Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3724/2022 14.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Asimovnanın, cavabdeh X5 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh X3rşı “birgə nikahdan olan uşağa alimentin və digər əlavə xərclərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3rşı “birgə nikahdan olan uşağa alimentin və digər əlavə xərclərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, İddiaçı X6 rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X11 dünyaya gəlmişdir. Lakin tərəflərin münasibətləri alınmadığı üçün nikahları xx.xx.2014-cü il tarixdə pozulmuşdur. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 216 № ilə qeyd edilmişdir. Tərəflərin övladı Valeriya anadan gəlmədən imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi ağır forması diaqnozu ilə sağlamlıq imkanları məhdud olan uşaqdır. Valeriyanın hal-hazırda 16 yaşı var. Lakin o, hətta tək başına oturmur və danışmır. 16 il ərzində uşaq bira sıra ağır və bahalı əməliyyatlar keçirtmişdir. Bütün bu əməliyyatlardan sonra onun daimi olaraq reabilitasiyaya ehtiyacı var. Bu səbəbdən də, iddiaçı hər il qızını Çexiya, Soçi və Batumiyə aparır. Belə bir uşağa qulluq etmək təkcə yemək və uşaq bezi deyil, Valeriyanı daimi olaraq onurğa sütununun nəzarət müayinələri, masaj, reabilitasiya, testlər və digər müayinələrdən keçirtmək lazımdır. Uşağın gündəlik həyatında da xüsusi oturacaqlar, arabalar, şprislər, sarğılar və digər tibbi avadanlıq istifadə olunur. 2019-cu ildə onurğa əməliyyatından sonra Moskvada qızının qarnına birbaşa mədəsinə qidalandırmaq üçün xüsusi qapaq (qastrostomiya) qoyulmuşdur. Buna görə də, onun hətta qidalanması xüsusi prosedur olaraq əlavə tibbi avadanlıq tələb edir (qiyməti 2000 manatdan çox olan xüsusi oturacaq, qastrostomiya üçün xüsusi şpris və sarğılar). Göstərilən avadanlıqların Azərbaycanda olmadığı və ya çətin tapıldığı üçün iddiaçı bütün bunları Avropadan və Moskvadan əlavə ödəniş edərək sifariş edir. Valeriyanın əməliyyat və müalicəsinə sərf olunmuş xərclər aşağıdakılardır: xx.xx.2020-ci il tarixli, 6462 saylı tibbi xidmətlərin göstərilməsi müqavilə üzrə xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən – 2.252.536,00 rubl = 57.214,41 AZN (həmin tarixə olan Mərkəzi Bankın RUR-AZN məzənnəsi); xx.xx.2020-ci il tarixli, 56938 saylı kassa mədaxil orderinə əsasən – 3000 AZN; xx.xx.2020-ci il tarixli, 60140 saylı kassa mədaxil orderinə əsasən – 800 AZN; xx.xx.2020-ci il tarixli, 60971 saylı kassa mədaxil orderinə əsasən – 1000 AZN; xx.xx.2018-ci il tarixli, 067737 saylı invoysuna əsasən – 256,65 AZN; xx.xx.2018-ci il tarixli, 068036 saylı invoysuna əsasən – 213,73 AZN; xx.xx.2018-ci il tarixli, 068254 saylı invoysuna əsasən – 175,75 AZN; xx.xx.2018-ci il tarixli, 067747 saylı invoysuna əsasən – 68,96 AZN; xx.xx.2021-ci il tarixli qəbz – 2361 AZN (Moskva şəhərində yerləşən “İlyinskaya Bolnisa” xəstəxanasına gediş); xx.xx.2022-ci il tarixli arayışa əsasən – 2049 AZN (Çex Respublikasında reabilitasiya); xx.xx.2022-ci il tarixli qəbz – 79,98 AZN; qastrostoma– 400 AZN; qastrostoma– 303 AZN; xüsusi uşaq arabası və qidalanma oturacağı +Avropadan çatdırılma - 1500 AZN; gəzinti üçün uşaq arabası almaq - 1000 AZN – cəmi 70422,48 AZN. Aylıq xərcləri aşağıdakılardır: 1. Pampers -150 AZN; 2. Yemək üçün şprislər + sarğılar - 50 AZN; 3. Xüsusi qidalanma - 300 AZN; 4. Tibb bacısı - 700 AZN – cəmi 1200 AZN. Digər xərclər: 1. Qastrostomiyanın dəyişdirilməsi - ildə 2 dəfə - qiyməti 450 azn x 2 = 900 AZN; 2. Xüsusi geyim - 500 AZN; 3. Müalicə xərcləri masaj seansları, müayinələr, dərmanlar, ultrasəs, rentgen (əməliyyatdan sonra onurğanın monitorinqi), dərmanlar və s. - 700 AZN – cəmi 2100 AZN. Lakin uşağın atası nikahın pozulmasından sonra Valeriyanın həyatında iştirak etməmiş və onun müalicəsində iddiaçıya nə fiziki, nə də ki, maddi cəhətdən köməklik göstərməmişdir. Boşanmadan sonra Denis öz şəxsi həyatını və karyeranı qurmaq qərarına gəlmiş və mütəmadi olaraq Valeriyaya 200-300 manat göndərirdi. Sonuncu dəfə 2021-ci ilin iyul ayında Denis 250 manat pulu göndərərək, uşağın həyatından itmişdir. Bütün yuxarıda göstərilən xərclərdən əlavə, boşanmadan sonra cavabdeh övladını yaşayış yeri ilə təmin etmədiyi üçün, 2013cü ildən 2018-ci ilədək iddiaçı uşağı və valideynləri ilə birlikdə kirayədə yaşamışlar. 5 il ərzində isə orta bazar qiyməti ilə hesablansa, iddiaçı 20.000 manatdan çox kirayyə haqqı ödəmişdir. Bütün bu illər ərzində iddiaçı və valideynləri bu cür əziyyət çəkib Valeriyanı təkbaşına saxlamışlar. Lakin cavabdehin ailəsi onlara nə fiziki, nə də maddi dəstək göstərməyib. 2013-cü ildən bu günə qədər iddiaçının anası Valeriya üçün həm tibb bacısı, həm də dayə rolunu oynayıb. Uşağın atası isə həmin vaxt Moskvada öz şəxsi həyatını quraraq, bu illər ərzində bir dəfə də olsa qızına baş çəkməyib. İddiaçı cavabdehin insanlığına və anlayışına ümid edərək, xəstə qızını tərk etməyəcəyinə və onun müalicə xərclərini onunla bölüşəcəyinə əmin idi. 2014-cü ildən bu günə gədər cavabdehin ödəməli olduğu lakin ödəmədiyi orta hesabla 150 manat minimum aliment + ən azı 100 manat əlil olan uşağa əlavə xərclərin məbləğini nəzərə alınsa, Denis bu müddət ərzində 24000 manata yaxın aliment ödəməlidir. Hazırda isə vəziyyət ümumiyyətlə ağırlaşaraq dözülməz vəziyyətə gəlib çatıb. Beləliklə, iddiaçının atasının 72 yaşı var və o, insult olduğu üçün yataq xəstəsi olmuşdur. Anasının isə 63 yaşı var və bu yaşda 16 yaşında olan Valeriyanı qucağında gəzdirmək, yedizdirmək və ona qulluq etmək anasının imkan xaricindədir. Belə bir xəstə uşağa baxmağın çox çətin olduğunu nəzərə alaraq, bütün 16 il ərzində iddiaçının özündə bir çox sağlamlıq problemləri əmələ gəlmişdir. Belə vəziyyətdə artıq Valeriya üçün təcili olaraq, tibb bacısı və dayə tapmaq lazımdır. Göstərilənlərə əsasən xx.xx.2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində hər ay 400 manat aliment, eləcə də əlil uşağın əlavə müalicə xərclərini nəzərə alaraq, 600 manat məbləğində əlavə vəsaitin, hər ay cəmi 1000 manat tutularaq iddiaçıya ödənilməsi; 2013-cü ildən bu günə gədər iddiaçının X2 müalicəsinə xərclədiyi 70.422,48 manat məbləğinin 50%, yəni 35.211,24 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; uşağın qastrostomiyanın ildə 2 dəfə dəyişdirilməsi üçün sərf edilən 450 manatın 50%, yəni 225 manatın ildə 2 dəfə cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; uşağın gələcəkdə həyata keçiriləcək bütün müayinələrin, əməliyyatların və digər tibbi prosedurların dəyərinin 50% cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; eyni zamanda, iddiaçının əlavə çəkdiyi 150 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun, cəmi 200 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; 2014-cü ildən bu günə gədər cavabdehin ödəməli olduğu lakin ödəmədiyi orta hesabla 150 manat minimum aliment + ən azı 100 manat əlil olan uşağa əlavə xərclərin məbləği nəzərə alınsa, cavabdehdən bu müddət ərzində 24000 manat alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Sonradan iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, sənədlərin toplanması və araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı övladı olan Valeriya Bodrıxın müalicəsinə iddiada qeyd olunan məbləğdən daha böyük məbləğ sərf etmişdir. Bu səbəbdən də, iddia ərizəsində qeyd edilmiş əməliyyat və müalicə xərclərin siyahısı dəqiqləşdirilərək, aşağıda göstərildiyi kimi verilməlidir: xx.xx.2020-ci il tarixli, 6462 saylı tibbi xidmətlərin göstərilməsi haqqında müqavilə üzrə xx.xx.2020-ci il tarixli ödəniş tapşırığına əsasən – 2.252.536,00 rubl = 57.214,41 AZN (həmin tarixə olan Mərkəzi Bankın RUR-AZN məzənnəsi); xx.xx.2020-ci il tarixli, 56938 saylı kassa mədaxil orderinə əsasən – 3000 AZN; xx.xx.2020-ci il tarixli, 60140 saylı kassa mədaxil orderinə əsasən – 800 AZN; xx.xx.2020-ci il tarixli, 60971 saylı kassa mədaxil orderinə əsasən – 1000 AZN; xx.xx.2020-ci il tarixli, 243991 saylı invoysuna əsasən – 66,22 AZN; xx.xx.2018-ci il tarixli, 067737 saylı invoysuna əsasən – 256,65 AZN; xx.xx.2018-ci il tarixli, 068036 saylı invoysuna əsasən – 213,73 AZN; xx.xx.2018-ci il tarixli, 068254 saylı invoysuna əsasən – 175,75 AZN; xx.xx.2018-ci il tarixli, 067747 saylı invoysuna əsasən – 68,96 AZN; xx.xx.2020-ci il tarixli, 247564 saylı invoysuna əsasən – 2121,72 AZN; xx.xx.2020-ci il tarixli, 243996 saylı invoysuna əsasən – 1016,72 AZN; xx.xx.2021-ci il tarixli qəbz – 2361 AZN (Moskva şəhərində yerləşən “İlyinskaya Bolnisa” xəstəxanasına gediş); xx.xx.2022-ci il tarixli arayışa əsasən – 2651 AZN (Çex Respublikasında reabilitasiya və otel xərcləri); xx.xx.2022-ci il tarxili qəbz – 79,98 AZN; xx.xx.2021-ci il tarixli, 11-807 saylı invoysuna əsasən – 17.800 RUR=395,16 AZN ( həmin tarixə olan Mərkəzi Bankın RUR-AZN məzənnəsi) qastrostomanın qoyulması; xüsusi uşaq arabası və qidalanma oturacağı +Avropadan çatdırılma - 1500 AZN; gəzinti üçün uşaq arabası almaq - 1000 AZN – cəmi 73.921,30 AZN. Göründüyü kimi, xərclərin siyahısına əlavə hesablar daxil edildiyi üçün, iddia tələbinin yekun məbləği də dəyişdirilməlidir. Göstərilənləri nəzərə alaraq xx.xx.2006-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən sabit pul məbləğində hər ay 400 manat aliment, eləcə də əlil uşağın əlavə müalicə xərclərini nəzərə alaraq, 600 manat məbləğində əlavə vəsaitin, hər ay cəmi 1000 manat tutularaq iddiaçıya ödənilməsi; 2013-cü ildən bu günə gədər X2 müalicəsinə iddiaçının xərclədiyi 73.921,30 manat məbləğinin 50% yəni 36.960,65 (otuz altı min doqquz yüz altmış manat 65 qəpik) manat məbləğin cavabdehdən tutaraq iddiaçıya ödənilməsi; uşağın gələcəkdə həyata keçiriləcək bütün müayinələrin, əməliyyatların və digər tibbi prosedurların dəyərinin 50% cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; eyni zamanda əlavə çəkdiyi 150 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun, cəmi 200 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; 2014-cü ildən bu günə gədər cavabdehin ödəməli olduğu lakin ödəmədiyi orta hesabla 150 manat minimum aliment + ən azı 100 manat əlil olan uşağa əlavə xərclərin məbləği nəzərə alınsa, cavabdehdən bu müddət ərzində 24000 manat aliment tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Asimovna iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdilər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh X12 iddianı qəbul etməyərək bildirmişdir ki, övladı Valeriyanın xəstə olmasını inkar etmir. 2014-cü ildən başlayaraq, uşaq üçün hər ay 300 manat pul iddiaçıya göndərmişdir. Hazırda iddiaçının tələb etdiyi pul vəsaitlərini ödəməyə maddi imkanı yoxdur. Göstərilənlərə əsasən iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X5 nümayəndəsi X7 iddianı qəbul etməyərək göstərmişdir ki, qardaşının qızı olan Valeriyanın səhhətində ciddi problemlərin olduğunu inkar etmir. Qardaşı X12 İddiaçı 2014-cü ildə ayrılandan sonra uşağının saxlanması üçün müəyyən qədər köməklik etmiş, aylıq 300 manat iddiaçıya göndərmişdir. Hal-hazırda da işləməsinə baxmayaraq, iddiaçının iddia tələbində göstərdiyi məbləğdə pul vəsaitlərini ödəmək iqtidarında olmayacaq. Qeyd olunanlara görə iddianın təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. İşin materiallarında olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-lV № 054451 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 19 aprel 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X13, anası isə İddiaçıdır. İşdə olan Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-l № 194321 saylı Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X8 arasındakı nikah qeydi xx.xx.2014-cü il tarixdə ləğv edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 6 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli elektron informasiya sistemindən çıxarışdan görünür ki, 19 aprel 2006-cı il təvəllüdlü X11 “imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi” diaqnozu ilə sağlamlıq imkanları məhdud olan uşaqdır. İşdə olan kassa mədaxil orderləri, invoysların, hesab-fakturaların, həmçinin köçürmə haqqında ərizənin surətlərindən görünür ki, İddiaçı tərəfindən övladı X2 cərrahiyyə əməliyyatları, müalicələri, reabilitasiya və digər tibbi xərcləri ilə əlaqədar 2014cü ildən iddia ərizəsi verildiyi tarixədək cəmi 73.921,30 manat məbləğində pul vəsaiti xərclənmişdir. İşin materiallarında olan İddiaçı ilə 24 saylı Vəkil Bürosunun vəkili Vəkil Asimovna arasında bağlanmış xx.xx.2022-ci il tarixli Hüquqi yardım haqqında Müqavilədən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın haqqı 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti vəkil bürosunun hesabına köçürülmüşdür. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiya xərci kimi 50 (əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahlarından bir övladları dünyaya gəlmişdir. Tərəflərin münasibətləri pozulmuş və ayrı yaşayırlar. Yetkinlik yaşına çatmamış uşaq anasının himayəsində qalır. Bundan əlavə, uşaq “imbesillik və idiotiya dərəcəsinə uyğun olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi” diaqnozu ilə sağlamlıq imkanları məhdud olan uşaqdır. Hal-hazırda iddiaçı uşağın saxlanması üçün aliment, həmçinin, uşağın səhhətindəki ciddi problemləri nəzərə alınmaqla cərrahiyyə əməliyyatları, müalicələri, reabilitasiya kursları, tibbi ləvazimatlar və s. ilə bağlı iddiaçı tərəfindən çəkilmiş və gələcəkdə çəkiləcək əlavə zəruri xərclərin yarısını cavabdehdən tələb edir. Cavabdeh isə iddia tələbləri ilə razı deyildir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də, Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən, eyni zamanda uşağın mənafeyini, tələb olunan alimentin miqdarını nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia həmin hissədə qismən təmin edilməli və cavabdeh X9 övladı 19 aprel 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Mülki işin materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə 15 iyul 2022-ci il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4). Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Məhkəmə qeyd edir ki, övladın saxlanılması valideynin borcudur. Əgər valideynlər ayrı yaşayırlarsa və onların birgə nikahlarından olan övladları bir valideynin yanında yaşayırsa digər valideyn buna görə həmin uşağın saxlanılması üçün aliment ödəməlidir. Valideyn övladının saxlanılmasında aliment öhdəliyindən əlavə bir sıra hallarda övladının saxlanılması üçün əlavə xərclərə də cəlb edilə bilər. Bu hallardan biri də övladın xəstə olması və həmin xəstəliyin müalicəsi üçün zəruri vəsaitin ödənilməsinin valideyn tərəfindən qarşılanmasıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, alimentdən əlavə 19 aprel 2006-cı il təvəllüdlü X2 əlavə xərclərinin qarşılanması üçün cavabdehdən hər ay 600 manat əlavə vəsaitin tutulması haqqında iddiaçının tələbi qismən təmin edilərək, əlavə xərcin məbləği 300 manat həddində müəyyən olunmalıdır. İddia tələbinin 2013-cü ildən bu günə gədər iddiaçının uşağın müalicəsinə xərclədiyi 73.921,30 manat məbləğinin 50%, yəni 36.960,65 (otuz altı min doqquz yüz altmış manat altmış beş qəpik) manat məbləğin cavabdehdən tutaraq iddiaçıya ödənilməsi hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, yuxarıda göstərilən qanunun normalarına əsasən həmin tələb də təmin olunmalıdır. Belə ki, işin materiallarında olan sənədlərdən göründüyü kimi həqiqətən də iddiaçı tərəfindən həmin pul vəsaiti uşağın müalicəsinə və reabilitasiyasına xərclənmişdir. Buna görə də məhkəmə hesab edir ki, uşağın saxlanmasında və əlavə xərclərində hər iki valideyin iştirak etməli olduğuna görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddianın uşağın gələcəkdə həyata keçiriləcək bütün müayinələrin, əməliyyatların və digər tibbi prosedurların dəyərinin 50% cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin tələb qeyri-müəyyən olmaqla, təmin olunduğu təqdirdə icrası hansı qaydada həyata keçiriləcəyi məlum deyildir. Buna görə də məhkəmə hesab edir ki, tələbin bu hissəsi təmin olunmamalıdır. Eyni zamanda, məhkəmə iddiaçıya izah etməyi zəruri hesab edir ki, uşağın gələcəkdə həyata keçiriləcək müayinələrin, əməliyyatların və digər tibbi prosedurların dəyəri iddiaçı tərəfindən ödənildikdən sonra sonuncu həmin xərclərin yarısını cavabdehdən məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının əlavə çəkdiyi 150 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun, cəmi 200 manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə tələbi əsaslı olduğu üçün təmin olunmalıdır. Belə ki, MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, iddia tələbinin 2014-cü ildən bu günə gədər cavabdehin ödəməli olduğu lakin ödəmədiyi orta hesabla 150 manat minimum aliment və ən azı 100 manat əlil olan uşağa əlavə xərclərin məbləğinin cavabdehdən bu müddət ərzində 24000 manat alimentin tutulması hissəsi ilə əlaqədar məhkəmə hesab edir ki, bu hissədə iddia əsassız olduğuna görə təmin olunmamalıdır. Belə ki, Ailə Məcəlləsinin 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Göstərilən qanunun normasına əsasən keçmiş müddət üçün aliment tutula bilər. Aliment almaq üçün məhkəməyə müraciət edənədək iddiaçının tədbirlər görməsini, lakin alimenti ödəməli olan şəxsin onu verməkdən boyun qaçırmasını məhkəmə müəyyən etdikdə, əvvəlki dövr üçün də aliment tutula bilər. Qanunda bu müddət 3 illik müddətlə məhdudlaşdırılıb. Səbəbindən asılı olmayaraq, keçmiş müddət üçün 3 ildən artıq ödənişə yol verilmir. Aliment almaq üçün iddiaçının tədbirlər görməsi dedikdə, aliment ödəməli şəxsə dəfələrlə müraciət edilməsi, saziş əldə etmək, onun yaşayış və iş yerini aşkar etmək üçün cəhdlər göstərilməsi, onun axtarışı və s. nəzərdə tutulur. Hazırki halda iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəlki dövrdə yuxarıda qeyd olunan tədbirləri həyata keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia bu hissədə təmin oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh X4 15 iyul 2022-ci il tarixdən başlayaraq, 19 aprel 2006cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, eləcə də əlavə xərc qismində hər ay 300 (üç yüz) manat, cəmi 500 (beş yüz) manat tutularaq İddiaçı verilməli, 2013-cü ildən iddia ərizəsi verilənə qədər iddiaçının uşağının müalicəsinə xərclədiyi 73.921,30 manat məbləğinin yarısı, yəni 36.960,65 (otuz altı min doqquz yüz altmış manat, altmış beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh X4 tutaraq İddiaçı ödənilməli, iddiaçının 150 manat vəkillə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 manat dövlət rüsumunun əvəzi, cəmi 200 (iki yüz) manat pul vəsaiti cavabdeh X4 tutaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X3rşı “birgə nikahdan olan uşağa alimentin və digər əlavə xərclərin ödənilməsi tələbi”nə dair iddiası qismən təmin edilsin. Cavabdeh X4 15 iyul 2022-ci il tarixdən başlayaraq, 19 aprel 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment, eləcə də əlavə xərc qismində hər ay 300 (üç yüz) manat, cəmi 500 (beş yüz) manat tutularaq İddiaçı verilsin. 2013-cü ildən iddia ərizəsi verilənə qədər iddiaçının uşağın müalicəsinə xərclədiyi 73.921,30 manat məbləğinin yarısı, yəni 36.960,65 (otuz altı min doqquz yüz altmış manat altmış beş qəpik) manat məbləğində pul vəsaiti cavabdeh X4 tutaraq İddiaçı ödənilsin. İddiaçının 150 (bir yüz əlli) manat vəkil ilə bağladığı müqavilə üzrə ödənişinin və mediatora ödədiyi 50 (əlli) manat dövlət rüsumunun əvəzi, cəmi 200 (iki yüz) manat pul vəsaiti cavabdeh X4 tutaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №e-2(006)-3724/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3724/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver