Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3912/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi X6 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qeyri-rəsmi nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 18 yaşına çatanadək saxlanması üçün hər ay 235 manat, o cümlədən uşağın 3 yaşının tamam olduğu xx.xx.2026-cı il tarixə kimi iddiaçının uşağa baxmasına görə 100 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı ilə Cavabdeh arasında qeyri-rəsmi nikah münasibəti olmuşdur. Tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2023-cü il təvəllüdlü X5 dünyaya gəlmişdir. Tərəflər birgə yaşadığı müddətdə ilk vaxtlar münasibətləri normal olmuş, daha sonra aralarında ailədaxili münaqişələr yaranmış, getdikcə də həmin münaqişələr davamlı olmuş və daha da kəskinləşmişdir. Uşaq doğulandan bir müddət sonra tərəflər ayrılmışlar və birlikdə eyni ailəni davam etdirmək mümkün olmadığından, iddiaçı ilkin olaraq mediasiya prosesi barədə müraciət etmişdir. Həmçinin mediasiya prosesi qarşı tərəfin iştirakı etməməsinə görə mümkün olmadığından iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər faktiki ayrılandan bəri uşaq ananın himayəsindədir və cavabdeh uşağın saxlanmasında hər hansı dəstək olmamışdır. İddiaçı isə uşağın saxlanmasında maddi cəhətdən sıxıntı çəkir və ona görə də uşağın saxlanması üçün aliment tutulmalıdır. İddiaçı maddi cəhətdən həddindən artıq ağır vəziyyətdədir, işləyə bilmir, çünki həm körpə uşaqlıdır, həm də səhhətində problemlər var. Ona görə də ona hüquqi yardım göstərilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etmiş və Komitənin məktubuna əsasən Vəkillər Kollegiyası tərəfindən İddiaçı dövlət hesabına pulsuz hüquqi yardlm göstərilməsi üçün vəkil təyin edilmişdir. İddiaçıya həm sosial yardım təyin edilməsi, həm də səhhətinə görə əlilliyin təyin olunması üçün müvafiq qurumlara da müraciətlər edilmişdir. İddiaçının və körpə uşağın vəziyyəti çox acınacaqlıdır. Ona görə də uşağın saxlanması üşün alimentin tutulmasına və hazırkı işə ən tez vaxtda baxılıb mahiyyəti üzrə qətnamə çıxarılmasına ehtiyac var. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qismən qəbul edərək bildirdi ki, xx.xx.2023-cü il təvəllüdlü X2 başqa 13 və 16 yaşlı daha iki övladı var. Onlardan birinə münasibətdə məhkəmə qətnaməsinə əsasən aylıq 100 manat aliment tutulmuşdur. İmkanı olmadığına görə hal-hazırda o alimenti də ödəmir. Hazırda rəsmi iş yeri yoxdur, katric doldurulması xidməti ilə məşğuldur və gəliri çox aşağıdır. Bundan başqa özü əməliyyat olunmuşdur və səhhətində problemləri vardır. İddiaçının tələb etdiyi alimentdən yalnız 100 manat ödəməyə qadirdir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş etmişdir. ş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ seriyalı 451766 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətinə əsasən, Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X3 atası hesab edilmişdir. AZ-İV seriyalı 853806 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X5 adlı bir uşaqları var. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışa əsasən, xx.xx.2024-cü il tarixdə saat 10:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh icra işləri barədə məlumata əsasən, 100 manat alimentin tutulması ilə bağlı icra vərəqəsi İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Dövlət büdcəsi hesabına hüquqi yardım göstərilməsi barədə hesabatın surətinə əsasən “De Fendo” Vəkil Bürosunun vəkili Vəkil İddiaçı 36 (on altı) saat ərzində hüquqi yardım göstərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: - əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; - hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; -18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad; Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki tərəflər faktiki nikah münasibətlərində olmuşlar və faktiki münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı uşağın saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində, habelə azyaşlı uşağın saxlanması üçün uşaq 3 yaşına çatana kimi özünə əlavə 100 manat məbləğində alimentin ödənilməsini tələb edir, cavabdeh isə rəsmi iş yerinin olmadığına, buna görə tələb olunan alimenti ödəmək üçün maddi imkanının olmadığına istinad edərək tələb olunan alimentin 100 manat həddində ondan tutulmasını əsaslı hesab edir. Məhkəmə iddianın “xx.xx.2023-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay 235 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması”na dair hissəsinə münasibətdə qeyd edir ki, daha öncə istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu nəzərə alır və alimentin sabit pul məbləğində tutulması qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, uşağın iddiaçının himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – cavabdehdən tutulmasına əsasdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli, “X7rşı” iş üzrə xx.xx.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin digər uşaqlarına məhkəmə qətnaməsinə əsasən aliment ödəməsi halı müəyyən edilməmişdir. Əksinə Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh icra işləri barədə məlumata əsasən, 100 manat alimentin tutulması ilə bağlı icra vərəqəsi İcra haqqında Qanunun 23.1-ci maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Odur ki, cavabdehin izahatında bildirdikləri hazırkı iş üzrə alimentin məbləğinin daha aşağı məbləğdə müəyyən edilməsi əsası kimim çıxış edə bilməz. Məhkəmə iddianın “uşağın saxlanması üçün iddiaçının özünə əlavə 100 manat məbləğində alimentin ödənilməsi” hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr). Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. Məhkəmə qeyd edir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsini nəzərdə tutan Ailə Məcəlləsinin (maddə 84-85) tələbləri baxımından bir-birinə maddi cəhətdən kömək etməklə bağlı mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Hazırkı halda tərəflər arasında rəsmi nikah münasibətlərinin olmaması və buna görə ər-arvad statusunun əldə edilməməsi həmin statusdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin qarşı tərəfdən tələb edilməsini istisna edir. İddianın həmin hissəsi ilə bağlı iddiaçı subyektiv hüquqa malik deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsınə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 2640 manat (220 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 46,40 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə vəkil tərəfindən təqdim olunmuş hesabatda göstərilən saatları nəzərdən keçirərək, işin xarakterini və işə sərf oluna bilən real vaxtları nəzərə almaqla hesab edir ki, İddiaçı hüquqi yardım göstərdiyinə görə “De Fendo” Vəkil Bürosu tərəfindən Vəkil 120 manat əmək haqqının hesablanaraq Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi ağlabatandır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 46,40 (qırx altı manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Vəkil tərəfindən İddiaçı göstərilmiş hüquqi yardıma görə cəmi 120 manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №e-2(006)-3912/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3912/2024
18.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver