Məhkəmə qərarları › İş №e-2(006)-3806/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3806/2024

10.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3806/2024 10.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi, xx.xx.2023-cü il təvəllüdlü X2 3 yaşına çatanadək Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması və mediasiya xərcinə görə ödənilmiş 50 manat pulun Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 17 avqust 2020-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Bu barədə 3 Saylı Bakı “ASAN” Xidmət Mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1739 № ilə qeyd edilmişdir. Cavabdehlə birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X4 adlı övladları var. İddiaçının 2020-ci ildə gəlin köçüb yaşadığı, cavabdehin valideynlərinə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, bina 70, mənzil 10-dan 2023-cü ilin iyun ayında uşaqları ilə birlikdə cavabdeh və valideynləri tərəfindən çıxarılmışdır. Cavabdeh onu 400 manat aylıq kirayə haqqı ilə yaşamaq üçün Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, bina 6, mənzil 23-ə köçürmüş və bir ay keçməmiş onları tərk edib, çətin vəziyyətdə qoyaraq çıxıb valideynlərinin evinə getmişdir. Valideynlərinin təsiri altında olan cavabdeh ailəsi, uşaqları ilə maraqlanmır, gəlirini gizlədir. Yetkinlik yaşına çatmayan azyaşlı uşaqlar iddiaçının yanında, himayəsindədirlər. İddiaçı onları zəruri olan ana qayğısı, nəvazişi əhatəsində saxlayıb böyüdür, onların tərbiyə və təhsili ilə məşğul olur. Uşaqlarının geyimi, sağlamlığı, normal qidalanması üçün tələb olunan ərzaq, meyvə-tərəvəz, qida məhsulları, təhsili, gəzintisi ,istirahəti və s. üçün hər ay müvafiq məbləğdə vəsait xərclənməsi tələb olunur. Hazırda qida məhsulları ilə yanaşı nəqliyyat xərcləri də artmışdır. İddiaçı tərəfindən 400 manat aylıq mənzil kirayə haqqı, o cümlədən də kommunal xərclər ödənilir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də onların maddi tələbatlarını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması, təminat səviyyəsini yaxşılaşdırmaq üçün cavabdehin vəsait xərcləməsi zəruridir və bunu uşaqlarının mənafeyi tələb edir. Buna görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı mediasiya prosesində iştirak etmişdir. Cavabdehlə onun arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Mediasiya (İMS) xərci olaraq mediasiya təşkilatının hesab nömrəsinə 50 manat pulu iddiaçı ödəmişdir. Cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində işləyir, deməsinə görə aldığı əmək haqqı 700 manat təşkil edir. Cavabdehin aylıq əmək haqqı 700 manat təşkil etdiyi nəzərə alınarsa iki uşağa görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1-ci və 76.1.2. 2 -ci maddəsinə əsasən hesablanan (qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi) alimentin miqdarı 233 manat təşkil edəcəkdir. Halbuki, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu bir uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir ki, bu da hələ minimum məbləğdir. Həmin qanuna əsasən birgə nikahdan olan iki uşağığn saxlanılması üçün hər ay minimum 470 manat vəsait tələb olunur. Odur ki, alimentin miqdarının məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməsinə ehtiyac var. Cavabdeh iddiaçını kirayəyə köçürdüyü mənzildə onun azyaşlı uşaqlarına təkbaşına qayğı, qulluq göstərməyinə baxmayaraq, ona maddi cəhətdən köməklik göstərmir. İddia tələbi “xx.xx.2023-cü il təvəllüdlü X8 oglunun 3 yaşına çatanadək Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması” hissəsində də tam təmin edilməsi iki uşaq anasının marağı və mənafeyinə uyğundur. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iddianı qismən qəbul edib bildirdi ki, cavabdeh qazancından 1/3 hissədə aliment tutulmasına, iki uşağa görə maksimum 400 manat aliment ödəməyə razıdır. Qalan hissədə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İİ seriyalı 404710 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 nikahı xx.xx.2020-ci il tarixdə 1739 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir. Doğum haqqında AZ-İV seriyalı 606432 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında AZ-İV seriyalı 959945 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Bakı 13 saylı Mediasiya təşkilatının hesabına 50 manat məbləğində pul mədaxil edilmişdir. Bakı 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmişdir. 50 manat məbləğində İMS xərcini İddiaçı ödəmişdir. Azərbaycan Respublikası FHN DYNX tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh vətəndaşların müraciətləri ilə iş sektorunun inspektoru vəzifəsində dövlət qulluğunun xüsusi növündə xidmət keçir, hesablanmış aylıq gəliri olan 1.044,25 manat məbləğindən müvafiq tutulmalar (mdss, its, həmkarlar ittifaqına tutulma və gəlir vergisi) aparıldıqdan sonra yekun əmək haqqı məbləği 912,80 manat təşkil edir. "xxxx" ASC tərəfindən verilmiş kredit hesabından çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü ildə götürdüyü istehlak kreditinin bitmə tarixi xx.xx.2027-ci ilədəkdir, xx.xx.2024-cü ildə edilmiş ödənişdən sonra əsas borc üzrə qalıq 6.041,30 manat, faiz borcu üzrə qalıq 55,38 manatdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı "xxxx" MMC-də planlaşdırma üzrə bölmə rəhbəri işləyir, aylıq əmək haqqı 1.311,73 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü Quliyev Raul və xx.xx.2023-cü il təvəllüdlü Quliyev Rəsul anadan olmuşdur. Hazırda münasibətləri pozulduğundan tərəflər birlikdə yaşamırlar, yetkinlik yaşına çatmayan uşaqlar faktiki olaraq anasının himayəsindədir. İddiaçı aliment məsələsi ilə bağlı razılığa gəlmək üçün mediasiyaya müraciət etsə də, cavabdeh keçirilmiş sessiyada prosesin davam etdirilməsinə razılıq vermədiyindən, iddiaçı məhkəməyə müraciət etmişdir. Hazırda iddiaçı uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin və 7.12.2023-cü il təvəllüdlü Quliyev Rəsulun 3 yaşına çatana kimi özünün ehtiyaclarının ödənilməsi üçün ayda 200 manat alimentin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Cavabdeh isə hər ay qazancının 1/3 hissəsində və ya 400 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirir. İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün hər ay hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat və xx.xx.2023-cü il təvəllüdlü uşaq 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğlərində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb etsə də, cavabdehin gəlirləri barədə heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, yaşayış minimumundan artıq məbləğdə aliment və ümumi uşaqları 3 yaşına çatanadək özünün saxlanması üçün aliment tələb edən iddiaçı cavabdehin zəruri vəsaitə malik olmasını sübut etməlidir. Lakin iddiaçı bu barədə heç bir sübutu məhkəməyə təqdim etməmiş, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi arayışdan isə onun 912,80 manat məbləğində əmək haqqı alması müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh tərəf hər ay qazancının 1/3 hissəsində və ya 400 manat məbləğində aliment aliment ödəməyə razı olduğunu, lakin daha artığını ödəməyə imkanı olmadığını, iddiaçı tərəf isə iddiaçının işlədiyini və aylıq 1.000 manat məbləğində əmək haqqı aldığını bildirmiş, iddiaçının aylıq 1.311,73 manat əmək haqqı alması “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatla öz təsdiqini tapmışdır. Məhkəmə cavabdehin iddianı qismən “1/3 hissəsində və ya 400 manat məbləğində aliment ödəməyə razılıq” hissəsində etiraf etməsini tədqiq edərək hesab edir ki, onun etirafı yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə uyğun deyildir. Çünki uşaqların iddiaçının himayəsində qalması onlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərcləri həddində məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas verir. Uşaqlar üçün yaşayış minimumu isə qanunla 235 manat məbləğində müəyyən edilmişdir. Buna görə də cavabdehin etirafı uşaqların mənafeyinə uyğun hesab edilmir. Bununla yanaşı, iddiaçının cavabdehin qazancı barədə sübutları məhkəməyə təqdim etməməsini, cavabdehin isə 912,80 manat məbləğində əmək haqqı alması barədə iş yerindən arayışı məhkəməyə təqdim etməsini, uşaqların həyat səviyyəsinin onlar üçün dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumuna uyğunluğunu təmin etmək vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, iddiaçının özünün də müəyyən məbləğdə əmək haqqı almasını əsas götürməklə, habelə uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün diqqətəlayiq digər bütün halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia alimentlə bağlı qalan hissədə və uşaq 3 yaşına çatanadək aliment hissəsində təmin edilməməlidir. İddiaçının işləməsi, aylıq kifayət qədər məbləğdə (1.311,73 manat) əmək haqqı alması müəyyən edildiyindən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü uşaq 3 yaşına çatanadək hər ay 200 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə tələb təmin edilməməlidir. Belə ki, bu tələb o zaman təmin (və ya qismən təmin) edilə bilər ki, iddiaçının 3 yaşınadək uşağa baxmaqla əlaqədar işləməməsi və aylıq gəliri olmaması, habelə iddiaçının təqdim etdiyi sübutlar əsasında cavabdehin buna zəruri vəsaitə malik olması müəyyən edilsin. Cavabdehin aylıq ödəməli olduğu kredit borcunun olması barədə sübuta münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarına əsasən, aliment ödəyən şəxsin digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 85.1, 85.1.1-ci maddəsinə görə, hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə, aliment institutunun təyinatı, ilk növbədə, uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə, həmçinin, qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Alimentin məbləği ilə bağlı olaraq isə ilk növbədə nəzərə alınmalıdır ki, Ailə Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə qeyd edir ki, ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə minimum təminat səviyyəsini nəzərdə tutur. Həmin minimum təminat səviyyəsindən daha yüksək məbləğdə alimentin təyin olunması isə aliment tutulan şəxsin qazancları barədə sübutların olmasından asılıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının: 8.2-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.7-ci bəndinə görə, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilməli, xərclərin qalan hissəsi İddiaçı aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1-ci maddəsinə əsasən, aliment barədə qətnamə dərhal icra edilməlidir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X3 və xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Məhkəmə xərclərinin 25 (iyirmi beş) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, xərclərin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar