Məhkəmə qərarları › İş №e-2(006)-4052/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4052/2024

14.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4052/2024 14.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X3 ananın himayəsində qalması və onun saxlanılması üçün cavabdehdən hər ay sabit olaraq Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində habelə, X5 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən birgə nikahdan dünyaya gəlmiş X3 təvəllüdünün xx.xx.2023-cü il təvəllüdlü olmasını nəzərə alaraq iddia tələbindəki texniki yanlışlıqları düzəldilərək "İddiaçı ilə Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X3 ananın himayəsində qalması və onun saxlanılması üçün cavabdehdən hər ay sabit olaraq Cavabdeh aylıq əmək haqqının və digər gəlirlərinin 1/4 hissəsi məbləğində habelə, X5 3 yaşına çatanadək saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi ilə bağlı qətnamə qəbul edəsiniz” məzmununda və formasında qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pisləşmiş, ailə münasibətlərinə son qoymuşlar. Tərəflər arasında münasibətlər pozulduğuna və tərəflər ayrı yaşadıqlarına görə onların nikahları formal xarakter daşıyır. Hal-hazırda aralarında olan bütün ailə, ər-arvad münasibətlərini kəsmişlər. Odur ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli nikah formal xarakter daşıdığından pozulmalıdır. Məhkəmənin diqqətinə onu da çatdırır ki, uşaq azyaşlı olduğundan öz anasına daha çox bağlıdır. Onun ana nəvazişinə, ana qayğısına daha çox ehtiyacı vardır. İddiaçının övladı hal-hazırda iddiaçı ilə birlikdə və onun himayəsində yaşayır. Tərəflərin birgə nikahlarından doğulan övladı X5 iddiaçının yanında və himayəsində qalmalı və uşağın saxlanması üçün cavabdehdən aliment tutulmalıdır. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, o, azyaşlı uşağına bir ata kimi, bir valideyn kimi aliment ödənilməli olduğunu bilir. Lakin onun ödəyəcəyi aliment azyaşlı uşağının deyil, iddiaçının hər hansı aylıq tələbatına xərclənəcək. Ailə dəyərlərinə fikir verməyən, ailə dəyərlərini heçə sayan bir qadına bu pul ödənilməməlidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində olan X1 və Koordinasiya Mərkəzində işləyir. Aylıq qazancı 2000 manat (xalis gəlir) civarındadır. Onun iddiaçıya aliment ödəmək fikri yoxdur. Lakin azyaşlı uşağına aliment ödəməyə həmişə hazırdır. Ondan tutulan alimentin azyaşlı qızının adına açılacaq bank hesabına köçürülməsini tələb edir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Odur ki, məhkəmədən İddiaçı aliment tələbinə dair iddia ərizəsinin qismən təmin edilməklə ondan tutulmalı olan alimentin azyaşlı qızı Miranın adına açılmış bank hesabına ödənilməklə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil Namik oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, nikahın pozulmasına, uşağın ananın himayəsində qalmasına və əmək haqqının ¼ hissəsi miqdarında alimentin təyin edilməsinə etirazının olmadığını, lakin uşağın 3 yaşına kimi 100 manat alimentin ödənilməsi hissəsində iddianı qəbul etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: AZ-İ seriyalı 053575 nömrəli nikah haqqında şəhadətnayə əsasən, Cavabdeh ilə X4 arasında olan nikah xx.xx.2022-ci il tarixdə 199 sayla bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına «Sərdarova» soyadı verilmişdir. AZ-İ seriyalı 265915 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. xx.xx.2024-cü il tarixli mediasiya arayışına əsasən, xx.xx.2024-cü il tarixdə saat 13:00-13:30-da keçirilmiş ilkin mediasiya sessiyasından sonra proses davam etdirilə bilməmişdir. İddiaç ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış Cavabdeh gəlir məlumatlarına əsasən, o, "X1 və Koordinasiya Mərkəzi" X6 dövlət qulluqçusu-Baş mütəxəssis vəzifəsində işləyir və əmək haqqı 1250 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3. Uşaqlar barəsində dövlət siyəsəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir; Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 19.1. Bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Maddə 20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyrimümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Maddə 20.2. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Maddə 22.1. Nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Maddə 55.3. Mməhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 76.1.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə məhkəmə tərəfindən onların valideynlərindən hər ay qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutulur. Maddə 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Maddə 85.1.1. Nikah pozulduqdan sonra hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər. Maddə 100.2. Aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının: 6.1-ci bəndinə əsasən, nikahın pozulmasına qarşılıqlı razılıq olduqda, nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Bu halda Ailə Məcəlləsinin 21.3-cü maddəsinin tələbinə uyğun olaraq nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən bir ay müddət keçdikdən sonra həyata keçirilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019-cu il tarixli Qərarı: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Həmçinin həmin Qərarda məhkəmələrə nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyinin izah edilməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X5 doğulmuşdur. Hazırda tərəflərin münasibətləri pozulduğundan birlikdə yaşamırlar, ailələri faktiki olaraq dağılmışdır. Uşaq isə faktiki olaraq anasının yanındadır. İddiaçı mübahisənin mediasiya vasitəsilə həll olunması üçün cəhd etsə də, razılıq əldə olunmamışdır. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən tərəflərə barışıq üçün 3 ay vaxt verilməsi təklif olunmuş, lakin tərəflər aralarında olan nikahın pozulmasına təkid edirlər, ailənin bərpasına ümid yoxdur. Hazırda Cavabdeh nikahın pozulmasına, uşağın ananın himayəsində qalmasına və əmək haqqının ¼ hissəsi miqdarında alimentin təyin edilməsinə etirazının olmadığını, lakin ondan tutulmalı olan alimentin 235 manatdan artıq olan hissəsinin azyaşlı qızı Miranın adına açılmış bank hesabına ödənilməklə tutulmasını, habelə uşağın 3 yaşına kimi 100 manat alimentin ödənilməsi hissəsində iddianı qəbul etmədiyini bildirir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-16(006)-341/2024 nömrəli qərardadı ilə məhkəmədə işə mahiyyəti üzrə baxılıb qurtaranadək xx.xx.2024-cü il tarixdən hesablanmaqla Cavabdeh xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında müvəqqəti alimentin tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. Məhkəmə iddia tələbinin “nikahın pozulması və uşaq” hissəsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi, cavabdeh “nikahın pozulması və uşaq” hissəsində iddia tələbini etiraf etmişdir. Məhkəmə hesab edir ki, onun iddianı etiraf etməsi qanunazidd deyildir, hər hansı şəxsin hüquq və mənafelərini pozmur, yetkinlik yaşına çatmayan uşağın da mənafeyinə uyğundur. Buna görə də cavabdehin bu hissədə iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul olunur. Barışıq üçün vaxt verilməsinə etiraz edərək, tərəflərin nikahın pozulmasını təkid etməsi, eyni zamanda, ailənin tamlığının saxlanılmasının mümkün olmaması nəzərə alınmaqla, İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı Asan Xidmət X2 xx.xx.2022-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 199 nömrəli qeyd ilə bağlanmış nikah pozulmalıdır. Tərəflər arasında birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalmasına dair mübahisə olmamasını, uşağın azyaşlı olmaqla ana nəvazişinə və qayğısına ehtiyacı olmasını nəzərə alıb məhkəmə hesab edir ki, xx.xx.2023cü il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılmalıdır. Məhkəmənin mövqeyi ondan ibarətdir ki, uşaq anasının yanında saxlanılması onun maraqlarına zidd deyildir və ilk növbədə, mənafelərinə xidmət edəcəkdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Məhkəmə iddia tələbinin “uşağın saxlanması üçün alimentin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, İddiaçı cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Cavabdeh həmin miqdarda alimentin tutulmasına razı olduğunu, lakin ondan tutulmalı olan alimentin 235 manatdan artıq olan hissəsinin azyaşlı qızı Miranın adına açılmış bank hesabına ödənilməklə tutulmasını bildirir. Qeyd olunur ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin, digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan, qanunverici onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Hazırki halda məhkəmə cavabdehin əmək qabiliyyətli olmaqla aliment ödəmək imkanına malik olduğunu və həmin hissədə də iddianı etiraf etməsini nəzərə alır və alimentin cavabdehin əmək haqqının ¼ hissəsi miqdarında tutulması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, uşağın cavabdehin himayəsində qalması uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin cavabdehin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən – iddiaçıdan tutulmasına əsasdır. Alimentin azyaşlı Miranın adına açılmış bank hesabına ödənilməklə tutulmalı olması ilə bağlı Cavabdeh müraciətinə münasibətdə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 55.2-ci maddəsinə əsasən, aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Azərbaycan Respublikasında uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlər üçün müəyyən edilmiş məbləğdir ki, qeyd edilən məbləğdən artıq ödənilən məbləğ uşağın uşağın sağlamlığının və həyat fəaliyyətinin minumum səviyyədən daha yuxarı səviyyədə təmin etmək imkanı verməkdədir. Məhkəmə hesab edir ki, Cavabdeh 1250 manat (cavabdehin özünün bildirdiyinə görə 2000 manat) əmək haqqının ¼ hissəsi miqdarında aliment məbləğinin 235 manatdan artıq hissəsinin xx.xx.2023-cü il təvəllüdlü X3 adına açılan bank hesabına köçürülməsi halında iddiaçının əldə edəcəyi 235 manat məbləğlə uşağın əvvəlki təminat səviyyəsinin saxlanması və bununla onun sağlamlığını və həyat fəaliyyətini minumum səviyyədən daha yuxarı səviyyədə təmin etmək mümkün olmayacaq. Bundan başqa cavabdehin etirazında iddiaçıya münasibətdə bildirdikləri və nikahın pozulması məqamında keçmiş ər-arvad arasında bir-birinə münasibətdə yaranmış mənfi münasibət uşağa ödənilməli alimentin bir hissəsinin bank hesabına köçürülməsi üçün əsas deyildir və məhkəmə vurğulayır ki, tərəflər arasında münasibətlərin pozulması halında uşaqla bağlı məsələ qarşı tərəfi cəzalandırmaq metodu kimi istifadə edilə bilməz. İddia tələbinin “uşaq 3 yaşına çatanadək hər ay 100 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, hər bir uşağın layiqli həyat tərzi yaşamağa hüququ vardır və uşağın inkişafı üçün valideynlərin maddi və mənəvi dəstək olmaları onların vəzifəsi və borcudur. Mövcud qanunvericilik normaları istənilən yaranmış vəziyyətdə uşağın mənafelərinin daha üstün tutulmasını imperativ göstəriş kimi müəyyən edir. Məhkəmə hesab edir ki, uşaq körpə olduğundan daimi ana qulluğuna ehtiyacının olması zərurəti, bu halın isə iddiaçının özünün müstəqil qazanca malik olmaq imkanını məhdudlaşdırması və ya uşağın saxlanması üçün zəruri xərclərin artmasına səbəb ola biləcəyi, habelə uşağın gündəlik tələbatlarını, sağlamlıq, geyim və digər zəruri ehtiyaclarının ödənilməsinin zəruri olması nəzərə alınmalıdır. Məhz uşağın mənafeyini əsas götürməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin uşağı 3 (üç) yaşına çatmadığından iddiaçının Ailə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən cavabdehdən aliment tələb etmək hüququ vardır. Məhkəmə uşağın mənafeyini əsas götürərək, habelə cavabdehin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində alimentin tutularaq İddiaçı verilməsi hər iki tərəfə münasibətdə ədalətli və ağlabatandır. Məhkəmə qeyd edir ki, bir ata kimi övladının qayğısına qalmaq, onu zəruri vəsaitlə təmin etmək və onun təminatını əvvəlki kimi yüksək saxlamaq və bundan irəli gələn vəzifələrini layiqincə yerinə yetirmək cavabdehin vəzifəsidir. O, valideynlik vəzifələrinə malik olduğunu başa düşərək həm öz tələbatını, həm də uşağının tələbatını təmin etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, bu kateqoriya məsələlərin həllində qanunverici təqdim edilmiş sübutlara prosessual qanunvericiliyin tələbləri baxımından qiymət verilməsini tələb etməklə yanaşı, həmçinin uşağın mənafeyinin də əsas tutulmasını təsbit etmişdir. Uşaq tam olaraq hər iki valideynin qayğısı və sevgisi ilə əhatə olunmadığından, başqa sözlə, uşaq yalnız anası ilə birgə yaşadığından, onsuz da az qayğı ilə əhatə olunan və hər iki valideyni ilə birgə yaşamaq hüququndan məhrum olan uşağın maddi vəziyyətini bir qədər də ağırlaşdıracaq qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı Asan Xidmət X2 xx.xx.2022-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 199 nömrəli qeyd ilə bağlanmış nikah pozulmalı, xx.xx.2023-cü il təvəllüdlü X5 anası İddiaçı ilə qalmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli e-16(006)-341/2024 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməli, Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 50 manat dövlət rüsumunun 45 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 7 saylı Bakı Asan Xidmət X2 xx.xx.2022-ci il tarixdə nikah haqqında akt qeydləri kitabında 199 nömrəli qeyd ilə bağlanmış nikah pozulsun. xx.xx.2023-cü il təvəllüdlü X5 anası İddiaçı yanında (himayəsində) saxlanılsın. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq (müvəqqəti alimentin tutulmasına dair xx.xx.2024-cü il tarixli e-16(006)-341/2024 nömrəli qərardad nəzərə alınmaqla) Cavabdeh İddiaçı xeyrinə hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X3 üç yaşına çatanadək hər ay 50 (əlli) manat məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 45 (qırx beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar