itirməsinə görə 2500 manat, ümumilikdə 9182 manat ziyan dəymişdir. İcbari sığorta qanunvericiliyinə görə, standart sığorta müqavilələri üzrə sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Bununla belə nəticəyə gəlmək olur ki, ümumilikdə dəymiş ziyanın 5000 manat hissəsi cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən, qalan 4182 manat hissəsi isə zərərvuran digər cavabdeh X5 tərəfindən iddiaçıların xeyrinə ödənilməlidir. Sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı İddiaçı1 məxsus “Toyoto Camry” markalı, 90RG717 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 4498 manat sığorta məbləğinin, eləcə də 450 manat dəbbə pulunun, ümumilikdə 4948 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı və İddiaçı1 nümayəndəsi - İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: AD seriyalı 174449 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Toyota Camry minik” markalı 90RG717 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı1 adına qeydiyyata alınmışdır. PDS********** nömrəli Şəhadətnamədən görünür ki, İddiaçı1 məxsus “Toyoto Camry” markalı, 90-RG717 dövlət nömrə nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək cavabdeh tərəfindən sığortalı İddiaçı2 adına icbari sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixli TP seriyalı ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il, saat 17:00-da X5 “Toyota Pirius (hibrid) minik” markalı, 99UP578 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktından görünür ki, İddiaçı1 məxsus “Toyota Camry minik” markalı 90RG717 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 5982 manat müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli Hesab-fakturadan və xx.xx.2023-cü il tarixli 27263 nömrəli Çekdən görünür ki, "xxxx" MMC tərəfindən keçirilmiş qiymətləndirmə xidmətinin dəyəri 100 manat təşkil edilmiş və həmin məbləğ iddiaçılar tərəfindən ödənilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktından görünür ki, İddiaçı1 məxsus “Toyota Camry minik” markalı 90RG717 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyan 1250 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/8404 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Toyota Camry" markalı, 90RG717 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4498 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il, saat 17:00-da X5 tərəfindən idarə olunan “Toyota Pirius (hibrid) minik” markalı, 99UP578 dövlət qeydiyyat nişanlı avtomaşınla İddiaçı2 tərəfindən idarə olunan “Toyota Camry minik” markalı 90RG717 dövlət qeydiyyat nişanlı avtomaşının Bakı şəhəri, Bülbül prospekti ilə Z.Əliyeva küçəsinin kəsişməsində toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş, X5 təqsirli bilinərək İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat cərimə edilmiş və nəticədə iddiaçılara maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, tərəflər sığorta hadisəsinin baş verdiyini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız sığorta ödənişinin məbləği barədədir. Mübahisənin mahiyyətini avtomobilin təmir xərcinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu qiymətin 1250 manat, iddiaçı isə 5982 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün sığorta hadisəsinin baş verməsi nəticəsində avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb olunan xərcin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 9/8404 saylı ekspert rəyi ilə, İddiaçı1 məxsus “Toyota Camry minik” markalı 90RG717 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4498 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidirlər. Çünki, ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş ziyanın məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzini təşkil edən 4498 manat sığorta ödənişi cavabdehdən tutularaq iddiaçılara ödənilməklə iddia göstərilən hissədə təmin edilməlidir. Məhkəmə iddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 903.1-903.6-cı maddələrinə əsasən, sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir. Sığorta haqqının miqdarı və ya onun hesablanması və ödənilməsi qaydası könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə müəyyən edilir. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa hal nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsində sığorta haqqının hissəhissə ödənilməsi razılaşdırıla bilər. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsindən sonra qüvvəyə minir. Sığorta haqqı və ya onun hissəsi vaxtında ödənilmədikdə sığortaçı onun ödənilməsi üçün bu Məcəllənin 903.6-cı maddəsinin tələbini nəzərə alaraq yazılı surətdə 15 günədək müddət müəyyən edə bilər. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı gündən 1 aydan gec olmayaraq ödənilməlidir. Həmin Məcəllənin 934.1 və 934.2-ci maddələrinə əsasən, həmin Məcəllənin 933.1-ci maddəsində nəzərdə tutulan sənədlərdən sonuncusunun (bu Məcəllənin 933.3-cü maddəsi nəzərə alınmaqla) sığortaçıya daxil olduğu tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş təqdim etməlidir. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qanunvericilik sığortaçıdan sığorta ödənişini sənədlər ona təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəməyi tələb edir. İşdən görünür ki, cavabdeh tərəfindən dəymiş ziyan xx.xx.2023-cü il tarixli qüsur aktı ilə müəyyən edilmiş və iddiaçı dəbbə pulunun hesablanması müddətini xx.xx.2024-cü il tarixədək 100 gün üçün hesablamışdır. 100 günə görə dəbbə pulu məbləği 4498 manat x 100 gün x 0,1% = 450 manat təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehdən 450 manat məbləğdə dəbbə pulu tutularaq iddiaçılara ödənilməklə iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərclərinin cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı1 məxsus “Toyoto Camry” markalı, 90RG717 dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyana görə 4498 manat sığorta məbləği və 450 manat dəbbə pulu, ümumilikdə 4948 manat pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 50 manat məbləğində ekspertiza xərcləri cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********000000 3944 SWİFT BİK CTREAZ 22.AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №e-2(006)-363/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-363/2024
23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver