Məhkəmə qərarları › İş №e-2(006)-373/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(006)-373/2023

02.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-373/2023 02.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri tələb olunması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “inzibati xəta haqqında protokollara görə ödənilmiş məbləğin geri tələb olunması” tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 192 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4893/2022 saylı qərardadı ilə mübahisəyə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X3 arasında bağlanmış AL-1076 saylı “daxili lizinq” müqaviləsinə əsasən onun müvəqqəti sahiblik və istifadəsinə İddiaçı MMC-nin mülkiyyətində olan 2013-cü il buraxılışlı, “Renault Tondar” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil verilmişdir. Tərəflər arasında bağlanmış Al-1076 saylı daxili lizinq müqaviləsi üzrə öhdəliklər sonuncu dəfə 24 may 2017-ci il tarixdə “öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən X4 ötürülmüş və lizinq obyekti onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Həmçinin lizinq obyekti olan “Renault Tondar” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Cavabdeh etibarnamə verilmişdir. Cavabdeh lizinq obyekti olan avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq cərimə olunmuşdur. Həmin şəxs cərimələri ödəməkdən yayındığı üçün İddiaçı MMC-yə məxsus qeyd edilən avtomobilin üzərində olan cərimələr iddiaçı tərəfindən ödənilmişdir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. İXP ******* saylı protokola görə 64 manat; 2. TYP 118065 saylı protokola görə 128 manat. Beləliklə ümumilikdə 192 manat məbləğində pul vəsaiti İddiaçı MMC tərəfindən ödənilmişdir. Aşağıda göstərilənləri nəzərə alaraq hesab edirlər ki, iddiaları qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr tərəflərindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X9 Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da şirkətin mülkiyyətində olan nəqliyyat vastəsi X12 İdarəsinin cərimə meydançasına yerləşdirilir. Avtomobil cərimə meydançasında qaldığı müddətdə avtomobilin mühafizə olunmasına görə duracağa şirkət tərəfindən əlavə vəsait ödənilir və avtomobil saxlanıldığı müddətdə avtomobildən iddiaçı gəlir əldə edilə bilmir. Buna görə də İddiaçı MMC həmin cərimələri ödəyir və avtomobil cərimə meydançasından çıxarılır. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin ərizəsi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(006)-373/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.3-cü maddəsinə əsasən işdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.4-ci maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - AC 691602 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Renault Tondar” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı MMC-nin mülkiyyətindədir. - İddiaçı MMC ilə X3 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AL-1076 saylı “Daxili lizinq” müqaviləsinin surətindən görünür ki, əsasən lizinq verən lizinq alanın sifariş etdiyi və bu lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavədə göstərilən əmlakı öz mülkiyyətinə əldə edilməsini və muzdla lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürür. Həmin müqaviləyə əsasən lizinq müqaviləsinin ümumi məbləği 10.000 manat, müddəti isə 36 ay təşkil edir. Müqavilənin 6-cı bəndinə əsasən lizinq obyektini yalnız onun təyinatı üzrə istifadə etmək; müvafiq standartlara, texniki şərtlərə, texniki istismar qaydalarına və istehsalçının təlimatlarına riayət etmək; lizinq obyektini saz və işlək vəziyyətdə saxlamaq; mütəmadi olaraq lizinq obyektini yoxlamaq lizinq alanın öhdəliklərinə aid edilmişdir. Müqavilənin 7.1.1-ci bəndinə əsasən lizinq alan lizinq obyektini saz vəziyyətdə saxlamalı, öz hesabına onun əsaslı və cari təmirini aparmalı, həmçinin onun saxlanması üzrə xərcləri ödəməlidir. Müqavilənin 11.2-ci bəndinə əsasən Bu müqavilənin qüvvədə olduğu bütün müddət ərzində lizinq obyektindən istifadə edilməsi zamanı yaranmış üçüncü şəxslərə dəymiş zərərə görə (maddi və mənəvi ziyan, həmçinin səhhətə dəymiş ziyan da daxil olmaqla) məsuliyyəti lizinq alan daşıyır. - xx.xx.2017-ci il tarixli, AL-1076 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC “Öhdəlikləri ötürən” (X3) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AL-1076 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə (Məmmədov Babaş Orxan oğluna) ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. - xx.xx.2017-ci il tarixli, AL-1076 saylı Öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, İddiaçı MMC “Öhdəlikləri ötürən” (Məmmədov Babaş Orxan oğlu) arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AL-1076 saylı Daxili lizinq müqaviləsi üzrə “öhdəlikləri ötürən” İddiaçı MMC qarşısında götürdüyü bütün öhdəlikləri “öhdəlikləri qəbul edən”-ə (X5) ötürür, “öhdəlikləri qəbul edən” isə bu öhdəlikləri “öhdəlikləri ötürən”ə qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada İddiaçı MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. - Lizinq alan X6 tərəfindən İddiaçı MMC-yə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Z.Muxtarov İddiaçı MMC ilə bağladığı xx.xx.2016-cı il tarixli, AL- 1076 saylı Daxili lizinq müqaviləsi üzrə istifadəsinə verilmiş “Renault Tondar” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh adını etibar edilən şəxslərin siyahısına əlavə etməklə lizinq obyektini idarə etmək məqsədilə etibarnamənin verilməsi üçün köməklik göstərilməsini xahiş etmişdir. - Bakı şəhər X12 İdarəsinin xx.xx.2018-ci il tarixli, TP 731662 saylı inzibati tənbeh vermə haqqında qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən cəmi 80 manat məbləğində cərimə edilmişdir. - Bakı şəhər X12 İdarəsinin xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - “ASANPAY” elektron portaldan çıxarışdan görünür ki, Cavabdeh İXP1732619 saylı inzibati xəta haqqında protokol üzrə ümumilikdə 64 manat (40 manat + 24 manat cərimə), TYP118065 saylı inzibati xəta haqqında protokol üzrə ümumilikdə 128 manat (80 manat + 48 manat cərimə) borcu olduğu qeyd edilmişdir. - İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, sonuncuya onun tərəfindən lizinq obyekti olan “Renault Tondar” minik markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin istifadə edildiyi müddət ərzində inzibati xəta ilə əlaqədar Azərbaycan Respublikası X12i tərəfindən inzibati qaydada cərimələndiyi, ümumilikdə 192 manat məbləğində olan cərimənin MMC tərəfindən ödənildiyi bildirilmiş və yaranmış borcun 7 gün ərzində ödənilməsi ondan tələb edilmiş, əks halda inzibati xəta protokollarının ödənilməsinə dair yaranmış borcun tutulması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. - Ödəniş tapşırıqlarından görünür ki, İddiaçı MMC tərəfindən Baş X12 İdarəsinə inzibati xəta haqqında protokollar üzrə ümumilikdə 192 manat məbləğində cərimə, habelə iddianın məhkəmədə qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Məhkəmə qeyd edir ki, göründüyü kimi, cavabdeh etibarnamə əsasında lizinq obyektinin istismarı zamanı törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla əlaqədar hesablanmış cərimələri ödəməmiş, bununla da cavabdehin qanunazidd hərəkətləri nəticəsində avtomobilin mülkiyyətçisi – lizinq şirkəti maddi ziyana məruz qalmışdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının cavabdeh tərəfindən törədilmiş inzibati xətalara görə tərtib edilmiş inzibati cərimələr üzrə ödəmiş olduğu 192 manat pul vəsaiti Cavabdeh tutularaq ididaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 192 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 192 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qətnaməni aldıqdan sonra 10 gün müddətində bu qətnamənin ləğvi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar