Məhkəmə qərarları › İş №e-2(006)-4011/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4011/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4011/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 55.000 (əlli beş min) ABŞ dolları əsas borc, 19.250 (on doqquz min iki yüz əlli) ABŞ dolları faiz borcu, 457,84 (dörd yüz əlli yeddi manat, səksən dörd qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 457,84 (dörd yüz əlli yeddi) manatın və 74.250 (yetmiş dörd min iki yüz əlli) ABŞ dolları məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Azərbaycan manatının məzənnəsi nəzərə alınmaqla tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək öz izahatında bildirmişdir ki, 2014-cü ildə həyat yoldaşı xərçəng xəstəliyinə tutulduğundan mütəmadi olaraq yaşadıqları Sabirabad şəhərindən Bakı şəhərinə müayinə və müalicəyə gəlməyə, həmin dövrdə qohumlarının evində və ya otellərdə gecələməyə məcbur olurdular. Başqalarına narahatlıq yaşatmamaq və mümkün qədər ağır xəstə olan həyat yoldaşının narahatlıqlarının qarşısını almaq üçün Bakı şəhərində ev almağa qərar verdilər. Həmin dövrdə tanışı Cavabdeh ev almaq niyyətini bildikdə Bakı şəhərində, Ramana qəsəbəsində evi olduğunu, evi satmaq istədiyini və vəziyyətini nəzərə alaraq münasib qiymətə evi ona sata biləcəyini bildirdi. O, cavabdehlə birlikdə evə baxış keçirdi, məlum oldu ki, ev 0,2 sot torpaqda kürsülü, 3 otaqlı və dəhlizdən ibarət formada inşa edilib. Cavabdeh evi əslində 70.000 (yetmiş min) manata satışa çıxardığını, lakin münasibətlərini, vəziyyətini və ehtiyacını nəzərə alaraq evi ona 60.000 (altmış min) manata satacağına söz verdi. Lakin, o, həmin dövrdə o qədər pulu birdəfəyə verə bilməyəcəyini, pulu hissə-hissə vermək imkanının olduğunu bildirdi. Cavabdeh bununla razılaşdı. O da Sabirabad şəhərinə qayıdaraq 15.000 (on beş min) ABŞ Dolları məbləğində pulu taksi sürücüsü Etibar adlı şəxslə birlikdə cavabdehə göndərdi. Həyat yoldaşının xəstəliyinin ağırlaşması səbəbindən müalicə və müayinələr üçün mütəmadi olaraq Türkiyə Respublikasına getmək məcburiyyətində qaldığından bir neçə ay cavabdehlə əlaqə saxlaya bilmədi. Lakin, 2015-ci ilin fevral ayında növbəti dəfə Türkiyə Respublikasından qayıtdıqda cavabdeh Heydər Əliyev adına Hava limanında onları qarşılayaraq Sabirabad şəhərinə gətirdi, söhbət əsnasında evin qalan pulunu da ödəməyini xahiş etdi. O da Sabirabad şəhərində yerləşən evində ailə üzvlərinin iştirakı ilə cavabdehə 40.000 (qırx min) ABŞ Dolları məbləğində ödəniş etdi. Təqribən 1-2 ay sonra ailə üzvləri və tanışları cavabdehdən almış olduğu evə baxdıqda cavabdehin evi dəyərindən baha qiymətə ona satdığını müəyyən etdilər. Bu səbəbdən 2015-ci ilin aprel ayında cavabdehlə görüşərək bu barədə iradını ona bildirdi və ödədiyi 55.000 (əlli beş min) ABŞ Dollarını geri qaytarmasını ondan tələb etdi. Cavabdeh ondan aldığı pulu borclarına verdiyini, hazırda pulu olmadığını bildirdi, amma ona satdığı evi başqa şəxsə sataraq pulunu qaytaracağına söz verdi. Lakin, dəfələrlə pulunu qaytarmasını tələb etməyinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmadı. Cavabdehin pulunu verməyəcəyindən qorxaraq 2018-ci ildə yenidən onunla əlaqə saxlayaraq ondan aldığı evi onun adına sənədləşdirməsini tələb etdi, lakin cavabdeh bildirdi ki, evi 60.000 (altmış min) manata başqa şəxsə satıb və borclarına ödədiyindən bu mümkün deyil, qısa vaxtda pulunu geri qaytaracaq. Lakin, bir müddət sonra cavabdeh telefonlarına cavab vermədi və onu tapa bilmədim. 14 sentyabr 2019-cu ildə ortaq tanışımız Rafael adlı şəxslə birlikdə Bakı şəhərinə gələrək Cavabdehi tapdıq. Cavabdehlə söhbət əsnasında artıq ona inanmadığımı bildirdi və pulunu dərhal tam məbləğdə geri qaytarmasını tələb etdi. Cavabdeh pulunun olmamasını, lakin ödəyəcəyinə inanmağı üçün iltizam tərtib edildi və cavabdeh öz imzası ilə iltizamı təsdiq edərək ona təqdim etdi. Cavabdeh öz imzası ilə təsdiq etdiyi iltizamda da qeyd etdi ki, həqiqətən ev satmaq adı ilə ondan 55.000 (əlli beş min) ABŞ Dolları məbləğində pulu alıb və qısa vaxtda pulunu geri qaytaracaq. Lakin, bu günədək cavabdeh müxtəlif bəhanələrlə pulunu vermir. O, 2020-ci ildə cavabdehin ona qarşı törətdiyi dələduzluq cinayəti barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etdi. Şikayəti araşdırılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Polis Şöbəsinə göndərildi. Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı polis mayoru Möhlət Bayramov şikayəti əsasında 26 mart 2020-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etdi. Qərar onunla əsaslandırıldı ki, mübahisə mülki xarakterlidir və o, mülki qaydada məhkəməyə müraciət etməlidir. Həmin araşdırma zamanı da cavabdeh ona qeyd edilən məbləğdə borclu olduğunu etiraf etdi və bu etirafedici izahatı qərarda da öz əksini tapıb. Cavabdehin ona 55.000 (əlli beş min) ABŞ Dolları məbləğində borclu olması mübahisəsizdir, lakin hesab edir ki, cavabdeh 7 ildən artıq müddətdə pulunu qaytarmaması səbəbindən ona əlavə ziyan vurub. Bu səbəbdən cavabdehin ona qaytarmalı olduğu məbləğ aşağıdakı kimi hesablanmalıdır: Əsas borc: 55.000 (əlli beş min) ABŞ Dolları; Öhdəliyin vaxtında icra edilməməsi səbəbindən vurulmuş maddi zərər: 55.000*5%=2750 ABŞ Dolları; 2750*7=19250 ABŞ Dolları; 55.000 + 19250 = 74250 ABŞ Dolları; Dövlət rüsumu: 457,84 (dörd yüz əlli yeddi manat, 84 qəpik) manat. Qeyd edilənlərə əsasən hesab edir ki, cavabdeh borcun ödənilməsi ilə bağlı öhdəliyini 7 il müddətində icra etmədiyindən ümumilikdə 457,84 (dörd yüz əlli yeddi manat, 84 qəpik) manat dövlət rüsumunun və 74.250 (yetmiş dörd min iki yüz əlli) ABŞ Dolları məbləğində pulun ödəniləcək günə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın məzənnəsi nəzərə alınmaqla ona ödəməlidir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək, eyni zamanda məhkəməyə yazılı ərizə təqdim edərək izahatında bildirdi ki, iddia ərizəsi verilərkən 457,84 (416,22 manat +41,62 manat) manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz 9********). Hesablama apararkən iddia ərizəsinin və müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizənin verilməsinə görə rüsumlar birlikdə hesablanmış və ödənilmişdir. MTT tətbiqi ilə əlaqədar ərizə ayrıca icraat şəklində baxıldığı üçün təkrar olaraq 42,00 manat məbləğində dövlət rüsumu ödənilmişdir (qəbz 9********). Beləliklə, iddia ərizəsinin verilməsinə görə 41,62 manat məbləğində dövlət rüsumu artıq ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, 5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.1. bu Qanunla müəyyən edilmiş miqdardan artıq dövlət rüsumu ödənildikdə; 5.2. Bu Qanunun 5.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumünun artıq ödənilmiş hissəsi geri qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 2002-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun qaytarılması Qaydaları”nın 2-ci maddəsinə görə, 2.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 2.1.1. dövlət rüsumu qanunla müəyyən edilmiş miqdardan artıq ödənildikdə. Qeyd edilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə, həmçinin xx.xx.2022-ci il tarixli ********* nömrəli qəbzlə ödənilmiş 457,84 manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş 41,62 manat məbləğində hissəsinin qaytarılması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan 26 mart 2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 8-də yaşayan İddiaçı xx.xx.2020-ci il tarixdə DİN-in BMCMİ-dən daxil olmuş müraciətində, tanıdığı Cavabdeh onun etibarından istifadə edərək onu aldatmasını, fərdi yaşayış evi almaq adı ilə ondan 55.000 ABŞ dolları alaraq mənimsəməsini və üç il olar ki, pulunu geri qaytarmadığını göstərmişdir. Təhqiqat araşdırması zamanı Cavabdeh izahatında evi satıb İddiaçı olan borcunu tam ödəyəcəyinə vəd vermişdir. Toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş və İddiaçı, Cavabdeh pul tələbi ilə əlaqədar mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan 26 mart 2020-ci il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh öz izahatında bildirmişdir ki, o, çox çalışmış, bu günə kimi İddiaçı aldığı 52000 manatı qaytara bilməmişdir. 2020-ci ilin əvvələrindən dostları Rafael Quliyevin iştirakı ilə 53000 manatı kurs ilə hesablanmış, 52.000 ABŞ dolları etmişdir. Novxanı qəsəbəsində olanevi satışa çıxarmış, hələki qeyd edir ki, ölkədə devalvasiya getdiyi ərəfədə müəyyən problemləri yaranmış, həmin evdən İddiaçı imtina etdiyi üçün dəyər-dəyməzə satıb öz problemlərinə sərf etmişdir. Mülki işin materiallarında olan 14 sentyabr 2019-cu il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh yazaraq bildirmişdir ki, dostu Sabirabad rayon sakini İddiaçı ilə Bakı şəhəri, Ramana qəsəbəsində yerləşən ona məxsus həyət evinin alqı-satqısı barədə qarşılıqlı razılığa gələrək ondan həqiqətən əvvəlcədən 55.000 ABŞ dolları almışdır. Lakin, müəyyən səbəbdən qeyd edilən evin alqı-satqısı baş tutmadığı üçün üzrlü səbəbdən bugünə kimi İddiaçı qaytara bilmədiyi 55.000 ABŞ dollarının və ya hazırki vaxtda yeni Azərbaycan manatı ilə ekvivalenti olan 93.000 manat məbləğində pulu yaxın vaxtda nağd qaydada İddiaçı qaytaracağını bildirmişdir. Beləliklə, mülki işin materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərardan da göründüyü kimi, Cavabdeh izahatı alınarkən etiraf edərək bildirmişdir ki, Sabirabad şəhəri, Şəhriyar küçəsi, ev 8-də yaşayan İddiaçıı 2000-ci ildən tanıyır, ailəvi gediş-gəlişləri olmuşdur. 2014-cü ilin dekabr ayında ondan həyat yoldaşını Türkiyə dövlətindən gələrkən qarşılayıb Sabirabad rayonuna gətirmişdir. Həmin dövrdən bir qədər öncə onun ehtiyacı olan vaxt taksi vasitəsilə onun zəngi ilə ona 12.000 manat pul yollamış, sonra aralarında söhbət olduqda o, öz problemlərini İddiaçı danışmışdır. Öz evlərində İddiaçı ona 40.000 manat pul verib “onsuz da ev lazımdır” deyə bildirmişdir. Həmin ərəfələrdə Bakı şəhərində Ramanı qəsəbəsində həyət evi olmuş, 2018-ci ildə o, İddiaçı bu barədə bildirmişdir. Amma İddiaçı və ailəsi evi bəyənməmişlər. O, çox çalışmış, bugünə kimi İddiaçı aldığı 52.000 manatı qaytara bilməmişdir. 2020-ci ilin əvvəllərində dostları Rafael Quliyevin iştirakı ilə 52.000 manatı kurs ilə hesablanmış, 52.000 ABŞ dolları etmişdir. Novxanı qəsəbəsində olan evi satışa çıxarmış, hələki ev satılmamış, satıldığı halda İddiaçı olan borcunu tam qaytaracaqdır. Əlavə olaraq, ölkədə devalivasiya getdiyi ərəfədə müəyyən problemləri yaranmış, həmin evdən İddiaçı imtina etdiyi üçün dəyər-dəyməzinə satıb öz problemlərinə sərf etdiyini etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 55.000 ABŞ dolları məbləğində pulu ev almaq üçün Cavabdeh vermiş, sonradan cavabdeh özü yazdığı iltizamla və həmçinin, onun izahatı alınarkən verdiyi izahatla pulu mənimsəyərək əldə etdiyini, indiyədək öhdəliklərini lazımi şəkildə yerinə yetirmədiyini etiraf etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək həmin borc məbləği ilə yanaşı, öhdəliyin yerinə yetirilməməsinə görə gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğini də məhkəmədən tələb edir. Məhkəmə iclasında iştirak edən cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirsə də, mənimsədiyi pulu geri qaytarması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı 55.000 ABŞ dolları məbləğində pulu mənimsəmiş, lakin bu günədək həmin məbləği iddiaçıya geri qaytarmamışdır. Cavabdeh ona borclu olduğu 55.000 ABŞ dolları məbləği Sabirabad RPŞ-nin Təhqiqat bölməsində ondan alınan izahatında etiraf etmişdir. Beləliklə, cavabdeh tərəfindən 55.000 ABŞ dolları məbləğində pulun evi satmaq niyyəti ilə mənimsənilməsi və cavabdehin hələ də o borcu ödəməməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin faiz borcu hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət Rüsumu haqqında qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia tələbinin qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi borc pul hissəsində təmin edildiyindən, tələb dövlət rüsumunun tutulması hissəsində də təmin edilməlidir. İddianın qaldırılması üçün ödənilən 457,84 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cü maddəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 55.000 (əlli beş min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 457 (dörd yüz əlli yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 55.000 (əlli beş min) ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, həmçinin 457 (dörd yüz əlli yeddi) manat 84 (səksən dörd) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar