Məhkəmə qərarları › İş №e-2(006)-4090/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4090/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4090/2021 18.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “17 yanvar 2013-cü il tarixli kredit və ipoteka müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, "xxxx" ASC ilə arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 004 saylı ipoteka müqaviləsini və 17 yanvar 2013-cü il tarixli 004 saylı kredit müqaviləsini etibarsız hesab edərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclasında iştirak etməmişlər. Lakin 18 oktyabr 2021-ci ildə iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 ərizə təqdim edərək işə mahiyyəti üzrə baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 17 yanvar 2013-cü il tarixdə "xxxx" ASC ilə 004 saylı kredit müqaviləsi bağlamış və Bank tərəfindən ona kreditdən istifadəyə görə illik 19 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 32.900 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə onun mülkiyyətində olan, 2012-ci il buraxılışlı, ağ-mirvari rəngli “Toyota-Prado” markalı AZ **-RO-*** dövlət qeydiyyat nişanlı avtomobil 004 saylı ipoteka müqaviləsi ilə yüklü edilmiş, ipoteka müqaviləsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsində qeydiyyata alınmışdır. "xxxx" ASC ona qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmeti olan avtomobilə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan "xxxx" ASC-nin xeyrinə 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 ABŞ dolları məbləğində faiz borcu, 360 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 30.260 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, həmçinin ona məxsus olan «TOYOTA PRADO» markalı **- RO-*** dövlət qeydiyyat nişanlı 2012-ci il buraxılışlı, JTEBX3Rİ80KO98622 ban №-li, mühərrik-098622, ağ mirvari rəngli, universal tipli minik avtomobilinə yönəldilməsi, onun açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına onun "xxxx" ASC-yə olan borcun ödənilməsi, satışda əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin ondan cavabdeh qismində tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 2(008)-1230/2017 saylı 09 mart 2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, ondan 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 30 (otuz) ABŞ dolları cərimə olmaqla, 29930 ABŞ dolları məbləğində borcun ödəniş gününə uyğun olaraq Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 2537 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələbin ona məxsus olan, «TOYOTA PRADO» markalı 90RO562 dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışı, JTEBX3FJ80KO98622 ban №-li, ağ mirvari rəngli, universal tipli, mühərrik-098622 olan minik avtomobilinə yönəldilməsi və avtomobilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləğinin "xxxx" ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin ona qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin Məhkəmənin “yanlışlığın aradan qaldırılması barədə” 16 iyun 2017-ci il tarixli qərardadı ilə 09 mart 2017-ci il tarixli qətnamənin “qət etdi” hissəsindən “cəmi 2537 "..manat məbləğində pul” cümləsi çıxarılmışdır. "xxxx" ASC ilə onun arasında bağlanılmış ipoteka müqaviləsinə xitam verilməlidir. Göründüyü kimi, Mülki Məcəllə ipoteka müqaviləsinin notarial qaydada təsdiqlənməli olmasını imperativ norma kimi qəbul edir və həmin müqavilənin tərəflərin iradəsindən və istəyindən asılı olmadan n0otariat qaydasında təsdiqlənməsini məcburi sayır. Lakin onunla "xxxx" ASC arasında bağlanılmış ipoteka müqaviləsi hər hansı notariat kontorunda təsdiqlənməmişdir. Bu barədə təxminən iki-üç ay bundan əvvəl qeyd edilən kredit üzrə mühasibatlıq ekspertizası təyin edilərkən məlumatı olmuşdur. Bundan əlavə onun məqsədi «TOYOTA PRADO» markalı **-RO-*** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı avtomobilin alınmasından ibarət olmuşdur. Yəni o, dollarla hər hansısa bir məbləğdə pul götürməmiş, heç ona belə bir məbləğdə lazım deyildir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçı tərəfindən iddia ərizəsi ilə Nəsimi rayon məhkəməsinə müraciət edilərək, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış olan 17 yanvar 2013-cü il tarixli 004 saylı ipoteka müqaviləsinin və 17 yanvar 2013-cü il tarixli 004 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qeyd etmək istəyir ki, iddiaçı tərəfindən “əqdin etibarsız hesab edilməsi” tələbinin irəli sürülməsi üçün iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. İlk növbədə vurğulamaq istəyir ki, iddiaçı tərəfindən əqdin etibarsız hesab edilməsi tələb edilsə də, etibarsızlığı əsaslandıran hallar Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə əsaslandırılmamışdır. Azərbaycan Respublikası MM-də əqdlərin etibarsız hesab edilməsinin əsasları təsbit edilmişdir. Digər tərəfdən iddiaçı tərəfindən kredit və ipoteka müqavilələrinin etibarsız hesab edilməsinin qanunla müəyyən edilmiş müddəti ötürülmüşdür. Mövcud vəziyyətdən göründüyü kimi qanunla nəzərdə tutulan 1 illik iddia müddəti buraxılmışdır. Şəxsin istinad etmiş olduğu “əqdin etibarsız hesab edilməsinə əsas hesab etdiyi hallar” iddiaçıya kredit və ipoteka müqavilələrinin bağlandığı, o cümlədən iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı mülki iş üzrə davam edən məhkəmə proseslərinin davam etdiyi zaman kəsimində məlum olmalı idi. Yuxarıda deyilənləri nəzərə alaraq, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı 17 yanvar 2013-cü il tarixli 004 saylı ipoteka müqaviləsinin və 17 yanvar 2013-cü il tarixli 004 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 17 yanvar 2013-cü il tarixdə "xxxx" ASC ilə İddiaçı Bəhəddin oğlu arasında 004 saylı kredit müqaviləsi bağlanmış və Bank tərəfindən İddiaçı kreditdən istifadəyə görə illik 19 faiz ödəməsi şərti ilə 36 ay müddətinə 32.900 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı Bəhəddin oğlunun mülkiyyətində olan “Toyota-Prado” minik markalı **- RO-*** dövlət qeydiyyat nişanlı avtomobil 004 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(008)-1230/2017 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 28.500 ABŞ dolları məbləğində əsas kredit borcu, 1400 ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 30 ABŞ dolları cərimə olmaqla, 29930 ABŞ dolları məbləğində borc ödəniş gününə uyğun olaraq Mərkəzi bankın müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, cəmi 2537 manat məbləğində pul tutularaq "xxxx" ASC-yə ödənilməsi, tələb İddiaçı məxsus olan, «TOYOTA PRADO» markalı ** RO *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, JTEBX3FJ80KO98622 ban №-li, ağ mirvari rəngli, universal tipli, mühərrik-098622 olan minik avtomobilə yönəldilməsi və avtomobil açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği "xxxx" ASC-yə ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ İbrahimov Bahəddin oğluna qaytarılması qət edilmişdir. İş materiallarında olan Sabunçu Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin 09 mart 2017-ci il tarixli 2(008)-1230/2017 saylı qətnaməsinin “qət etdi” hissəsindən “cəmi 2537 manat məbləğində pul” cümləsi çıxarılmışdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 fevral 2020-ci il tarixli 2(103)-10639/2017 saylı qərardadı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10639/2017 saylı 14 noyabr 2017-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin cavabdehin vəkili-nümayəndəsi Nümayəndə tərəfindən buraxılması üzürlü hesab edilmiş və kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 iyun 2020-ci il tarixli 2(102)-2850/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)-10639/2017 saylı 14 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, «bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir». “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmə tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 mart 2003-cü il tarixli 03 saylı qərarın 7-ci bəndində qeyd olunur: “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 82.2, 82,3cü maddələrində nəzərdə tutulmuş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulmuşdur”. «Azərbaycan Respublikası MPM-nin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında qeyd olunur: «İşə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş faktlar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.» “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 saylı qərarın 6.2-ci bəndində qeyd olunur: “Qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir”. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış 17 yanvar 2013-cü il tarixli 004 saylı ipoteka müqaviləsinin və 17 yanvar 2013-cü il tarixli 004 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsinə əsas olan hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “17 yanvar 2013-cü il tarixli kredit və ipoteka müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “17 yanvar 2013-cü il tarixli kredit və ipoteka müqavilələrin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar