Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4157/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə İddiaçı Cəfərova Nərmı̇ n Nazim qızının Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cəfərova Nərmı̇ n Nazim qızı Cavabdeh qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızı Cavabdeh ilə ailə həyatı quraraq nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2018ci il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Ailə münasibətlərini davam etdirməyin mümükünsüzlüyü səbəbindən aralarında olan nikah Abşeron Rayon Məhkəməsi tərəfindən ləğv edilmiş və birgə nikahdan olan uşağın iddiaçının yanında saxlanılması qət edilmişdir. Artıq uzun ildir ki, iddiaçı və birgə nikahdan olan uşaq cavabdehlə birgə yaşamır. Cavabdehin kifayət qədər gəlirinin olmasına baxmayaraq o, uşağın digər xərclərində iştirak etmir. Göstərilənlərə əsasən, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat sabit pul məbləğində aliment və mediasiya sesiyası üçün ödənilmiş 50 manat xidmət haqqı alınaraq iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızına ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Vəkil2 etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, tərəflər arasında olan nikahın pozulmasının təşəbbüskarı İddiaçı özü olmuşdur. Belə ki, Cavabdeh Azərbaycan Respublikasında “xərçəng” diaqnozu qoyulmuş və həkimlər tərəfindən ömrünə qısa bir müddət qaldığı bildirilmişdir. Lakin cavabdeh təslim olmamış, ölkə xaricində müalicə almaq qərarına gəlmiş, bu məqsədlə vətənini tərk etmək məcburiyyətində qalmışdır. Cavabdeh ölümlə mübarizə apardığı bir dövrdə, iddiaçı ona dayaq olmamış, mənəvi dəstək göstərməmiş, əksinə nikahın pozulması barədə məhkəmədə iddia qaldırmışdır. Buna baxmayaraq Cavabdeh, onun anası və bacısı azyaşlı Ayhanın saxlanılması üçün daimi iddiaçıya maddi köməklik göstərmişlər. Məhz bu səbəbdən tərəflər arasında bağlanmış nikah 2018-ci idə məhkəmə qaydasında pozularkən, iddiaçı alimentin tutulmasına etiraz etmişdir. Keçən müddət ərzində də cavabdeh xəstəliyinə və müalicə almasına, həmçinin daimi həkim nəzarətində olmasına baxmayaraq, övladı Ayhanın bütün maddi ehtiyaclarını qarşılamış, nağd pul vəsaitləri vermiş, övladına xaricdən geyim əşyaları belə göndərmişdir. Hazırda da cavabdeh bunları etməkdə davam edir. İddiaçı iddia ərizəsində cavabdehin yüksək gəlirə malik olduğunu qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinin mənasına görə, hər bir tərəf öz dəlil və tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli, məhkəmə isə həmin sübutlardan istifadə edərək, qərar qəbul etməlidir. Cavabdehin yüksək gəlirə malik olmasını iddia edən iddiaçı, bu dəlilini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən dəlil (tələb) isə əsaslı hesab edilə bilməz. Həmçinin iddiaçının özü də işləyir və hər ay əmək haqqı alır. Odur ki, bu hissədə iddia tələbi qismən təmin edilməli, 2022-ci il üçün uşaqlara görə müəyyən olunmuş yaşayış minimum həddində tutulmalıdır. Bundan başqa, iddiaçı tərəf cavabdehdən mediasiya sessiyasında iştirak üçün ödənilmiş 50 manat məbləğində pulun öz xeyrinə tutulmasını xahiş etmişdir. Bu hissədə həmin tələb rədd edilməlidir.
5. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-4051/2019 saylı qətnaməsindən görünür ki, iddia tələbinin təmin edilməsi, Cəfərova Nərmı̇ n Nazim qızı ilə Cavabdeh arasında 07 oktyabr 2017-ci il tarixində 2873 nömrə ilə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 anası Cəfərova Nərmı̇ n Nazim qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir.
7. İş materiallarında olan Bakı şəhəri Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən 27 dekabr 2019-cu il tarixində verilmiş AZ-İ № 343105 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Cəfərova Nərmı̇ n Nazim qızı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 dekabr 2019-cu ildə 356 № ilə qeyd edilmişdir.
8. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AA1165928 saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X3 22 iyul 2018-ci ildə anadan olmuşdur.
9. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/6-4593 saylı, 12 avqust 2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahdan xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir övladları dünyaya gəlmişdir. Sonradan tərəflərin münasibətləri pozulmuş və Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, 2(012)-4051/2019 saylı qətnaməsinə əsasən Cəfərova Nərmı̇ n Nazim qızı ilə Cavabdeh arasında 07 oktyabr 2017-ci il tarixində 2873 nömrə ilə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabındakı nikah qeydinin ləğv edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X2 anası Cəfərova Nərmı̇ n Nazim qızının yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Alimentlə bağlı heç bir tələbi olmamışdır. Hal-hazırda uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.
12. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
13. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.
15. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. 16.«Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
17. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.
18. Hazırki vəziyyətdə iddiaçı xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 200 manat məbləğində aliment tutulmasını tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə maddi imkanının olduğunu, eləcə də, məhz həmin məbləğdə alimentin tutulmasına zərurət olduğunu məhkəmədə sübuta yetirə bilməmişdir.
19. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
20. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
21. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
22. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)
23. Belə olan halda, məhkəmə xx.xx.2018-ci il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulmasını ədalətli hesab edir.
24. Bundan əlavə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
25. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə 19 avqust 2022-ci il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, həmin tarixdən başlayaraq tutulmalıdır.
26. Bundan əlavə, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızına ödənilməlidir.
27. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
28. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
30. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.
31. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (193 x 12 = 2316 manat. 1316 x 1% = 13,16 manat. 30+13,16= 43,16 manat)
32. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 43,16 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir.
33. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 19 avqust 2022-ci il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızına ödənilməli, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızına ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, Cavabdeh 43,16 manat (qırx üç manat, on altı qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 37.Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
38. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir. 39.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 19 avqust 2022-ci il tarixindən başlayaraq, xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızına ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı Cəfərova Nərmı̇ n Nazim qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra olunsun. Cavabdeh 43,16 manat (qırx üç manat, on altı qəpik) məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov