Məhkəmə qərarları › İş №e-2(006)-3970/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-3970/2025

27.08.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-3970/2025 27.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X3 oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3400 (üç min dörd yüz) manat əmək haqqı məbləğinin, istifadə edilməmiş məzuniyyət günlərinin əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində kompensasiya məbləğinin, əmək haqqı gec ödənildiyi üçün hesablanmış 10290 (on min iki yüz doxsan) manat faiz məbləğinin, 60 (altmış) manat məbləğində mediasiya xidmət haqqının, ümumilikdə cəmi 15250 (on beş min iki yüz əlli) manat məbləğində pulun alınıb iddiaçıya verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh MMC-də 2024-cü ilin aprel ayından MMC-nin ünvan 1 ünvanında “Aztex Plaza”nın 2-ci mərtəbəsində yerləşən ofisində “tender üzrə mütəxəssis”, daha sonra "xxxx" kimi işlərin görülməsinə cəlb edilmişdir. Razılaşmaya əsasən MMC-nin faktiki rəhbəri iddiaçıya hər ay 1700.00 (min yeddi yüz) manat əmək haqqı ödəməyi öhdəsinə götürmüş və bir müddət ödəniş edilmişdir. 2024-cü ilin avqust və 2024-cü ilin sentyabr ayının əmək haqlarını ala bilmədiyindən iddiaçı 2024-cü ilin oktyabr ayının 1-i rəhbərliyə işdən çıxmaq istədiyini bildirəndə və əmək müqaviləsinə xitam verilməsini istəyəndə ona məlum olmuşdur ki, onunla əmək müqaviləsi bağlanılmamış və ƏMAS-a işlənilməmişdir. 3400.00 (üç min dörd yüz) manat əmək haqqını və istifadə olunmamış on beş gün üçün məzuniyyət haqqı 1500.00 (min beş yüz) manat, ümumilikdə 4900.00 (dörd min doqquz yüz) manat son haqq hesabı istəyəndə rəhbəri iddiaçıya ödəniş etməyəcəyini, özünün xarici vətəndaş olaraq üstün hüquqa malik olduğunu bildirərək “hara istəyirsən, get, şikayət elə” demişdir. Bununla bağlı iddiaçı X1 Xidmətinə və Baş Prokurorluğa müraciət etmiş, araşdırmalar nəticəsində iddiaçının həqiqətən orada çalışdığı və əmək haqqını almadığı və Cavabdeh MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi sübuta yetirilmişdir. İddiaçı tərəfindən məsələnin mediasiya prosesi çərçivəsində həll olunması üçün cavabdehə müraciət edilsə də, cavabdehin mediasiya prosesində iştirak etməkdən imtina etməsi səbəbindən mediasiya prosesi baş tutmamışdır. Onun tərəfindən mediasiya prosesinin keçirilməsi üçün 60.00 (altmış) manat məbləğində haqq ödənilmişdir. İddiaçı Cavabdeh MMC tərəfindən son haqq-hesab olaraq ona ödənilməli olan 3400.00 (üç min dörd yüz) manat əmək haqqı və istifadə olunmamış on beş gün üçün məzuniyyət haqqı 1500.00 (min beş yüz) manat məbləğində kompensasiya ödənişinin ona verilməsini məhkəmə qaydasında tələb etmək məcburiyyətində qalmışdır. Həmçinin, əmək haqqının gec verilməsinə görə hesablanmış 10290.00 (on min iki yüz doxsan) manat faiz məbləği iddiaçıya ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib bildirdi ki, 2024-cü ilin aprel ayından etibarən cavabdeh MMC-də əvvəlcə “tender üzrə mütəxəssis”, daha sonra isə "xxxx" vəzifəsində işləmişdir. Ona MMC-nin vergi borcu olduğunu, buna görə də əmək müqaviləsinin bağlanmasının mümkün olmadığı bildirilmiş, pula ehtiyacı olduğuna görə iddiaçı hələlik əmək müqaviləsi olmadan işləməyə razı olmuşdur. Tərəflər arasında olan danışığa əsasən, onun aylıq əmək haqqı 1.700 manat olmuş, MMC tenderdə qalib gələcəyi təqdirdə, əmək haqqına əlavə 2 % veriləcəyi razılaşdırılmışdır. MMC-nin mühasibatlığı düzgün işləmədiyindən, iddiaçı tenderlərə qoşulmaqla bağlı əməliyyatları həyata keçirə bilmədikdə, MMC-nin faktiki rəhbəri ona direktor olmağı və hər işlə onun məşğul olmasını təklif etmiş, o da razılaşmışdır. Vergi borcu məsələsinə görə "xxxx" vəzifəsinə təyin olunan zaman da onunla əmək müqaviləsi bağlanılmamış, lakin onun üçün vizitkartlar düzəldilmişdir. İddiaçı işin getmədiyini görəndə xx.xx.2024-cü il tarixdə işdən çıxmaq istədiyini bildirərək, əmək haqqını tələb etsə də, ona heç bir ödəniş edilməmiş və əmək müqaviləsinin olmadığı bildirilmişdir. İddiaçı cavabdeh MMC-ni prokurorluğa şikayət etmiş, barışmaq üçün cəhd etsə də, qarşı tərəf görüşə gəlməmişdir. Əmək haqqının 1.700 manat olması ilə bağlı heç bir sübutu olmadığına görə, məhkəməyə təqdim edə bilmədiyini, işlədiyi dövrdə MMC-nin fəaliyyəti üzrə heç bir orqan və ya şirkətlə müqavilələrin imzalanmadığını əlavə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, vəkili-nümayəndəsi Vəkil məhkəməyə elektron ərizə göndərərək, səhhəti ilə bağlı problemi olduğunu, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh MMC-nin vəkili-nümayəndəsi Vəkil bildirmişdir ki, iddiaçı özü şirkətə gəlib, böyük çevrəsinin olduğunu, çoxlu iş müqavilələri gətirə biləcəyini demişdir. Cavabdeh və iddiaçı elə razılaşmışdır ki, iddiaçı müqavilə gətirəcək, cavabdeh də ona faizini verəcək. İddiaçını komputerlə təmin etmişlər, lakin hər gün işə gəlməmişdir. Sonra iddiaçı yol pulu istəyib, ona pul verib və deyiblər ki, faizdə əvəzləşərik. İddiaçı müqavilə gətirməsə belə, rəhbərlik ona 2-3 ay pul vermişdir. İddiaçı yenə pul istəyən zaman ondan qəbzlər tələb olunanda dava etmiş və onlardan şikayət edəcəyini bildirmişdir. İddiaçı tender üzrə mütəxəssis kimi işə qəbul olunduğunu bildirsə də, işə qəbul barədə ərizəsi olmamışdır. Əgər işçinin əmək müqaviləsi olsa idi, o Sima proqramı ilə imzalanmalı idi. İddiaçı direktor olsa idi, Vergi Xidmətinin reyestrindən keçməli idi. İddiaçı özü də bildirir ki, pulu az-az almışdır. Ona sadəcə məsrəflərə görə az-az pul verilmişdir. İddiaçı sübut etməlidir ki, əmək haqqı alıb. İşlədiyi müddət ərzində onun vasitəçiliyi ilə MMC-nin fəaliyyəti üzrə heç bir orqan və ya şirkətlə müqavilələr imzalanmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin vəkili-nümayəndəsinin ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Bakı 8 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/8/2025-00727 nömrəli arayışdan görünür ki, Cavabdeh MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat İMS və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(006)-4738/2024 nömrəli qərarından görünür ki, Cavabdeh MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 20000 (iyirmi min) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, cavabdehdən iddiaçıya aid olan sənədlərin təqdim edilməsi tələb olunmuş, məktub müəssisəyə xx.xx.2024-cü il tarixində çatdırılmış, lakin işəgötürən tərəfindən müvafiq sənədlər təqdim olunmamışdır. Nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən iddiaçı ilə cavabdeh arasında bağlanılmış əmək müqaviləsinin mövcud olmadığı müəyyən edilmişdir. Araşdırma zamanı cavabdehin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 24-1-0-0/000-1612-3 saylı qərar üzrə inzibati xəta haqqında işə baxılması üçün materiallar Xidmətə təqdim olunmuşdur. Təqdim edilmiş materiallardan iddiaçının əmək müqaviləsi bağlanılmadan cavabdeh tərəfindən əmək fəaliyyətinə cəlb edildiyi məlum olmuşdur. Qeyd edilən əmək qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar cavabdehin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli 24-1-0-0/000-1612-3 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında qərara uyğun olaraq xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2025-ci il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində araşdırılması və müvafiq tədbirlərin görülməsi mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması iddiaçının diqqətinə çatdırılmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı ödənilməmiş əmək haqqının, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiyanın, əmək haqqı gec ödənildiyi üçün hesablanmış faiz məbləğinin və mediasiyaya ödənilmiş xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddiasını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9, 83.2, 135, 140, 144.2, 140, 172-ci maddələri ilə əsaslandırır. Cavabdeh tərəf isə 20.000 manat məbləğində əsassız olaraq cərimələndiklərini bildirmiş və qeyd etmişdir ki, iddiaçı ilə o şərtlə razılaşmışlar ki, iddiaçı cavabdeh üçün iş müqavilələri gətirəcək, cavabdeh isə ona müvafiq məbləğin faizini verəcəkdir. İddiaçı müqavilə gətirməsə belə, cavabdeh ona 2-3 ay pul vermiş və iddiaçının müqavilə gətirdiyi vaxt ödəyəcəyi faiz ilə əvəzləşdirəcəklərini razılaşmışlar. İş materiallarından və tərəflərin izahatlarından müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən cavabdehin iddiaçını hər hansı işlərin yerinə yetirməsinə cəlb etməsi əsası ilə (İXM-nin 192.1-ci maddəsi) cavabdeh barəsində 20.000 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə: Məhkəmə ilk olaraq qeyd edir ki, hazırkı mübahisə araşdırılarkən mübahisəyə iddia tələbi həcmində qiymət verilməlidir. Belə ki, iddiaçının iddia tələbində qeyd etdiyi – əmək haqqı, istifadə edilməmiş məzuniyyətə görə kompensasiya, əmək haqqının gecikdirilməsinə görə müvafiq faiz məbləğində ödəncin verilməsi tələbləri əmək müqaviləsi əsasında yarana bilən hüquq və vəzifələrdir. Əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir (AR ƏM, 3. maddənin 5. hissəsi). Göründüyü kimi, əmək müqaviləsinin tərəfləri işçi və işəgötürəndir. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir (AR ƏM,

3. maddənin 2. hissəsi). Hazırkı iş üzrə iddiaçı ilə cavabdeh arasında fərdi qaydada yazılı əmək müqaviləsi bağlanmamışdır. Nə iddiaçı işçi statusunda, nə də cavabdeh işəgötürən statusunda olmamışdır. Tərəflər arasında əmək müqaviləsinin olmaması işin mübahisəsiz halıdır. Əmək haqqı, onun gecikdirilməsinə görə ödənc, istifadə edilməmiş məzuniyyət haqqına görə kompensasiya haqqı işçinin işəgötürənlə əmək müqaviləsi bağlaması nəticəsində yaranan hüquqlardır. Yəni həmin hüquqların əsasında tərəflər arasında qanunla müəyyən edilmiş normalara əməl edilməklə bağlanan və hüquqi qüvvəyə minən əmək müqaviləsi dayanır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi əsasında yaranan tələb hüquqları ilə əmək müqaviləsi olmadan faktiki hüquq münasibətləri əsasında yaranan vurulmuş maddi ziyanın ödənilməsi tələbinin yaranma əsasları fərqlidir. Belə ki, əmək haqqının ödənilməsi, istifadə edilməmiş məzuniyyət haqqının ödənilməsi və s. haqlar (hüquqlar) müqavilə əsasında yaransa da, əmək müqaviləsi olmadan faktiki hüquq münasibətləri əsasında yaranan vurulmuş maddi ziyanın ödənilməsi tələbinin əsasında qanun dayanır. İddiaçının tələbi vurulmuş maddi ziyanın ödənilməsi deyil. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində tərəflər arasında əmək müqaviləsi olmadan yarana bilən əmək münasibətlərinin dairəsi müəyyən edilmişdir. Həmin norma imkan verir ki, əmək müqaviləsi əsasında yaranan əmək münasibətləri ilə əmək müqaviləsi olmadan yaranan əmək münasibətləri fərqləndirilsin. Məhkəmə qeyd edir ki, tərəflər arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadığına görə iddiaçının əmək haqqı, onun gecikdirilməsinə görə ödənc, istifadə edilməmiş məzuniyyət günlərinə görə kompensasiya tələb etmək hüquqları da yaranmamışdır. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına istinad edərək həmin qərar ilə iddiaçının həqiqətən orada çalışdığı, əmək haqqı almadığı və cavabdehin İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətdiyinin sübuta yetirildiyini qeyd etsə də, qeyd edilən bütün məsələlər həmin qərarda sübuta yetirilməmişdir. Qeyd olunan qərar ilə cavabdehin iddiaçını əmək müqaviləsi olmadan işə cəlb etdiyi müəyyən edilmiş və buna görə cavabdeh barəsində cərimə növündə inzibati tənbeh növü tətbiq edilmişdir. Elə məsələ də budur ki, cavabdeh ilə iddiaçı arasında əmək müqaviləsi bağlanmamışdır. Həmin qərar ilə tərəflər arasında əmək müqaviləsinin olmadığı bir daha sübut olunur. Lakin tərəflərin 1700 manat əmək haqqı, onun ödənilməsi, müvafiq iş vaxtı, istirahət vaxtı, məzuniyyət günü barəsində razılaşması barədə iddiaçı hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə qeyd olunanları, o cümlədən, tərəflər arasında hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadığını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. d) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1. və 2. hissələr. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddə, 2. hissə. İşçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs. 3-cü maddə, 4-1. hissə. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. 83-cü maddə. 4. hissə. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 89-cu maddə. 1. hissə. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır. 110-cu maddə. 1. hissə. İşçilər vəzifəsindən (peşəsindən), əmək şəraitindən və əmək müqaviləsinin müddətindən asılı olmayaraq, bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüququna malikdirlər. 154-cü maddə. 1. hissə. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 172-ci maddə. 5. hissə. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. 195-ci maddə. “d” bəndi. İşçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «X4” MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyinə görə iş üzrə çəkilmiş mediasiya xərcləri iddiaçının özünə aid edilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə çəkilmiş mediasiya xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar