Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4105/2023 05.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X4 iştirakları ilə İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X9 ilə 1984-cü ildə ailə həyatı qurmaqla 29 il birgə yaşamışlar. xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki tikinti obyektinin ərazisində mərhum həyat yoldaşı ağır xəsarətlər alaraq vəfat etmişdir. Çəkdiyi bu əziyyətlər iddiaçının acılarını həm dair ağrılı və təzə saxlayıb. Kaşki həyat yoldaşının vəfat etdiyi vaxtlarda kimsə ona izah edərdi ki, onun mənəvi ziyanla bağlı hüquqları var. Bəlkə də həmin vaxt onun bu hüququ yerinə yetirilsə idi, o, bu qədər əziyyət çəkməz az da olsa iztirabları dinmiş olardı. Bu dövrdə həyat yoldaşı olmadan təkbaşına yaşamağın çətin olduğunu onunla eyni vəziyyət yaşamayan təsəvvür edə bilməz. Yoldaşını itirməklə iddiaçının ağrılı-əzablı günlər başlamış olmuşdur. 29 illik ailə həyatı xoş, mehriban şəkildə keçmişdir. Mərhum yoldaşı ailə başçısı kimi hər iddiaçıya, həm də ətrafdakı şəxslərə qarşı çox yaxşı rəftar etmişdir. Yoldaşı fəhləliklə məşğul olurdu, çox çətinliklərlə ailəsini dolandırmağa çalışırdı. Həyat yoldaşının vəfat etməsi ilə bütün ağırlıq onun üzərinə düşmüşdür. Atanın ailədə rolu onun evi dolandırması ilə ölçülməz əlbətdə, atanın varlığı həm iddiaçı, həm də övladları üçün mənəvi dayaq idi. Övladlarının yeniyetməlik yaşında ataların itməsi onların psixologiyasına, xarakterlərinin inkişafına çox ağır zərbə vurmuşdur. Binəqədi rayon Məhkəməsinin 1(001)-67/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Onun yol hərəkəti qaydalarını pozması və cinayətkarcasına etinasızlığı nəticəsində iddiaçı 29 illik həyat yoldaşını həmişəlik itirmiş olmuşdur. Belə ki, "xxxx" MC ("xxxx" QSC-nin sələfi) ANM-də sürücü işləyən X7 xx.xx.2013-cü il tarixdə təxminən saat 21.00 radələrində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi «Kamaz-65115-017» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki tikinti obyektinin ərazisində saatda təxminən 15-20 km.sürətlə hərəkətdə olarkən «Yol nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq ehtiyatsızlıqdan hərəkət hissəsinin sol tərəfindən dayanmış piyada X6 avtomaşının sol arxa hissəsi ilə vuraraq sağ dirsək oynağının və sağ bud-çanaq oynağının sıyrığı, saq çanaq və bel nahiyyəsinin toxumalarına qansızma ilə müşaiyət olunmuş sağ çanaq sümüklərinin yerdəyişmiş sınıqları ilə A.Məmmədovun ölümünə səbəb olan xəsarətləri yetirməklə yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-67/14 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində göstərilmiş cinayətin törədilməsində təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə-tibb ekspertizasının 149 saylı, xx.xx.2013-cü il tarixli rəyindən görünür ki, X5 meyitinin müayinəsi zamanı aşağıdakı xəsarəğlər aşkar olunmuşdur: sağ dirək oynağının və sağ bud-çanaq oynağının sıyrığı, sağ çanaq və bel nahiyyəsinin geniş qançırı, sağ böyrək ətrafının, sidik kisəsinin və çanağın yumşaq toxumalarına qansızma ilə müşaiyət olunmuş sağ çanaq sümüklərinin yerdəyişmiş sınıqları güclü küt əşya təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2013-cü ildə piyada qismində olarkən hərəkətdə olan avtomaşının hissələrinin dəyməsi nəticəsində törənməsi mümkündür. Məhkəmə-avtotexniki ekspertizasının 20515 saylı, xx.xx.2013-cü il tarixli rəyindən görünür ki, «Kamaz-65115-017» markalı, **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü X3 hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaq aparılmış cinayət işi məhkəməyə göndərilmiş, iş üzrə Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(001)-67/2014 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə "xxxx" SC-nin ("xxxx" QSC-nin sələfi) əməkdaşının təqsiri ucbatından baş vermişdir. Yuxarıda qeyd olunan faktlar qanuni qüvvəyə minmiş Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökm ilə preyudisial qaydada öz təsdiqini tapmaqdadır. Belə ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə məhkum olunan şəxs - X3 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq və cinayətkarcasına etinasızlıq edərək cinayət əməlində təqsirli tam sübuta yetirilmiş, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Onun keçirdiyi mənəvi iztirablar müəyyən müddətlə məhdudlaşmır, müəyyən vaxtdan sonra aradan qalxan ya da unudulan hadisə deyildir. Bu hadisənin mənəvi ağrısını ömür boyu çəkmək istisna deyil. İddiaçı bir daha qeyd edir ki, həyat yoldaşının faciəvi şəkildə vəfatı iddiaçını, övladlarını, yaxın qohumlarını, bir sözlə hamılarını dərindən sarsıtmışdır. Onlar ona çox bağlı olmuşlar. İddiaçı hələ də şok içindədir, həyat yoldaşı ilə keçirdikləri səadət dolu illəri onun dərin boşluğu keçirəcəkləri zamanlar əvəz etmişdir. Onun və övladlarının bu hadisəyə görə həmin an mənəvi sarsıntı, bundan sonra da iztirablar keçirməkləri işin mübahisəsiz hallarındadır. Çünki belə bir işlə bağlı və ailə səadətini hər şeydən uca tutan bir həyat yoldaşı kimi heç kimə arzu etməzdir. Baş vermiş cinayət hadisəsi nəticəsində ərinin ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüquqları vardır. Qanunverici orqan isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunması mümkün sayır. Onlar xoşbəxt bir ailə olmuşlar. Onların bu xoşbəxt ailə münasibətləri əziz həyat yoldaşı ilə birgə yaşadıqları səadət duyğusu təkcə onun üçün deyil, həm də yaxın qohumları üçün də sevinc qaynağı idi. Ailə başçının belə bir qəza nəticəsində itkisi onlardakı ailə səadətini yoxa çıxardı, bundan sonra özləri əvvəlki qədər xoşbəxt hesab edəcəyinə inamı yoxdur. Bu baxımdan mərhum həyat yoldaşının ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı, iztirab və s. kimi halları nəzərə alaraq iddiaçıya dəymiş 50.000 manat məbləğində mənəvi zərər cavabdeh "xxxx" QSC-dən alınaraq iddiaçıya ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin nəqliyyat şəhadətnaməsindən görünür ki, «Kamaz-65115-017» markalı, **-JP-*** dövlət nömrə nişanlı avtomobil "xxxx" ASC-nin mülkiyyətində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti xx.xx.2014-cü il tarixli, 289 saylı Sərəncamına əsasən Bakı Metropolitenin və "xxxx" SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılması qərar alınmışdır. Cəmiyyət Bakı Metropolitenin və "xxxx" SC-nin hüquqa varisidir və onlar bütün hüquq və tikililəri habelə əmlakı Cəmiyyətə keçmişdir. Göstərilənləri nəzərə alarar Göstərilənləri nəzərə alaraq iddiaçı "xxxx" QSC-dən onun torpaq xeyrinə 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərmişdir ki, ilk növbədə cavabdeh tərəfin etirazında bildirir ki, subyektiv cavabdeh deyildirlər. Lakin hesab edirlər ki, bu düzgün deyildir. Belə ki, Avtonəqliyyat müəssisəsi "xxxx" ASC-nin alt müəssisəsidir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti "xxxx" ASC-nin hüquqi varisidir. Onun bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüququ şəxslər üzrə mülkiyyət hüququ "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan "xxxx" ASC hüquqi şəxs statusunu itirmişdir. Avtonəqliyyat müəssisəsinin öz balansı, nizamnaməsi və s. olsa da, o, faktiki olaraq müstəqil olmamış və altqurum kimi fəaliyyət göstərmişdir. Hesab edirlər ki, onun öhdəlikləri üçün də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məsuliyyət daşıyır. İddianın məzmununa gəlincəisə bildirmək istəyir ki, iddiaçı ilə mərhum X10 ilə 1984-cü ildə ailə həyatı qurmaqla 29 il birgə yaşamışdır. xx.xx.2013-cü il tarixdə "xxxx" SC ANM-də sürücü işləyən X7 xx.xx.2013-cü il tarixdə təxminən saat 21.00 radələrində texniki cəhətdən saz vəziyyətdə idarə etdiyi yük avtomaşını ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, S.Bəhlulzadə küçəsindəki tikinti obyektinin ərazisində saatda təxminən 15-20 km.sürətlə hərəkətdə olarkən ehtiyatsızlıqdan hərəkət hissəsinin sol tərəfində dayanmış piyada X6 avtomaşının sol arxa hissəsi ilə vuraraq onun ölümünə səbəb olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-67/14 saylı, xx.xx.2014-cü il tarixli hökmünə əsas təqsirləndirilən şəxs X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində göstərilmiş cinayətin törədilməsində təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işi üzrə təyin edilmiş ekspertizaların rəylərindən görünür ki, hadisə "xxxx" SC-nin əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində iddiaçıya mənəvi ziyan dəymişdir. Bu işin hesab edirlər ki, mübahisəsiz haldır. Belə ki, mərhumun vəfat etməsi ilə iddiaçıya mənəvi ziyan vurulmasını maddi sübutlarla sübuta yetirmək mümkün deyildir. Qarşı tərəfin iddiaçı və mərhum arsında mənəvi bağlılığın olmadığına da, istinad etməsi də, hesab edirlər ki, əsassızdır. Bununla bağlı sübutlar da təqdim edilməmiş, sadəcə qulaqdanolma məlumatlara istinad edilmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X15 iddia tələbini qəbul etməyərək və verilmiş etirazı müdafiə edərək izahatında göstərmişdir ki, hər şeydən öncə hazırki mülki iş üzrə onlar subyektiv cavabdeh deyillər. Belə ki, ziyanvuran şəxs X7 müstəqil qurum olan "xxxx" ASC-nin Avtonəqliyyat Müəssisəsinin işçisi olmuşdur. Onunla əmək müqaviləsini Avtonəqliyyat Müəssisəsi bağlamışdır. Əmək münasibətləri də, həmin şəxslər arasında olmuşdur. Həmin müəssisə müstəqil fəaliyyət göstərmiş, onun öz balansı, möhürü olmuş və öz öhdəlikləri barəsində barəsində özü müstəqil şəkildə məsuliyyət daşımışdır. "xxxx" ASC isə onun təsisçisi olmuşdur. "xxxx" ASC isə 2015-ci ildə ləğv olunmuşdur. Hüquqi şəxsin ləğv olunması isə hüquq və vəzifələri ötürülmədən ona xitam verilməsi deməkdir. İddianın maddi tərəfinə gəlincə isə bildirir ki, X5 ölməsi faktı ilə bağlı cinayət işinin məhkəmə baxışı zamanı dindirilmiş qardaşı Məmmədov Hicran Xasay oğlu təqsirləndirilən şəxsdən şikayətçi olmadığını olmadığını, təqsirləndirilən şəxsin atasının onlara maddi və mənəvi köməklik göstərdiyini və təqsirləndirilən şəxs və onun ailəsi ilə aralarında barışıq olduğunu bildirmişdir. İddiaçı mərhum şəxs ilə 29 il xoş, mehriban həyat sürdüyünü iddia etsə də, mərhumun qardaşı son 5-6 ay ərzində onu görmədiyini, qardaşının ölüm xəbərinin xx.xx.2013-cü il tarixdən, yəni hadisənin baş verməsindən 19 gün sonra xəbər tutduğunu, icra hakimiyyətinə çağrılaraq orada məlumat aldığını bildirmişdir. Bundan başqa, həmin cinayət işinin araşdırması gedərkən və məhkəmə iclaslarında iddiaçı iştirak etməmişdir. Bütün bunlar göstərir ki, iddiaçı ilə mərhum arasında heç bir ailə bağlılığı olmamışdır. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 nümayəndəsi X8 izahatında göstərmişdir ki, iddia tələbinin təmin olunmasını məhkəmənin mülahizəsinə buraxır. Hadisəni törədən şəxs onun oğlu olmuşdur. Onda olan məlumata əsasən mərhum “bomj” həyatı sürən şəxs olmuşdur. O, mərhumu Zabratda yerləşən kimsəsiz qəbristanlığında dəfn etdirmişdir. Hadisə baş verdikdən sonra uzun müddət onun kimliyi və qohumları bəlli olmamışdır. Daha sonra müstəntiq onu çağıraraq ona mərhumun qardaşının nömrəsi vermişdir. O, ounnla əlavə saxlamışdır. O, və mərhumun əmisioğlu ilə görüşmüşdür. Mərhumun qardaşı ona bildirmişdir ki, mərhum 10 il əvvəl evini də yandıraraq, arvadını boşamış və evi tərk etmişdir. Həmçinin o bildirmişdir ki, mərhumun 7 övladı var. Ona görə də onu məzardan çıxararaq qohumlarının yanında rayonda dəfn etdirməsini istəmişdir. O, da bunun üçün lazım olan bütün icazələri almış və mərhumu eksqumasiya etdirərək maşın tutub rayona göndərmişdir. Bununla bağlı bütün xərcləri özü çəkmişdir. Daha sonra rayonda 200 nəfərə yas mərasimi vermək üçün mərhumun qardaşına 2 min manat pul vermişdir. Bu prosedurlar zamanı mərhumun arvadını heç görməmişdir. O, mərhumun yas mərasimində iştirak etməmişdir. Mərhumun qardaşı ona bildirmişdir ki, rayona getməsin, çünki mərhumun uşaqları ona düşmən gözündə baxacaqlar.
7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Füzuli rayonu VVAQ şöbəsi tərəfindən verilmiş 04 dekabr 1984-cü il tarixli İİİ-JQ seriyalı 403799 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən X9 və İddiaçı arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanılmış və bu barədə Füzuli rayon VVAQ şöbəsində akt qeydləri kitabında 368 saylı akt qeydi icra edilmişdir. Nikahdan sonra arvada Babayeva soyadı verilmişdir.
9. İş materiallarında olan Füzuli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 xx.xx.2013-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 110 № ilə qeyd edilmişdir.
10. İş materiallarında olan Bakı şəhəri Binəqəli rayon Məhkəməsinin 1(001)- 67/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmün surətindən görünür ki, X3 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən X3 xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək həbsdə saxlanması cəza müddətinə hesablanmaqla üzərində qəti olaraq 04 il 04 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmənin əvvəli hökmün icraya başlandığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, ekspertiza xərclərinin 70 manatın X1 dövlətin xeyrinə tutulması hökm edilmişdir.
11. İş materiallarında olan "xxxx" ASC-nin Avtonəqliyyat Müəssisəsinin xx.xx.2007ci il tarixli, 28 KŞ nömrəli əmrinə əsasən sürücü X7 xx.xx.2007-ci il tarixli 73 nömrəli bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2007-ci il tarixdən işə başlanmışdır.
12. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Avtonəqliyyat Müəssisəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X18 Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət müəssisəsi kimi xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş, Dövlət qeydiyyatı haqqında D-421 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Avtonəqliyyat Müəssisəsi (VÖEN **********) təsisçisi kimi "xxxx" ASC qeyd olunmuşdur.
13. İş materiallarında olan M.B.Mədətov (təhvil verdi), E.N.Hümbətova (təhvil aldı) və M.A.Musayev (təhvil aldı) tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli təhvil-təslim aktından görünür ki, onlar "xxxx" ATSC-nin X2 ləğv edilməsi ilə əlaqədar (VÖEN: **********) 1 ədəd müəssisənin möhürü, VÖEN (**********), Nizamnamə, ƏDV qeydiyyat bildirişi, D- 421 nömrəli Dövlət qeydiyyat şəhadətnaməsi və uçot vərəqəsi və möhürü təhvil-təslim etmişlər.
14. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X12 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi edilməsi haqqında (bildiriş № **********57) məktubundan görünür ki, xx.xx.2000-ci il tarixdə D-421 № ilə (VÖEN № **********) dövlət qeydiyyatına alınmış "xxxx" ASC-nin Avtonəqliyyat Müəssisəsi xx.xx.2015-ci il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası X12in dövlət reyestrindən çıxarılmışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2013-cü il tarixdə "xxxx" Səhmdar Cəmiyyətinin Avtonəqliyyat Müəssisəsinin sürücü X7 tərəfindən idarə etdiyi «Kamaz-65115-017» markalı, 90JP017 dövlət qeydiyyat nişanlı yük avtomaşınla ehtiyatsızlıqdan hərəkət hissəsinin sol tərəfində dayanmış piyada – küçə həyatı sürən (bomj) şəxs hazırki iş üzrə iddiaçının həyat yoldaşı X6 avtomaşının sol arxa hissəsi ilə vuraraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə sonuncunun ölümünə səbəb olmuşdur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə X7 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, 2 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 04 il 04 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, mərhum Ağamoğlan Məmmədov ilə 1984-cü ildə ailə həyatı qurmaqla 29 il birgə yaşamışlar. Baş vermiş hadisə nəticəsində iddiaçıya mənəvi zərər dəymiş, həyat yoldaşını itirmişdir. İddiaçı bu günədək həyat yoldaşının itkisinin ağır iztirabını çəkir, o, uşaqları ilə həyat yoldaşına çox bağlı olmuşlar. Bu səbəbdən iddiaçı cavabdeh "xxxx" QSC-dən 50.000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 nömrəli Sərəncamına əsasən Bakı Metropolitenin və "xxxx" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Sərəncamın 2-ci bəndinə əsasən "xxxx" QSC Bakı Metropolitenin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir.
17. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 201 nömrəli Qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan Bakı Metropoliteni və "xxxx" Səhmdar Cəmiyyəti hüquqi şəxs statusunu itirirlər. «Bakı Metropoliteni Nizamnaməsinin təsdiqi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 197 nömrəli qərarı ləğv edilmişdir.
18. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi onların subyektiv cavabdeh olmadığı qeyd etmiş və bunun əsasında iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Lakin cavabdehin nümayəndəsinin etmiş olduğu bu etiraz əsassızdır. Belə ki, mülki işin materiallarından görünür ki, Avtonəqliyyat Müəssisəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin X18 Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində dövlət müəssisəsi kimi xx.xx.2000-ci il tarixdə qeydiyyatdan keçmiş, Dövlət qeydiyyatı haqqında D-421 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Avtonəqliyyat Müəssisəsi (VÖEN **********) təsisçisi kimi "xxxx" ASC qeyd olunmuşdur. Həmçinin "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli 289 nömrəli Sərəncamına əsasən Bakı Metropolitenin və "xxxx" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır. Sərəncamın 2-ci bəndinə əsasən "xxxx" QSC Bakı Metropolitenin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçmişdir. Bundan əlavə isə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 201 nömrəli Qərarına əsasən "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Bakı Metropoliteninin və "xxxx" Səhmdar Cəmiyyətinin hüquqi varisidir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı və təsis etdikləri hüquqi şəxslər üzrə mülkiyyət hüquqları "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə keçmişdir. Bu isə onu deməyə əsas verir ki, Avtonəqliyyat Müəssisəsinin sürücü X7 əmək müqaviləsi bağladığı təşkilatın təsisçisi "xxxx" Səhmdar Cəmiyyəti bütün öhdəlikləri və hüquqları təsis etdikləri hüquqi şəxslər ilə birlikdə hazırki cavabdehə keçməklə yenidən təşkil edildikdən sonra xx.xx.2015-ci il tarixdə ləğv edilmiş və onun bütün öhdəlikləri üzrə cavabdehlik daşıyır.
19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
20. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
24. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
25. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
26. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
27. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
28. Məhkəmə qeyd edir ki, hazırki iddiaçı mərhumun rəsmi həyat yoldaşı olsada onunla faktiki ailə münasibətlərində olmamış, həyat yoldaşının dəfnində, dəfn məclislərində iştirak etməmiş (əksini iddiaçı sübuta yetirə bilmir), uzun müddət mərhumun küçədə həyat yaşaması barədə heç bir addım atmamış, ondan uzun müddət xəbərsiz olmuş və ölümündən on il keçdikdən sonra keçirmiş olduğu zənn edilən mənəvi iztirablar yadına düşərək məhkəməyə müraciət etmişdir. Bundan əlavə iddiaçı cavabdehlə faktiki ailə münasibətlərində olmasını, ayrı yaşasada onunla ailə münasibətlərinin davam etdirmək üçün hər hansı cəhdlər etməsini, onun küçədə keçirmiş olduğu həyatdan öz ailəsinə qayıtması barədə müraciətləri, hərəkətləri barədə heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu isə bir daha deməyə əsas verir ki, iddiaçı mərhumun ölümündən heç bir sarsıntı keçirməmiş, yalnız formal mülahizələrlə çıxış edərək məhkəməyə müraciət etmişdir.
29. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
30. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
31. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
32. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
33. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
QƏT ETDİ:
İddiaçı X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı «vurulmuş mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.