Məhkəmə qərarları › İş №e-2(006)-372/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-372/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-372/2024 06.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş mənəvi zərərə görə 50.000 (əlli min) manat, ödənilmiş dövlət rüsumuna görə 240 (iki yüz qırx) manat olmaqla, cəmi 50.240 manat pul vəsaitinin cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Azərbaycan Respublikası Müdafiə Nazirliyindən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X11 və X12 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətini aşaraq oğlunun ölümünə səbəb olmuşlar. Belə ki, X14 Nazirliyinin Göygöl raonunda yerləşən N saylı hərbi hissəsinin mühəndis istehkam bölüyünün komandiri vəzifəsində, kapitan rütbəsində hərbi xidmətdə olarkən, hərbi hissə komandirinin «1-ci və 2-ci motoatıcı taborların müdafiə rayonlarında partlayan və partlamayan mühəndis maneələrinin qurulması haqqında» xx.xx.N5-ci il tarixli, 0121 saylı əmrinə əsasən həmin əmrin icrası ilə əlaqədar yaradılmış qrupun rəhbəri təyin edilməklə, ona 2-ci taborun şərti olaraq «Camış orta» adlanın döyüş postunun cinahlarında mühəndis maneələrinin, habelə tikan tel maneəsinin qurulması işlərinin davam etdirilməsi tapşırılmışdır. Hərbi hissə komandiri tərəfindən Tərlan Əliyevə tikan tel maneəsinin quraşdırılmasında dirək kimi istifadə etmək məqsədilə, qışa hazırlıqla əlaqədar hərbi hissəyə tədarük olunan oduncaqların budaqlarından, habelə hərbi hissənin maddi-texniki təminat bölüyündə olan, söküntülərdən çıxmış müxtəlif materiallardan seçmək barədə göstəriş verilməsinə baxmayaraq, Tərlan Əliyev rəis kimi digər şəxsi marağa görə, yəni nisbətən düz və eyni ölçülü ağac dirəklər əldə edərək ona tapşırılmış işi daha rahat və asan görə bilmək, habelə özünü bacarıqlı və işgüzar komandir kimi göstərmək məqsədilə, döyüş şəraitində qulluq səlahiyyətini aşaraq, Xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına aid olduğundan Milli Parkların ərazisində oduncaq tədarükünün aparılmasının ümumiyyətlə qadağan olunmasına baxmayaraq, qanunsuz olaraq, xx.xx.N5-ci il tarixdə saat 16 radələrində bölüyün hərbi qulluqçularından ibarət qrupu bölüyün dayaq məntəqəsindən 3 km məsafədə, Göygöl Milli Parkının ərazisində yerləşən «Üç bulaq» adlanan dağlıq ərazidəki meşə sahəsinə aparmış, ərazidəki avtomaşın yolundan keçənlərin onların qanunsuz olaraq milli park ərazisində ağac kəsmələrinin şahidi olmamaları üçün həmin hərbi qulluqçuların həyat və sağlamlıqlarını təhlükə altında qoyaraq, avtomaşın yolunun sol tərəfində əks istiqamətə aşağıya doğru axan Kürəkçay çayını keçib, 70 metr yüksəklikdə yerləşən, mövsümlə əlaqədar torpağı palçıqlı və ağac yarpaqları ilə örtülü olduğundan sürüşkən olan, sərt yoxuşlu, sıldırım qayalıqlı dağlıq meşə sahəsinə qalxmalarına göstəriş vermiş, Tərlan Əliyevin rəhbərliyi və qanunsuz göstərişi ilə işçi qrupu tərəfindən meşədən diametri 15-20 sm, uzunluğu 2 metr olan təxminən 80 ədəd ağac dirək kəsilərək bir qədər aşağı daşındıqdan və üç topa yığıldıqdan sonra saat 18 radələrində qrup xidmət yerinə qayıtmışdır. Növbəti gün, xx.xx.N5-ci il tarixdə saat 09 radələrində Tərlan Əliyev qanunsuz göstərişlərini davam etdirərək, xidməti vəzifələrinin icrasına daxil olmamasına, həftənin bazar günü olduğundan şəxsi heyətin istirahəti üçün tədbirlər planlaşdırılmasına, gecə yağış yağdığından yer sürüşkən olduğuna görə əsgərlərin dağdakı həmin meşə sahəsinə yenidən qalxmalarının, eləcə də orada işləmələrinin daha da təhükəli olmasına, qeyd olunan şəraitdə işlərin görülməsi ilə bağh təcrübə və bacarıqlarının olmamasına, xüsusi mühafizə vasitələri ilə təchiz edilməmələrinə baxmayaraq, əvvəlcədən ərazinin relyefi, təhlükəli sahələri, orada işləməyin çətinlikləri və işin təhlükəsiz görülməsi üçün zəruri ola biləcək digər hallarla bağlı məlumatlandırmadan, bölüyün 1-ci tağım komandiri, baş leytenant X6 bölüyün əsgərlərindən bir qrup seçib bir gün əvvəl özünün rəhbərliyi ilə ağac dirəklərin doğranaraq toplanıldığı dağlıq meşə sahəsinə getmələrini və həmin dirəkləri yuvarladaraq yuxarıdan aşağı, çayın kənarına, avtomaşın yoluna yaxın yerə düşürtmələrini tapşırmışdır. Onun qanunsuz göstərişinə əsasən Ramil Zeynalovun başçılığı ilə 13 nəfər əsgərdən ibarət qrup ağac dirəklərin yığıldığı yerə getmiş, saat 11 radələrində Ramil Zeynalov qrup üzvlərinə meşə sahəsinə qalxıb orada kəsilərək toplanmış ağac dirəkləri yuxarıdan aşağı istiqamətə çayın kənarına yuvarlamağı tapşırmış, özü isə aşağıda qalaraq onları gözləmiş, iş meydançasına qalxmayaraq iş yerinin düzgün seçilməsini, əsgərlər arasında funksiyaların düzgün bölüşdürülməsini, əsgərlərin təhlükəli, yəni qayalıq, sərt yoxuş, sürüşkən ərazilərə keçmələrinin qarşısının alınması üçün tədbirlər görülməsini və işlərə nəzarət olunmaqla əməliyyatların təhlükəsizlik qaydalarının tələblərinə uyğun ardıcıl və təhlükəsiz yerinə yetirilməsini təmin etməmişdir. Nəticədə saat 11:20 radələrində ağac dirəkləri aşağıya doğru yuvarlayarkən ayaqları sürüşüb yıxılan əsgər X8 uzun müddət müalicə tələb edən, sağlamlığına az ağır zərərvurmaya aid olan «sağ dirsək sümüyünün sınığı, başın alın nahiyəsinin əzilmiş-çapılmış, bel və hər iki aşağı ətrafın çoxsaylı sıyrılmış yaraları» xəsarətləri, əsgər X1 zərər vurmadığına görə dərəcəsi təyin edilməyən «döş qəfəsinin sol ön səthinin sıyrılmış yarası» xəsarətləri almış, həmçinin əsgər X10 ayaqları sürüşüb dağlıq meşə sahəsinin sol cinah istiqamətindəki qayalıqdan yıxılaraq həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərərvurmaya aid edilən «1-ci və 2-ci boyun fəqərələrinin sınıqları, dalağın və mədəaltı vəzin cırılması, başın və bədənin çoxsaylı əzilmiş-cırılmış, sıyrılmış yaraları və qançırları, təpə sümüyünün çatı, sol böyrəyin kontuziyası» xəsarətləri almış və 1-ci və 2-ci boyun fəqərələrinin sınıqları, dalağın və mədəaltı vəzin cırılması səbəbindən hadisə yerində ölmüşdür. Ölən əsgər X10 onun oğludur. Asəf, hərbi hissə komandirinin N mart N5-ci il tarixli 89 saylı əmri ilə N saylı hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək, hərbi hissənin mühəndis istehkam bölüyünün 1-ci tağımının 3-cü manqasında istehkamçı vəzifəsinə təyin edilmişdir. 04 oktyabr N5-ci ildə saat 17 radələrində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan Rayon Şöbəsindən həyat yoldaşına zəng edərək, oğlunun meşədə odun yığarkən ayağının sürüşməsi nəticəsində qayadan yıxılıb öldüyünü bildirmişlər. Oğlunun ölümünə bais olan şəxslərin barəsində cinayət işi başlanılmış və Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1(095)- 084/N6 nömrəli hökmü ilə X11 və X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1., 341.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən cəzaları şərti hesab edilməklə 02 il sınaq müddəti təyin edilmişdir. 08 iyul N6-cı ildə hökm qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı mənəvi sarsıntı keçirməyi, iztirablara məruz qalmağı mübahisəsizdir. Bu günədək həm oğlunun, həm də onun ölümünə dözməyərək ürəyi partlayan həyat yoldaşının yoxluğunun acısını, iztirablarını, sarsıntılarını çəkir. Tənha qalmışdır. Bir ana üçün övladını itirməyin nə demək olduğunu yalnız eyni halı yaşamış ana başa düşər. Bir qadın üçün övladının ölümünün yaşatdıqlarını bölüşə biləcəyi həyat yoldaşının olmamasını isə sözlə ifadə etmək mümkün deyil. Ürəyi sızlayır, daxili qan ağlayır, canlı bir ölü kimidir. Evi onun üçün qaranlıq bir məzar kimidir. Sevincini və kədərini paylaşdığı oğlu və həyat yoldaşı yoxdur. Bəzən səhərədək yata bilmir, bəzən isə yuxudan ayılanda yuxulu-yuxulu elə bilir oğlu və həyat yoldaşı evdədirlər. Sonra yadına düşür ki, onlar artıq yoxdurlar. Onları görmək, yenidən ünsiyyətdə olmaq istəyir lakin, əli heç yerə çatmır. Acizlik çəkir. Bu hal davamlı olaraq baş verir. Yaraları, çəkdiyi iztirablar çox dərindir. Hadisə nəticəsində və ondan sonra, indiyədək yaşanan streslər, iztirablar, acizlik, əzablarla bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etmək hüququ vardır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova məhkəməyə iddiaya etiraz göndərərək göstərmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş mənəvi zərərə görə 50.000 manat, dövlət rüsumuna görə 240 manat ümumilikdə 50.240 manat məbləğində kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh kimi cəlb edilmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, həmin iddia tələbi rədd edilməlidir. İddiaçı ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı ərizəsində Müdafiə Nazirliyinin əməkdaşlarının cinayət hərəkətləri nəticəsində ona mənəvi ziyan dəydiyini və bu səbəbdən cavabdeh olaraq Maliyyə Nazirliyindən müvafiq məbləğdə kompensasiya ödənilməsini tələb edir. Bildirir ki, iddiaçının oğlunun ölümünə səbəb olan şəxslər barəsində qanuna uyğun olaraq cinayət işi başlanılmış və həmin şəxslərin təqsirli bilinməsi barəsində məhkəmə hökmü çıxarılmış və həmin hökm qanuni qüvvəyə minmişdir.Yəni bu hadisəyə səbəb olan şəxslər artıq qanuna uyğun olaraq öz cəzalarını çəkiblər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlardan göründüyü kimi mənəvi zərər ödənilərkən baş vermiş hadisənin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi və zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. İş materialları əsasında isə sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir və Maliyyə Nazirliyi zərəvuran şəxs olaraq müəyyən edilməmişdir. Buna görə də, iddia tələbi mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Hazırkı iddia tələbi ilə bağlı isə iddia ərizəsində göstərildiyi kimi cavabdeh orqan (bu halda Müdafiə Nazirliyi) və ya hadisənin törədilməsinə səbəb olan vəzifəli şəxs və ya şəxslər təqsirkar sayılmalı, iddia tələbinə də həmin orqana və ya vəzifəli şəxs və ya şəxslərə münasibətdə baxılıb qətnamə qəbul edilməlidir. Həmçinin qeyd edir ki, Mülki qanunvericiliyin tələblərinə əsasən hər hansı şəxsə zərər vurmuş şəxs (və ya şəxslər) ona münasibətdə mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1096.1-1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin əslində də heç bir hüquqi əsası yoxdur. Bundan başqa qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə»yə əsasən Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını (kredit sərəncamçılarını) yalnız onların sifarişinə və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsaitlər həddində maliyyələşməsini həyata keçirir. Maliyyə Nazirliyinin büdcə təşkilatları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandırılan halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bununla bağlı bildirir ki, iddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, onun iddia ərizəsində bu zərəri Maliyyə Nazirliyinə münasibətdə sübut edəcək heç bir fakt mövcud deyildir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-ni rəhbər tutaraq İddiaçı Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 oktyabr N5-ci il tarixdə verilmiş AZ-İ seriyalı 758828 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.N5-ci il tarixdə Göygöl rayonu Toğanalı kəndində qayadan yıxılaraq vəfat etmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində xx.xx.N5-ci il tarixdə 53 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə olunmuş 11 oktyabr N6-cı il tarixdə verilmiş AZ-İ seriyalı 813970 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.N6-cı il tarixdə Qobustan rayonunda ürək çatışmazlığından vəfat etmiş, bu barədə Qobustan rayon Qeydiyyat şöbəsində xx.xx.N6-cı il tarixdə 63 saylı akt qeydi aparılmışdır. İş materiallarına əlavə olunmuş Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)-084/N6 saylı hökmündən görünür ki, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən X7 təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş; sınaq müddəti ərzində X3 davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə İcra orqanına həvalə edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70,5-ci maddəsinə əsasən X3 üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu şuralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmuş; X7 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanunu qüvvəsini alıb icraya yönəldiyi vaxtdan hesablanmış; X3 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmış; X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341.2.1-ci və 341.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən X6 təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilmiş; sınaq müddəti ərzində X4 davranışı üzərində nəzarət xidmət müddətində hazırda xidmət etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li hərbi hissənin, xidmət yeri dəyişdirilərsə həmin hərbi hissənin komandanlığına, ordu sıralarından tərxis olunarsa, yaşayış yeri üzrə icra orqanına həvalə edilmiş; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən X4 üzərinə xidmət müddətində komandanlığın icazəsi olmadan başqa yerə getməmək, xidmət nizamnamələrinin tələblərini öyrənmək, ordu şuralarından tərxis olunduğu təqdirdə isə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunmasını sübut etmək vəzifəsi qoyulmuş; X6 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanunu qüvvəsini alıb icraya yönəldiyi andan hesablanmış; X12 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmış; iş üzrə maddi sübut və ekspertiza xərci ilə bağlı müvafiq göstərişlər verilmişdir. İş materiallarına əlavə olunmuş 08 iyul N6-cı il tarixli hökmün icrası barədə göstərişdən görünür ki, Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)- 084/N6 saylı hökmü qanun qüvvəsini almış və icraya yönəldilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, bu səpkili işlər üzrə dövlət rüsumu ödənilməli olmasa da, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 240 manat pul dövlət rüsumu kimi ödənilmişdir. Qanuni qüvvəyə minmiş hökmdən görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X11 və X12 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətini aşaraq İddiaçı oğlu X2 ölümünə səbəb olmuşlar. Bundan başqa, iddiaçının bildirdiyinə görə, həyat yoldaşı Lazım Əzməmmədov oğlunun gənc yaşında bu cür ölümündən sarsılmış, oğlunun vəfatının ili çıxmağa iki gün qalmış ürək çatmazlığından vəfat etmiş, qısa müddət ərzində iki əziz insanını itirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin yuxarıda qeyd olunan 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Məhkəmə qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, «hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur». Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1100-cü madddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbi məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Yuxarıda qeyd olunan, qanuni qüvvəyə minmiş hökmdən göründüyü kimi, iddiaçının oğlunun gənc yaşında vəfat etməsinə səbəb, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin komandirləri X3 və X4 döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşmaları olmuşdur. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli Qərarında vurğulanmışdır ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, «Qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir» (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə N4-cü il 6 iyun tarixli Qərarı). Məhkəmənin qanuni qüvvəyə minmiş qərarları preyudisial əhəmiyyətə malikdir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə N5-ci il 15 iyul tarixli və «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» N6-cı il 23 fevral tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun G.Əhmədovanın şikayəti üzrə N9-cu il 24 iyul tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ali Məhkəmənin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli Qərarının 4-cü bəndində də göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Buna görə də, cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, Gəncə Hərbi Məhkəməsinin 17 iyun N6-cı il tarixli 1-1-(095)- 084/N6 saylı hökmü ilə X3 və X4 əməllərinə hüquqi qiymət verildiyindən və həmin hökm qanuni qüvvəyə mindiyindən hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, həmin şəxslərin döyüş şəraitində, bir qrup səxs halında, digər şəxsi marağa görə qulluq səlahiyyətlərini aşmaları nəticəsində iddiaçının oğlunun ölməsi işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, baxılan iş üzrə iddiaçının yuxarıda qeyd edilən hökmdə təsvir edildiyi səbəblərdən, göstərilən vaxtda və şəraitdə ölməsi, vəfat edən şəxsin atasının bundan sarsılaraq oğlunun ili çıxmamış ürək çatmamazlığından ölməsi faktları şübhəsiz ki, istənilən şəxs kimi iddiaçının da mənəvi sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. İddiaçı tam şəkildə sarsılmış, qısa müddət ərzində oğlunu və həyat yoldaşını itirməsi, tək və köməksiz vəziyyətdə qalması onun şüuruna ciddi təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqazidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya mənəvi zərərin vurulması halı öz təsdiqini tapır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» 24 aprel 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, «Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.» Həmin Qərarda həmçinin göstərilmişdir ki, «... Mülki qanunvericiliyin qeyd edilən normaları ilə hüquqa zidd hərəkət nəticəsində vurulmuş zərərə görə mülki məsuliyyət müəyyən edilmişdir. Mülki Məcəllənin 21-ci maddəsi ilə isə hüquqa zidd əməl nəticəsində yaranan maddi zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ yaranırsa, həmin Məcəllənin 23-cü maddəsinə uyğun olaraq şəxs mənəvi zərərin ödənilməsini tələb edə bilər. Mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı «qanunvericilikdə nəzərdə tutulmasa da» ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.» Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri «nigarançılıq, ruhi sarsıntı və iztirab», «həyəcan, acizlik və sarsıntı», «məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik» kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə N4-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə N4-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyrimüəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqa zidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqa zidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Məhkəmə yuxarıda qeyd edilən qanunvericilik aktı normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarlarında və Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarlarında göstərilən hüquqi mövqeni nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası əsaslıdır. Məhkəmə, mənəvi zərərin hansı məbləğdə tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında» qərarının 10-cu bəndində görə, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Məhkəmə, iddiaçının mənəvi zərərin əvəzinin ödənilməsinə dair iddiasının əsaslı olması qənaətinə gəlsə də, zərərin əvəzi olaraq iddia edilən 50.000 manat məbləği ağlabatan hesab etmir. Məhkəmə, mənəvi zərərin həcmini müəyyən edərkən iddiaçının oğlunun məruz qaldığı hüquqazidd əməlin növünü, davam etdiyi müddəti, hüquqazidd əməlin hansı şəraitdə və mühitdə baş verməsini, hüquqazidd əməlin iddiaçının oğlunun ölümünə səbəb olmasını və bunun nəticəsində onun keçirdiyi mənəvi sarsıntının və iztirabın dərəcəsini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 40.000 (qırx min) manat məbləğində pul tutulması ədalətli və ağlabatandır. Odur ki, mənəvi zərərin ödənilməsi tələbi həmin həcmdə təmin olunmalı, qalan hissədə rədd edilməlidir. Məhkəmə mənəvi zərərin cavabdehlərdən müştərək qaydada tutulması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 1100-cü madddəsinin tələbindən də göründüyü kimi dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq qeyd edir ki, zərərin ödənilmə mənbəyinin «dövlət büdcəsinin vəsaiti», zərəri ödəməli olan subyektin isə «Azərbaycan Respublikası» kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, «Azərbaycan Respublikası» dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Baxılan işdə hüquq münasibətinin tərəfi (qanunvericiliyin tələbi baxımından) dövlətdir, dövlətin səlahiyyətlərini isə onun orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir. Göründüyü kimi, dövlətin bu kimi səlahiyyətlərini Azərbaycan Respublikası Maliyyə Nazirliyinin həyata keçirməsi qanunvericiliklə tənzimlənir. Məhkəmə, hazırki halda vurulmuş zərərin ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına, dövlətin bu kimi səlahiyyətlərinin isə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən həyata keçirməsinin qanunvericiliklə tənzimlənməsini nəzərə alaraq hesab edir ki, iddiaçıya (onun oğluna) qarşı qanunsuz hərəkətlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin vəzifəli şəxsi (şəxsləri) tərəfindən törədilsə də, hazırki iddia üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi cavabdehlik daşımır. Belə olan halda zərərin əvəzi dövlət büdcəsi hesabına Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3.-ci maddəsinə əsasən şikəstlik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar məhkəmə iddia qaldırarkən dövlət rüsumunun ödəməkdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə əlaqədar dövlət rüsumu ödəməkdən azad edilsə də, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Dövlət büdcəsinə 240 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır.... Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 40.000 manat məbləğində pul vəsaiti cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti hesabına tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən dövlət rüsumu qismində ödənilmiş 240 manat məbləğində pul vəsaiti dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar