Məhkəmə qərarları › İş №e-2(006)-3778/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3778/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3778/2020 19.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxx 2020-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, 150 saylı mənzilə dair ipoteka müqaviləsinin Rövşən Rəhimovla “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinin 1.1-ci maddəsində borcverən «xxxxxxx» KB ASC borcalan Rövşən Rəhimova 60 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, 52500 (əlli iki min beş yüz) AZN məbləğində kredit verilməsi müəyyən edilmişdir. O, həmin gün Bakı şəhəri 41 saylı Notariat Kontorunda cavabdehlər «xxxxxxx» KB ASC və Rəhimov Rövşən Hətəm oğlu ilə xx.xx.2012-ci il tarixli 05Ui/12 saylı ipoteka müqaviləsi bağlamışdır. Bu İpoteka müqaviləsinə əsasən özünə məxsus Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, 150 saylı mənzili cavabdehlər «xxxxxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış həm xx.xx.2012-ci il tarixli 05U/12 saylı Əsas kredit müqaviləsi üzrə, həm də Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın (Rövşən Rəhimovun) öhdəliklərinin icrasının təmini üsulu kimi ipotekaya qoymuşdur. Bundan sonra borcalan Rövşən Rəhimov xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmişdir. Bundan sonra cavabdehlər «xxxxxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında xx.xx.2014-cü il tarixdə xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsinə əlavələr edilməsinə dair Saziş bağlanmışdır. Sazişin 1-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05U/12 saylı Əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kredit limitinin məbləği artırılaraq 1.000.000 (bir milyon) AZN manat müəyyən edilmişdir. Həmin gün, yəni xx.xx.2014-cü il tarixdə xx.xx.2012-ci il tarixli 05Ui/12 saylı İpoteka müqaviləsinə əlavələr edilməsinə dair onunla «xxxxxxx» KB ASC və Rəhimov Rövşən Hətəm oğlu arasında Saziş bağlanmışdır. Sazişin 2-ci bəndinə əsasən tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05Ui/12 saylı İpoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulmuş xx.xx.2012-ci il tarixli 05U/12 saylı Əsas kredit müqaviləsinə əlavə sazişə əsasən kredit məbləği dəyişdirilərək 1.000.000 (bir milyon) manat müəyyən edilmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehlər «xxxxxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən Rövşən Rəhimova 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 91.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Onunla cavabdehlər «xxxxxxx» KB ASC və Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05Ui/12 saylı ipoteka müqaviləsinin və yenə də tərəflər arasında xx.xx.2014-cü il tarixdə xx.xx.2012-ci il tarixli 05Ui/12 saylı İpoteka müqaviləsinə əlavələr edilməsinə dair bağlanmış Sazişin şərtlərindən göründüyü kimi o, mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, 150 saylı mənzili «xxxxxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış həm xx.xx.2012-ci il tarixli 05U/12 saylı Əsas kredit müqaviləsi üzrə, həm də Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın (Rövşən Rəhimovun) öhdəliklərinin icrasının təmini üsulu kimi ipotekaya qoymuşdur. Bağladığı bütün ipoteka müqavilələrində isə o, əmlakını borcalan Rövşən Rəhimovun borcverən «xxxxxxx» KB ASC-dən əsas və əlavə kredit müqavilələri üzrə alacağı 1.000.000 AZN manat kredit məbləği çərçivəsindəki öhdəliklərə ipotekaya qoymuşdur. Lakin tərəflər onun məlumatı və razılığı olmadan xx.xx.2014-cü il tarixdə 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi bağlamışlar. Həmin müqaviləyə əsasən Rövşən Rəhimova 36 ay müddətinə, xx.xx.2017-ci il tarixədək, illik 21% ödəmək şərtilə 91.500 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdən sonra Rövşən Rəhimovla «xxxxxxx» KB ASC arasında onların üçtərəfli ipoteka müqavilələri olan xx.xx.2012-ci il tarixli 05Ui/12 saylı əsas İpoteka müqaviləsi, həmin ipoteka müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Saziş, «xxxxxxx» KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişə uyğun əlavə kredit müqaviləsi bağlanmamışdır. Ona görə də onun əmlakı hazırda ipotekadan azad edilməlidir. Rövşən Rəhimovla «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi isə tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişə uyğun deyil. Belə ki, xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsi və həmin əsas kredit müqaviləsinə olan xx.xx.2014-cü il tarixli əlavə Sazişdə kredit məbləği Azərbaycan Respublikasının pul vahidi manatla müəyyən edildiyi halda, Rövşən Rəhimovla «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi X2 pul vahidi dollar ilə müəyyən edilmişdir. Müqavilənin Azərbaycan manatı ilə deyil ABŞ dolları ilə bağlanması onun hüquqlarının pozulmasına belə səbəb olur ki, hazırkı dövrdə ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi bahalaşdığından borclu Rövşən Rəhimovun banka olan borcunun geri qaytarılması şansı sıfıra enir. Belə olan halda isə artıq borclunun bilərəkdən deyil maddi çətinlik üzündən üzərinə düşən öhdəliyi yerinə yetirə bilməməsi səbəbindən borcun ödənilməsi onun əmlakına yönəldilə bilər. Əgər ona əvvəlcədən kreditin Azərbaycan manatı ilə deyil ABŞ dolları ilə verilməsi təklif olunsa idi o, həmin kredit müqaviləsindən ötrü əmlakının ipotekaya qoyulmasına razı olmazdı. Həm də ona əvvəldən məlum olmuşdur ki, borcluya 1.000.000 manat kredit xətti müəyyən olunsa da bu məbləğ bir dəfəyə deyil, hissə-hissə kreditə veriləcək. Belə olan halda borcun qaytarılması və onun əmlakı üçün təhlükə yaranmamış olur. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarları da vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli Qərarına əsasən "Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır." Göründüyü kimi, Rövşən Rəhimovla «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 05U/12 saylı əsas kredit müqaviləsində faiz dərəcəsi də göstərilməmişdir. Bundan başqa isə onun razılığı olmadan xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsi yuxarıda qeyd olunan sazişlərə uyğun olaraq Azərbaycan manatı ilə deyil X2 pul vahidi dollar ilə müəyyən edilmişdir. Ona görə də o, həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərə cavabdeh deyil. Bağladığı ipoteka müqaviləsi isə həmin kredit müqaviləsinin təminatı üsulu kimi müəyyən edilə bilməz. O, Qanunvericiliyin tələbinə əsasən özünə məxsus Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, 150 saylı mənzilin ipotekadan azad edilməsi, yəni həmin əmlakın ipotekasının ləğv olunması barədə cavabdeh «xxxxxxx» KB ASC-nə müraciət etsə də cavabdeh bunu etməkdən imtina edir. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, 150 saylı mənzilə dair ipoteka müqaviləsinin Rövşən Rəhimovla “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilməsi və həmin mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələblərini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsindən görünür ki, bank, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri Tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri ilə tənzimləmək şərti ilə, borcalana 60 ay müddətinə - xx.xx.2017-ci il tarixinədək 52.500 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. İpoteka saxlayan “xxxxxxx” KB ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı saylı ipoteka müqaviləsinəəsasən “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçıya məxsus Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, mənzil 150 ünvanında yerləşən mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsinə (müqaviləyə əlavələr edilməsi haqqında) xx.xx.2014-cü il tarixli sazişdən görünür ki, 05U/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kredit limitinin məbləği artırılaraq 1.000.000 manat müəyyən edilmiş və əsas kredit müqaviləsinin son bitmə tarixi uzadılaraq xx.xx.2019-cu ilədək müəyyən edilmişdir. İpoteka saxlayan “xxxxxxx” KB ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinə əlavə edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişin 1-ci bəndinə əsasən, tərəflər arsında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan xx xxxx 2012-ci il tarixli əsas kredit müaviləsinə əlavə sazişə əsasən kredit müddəti dəyişdirilərək xx.xx.2019-cu ilədək müəyyən edilmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə, tərəflər arsında bağlanmış xx xxxx 2012-ci il tarixli ipoteka müqaviləsinin 1.2-ci bəndində nəzərdə tutulan xx xxxx 2012ci il tarixli əsas kredit müaviləsinə əlavə edilməsi haqqında sazişə əsasənkredit məbləği dəyişdirilərək 1.000.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, ipoteka predmetini mənzil təşkil edir. Müqavilənin 4.7-ci bəndinə görə, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmeti 78.000 manat məbləğində qiymətləndirilmişdir. “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış 85BKƏ/14 saylı, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcalana verilən kreditin məbləği 91.500 USD təşkil etmiş, kredit 36 ay müddətinə, xx.xx.2017-ci il tarixinədək illik 21% ödəmək şərtilə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, ev 14, 150 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1601 nömrəli reyestr kitabının 146607 nömrəli vərəqində xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2289/2020 saylı qərarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxxxxx” KB ASC-yə və müstəqil tələb irəli sürməyən 3-cü şəxslər Rəhimov Rövşən Hətəm oğluna və qeyrilərinə qarşı "ipotekanın ləğv edilməsi" tələbinə dair iddiası təmin edilərək, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Əzim Şirvani küçəsi, ev 14, 150 saylı mənzilin ipotekasının ləğv edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11315/2018 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-1610/2019 saylı qərarı ilə cavabdeh “xxxxxxx" KB ASC tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)- 11315/2018 nömrəli qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu İl tarixli, 2(103)-7220/2019 nömrəli qətnaməsi ilə cavabdeh “xxxxxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-1964/2018 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi və iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2289/2020 saylı qərarına əsasən İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-7220/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsinə əsasən bank, kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə Əlavə kredit müqavilələri əsasında tənzimləmək şərti ilə, borcalana müvafiq məbləğdə kredit verməyi öhdəsinə götürmüşdür. Əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçıya məxsus Bakı şəhəri, Bakı şəhəri, Xətai rayonu, X6 küçəsi, ev 14, mənzil 150 ünvanında yerləşən mənzil ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir.“xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsinə (müqaviləyə əlavələr edilməsi haqqında) xx.xx.2014-cü il tarixli sazişdən görünür ki, 05U/12 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndində nəzərdə tutulmuş kredit limitinin məbləği artırılaraq 1.000.000 manat müəyyən edilmiş, əsas kredit müqaviləsinin son bitmə tarixi uzadılaraq xx.xx.2019-cu ilədək müəyyən edilmiş, xx.xx.2014-cü il tarixli əlavə kredit müqaviləsinə əsasən isə bank tərəfindən borcalana 36 ay müddətinə, xx.xx.2017-ci il tarixinədək illik 21% ödəmək şərtilə 91.500 USD məbləğində kredit verilmişdir. “xxxxxxx” KB ASC ilə Rəhimov Rövşən Hətəm oğlu arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 05U/12 saylı əsas kredit müqaviləsinə (müqaviləyə əlavələr edilməsi haqqında) xx.xx.2014-cü il tarixli sazişdən irəli gələn bütün öhdəliklər İpoteka müqaviləsinə əlavə edilməsi haqqında xx xxxxxx 2014-cü il tarixli sazişi ilə yenidən təminat altına alınmışdır. Hazırda iddiaçı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2018-ci il tarixli və “«Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2019-cu il tarixli Qərarlarında əks olunmuş hüquqi mövqeyə əsaslanaraq Rövşən Rəhimovla «xxxxxxx» KB ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 85BKƏ/14 saylı əlavə kredit müqaviləsində kreditə verilən pulun X2 pul vahidi dollar ilə müəyyən edildiyinə, bu faktın isə onun ipoteka qoyan kimi məsuliyyətinin agırlaşmasına səbəb olduğuna istinad edir və buna əsasən mübahisəli ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və ipoteka predmeti olan mənzilin ipotekadan azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli Qərar qəbul etmişdir. Həmin Qərarda aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinin mənasına görə, kredit xətti müqaviləsinə əsasən kreditor, müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, hər hansı şərt qoymadan kredit alana pulu təqdim etməyi öhdəsinə götürür. Müqavilənin “bu müqavilə bankın kredit vermək vədini ifadə etmir” qeydi məhkəmələr tərəfindən yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746-cı maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir.

3. Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə bağlanan kredit müqavilələrində faiz dərəcəsi baradə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4-cü maddəsinin “əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir” müddəası ipoteka müqaviləsində məbləğin, müddətin, faiz dərəcəsinin, valyuta və s. zəruri şərtlərin göstərilməsini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında 2019-cu il 25 iyul tarixli Qərarla “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələri əlaqəli şəkildə şərh edilmişdir. Sözügedən Qərarda aşağıdakılar göstərilmişdir:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bu baxımdan və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477-ci maddəsinin məzmununa uyğun olaraq, zaminin məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan hallar baş verdikdə, zaminliyə bütövlükdə xitam verilir.

2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarına dair” xx xxxxxxx 2019-cu il tarixli Qərardad qəbul etmişdir. Həmin Qərardada əsasən müəyyən edilmişdir ki, Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il 31 may tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 25 iyul tarixli Qərarlarında ifadə olunmuş hüquqi mövqelər müvafiq olaraq həmin Qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. İş materiallarından göründüyü kimi mübahisəli münasibətlərin yaranması tarixi xx.xx.2012-ci və müvafiq olaraq xx.xx.2014-cü il tarixlərə təsadüf edir. Məhkəmə iddiaçının istinad etdiyi Konstitusiya Məhkəməsinin Plenumunun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarlarında əks olunmuş hüquqi mövqelərin həmin qərarların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə şamil olunduğunu nəzərə alaraq hesab edir ki, hazırki mübahisə bu Qərarlarla müəyyən edilən qaydalara əsasən həll oluna bilməz. Məhkəmə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvəsini almış xx.xx.2019-cu il tarixli, 2(103)-7220/2019 nömrəli qətnaməsinə istinadən həmçinin qeyd etməyi zəruri sayır ki, bu qətnamə ilə iddiaçının məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olan, yəni kreditin ümumi məbləğinin artması; kreditin faizinin artması; kreditin qaytarılma müddətinin uzadılması və digər mühüm olan halların baş vermədiyi müəyyən edilmişdir. Kreditin valyutasının dəyişdirilməsinə gəlincə isə Rəhimov Rövşən Xətəm oğlu ilə bağlanmış əlavə kredit müqaviləsinin şərtlərinin əsas kredit, ipoteka müqavilələrinin, eləcə də onlara dəyişiklik edilməsi haqqında sazişlərin şərtlərinə zidd olmadığı, həmin müqavilələr üzrə iddiaçının üzərinə məsuliyyətini artıran hər hansı öhdəliyin qoyulmadığı müəyyən edilmişdir. Həmçinin həmin qətnamə ilə əlavə kredit müqaviləsi üzrə Rəhimov Rövşən Xətəm oğluna ayrılmış 91.500 ABŞ dollarının əsas kredit müqaviləsi ilə tənzimlənən ümumi limit məbləğini, yəni 1.000.000 manatı aşmadığı, əsas kredit müqaviləsində faiz dərəcəsinin göstərilməməsi, həmçinin əlavə kredit müqaviləsində nəzərdə tutulan illik 21 faiz dərəcəsinin, onlara hesablanacaq cərimənin iddiaçı ilə razılaşdırılmaması, əlavə kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməməsi, mənzilin ipotekasının ləğv edilməsi üçün əsas sayıla və ipoteka qoyanın məsuliyyətinin artması kimi qiymətləndirilə bilməməsi, ipoteka qoyanın məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olma faktın müəyyən edilməsi zamanı hər bir tərəfin, o cümlədən ipoteka saxlayanın qanuni maraqlarının nəzərə alınmalı olması təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsini 82.3-cü maddəsinin tələblərinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə iddiaçı ilə cavabdehin tərəf olduqları digər mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə sübuta yetirilmiş, iş üçün əhəmiyyətli olan halların hazırki işdə müəyyən edilməli hallara münasibətdə preyudisial əhəmiyyətə malik olduğunu nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilən bu hallar digər mülki icraat qaydasında işə baxan məhkəmənin məhkəmə araşdırması predmeti olmuş və öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklədə, məhkəmə hesab edir ki, araşdırma zamanı mübahisələndirilən müqavilənin bağlanmamış hesab edilməsi üçün hüquqi əsaslar müəyyən olunmadığından iddianın təmin edilməsi mümkün deyildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən maddəyə əsasən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ

İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi və mənzilin ipotekadan azad edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar