Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3762/2024 01.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil, Cavabdeh Cabbarova (Eminova) Aydan Maarif qızının iştirakları ilə, İddiaçı cavabdeh Cabbarova (Eminova) Aydan Maarif qızına qarşı “alimentin azaldılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh Cabbarova (Eminova) Aydan Maarif qızına qarşı “alimentin azaldılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün onun aylıq gəlirinin 1/3 hissəsində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)- 2939/2023 nömrəli qətnaməsi ilə tərəflər arasında qeydə alınmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anaları Cavabdeh yanında saxlanılmış, İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçıya xx.xx.2021-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyasının 2767003AAC7688 saylı formalı arayışına əsasən “şizofreniya əlamətləri müşahidə olunmayan kəskin polimorf psixotik pozğunluq, şizofreniyayabənzər psixoz” diaqnozu ilə müddətsiz əlillik təyin edilmiş, o, əmək qabiliyyətsiz hesab olunmuşdur. "xxxx" tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş çıxarışdan müəyyən olunur ki, iddiaçının aylıq gəliri 220 manat həcmindədir, onun digər gəlirləri yoxdur və əmək qabiliyyətsiz olması səbəbindən işləyə bilmir, yeganə qazancı ikinci dərəcəli əlilliyi ilə bağlı aldığı müavinətdir. İddiaçının xəstəliyi ilə əlaqədar mütəmadi olaraq dərman və müalicə xərcləri də aldığı müavinətin içindədir.
3. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(041)-1197/2024 nömrəli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, əvvəlki qətnamə çıxarılan zaman iddiaçı ünvanlı dövlət sosial yardımı da almış, lakin tərəflərin nikahı pozulduqdan sonra həmin yardım dayandırılmışdır. Buna görə iddiaçının gəlirinin azaldığını nəzərə alaraq, iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında cavabdeh Cabbarova (Eminova) Aydan Maarif qızı iddianı qəbul etməyib bildirdi ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş 300 manat məbləğində alimentin yalnız 150 manat hissəsi iddiaçı tərəfindən ona ödənilir. İddianın təmin edilməsinə razılıq verməyib, rədd edilməsini xahiş etdi.
6. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Nikah haqqında AZ-İİ seriyalı 218709 nömrəli şəhadətnamədən görünür ki, İddiaçı ilə X1 nikahı Nəsimi rayon qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə 204 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Cabbarova” soyadı verilmişdir.
8. İddiaçı sonuncu müayinə aktından çıxarışdan görünür ki, ona şizofreniya əlamətləri müşahidə olunmadan kəskin polimorf psixotik pozğunluq, şizofreniyayabənzər psixoz diaqnozu ilə əlaqədar xx.xx.2021-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş, əmək qabiliyyətsiz olması qeyd edilmişdir.
9. "xxxx" ASC tərəfindən verilmiş İddiaçı məxsus hesabdan xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, həmin dövr üzrə İddiaçı hesabına hər ay 220 manat məbləğində vəsait köçürülmüşdür.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-2939/2023 nömrəli qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 anaları Cavabdeh yanında qalmaları, İddiaçı xx.xx.2023-cü il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh verilməsi və s. qət edilmişdir.
11. Bakı 13 saylı Mediasiya Təşkilatının mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/13/2024-00232 nömrəli arayışından görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir [mediasiya xərcinə dair qəbzlər əlavə edilmişdir (cəmi 60 manat)].
12. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İddiaçı sonuncu dəfə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) “Ünvanlı yardım” (VEMTAS) altsisteminə daxil etdiyi xx.xx.2023-cü il tarixli **********45001 nömrəli müraciəti əsasında, VEMTAS tərəfindən onun ailəsinə xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək aylıq 494,78 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilərək ödənilmişdir. Bundan sonra İddiaçı ailəsinin ünvanlı dövlət sosial yardımını almaq hüququnun müəyyən olunması ilə bağlı VEMTAS-a müraciət etməmişdir. MEİS-in “Sosial Ödənişlər” altsisteminin məlumat bazasına əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən ümumi səbəbdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə sosial müavinət təyin edilmişdir və hazırda ödənişi davam etdirilir. Həmçinin, MEİS-in “Pensiya” altsisteminin məlumat bazasında İddiaçı əmək pensiyaçısı kimi qeydiyyatda deyildir.
13. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sosial Ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Hazırda sözügedən müavinətin aylıq məbləği 220 manat olmaqla iddiaçıya ödənilir. Əlavə olaraq, Bakı şəhər sakini İddiaçı ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********45001 nömrəli müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na uyğun olaraq ailənin maddiməişət şəraiti yoxlanılmış və “Ərizə-bəyamnamə”də qeyd olunmuş məlumatlara görə uyğunsuzluq müəyyən edilmədiyi üçün xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinə kimi aylıq 494,78 manat məbləğində ÜDSY təyin olunmuş və ödənilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
14. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2017ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X4 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş uşaqların analarının yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay iddiaçıdan ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
15. Hazırda iddiaçı aliment barədə əvvəlki qətnamə çıxarılandan və cavabdehlə nikahı pozulduqdan sonra əvvəllər aldığı ünvanlı dövlət sosial yardımın dayandırıldığını, müddətsiz İİ qrup əlilliyi olmaqla, əmək qabiliyyətsiz olmasını, aylıq gəlirinin yalnız 220 manat məbləğində müavinətdən ibarət olmasını, müalicə və dərman xərclərini də həmin məbləğ vasitəsilə qarşıladığını, buna görə də 300 manat alimentin məbləğinin çox olmasını bildirib, alimentin gəlirlərinin 1/3 hissəsində tutulmasını; cavabdeh isə onsuz da əvvəlki qətnamə ilə qət edilmiş alimentin tam məbləğini iddiaçının ona ödəmədiyini, iddiaçının aylıq yalnız 150 manat aliment verdiyini bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Məhkəmə ilk öncə qeyd etməyi zəruri sayır ki, ailə qanunvericiliyinə müvafiq olaraq alimentlə bağlı məhkəmə qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyətlərində dəyişiklik olduğu halda, tərəflər hər biri yeni iddia vermək yolu ilə aliment məbləğinin azaldılmasını və ya artırılmasını tələb etmək hüququna malikdirlər. Bu baxımdan hazırda iddiaçı alimentin azaldılması barədə tələblə müraciət etsə də, tələbin mahiyyətindən və iş materiallarından göründüyü kimi o, həm də əvvəllər sabit pul məbləğində müəyyən edilmiş alimentin tutulması qaydasının dəyişdirilərək alimentin onun gəlirinin müəyyən hissəsi kimi tutulmasının müəyyən edilməsini xahiş edir. Lakin ailə qanunvericiliyinin aliment tutulmasını tələb edən şəxsə tanıdığı seçim hüququna görə, aliment məhz həmin şəxsin tələbi ilə sabit pul məbləğində və ya qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. Yəni alimentin tutulma qaydası barədə tələbə dair məhkəmə qətnaməsi onun tutulmasını tələb edən şəxsin xahişi əsasında uşaqların üstün mənafeyi əsas götürülməklə qəbul edilir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir.
17. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçının tələbi həm də uşaqların üstün mənafeyinə də ziddir. Belə ki, onların bütün qayğılarının iddiaçının üzərində olması qanunvericiliyə görə yaşayış minimumu həddində alimentin cavabdehdən tutulmasına əsas verdiyi halda, alimentin cavabdehin qazancının 1/3 hissəsində (təxminən 74 manat 2 uşağa, bir uşağa isə 37 manat) müəyyən edilməsi uşaqların üstün mənafeyinə zidd, yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı və ədalətsiz hesab olunur, habelə qanunda alimentin qazancın bir hissəsi kimi təyin edilməsini istisna edən hallardan birinin də – “tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda” mövcud olması onu deməyə əsas verir ki, əvvəlki qətnamə çıxarılandan sonra sosial yardımın dayandırılması ilə iddiaçının maddi vəziyyətində dəyişiklik olması barədə dəlil özlüyündə tələbin təmin edilməsi üçün əsas hesab olunmamalıdır.
18. Qeyd olunur ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi iddiaçının da valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqlar tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaqlar yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşaqların maddi vəziyyətini yaxşılaşdırmayacaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır.
19. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır.
21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: - 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; - 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; - 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
22. Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar; - 76.1, 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi aliment tutulur; - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər;
23. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Cabbarova (Eminova) Aydan Maarif qızına qarşı “alimentin azaldılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddiası təmin edilməməlidir.
25. Məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən məhkəmə qeyd edir ki, bu məsələyə qiymət verilməsi iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmənin qənaəti ondan ibarətdir ki, iddia təmin edilmədiyindən hazırki iş üzrə məhkəmə xərci (mediasiya xərci) İddiaçı aid edilməlidir.
26. Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı cavabdeh Cabbarova (Eminova) Aydan Maarif qızına qarşı “alimentin azaldılması (tutulması qaydasının dəyişdirilməsi)” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova