Məhkəmə qərarları › İş №e-2(006)-4281/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4281/2024

04.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4281/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nigahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci ildə təvəllüdlü X4 adlı övladlarının saxlanmasına görə aylıq hər uşaq üçün 235 (iki yüz otuz beş manat) alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2014-cü ildə ailə qurmuş, nikahı 1 saylı Bakı “ASAN Xidmət” X1 qeydə alınmışdır. Birgə nigahdan tərəflərin xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci ildə doğulmuş X4 adlı övladları var. Müəyyən səbəblərdən iddiaçı ilə cavabdehin bir yerdə yaşaması baş tutmamışdır və nikah əlaqələri faktiki olaraq artıq uzun müddətdir ki, kəsilmişdir və həmin vaxdan da birgə təsərrüfatı idarə etmirlər. Cavabdehlə barışmaq, gələcək birgə ailə həyatının və ailənin qorunub saxlanması mümkün deyil. Qeyd edir ki, birgə nikahdan doğulmuş uşaqlar azyaşlıdır və iddiaçının himayəsindədir. İddiaçı övladları ilə birgə faktiki olaraq qeydiyyatda olduğu ünvanda yaşayır. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili (nümayəndəsi) Vəkil məhkəməyə “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: AZ-İİİ seriyalı, 719974 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 adlı övladları var. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. AZ-İV seriyalı, 445543 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları var. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, MŞB/6- 01445 saylı arayışdan görünür ki, ilkin mediasiya sessiyasında cavabdeh tərəfindən iştirak edilməməsi səbəbindən mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verilmiş müvafiq sorğulardan görünür ki, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir və aylıq əmək haqqısı 898.29 (səkkiz yüz doxsan səkkiz manat 29 qəpik) manat təşkil edir. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsi ilə verilmiş müvafiq sorğulardan görünür ki, Cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətində işləyir və aylıq əmək haqqısı 662.0 (altı yüz altmış iki) manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmənin mövqeyi: Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddiaçı hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Lakin, məhkəmə tərəfindən verilmiş müvafiq sorğular nəticəsində müəyyən edilmişdir ki, hr iki valideynin əmək fəaliyyəti və aylıq qazancı müəyyən edilmişdir. Bununla belə iddiaçı alimentin məhz sabit pul məbləğində tutulmasını tələb etdiyi nəzərə alınmalıdır. Bu halda məhkəmə hesab edir ki, cavabdehdən tutulan alimentin hər ay bir uşaq üçün 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəuyğundur. Məhkəmə xatırladır ki, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması bir valideynin deyil, hər iki valideynin bərabər vəzifəsidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə cavabdehin rəsmi aylıq əmək haqqı məbləğinin 662 manat təşkil etməsini, habelə iddiaçının özünün də rəsmi iş yerinin və qazancının olmasını, ümumilikdə uşaqların saxlanmasında hər iki valideynin bərabər məsuliyyət daşımasını və bütün bunların fonunda isə yetkinlik yaşına çatmayanların üstün mənafeyinin gözlənilməsini və əvvəlki maddi vəziyyətlərinə təsirini nəzərə alır. Həmçinin iddiaçının aliment tələbi üzrə iddianın verilməsinə görə dövlət rüsumu ödəməkdən azad edilməsi nəzərə alınmaqla tutulması müəyyən edilən aliment üzrə iddianın qiyməti (400x12=4800 manat; 4800-1000=3800; 3800 x 1% = 38; 30+38 = 68 manat) 1000 manatdan çox olduğundan, cavabdehdən 68 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay bir uşaq üçün 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh 68 (altmış səkkiz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar