Məhkəmə qərarları › İş №e-2(006)-3772/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3772/2022

27.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3772/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ümumi uşaqları olan Səbinə Bayramovanın və Bəhlul Bayramovun yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər bir uşağa münasibətdə 193 manat olmaqla aliment tutulması və məhkəməyə müraciət etdiyi dövrdən əvvəlki 3 illik müddət üçün alimentin müəyyən edilməsi və 50 manat ödənilmiş mediasiya xərcinin iddiaçının xeyrinə cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh Rəhimov (Bayramov) İxtiyar Əlisahib oğlu ilə rəsmi nikah bağlamadan uzun müddət birlikdə yaşamışdır və birgə münasibətləri dövründə ümumi uşaqları olan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. X5 və X3 doğum haqqında şəhadətnamələrində Rəhimov (Bayramov) İxtiyar Əlisahib oğlunun adı və soyadı ümumi uşaqlarının müvafiq olaraq ata adı və soyadı kimi qeyd edilmişdir. Rəhimov (Bayramov) İxtiyar Əlisahib oğlu uzun müddətdir ki, övladları ilə görüşmür və onun olduğu yer ümumiyyətlə onlara məlum deyildir. Cavabdeh övladları olan Səbinə Bayramova və Bəhlul Bayramova münasibətdə öz valideynlik vəzifələrini yerinə yetirməmiş və övladlarının saxlanılmasında fiziki və maddi olaraq iştirak etməmişdir. Cavabdehə ümumi uşaqlarının saxlanılması məqsədilə aliment ödəməsi üçün müraciət etməyə çalışsa da, sonuncunun olduğu yer və heç bir əlaqə məlumatı onda olmadığına görə aliment tələbi ilə bağlı tədbirlər heç bir nəticə verməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqla məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan məhkəməyə heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdaş RİHB-nin Güvəkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİ № 317666 saylı, xx.xx.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X6 18 iyun 2009-cu il tarixdə Ağdaş rayonunun Güvəkənd kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 15 sentyabr 2009-cu il tarixdə, 16 № ilə qeyd edilmişdir. X2, anası İddiaçıdır. İş materiallarında olan Ağdaş RİHB-nin Güvəkənd kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İ № 971879 saylı, xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X1 29 aprel 2006-cı il tarixdə Ağdaş rayonunun Ləki kəndində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 21 sentyabr 2007-ci il tarixdə, 25 № ilə qeyd edilmişdir. X2, anası İddiaçıdır. İş materiallarında olan “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” 14 iyul 2022-ci il tarixli Arayışdan görünür ki, 14 iyul 2022-ci il tarixində 14:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, İddiaçı nümayəndəsi (vəkili) Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya dair xərci ödəmişdir (Mediator: R.Əliyev). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh rəsmi nikah bağlamadan uzun müddət birlikdə yaşamışdır və birgə münasibətləri dövründə ümumi uşaqları olan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir. Hal-hazırda onlar birlikdə yaşamırlar və cavabdeh övladları ilə maraqlanmır. Hazırda iddiaçı övladları X1 və X6 yetkinlik yaşına çatmadıqlarından onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün aliment təyin edilməsini məhkəmədən tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir.«Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valedeyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 20 iyul 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Məhkəmə iddia tələbinin “...məhkəməyə müraciət etdiyi dövrdən əvvəlki 3 illik müddət üçün alimentin müəyyən edilməsi...” hissəsini əsassız hesab edir və bildirir ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, AR Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Hazırki vəziyyətdə isə iddiaçının məhkəməyə qədərki dövrdə alimentlə bağlı hansısa tədbir görüb-görmədiyi və ya alimentlə bağlı cavabdehin boyun qaçırması halı ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyi üçün məhkəmə həmin hissənin rədd edilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı onun tərəfindən ödənilən 50 (əlli) manat məbləğində pul vəsaitini də cavabdehdən tələb edir. Məhkəmə həmin hissəyə nəzərən qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin maddəyə əsasən, ilkin mediasiya xərci olaraq ödənilmiş 50 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində ödənilmiş pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh tutulmalı, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalı, alimentə dair hissə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 50 (əlli) manat məbləğində ödənilmiş pul vəsaiti iddiaçının xeyrinə Cavabdeh tutulsun. Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Alimentə dair hissə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar