Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3636/2023 24.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından anadan olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 2 uşağa görə — qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında alimentin cavabdehdən tutularaq ona ödənilməsinə və aliment ödənişlərinin 26 dekabr 2022-ci ildən etibarən həyata keçirilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslındırmışdır ki, o, Cavabdeh ilə 11 noyabr 2018-ci il tarixində birgə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikahları 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsinin nikahın bağlanması haqqında akt qeydləri kitabında 2604 № ilə dövlət qeydiyyatına alınmışdır. Birgə nikahdan iki övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 anadan olmuşlar. Uzun müddətdir ki, övladları onunla bir yerdə yaşayır və faktiki olaraq onun himayəsindədirlər. Hazırda uşaqların saxlanılması və hərtərəfli inkişafının təmin edilməsi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə müvafiq olaraq, göstərilən ailə mübahisəsinin həlli üçün mediasiya sessiyasında iştirak etmiş və ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən, “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayış verilmişdir. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Eyni zamanda bildirmək istəmişdir ki, Cavabdeh 26 dekabr 2022-ci il tarixdən eyni tələblə bağlı mediasiya təklifi göndərilmişdir. Cavabdehin artıq 8 aydır ki, uşaqların saxlanılmasında və ehtiyaclarının qarşılanmasında iştirak etmədiyini məlum edərək, aliment ödənişlərinin başlanması tarixinin mediasiya təklifinin göndərildiyi tarixdən hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən etiraf edərək, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmədiyini bildirdi. Lakin, alimentin tutulma müddətinin aliment tələbi ilə məhkəməyə müraciət etdiyi tarixdən müəyyən edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2604 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İstanbul şəhərində Azərbaycan Respublikası Baş Konsulluğu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə İstanbul şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan İstanbul şəhərində Azərbaycan Respublikası Baş Konsulluğu tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə İstanbul şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən Cavabdeh "X8 Aviaşirkəti" Məhdud Məsuliyyətli Cəmiyyətində “təyyarəçi” işləməklə aylıq vəzifə maaşı 8500 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin üçdə bir hissəsi miqdarda aliment tutulur. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında alimentin iddiaçının xeyrinə tutulmasına etiraz etmir. Odur ki, məkhəmə hesab edir ki, alimentin tutulmasına dair iddia təmin edilməlidir. Məhkəmə iddia tələbinin “aliment ödənişlərinin 26 dekabr 2022-ci ildən etibarən həyata keçirilməsi” hissəsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçının məhkəməyə müraciət edənədək cavabdehdə xx.xx.2022-ci il tarixdə mediasiya təklifi göndərməsi, onun qanunvericilikdə nəzərədə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” anlamına gəlmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.5-ci maddəsinə əsasən tərəflərin hər hansı mübahisə ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl mediasiya prosesində iştirakını tələb edən müqavilə, müqavilə şərti, yaxud hər hansı digər sənəddə şərt (mediasiyaya dair qeyd-şərt) olduğu halda, həmin qaydaya riayət edildikdən sonra mübahisə məhkəmənin həllinə verilə bilər. Həmin Məcəllənin 4.6-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Göründüyü kimi, alimentin tutulmasına dair mediasiya təklifinin göndərilməsi gələcəkdə məhkəməyə müraciət edilməsi üçün qanunvericiliyin tələbinə əməl edilməklə ilkin mediasiya sessiyasının keçirilməsinin məcburiliyin təmin edilməsi kimi qiymətləndirilməlidir. Odur ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, aliment hesablanarkən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qərardadı nəzərə alınmalıdır. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının surətindən görünür ki, e-2-3636/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək müvəqqəti aliment tutulmaqla xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün xx.xx.2023-cü il tarixdən (müvəqəti təminat tədbirinə dair ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay qazancının (başa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla (müvəqqəti ailmentin tutulmasına dair xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 48.33 manat (8500/3=2833) məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq (müvəqqəti ailmentin tutulmasına dair xx.xx.2023-cü il tarixli qərardad nəzərə alınmaqla) Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 48.33 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamə dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №e-2(006)-3636/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3636/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver