Məhkəmə qərarları › İş №e-2(006)-4050/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4050/2025

21.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4050/2025 21.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına iddiaçının xeyrinə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi ziyana görə 50.000 (əlli min) manat kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuşdur. 26 sentyabr 2022-ci il tarixində qanunsuz olaraq azadlıq hüququ məhdudlaşdırılmış, heç bir rəsmiləşdirilmə aparılmadan 2 gün müddətində qanunsuz olaraq tutulmuşdur. Məhkəmə sözügedən mobil nömrələrə dair məlumatlarını, habelə xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın qəbul edilməsinə əsas olmuş toplanmış materialı nəzərdən keçirdikdən sonra belə nəticəyə gəlir ki, ittihamda adları şahid qismində qeyd edilmiş Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməliyyat müvəkkilləri X7 və X4 xx.xx.2022ci il tarixdə saat 12:00 radələrində təqsirləndirilən şəxs İddiaçı saxlamamış, həmin tarixdə və vaxtda təqsirləndirilən şəxs İddiaçı artıq 2 gündən bəri, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq 30cu PŞ-də saxlanılmış, İddiaçı saxlanılmasında əlavə şahidlər X5 və X3 iştirak etmişlər (hökm səhifə 24, bənd 120). 28 sentyabr 2022-ci ildə şübhəli şəxs qismində tutulmuşdur. Ona qarşı Bakı şəhər Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 234.1-1ci maddəsi ilə cinayət işi başlanılmışdır. İddiaçı ambulator məhkəmə psixiatrik və psixoloji (xx.xx.2022-ci il tarixli, 2918 nömrəli rəy) ekspertizasına məruz qalmışdır (hökm səhifə 17, bənd 88). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010)-579/2022 nömrəli qərarı ilə barəsində 04 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. xx.xx.2023-cü il tarixdə isə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1148/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının yekununa dair məhkəmə qərarı qəbul edilənədək dəyişdirilmədən saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-252/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı barəsində təkrar kompleks stasionar komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə-X1” X12 ekspertlərinə tapşırılmışdır. Təqsirləndirlən şəxs İddiaçı barəsində xx.xx.2024-xx.xx.2024-cü il tarixlərində təkrar kompleks stasionar komisyon məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizası keçirilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə iddiaçının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmişdir. İddiaçıya qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olması izah olunmuşdur. Beləliklə, Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü ilə bəraət verilən və hökmün qanuni qüvvəyə mindiyi tarixədək qanunsuz olaraq 2 gün müddətində azadlıq hüququ məhdudlaşdırılmış, 2 gün müddətində şübhəli şəxs qismində tutulmuş, 4 ay müddətində barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 8 gün müddətinə psixatriya xəstəxanasında ekspertizaya məruz qalmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İddiaçıya qarşı fiziki təsirlərin olduğu məhkəmə istintaqı zamanı müəyyən edilmiş və bu hal məhkəmə hökmündə öz əksini tapmışdır (hökm səhifə 25, bənd 133). Müvafiq xəsarətlər məhz polis əməkdaşlarının nəzarəti aldında olduğu müddətdə yaranmışdır. Bu da təqsirləndirilən şəxsin fiziki təzyiqlərə məruz qalması, xəsarətlərin həmin təzyiqlər nəticəsində əmələ gəlməsinə dəlalət edir (hökm səhifə 27, bənd 151). İddiaçı barəsində qanunsuz və əsassız olaraq cinayət təqibi aparılan müddət yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək 2 gün müddətində azadlıq hüququ məhdudlaşdırılmış, 2 gün müddətində şübhəli şəxs qismində tutulmuş, 4 ay müddətində barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, 8 gün müddətinə psixatriya xəstəxanasında ekspertizaya məruz qalmış, xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixinədək “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İbtidai istintaq dövründə müxtəlif ekspertizalara məruz qalmışdır. Eyni zamanda onun polis əməkdaşlarının nəzarəti altında olduğu vaxtda fiziki təsirlərə məruz qalması məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Bundan əlavə məhkəmə dövründə sərbəst hərəkət etmək hüququ məhdudlaşdırılmış, qətimkan tədbirlərinin şərtlərinə uyğun olaraq sərbəst surətdə yaşayış yeri seçmək hüququndan məhrum olmuş, əmək fəaliyyəti ilə məşğul olmaq hüququ məhdudlaşdırılmışdır. İstintaq orqanının qanunsuz hərəkətləri nəticəsində mənəvi zərərə məruz qalmış, mənəvi sarsıntı çəkmişdir. Barəsində qanunsuz cinayət təqibi aparıldığı üçün onunla yanaşı, onun ailə üzləri üçün də narahatlıq yaradıb, onların polis, məhkəmə yollarında qalmasına səbəb olub, eyni zamanda onda narahatlıq, məyusluq, əzab əziyyət yaradıb. Bundan əlavə onun polis əməkdaşları tərəfindən tutularaq uzun müdddət bölmədə saxlanılması, sonradan polis əməkdaşları tərəfindən yaşadığı mənzilə baxış keçirilməsi, qonşuların bu kimi hallara şahid olması, onun və ailə üzvlərinin həyat şəraitinə, təşəkkül tapmış yaşayış şərt və qaydalarına xələl gətirmiş, onlar barəsində qonşular və onları tanıyan şəxslər tərəfindən xoş olmayan fikirlər formalaşmış, bu da onlar arasında olan münasibətlərə mənfi təsir göstərmiş, birgəyaşayış qaydalarına xələl gətirməklə, onlar barəsində mənfi fikirlərin formalaşmasına, eləcə də qonşuların onlardan uzaqlaşmasına və ünsiyyət saxlamamasına səbəb olmuşdur. Belə ki, qonşular Fəridin narkotik ittihamı ilə həbs olunduğunu bildikdən sonra onlar ailə ilə əlaqələrini kəsmiş, övladlarına Fəridlə ünsiyyətdə olmağa qadağa qoymuş, bununla da İddiaçı sosial mühitdən nisbətən kənarlaşmasına gətirib çıxarmaqla, onda psixoloji travmalara səbəb olmuşdur. 3 ilə yaxın qanunsuz olaraq cinayət təqibinə məruz qaldığı üçün görə mənəvi zərərin əvəzi olaraq cavabdeh tərəfindən 50.000 manat kompensasiya ödənilməlidir.

3. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi etiraz təqdim edərək, iddia tələbinin tam həcmdə rədd edilməsini xahiş etmişdir.

4. Etiraz belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə”də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır. Bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozuntusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqiqat və istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyinin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericiliyin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxləri tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. “Azərbaycan Respublikası” dedikdə, təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır. Onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Onunla mənəvi zərər arasında hər hansı səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. İddiaçı maddi və mənəvi zərərə məruz qalmasını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddia ərizəsində qeyd edilmiş tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyyət təşkil edir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir.

5. Məhkəmə icraatı zamanı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilmişdir.

a) Məhkəmə prosesi:

6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirib, təmin olunmasını xahiş etdi.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndələrinin məhkəmə iclasında iştirakları təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin və üçüncü şəxslərin (nümayəndələrinin) iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir.

8. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-252/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində təkrar kompleks stasionar komisyon məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının təyin edilməsi, ekspertizanın keçirilməsinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X1” PHŞ-nin ekspertlərinə tapşırılması... qərara alınmışdır.

10. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmündən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilməsi, onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, ona qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi barədə mülki mühakimə icraatı qaydasında tələb irəli sürülməsi hüququna malik olmasının izah olunması... hökm edilmişdir.

11. Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmiş xx.xx.2025-ci il tarixli “sorğuya cavab məktubu”ndan görünür ki, 1(101)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli bəraət hökmündən apellyasiya protesti və şikayəti verilmədiyindən həmin hökm xx.xx.2025-ci il tarixdə qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir.

12. Mülki iş materiallarına Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-X1” PHŞ-nin xx.xx.2024-cü il tarxli rəyi də əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

13. Beləliklə, məhkəmə müəyyən etdi ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən bəraət verilmiş, onun barəsində seçilmiş “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmişdir.

14. Hökmdən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(010- 579/2022 nömrəli qərarından görünür ki, İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, barəsində 04 ay müddətində ev dustaqlığı, xx.xx.2023-cü il tarixdə isə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.

15. Qeyd olunan hökmdə məhkəmə müəyyən etmişdir: - İddiaçı satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edib saxlayıb daşıması sübuta yetirilməmişdir. Belə ki, cinayət işi üzrə ibtidai istintaq zamanı təqsirləndirilən İddiaçı müdafiə hüququ səmərəli və keyfiyyətli şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutlar müdafiə hüququ pozulmaqla, təsir və aldatma yolu ilə əldə edilmişdir. Məlumatlar, sənədlər və əşyalar zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə və müdafiə hüquqları pozulmaqla əldə edilmişdir (hökmün 84, 86, 87. bəndləri). - Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı X8 tərəfindən xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” qərar qəbul edilmiş, həmin qərarda göstərilmişdir ki, İddiaçı keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində Suraxanı rayonu, Hövsan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilmiş, İddiaçı CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə bilavasitə şübhə yarandığından o, xx.xx.2022-ci il tarixdə saat 12:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir. Qeyd edilən qərardan həmin istintaq hərəkəti keçirilən zaman müdafiəçinin iştirakının təmin edilməsi müəyyən edilməmişdir. (hökmün 94. bəndi). - Təqsirləndirilən şəxs İddiaçı xx.xx.2022-ci il tarixdə günorta radələrində, işdə olan “Şübhəli şəxsin tutulması haqqında” qərar və “şübhəli şəxsin tutulması haqqında” protokola əsasən isə 28 sentyabr 2022-ci il tarixdə, saat 12:00-da saxlanılmışdır (hökmün 122. bəndi). - “Şəxsi axtarış və götürülmə aparılması haqqında” 28 sentyabr 2022-ci il tarixli protokola əsasən onun faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən 01 saat 50 dəqiqədən sonra (faktiki olaraq 44-45 saat sonra), yəni 13:50-də üzərinə müdafiəçinin iştirakı olmadan şəxsi axtarış və götürmə aparılmışdır (hökmün 123. bəndi). - İşdən aşkardır ki, İddiaçı həm ibtidai istintaq, həm də məhkəmə icraatı zamanı polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qaldığını, artıq təzyiq və təsirlərə dözməyib polis əməkdaşlarının dedikləri ilə razılaşdığını və videoçəkiliş zamanı bükümün ona məxsus olduğunu etiraf etməsini təsdiq etmişdir (hökmün 136. bəndi). - Göründüyü kimi, müvafiq xəsarətlər məhz polis əməkdaşlarının nəzarəti aldında olduğu müddətdə yaranmışdır. Bu da təqsirləndirilən şəxsin fiziki təzyiqlərə məruz qalması, xəsarətlərin həmin təzyiqlər nəticəsində əmələ gəlməsinə dəlalət edir (hökmün 151.bəndi).

16. Hazırkı iddia tələbi üzrə iddiaçı ona dəyən mənəvi zərərin əvəzi olaraq 50.000 manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini, cavabdeh isə əsl cavabdeh olmadığına görə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

c) Məhkəmənin mövqeyi:

17. Məhkəmə hesab edir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə müəyyən edilən hallar hazırkı mülki məhkəmə icraatı üzrə işin mübahisəsiz halıdır. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

18. Məhkəmə iddiaçının Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsindən ona dəymiş mənəvi zərərə görə təzminat tələb etmək hüququndan istifadə etməklə qaldırdığı iddiasına hüquqi qiymət verərək hesab edir ki, hazırkı iş üzrə hüquqi cəhətdən dəyərləndirilməli əsas məsələ milli qanunvericilik və beynəlxalq hüquq normaları əsasında dövlət orqanları və vəzifəli şəxslər tərəfindən fərdə vurulmuş zərərin ödənilməsi ilə bağlıdır. Dövlət orqanları və vəzifəli şəxslərin hüquqazidd əməli nəticəsində fərdə vurulmuş zərər restitusiya, kompensasiya və satisfaksiya formasında ödənilməlidir. Restitusiya, kompensasiya və satisfaksiya biri-biri ilə qarşılıqlı əlaqədədir. Hüquqazidd əməllər nəticəsində fərdə əlavə maddi və mənəvi ziyanın vurulması hallarında hüquqazidd əmələ qədər mövcud olmuş vəziyyətin bərpası yetərli olmaya bilər. Restitusiyanın məqsədi hüquqazidd əməlin törədilməsinə qədər mövcud olmuş vəziyyətin bərpa olunmasıdır. Restitusiya özündə ən sadə formada, məsələn, qeyri-qanuni tutulmuş şəxsin azad olunmasını əhatə edə bilər. Eyni zamanda, restitusiya əvəzin ödənilməsi formalarında ən öndə durur. Hüquq doktrinasında restitusiyanın iki forması fərqləndirilir: əvvəlki maddi vəziyyətin bərpasını nəzərdə tutan naturada restitusiya (restitutio in integrum) və qeyri-maddi hüquqların bərpası (restitutio in pristinum). Bura inzibati, qanunverici və məhkəmə aktlarının ləğv edilməsini aid etmək olar. Restitusiya hüquqi prinsip kimi ilkinliyinə baxmayaraq, bir çox hallarda qeyri-mümkün və ya qeyri-adekvat olur. Vurulmuş ziyan restitusiya yolu ilə bərpa olunmamışdırsa, dövlət onu kompensasiya ilə bərpa etməlidir. Kompensasiyanın rolu vurulmuş zərərin əvəzinin tam ödənilməsi məqsədilə hər hansı boşluğu doldurmaqdan ibarətdir. Satisfaksiya pozuntunun etiraf olunmasında, təəssüfün bildirilməsində və ya hər hansı digər formada ifadə oluna bilər.

19. Məhkəmə işin mübahisəsiz halı olaraq qeyd edir ki, iddiaçının Daxili İşlər Nazirliyinin polis əməkdaşları tərəfindən saxlanılması, polis əməkdaşları tərəfindən psixi və fiziki təzyiqə məruz qalması, onun barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi, 4 ay ev dustaqlığı qətimkan tədbirindən sonra barəsində xx.xx.2023-cü il tarixdə “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi və yalnız məhkəmənin xx.xx.2025-ci il tarixli hökmü ilə ona bəraət verilib, həmin qətimkan tədbirinin ləğv edilməsi iddiaçıda narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. İşin qeyd olunan faktiki halları nəticəsində ona mənəvi ziyan dəyməsi aşkardır. Lakin məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin əvəzinin 50.000 manat məbləğində qiymətləndirilməsi ədalətli deyildir. Belə ki, mənəvi zərərin ödənilməsi iqtisadi rifahın artırılması, zərərçəkmiş şəxsin maddi cəhətdən zənginləşdirilməsi üçün bir vasitə kimi nəzərdə tutulmamışdır. Bu səbəbdən, təyin olunacaq kompensasiya məbləği ədalət, məntiq və cəmiyyətin qəbul etdiyi mənəvi dəyərlər çərçivəsində mütənasib olmalıdır. Təcrübədə bu cür zərərlərin qiymətləndirilməsi zamanı məhkəmə bir sıra halları, o cümlədən zərərçəkmişə dəyən mənəvi sarsıntının dərəcəsini, hadisənin xarakterini, nəticələrini, tərəflərin sosial-iqtisadi vəziyyətini və hüquqazidd əməlin davametmə müddətini nəzərə alır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 9.000 manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 9.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməlidir.

20. Cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdeh kimi göstərilməsi iddianın qurum kimi ona qarşı yönəldilməsi, iddiaçının hüquqlarının məhz həmin Nazirlik (Nazirliyin vəzifəli şəxsləri) tərəfindən pozulması kimi qiymətləndirilə bilməz. Belə ki, qanunvericiliklə vurulmuş zərərin əvəzinin Azərbaycan Respublikasının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsi hesabına tam həcmdə ödənilməsi nəzərdə tutulmuşdur. Hazırki işdə isə Maliyyə Nazirliyi dövlət büdcəsini idarə edən səlahiyyətli dövlət orqanı kimi çıxış edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında” Əsasnamənin 7.6-cı bəndinə əsasən dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi və dövlət zəmanətinin verilməsinin təşkil edilməsi Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərindən biridir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı məhz hazırki cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.

21. İş üzrə iddiaçı ilə cavabdeh arasında hər hansı hüquq münasibətinin mövcud olmamasından, cavabdehin iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməməsindən asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən cavabdeh tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.

22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin” İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Məhkəmə hesab edir ki, zərərin ödənilmə mənbəyi “dövlət büdcəsinin vəsaiti”, zərəri ödəməli olan subyekt isə “Azərbaycan Respublikası” kimi müəyyən edilməsi əsaslıdır. Belə ki, “Azərbaycan Respublikası” dövlətin adıdır, yəni bu ifadə ilə dövlət nəzərdə tutulur. Cinayət təqibi dövlətin adından həyata keçirildiyindən cinayət təqibinə məruz qalan şəxs bəraət aldığı halda ziyana görə həmin şəxsin qarşısında dövlət məsuliyyət daşıyır. Beləliklə, baxılan işdə hüquq münasibətinin tərəfi dövlətdir, dövlətin səlahiyyətlərini isə onun müvafiq orqanları həyata keçirir. Dövlətdən pul tələb olunduğu halda onun maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən orqan dövlətin səlahiyyətlərini həyata keçirir.

23. Məhkəmə qeyd edir ki, insan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir.

d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:

24. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.

25. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»: Maddə 3. Hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

26. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanunu: Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. İnzibati xəta haqqında işə xitam verildikdə vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ yaranır.

27. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: Maddə 36.2. Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur. Maddə 56.0.1, 56.0.6. Bəraət almış təqsirləndirilən şəxslər, cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1-21.2. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096, 1097.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir.

29. Göstərilənlərlə yanaşı, məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi nəinki onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi, həmçinin ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür.

30. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsinin ziyanın təminindən ibarət olması kimi göstərilmişdir.

31. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası: Maddə 41. Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

32. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

33. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

34. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

35. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»: 13-cü bənd. Mənəvi zərərə aid məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi kimi 9.000 manat məbləğində pul İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərin əvəzi olaraq 9.000 (doqquz min) manat məbləğində pul İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar