Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4109/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdeh X2 xeyrinə iddiaçının qazancından:
1. X5 doğulmasından sonra, yəni xx.xx.2017-ci il tarixdən X6 doğulmasınadək, yəni xx.xx.2018-ci il tarixədək 1/6 hissəsi;
2. X6 doğulmasından, yəni xx.xx.2018-ci il tarixdən X1 doğulmasınadək, yəni xx.xx.2020-ci il tarixədək 1/6 hissəsi;
3. X1 doğulmasından sonra, yəni xx.xx.2020-ci il tarixdən etibarən isə- 1/8 miqdarı müəyyən edilərək tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayon məhkəməsinin 2(006)- 1326/2013 saylı qətnaməsinə əsasən, İddiaçı 13 fevral 2013-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsi tutularaq 10 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehə verilməsi qət edilmişdir. İddiaçı X9yla 2-ci dəfə nikaha daxil olub. Bu nikahdan iddiaçının 3 övladı vardır: X10 (xx.xx.2017), X11 (xx.xx.2018), X7 (xx.xx.2020). İddiaçıdan tutulan alimentin ümumi miqdarı onun qazancının qanunda nəzərdə tutulan hissədən artıq olduğunu bildirilmişdir. Qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 76-cımaddəsinə əsasən, uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə—qazancın və(və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Əlavə olaraq, bildirilmişdir ki, Nərimanov rayon icra şöbəsinin xx.xx.2022 tarixli qərarına əsasən, iddiaçının xx.xx.2013 tarixli icra sənədi üzrə 2021-ci ilin oktyabr ayı daxil olmaqla 13355,76 AZN borcu müəyyən edilib. Hesab edilir ki, Nərimanov rayon icra şöbəsi tərəfindən aparılan hesablama əsassızdır, hüquqa ziddir və Nəsimi rayon məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsində qeyd edilən və cavabdehə ödənilməli aliment miqdarı aşağıda göstərilən kimi dəyişdirilməlidir:
1. X5 doğulmasından sonra, yəni xx.xx.2017 tarixdən X6 doğulmasınadək, yəni xx.xx.2018 tarixədək – qazancın 1/6 hissəsi 2. X6 doğulmasından, yəni xx.xx.2018 tarixdən X1 doğulmasındək, yəni xx.xx.2020 tarixədək – 1/6 hissəsi 3. X1 doğulmasından sonra, yəni xx.xx.2020 tarixdən etibarən isə- 1/8 hissəsi. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdi ki, iddiaçı və cavabdeh 2013-cü il tarixində boşanıblar və qətnamə çıxıb. Həmin qətnaməyə görə aliment iddiaçının maaşının ¼-dən tutulub. Hələ də tutulmağa davam edir. 2016-cı ildə İddiaçı 2-ci dəfə ailə həyatı qurub. Həmin nikahdan 3 övladı olmuşdur. İddiaçı hal-hazırda 2070 manat maaş alır. İddiaçının əsas vəzifəsi müəllimlikdir. Onun evi belə yoxdur. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə izahatında bildirmişdi ki, iddiaçı cavabdehdən gəlir mənbələrini gizlədir. O, müəllimlik vəzifəsindən əlavə olaraq Affada futbol hakimi vəzifəsində çalışır. Hesab edirlər ki, bank sənədlərinə istinad edilməlidir. İddiaçı digər uşaqlarına aliment ödəmir. Uşaq böyüdükcə tələbat da çoxalır. Cavabdeh tək başına bunların üstəsindən gələ bilmir. Hazırki məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddianı müdafiə edib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddianı qəbul etməyib, tələbin əsassız olduğunu qeyd edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçı və cavabdehin nümayəndələrinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, borclu İddiaçı 2021-ci ilin oktyabr ayı daxil olmaqla 14884,95 manat aliment borcu mövcuddur. Yığılmış aliment borcu tam ödənilədək aylıq öhdəlik nəzərə alınmaqla hər ay borclu İddiaçı əmək haqqısının 70% miqdarının, aliment borcu ödənildikdən sonra icra sənədində nəzərdə tutulmuş qaydada tutularaq tələbkarın bank hesabına köçülürməsi nəzərdə tutulmuşdur. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 11 mart 2013-cü il tarixli, 2(006)-1326/2013 saylı icra vərəqəsinə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) ¼ hissəsinin tutularaq 10 yanvar 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X8 verilməsi qət edilmişdir. Mülki işin materiallarında olan Nərimanov rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-1326/2013 saylı, xx.xx.2013cü il tarixli icra sənədi üzrə borclu İddiaçı tərəfindən X3 ödənilməyən aliment borcu 2021-ci ilin oktyabr ayı daxil olmaqla 13355,76 manat müəyyən edilmiş, 13355,76 manat məbləğində aliment borcunun ödənilməsi borclu İddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından aldığı əmək haqqısının aylıq öhdəlik daxil olmaqla 35%-nin tutulması yolu ilə təmin edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)-83/2022 saylı qərardadına əsasən, tələbkar X2 Nərimanov rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarının ləğv edilməsi və aliment borcu üzrə müəyyən edilmiş borcun tam olaraq ödənilməsinə qədər borclu İddiaçı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasından və Azərbaycan Futbol Federasiyası Assosiasiyasından aldığı əmək haqqı və digər ödənişlər daxil olmaqla 70%-nin tutulmasına dair şikayəti təmin edilməmişdir. Mülki işin materiallarında olan 12 avqust 2022-ci il tarixli “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” Arayışdan görünür ki, xx/xx/2022 tarixində, 14:00-15:00 və 16:00-17:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirmək barədə qərar qəbul etməmişlər (Mediator: Ş.Məmmədrzalı). Mülki işin materiallarında olan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası tərəfindən vergi və digər məcburi tutulmalar çıxıldıqdan sonra İddiaçı ödənilən vəsaitlərin cədvəlindən görünür ki, İddiaçı 2022-ci ilin iyul ayına qədər (iyul ayı da daxil olmaqla) ödənilən əmək haqqı 3789,47 manat, həmin vaxta qədər aliment məbləği isə 2122 manat olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli Əlavə 1-dən görünür ki, 2022-ci il üçün gəlirlərdən tutulmuş aliment məbləği 403.03 manat təşkil etmişdir. Məhkəmə araşdırmaları zamanı və iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 fevral 2013-cü il tarixli, 2(006)-1326/2013 saylı qətnaməsi ilə tutulan alimentin azaldılaraq X5 doğulmasından sonra, yəni xx.xx.2017-ci il tarixdən X6 doğulmasınadək, yəni xx.xx.2018ci il tarixədək 1/6 hissəsi; X6 doğulmasından, yəni xx.xx.2018-ci il tarixdən X1 doğulmasınadək, yəni xx.xx.2020-ci il tarixədək 1/6 hissəsi; X1 doğulmasından sonra, yəni xx.xx.2020-ci il tarixdən etibarən isə- 1/8 miqdarında alimentin tutulmasını tələb edir. Tələbini onunla əsaslandırır ki, ikinci dəfə ailə həyatı qurmuş, X12 ilə nikahından xx.xx.2017-ci il təvəllüdlü X10, xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2020-ci il təvəllüdlü X7 adlı uşaqları dünyaya gəlmişdir, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi ilə onlar üçün təyin edilən aliment məbləğini ödəyə bilmir. Nərimanov rayon İcra şöbəsi tərəfindən 13355,76 manat məbləğində əsassız aliment borcu hesablanmışdır. Lakin, cavabdehin nümayəndəsi (vəkili) isə iddiaçının gəlirlərini gizlətdiyini, digər uşaqlarına da aliment ödəmədiyini, uşağın böyüdükcə tələbatının da artdığını və cavabdehin bunların üstəsindən gələ bilmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini xahiş edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 25-ci maddəsinin 1-ci hissəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Həmin maddənin 2-ci hissəsinə görə kişi və qadının eyni hüquqları və azadlıqları vardır. Həmçinin, Konstitusiyanın “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Halbuki, İddiaçı məhkəməyə müraciət edərkən, məhkəmə qətnaməsi ilə alimentin miqdarının müəyyən edilməsindən sonra tərəflərin ailə və maddi vəziyyətində hansı dəyişikliklərin olmasına dair hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardmla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlimtərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifəsinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. İddiaçı ikinci dəfə nikaha daxil olduğunu, ikinci nikahdan azyaşlı uşaqlarının olduğunu əsas gətirərək iddiasının təmin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ikinci dəfə ailə qurmaq, ikinci nikahdan uşağın olması, qazancın az olması valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. İddiaçının birinci nikahdan olan uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılması heç bir əsasa söykənmir. İddiaçı bu mövqeyini əsaslandıra bilməmişdir. İddiaçının öz üzərinə düşən – ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını aradan qaldırmış olar. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçının aliment məbləğlərini ödəməməsi ilə əlaqədar müəyyən məbləğdə borcu mövcuddur. Həmçinin, iddiaçı əvvəlki illər üzrə ödənilməli olan aliment məbləğlərinin azaldılmasını tələb edir ki, bunun da icrası mümkün deyildir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, uşaqlar üçün qanunverciliklə müəyyən edilmiş yaşayış minmunun həddini, tərəflərin birgə nikahdan doğulmuş uşağın böyüdüyünü, xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1326/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək, X5 doğulmasından sonra, yəni xx.xx.2017-ci il tarixdən X6 doğulmasınadək, yəni xx.xx.2018-ci il tarixədək 1/6 hissəsi; X6 doğulmasından, yəni xx.xx.2018-ci il tarixdən X1 doğulmasınadək, yəni xx.xx.2020-ci il tarixədək 1/6 hissəsi; X1 doğulmasından sonra, yəni xx.xx.2020-ci il tarixdən etibarən isə - 1/8 miqdarı müəyyən edilərək tutulması barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı cavabdeh X3 qarşı “aliment miqdarının azaldılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Natavan Tağıyeva