Məhkəmə qərarları › İş №e-2(006)-3927/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3927/2024

05.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3927/2024 05.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “uşaq və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “uşaq və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023cü il təvəllüdlü X4 onun yanında saxlanılmaları, uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin, xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin, 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh nikahı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində qeyd edilmiş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan cavabdehin keçirdiyi həyat tərzi, ailəsini atıb getməsi və yüngül həyat tərzinə qurşanması səbəbindən tez-tez evdə dava-dalaş düşmüşdür. İddiaçı mübahisənin məhkəmədən kənar alternativ həlli üçün Mediasiya Təşkilatına müraciət etsə də, cavabdeh tərəf heç nəyə məhəl qoymayaraq mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasına görə 50 manat xidmət haqqı ödəmişdir. Cavabdeh heç bir atalıq vəzifəsini yerinə yetirmir. Belə ki, uşaqlara iddiaçının valideynləri baxır, uşaqların təlim-tərbiyəsi, qidalanması və hərtərəfli inkişafı ilə iddiaçı özü məşğul olur. Hazırda uşaqların dolanışıq xərcləri, geyim, ərzaq, müalicə xərcləri, dərman preparatları və s. xidmətlərin haqqı bir neçə dəfə artmışdır. Bu baxımdan adı çəkilən xərclərin dəfələrlə artması səbəbindən alimentin miqdarının hər uşaq üçün minimum həddə 235 manat ödənilməsi zərurəti yaranmışdır. İddiaçı işləmədiyindən və valideynlərinə möhtac olduğundan, uşaqlardan - xx.xx.2023-cü il təvəllüdlü X4 1 (bir) yaşı olmadığından, cavabdehin qeyri-leqal biznes fəaliyyəti ilə məşğul olması və qeyri-normal həyat tərzi yaşaması, uşaqları ilə ümumiyyətlə maraqlanmaması səbəbindən qanunvericiliyin tələbinə görə iddiaçı 2 (iki) azyaşlı uşağa baxdığından və onların maddi tələbatlarını ödəyə bilmədiyinə görə cavabdehdən hər ay 100 manat aliment tutularaq iddiaçıya ödənilməsi zəruridir. Hazırda uşaqların saxlanmasına, qidalanmasına, təhsilinə xeyli vəsait tələb olunur. İddiaçı özü işləmir və valideynləri də təqaüdçüdürlər. Baxmayaraq ki, bacardıqları köməyi edirlər. Uşağın saxlanması ilə bağlı xərclər, qidalanması, geyimi və s. hazırki bazar qiymətləri ilə çox bahadır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, cavabdehlə ayrı yaşadıqlarına görə, birgə nikahdan anadan olmuş yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında saxlanmalarını, onların saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat alimentin və mediasiya xərcinin onun xeyrinə cavabdehdən tutulmasını istəyir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edib bildirdi ki, iddiaçı ilə ayrı yaşadıqlarından, yetkinlik yaşına çatmayan uşaqlarının iddiaçının yanında qalmasına və onların saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimenti ödəməyə razıdır. Lakin iddiaçı tərəfindən tələb edilən 100 manat alimenti və 50 manat mediasiya xərcini ödəməyə razı deyil. Onun maddi vəziyyəti tələb edilən alimenti və mediasiya xərcini ödəməyə imkan vermir, taksi sürücüsü işləyir, ən çoxu 900 manat gəlir əldə edir. İddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İİ seriyalı 294162 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 nikahı 1 saylı Bakı “ASAN Xidmət” mərkəzi Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 2649 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Əlizadə” soyadı verilmişdir. Doğum haqqında AZ-İV seriyalı 311509 nömrəli şəhadətnamədən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Doğum haqqında AZ-İV seriyalı 924231 nömrəli şəhadətnamədən görünür ki, X6 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı 16 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci + 10 manat poçt xərci olmaqla, 60 manat pul ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-16(006)-274/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, ərizəçi İddiaçı «müvəqqəti təminat tədbiri»nə dair ərizəsinin təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin tutulması, qərardadın dərhal icra edilməsi, müvəqqəti təminat tədbirinin qüvvədə olma müddətinin 1 ay, yəni xx.xx.2024-cü il tarixədək müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı həmin qərardadın qüvvədə olduğu 1 ay müddət ərzində deyil, həmin qərardad qüvvədən düşdükdən sonra – xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən və qərardadın müddətinin uzadılması barədə vəsatəti də həmin ərizə ilə bağlı iş üzrə deyil, səhvən hazırkı iş üzrə verdiyindən, həmin vəsatətin təmin edilməsinin mümkünsüzlüyü və qanunvericiliyə görə iddia ərizəsi ilə məhkəməyə müraciət edilən vaxtdan alimentin hesablanacağı, dolayısı ilə hüquqlarının pozulmayacağı məhkəmə tərəfindən ona izah edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü Əlizadə Melisa və xx.xx.2023-cü il təvəllüdlü Əlizadə Ayaz anadan olmuşdur. Əvvəllər ailə münasibətləri yaxşı olsa da, sonradan pozulmuş, hal-hazırda bir yerdə yaşamırlar. İddiaçı uşaq və aliment tələbinə dair iş üzrə mediasiya prosesində iştirak etsə də, cavabdeh iştirak etməmişdir. Buna görə də o, məhkəməyə müraciət etmişdir. Hazırda tərəflər ayrı yaşadıqlarından, iddiaçı yetkinlik yaşına çatmayan uşaqlarının onun yanında saxlanılmasını və uşaqların yetkinlik yaşına çatana qədər hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin, əlavə olaraq, uşaqlardan biri 3 yaşına çatanadək 100 manat məbləğində alimentin və mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsini tələb edir; cavabdeh isə iddianı qismən qəbul edərək, uşaqların analarının yanında saxlanılmasına və onların saxlanılması üçün cəmi 470 manat sabit pul məbləğində alimenti ödəməyə razı olduğunu bildirir, lakin taksi sürücüsü işləyərək, aylıq ən çoxu 900 manat pul qazandığına görə əlavə 100 manat və mediasiya xərcinin də ondan tutulmasına razılıq vermir. Məhkəmə iddia tələbinin “uşaq” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında birgə nikahdan anadan olmuş yetkinlik çatmayan uşaqların valideynlərdən hansının yanında qalması barədə mübahisə olmadığını, uşaqların yaşlarını, ana nəvazişinə ehtiyaclarının olmasını, onların bir-birinə bağlılıqlarını, cavabdehin uşaqların iddiaçının – analarının yanında saxlanılmalarına razılıq verməsini nəzərə alıb hesab edir ki, yetkinlik yaşına çatmayan xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmalıdırlar. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaqların analarının yanında saxlanılmaları onların maraqlarına zidd deyildir və ilk növbədə, mənafelərinə xidmət edəcəkdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə, valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının: 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar; 7.6-cı bəndində qeyd edilir ki, nikahın pozulması zamanı yetkinlik yaşına çatmayan uşaqların kimin yanında qalması məsələsi həll olunarkən onların əqli, fiziki və psixoloji cəhətdən sağlam inkişafının və digər bacı-qardaşları ilə artıq vərdiş etdikləri şəraitdə birlikdə yaşamalarının təmin olunması baxımından müstəsna hallar istisna olmaqla eyni valideynə verilmələri onların qanunla qorunan ən yaxşı mənafelərinə daha uyğundur. Məhkəmə iddia tələbinin “aliment” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsini tələb etmiş, cavabdeh isə iddia tələbini bu hissədə etiraf edərək, tələb edilən məbləğdə alimenti ödəməyə razı olduğunu bildirmişdir. Cavabdehin qazancı sabit olmadığından və iddiaçının sabit pul məbləğində aliment tələbi ölkə üzrə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumuna uyğun olduğundan, uşaqların iddiaçının himayəsində qalmaları onlara qulluq və digər qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi nəzərə alındıqda, cavabdehin iddianı bu hissədə etiraf etməsi həm yetkinlik yaşına çatmayan uşaqların mənafeyinə, həm də tərəflərin maraqlarına uyğun hesab edilir. Buna görə də məhkəmə hesab edir ki, onun etirafı məhkəmə tərəfindən qəbul edilməli və tələb bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun: 8-ci maddəsinə görə, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür; 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə müvafiq olaraq, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıda qeyd olunduğu kimi cavabdeh iddia tələbinin “uşaqların analarının yanında saxlanılmaları və uşaqların saxlanılmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin ödənilməsi” hissəsini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddia tələbinin qeyd edilən hissəsini etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, yetkinlik yaşına çatmayan uşaqların mənafelərinə uyğundur. Buna görə də cavabdehin iddia tələbinin qeyd edilən hissəsini etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il təvəllüdlü X4 3 yaşına çatana qədər hər ay 100 manat məbləğində alimentin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, tərəflərin birgə nikahından anadan olmuş 3 yaşına çatmayan uşağın iddiaçının himayəsində qalması, iddiaçının ona qulluq etməsi və işləməməsi, cavabdehin isə əmək qabiliyyətli olmaqla, taksi sürücüsü işləməsi və aylıq müəyyən məbləğdə gəlir əldə etməsi müəyyən edilmişdir. Cavabdehdən hazırkı qətnamə ilə 470 manat məbləğində aliment tutulmasını da nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində alimenti ödəməyə cavabdehin imkanı vardır. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə qismən təmin edilməli, xx.xx.2023-cü il təvəllüdlü X6 üç yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər; 84.2 və 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər; 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılmalı, xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “mediasiya xərci” hissəsinə münasibətdə hesab edir ki, iddia qismən təmin edildiyindən, tələb edilən 50 (əlli) manat mediasiya xərcinin 40 (qırx) manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, mediasiya xərcinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir; 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X5 və xx.xx.2023-cü il təvəllüdlü X6 anaları İddiaçı yanında saxlanılsın. xx.xx.2019-cu il təvəllüdlü X2 və xx.xx.2023-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X4 üç yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərclərinin 40 (qırx) manat hissəsi Cavabdeh alınaraq İddiaçı verilsin, xərclərin qalan hissəsi İddiaçı aid edilsin. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar