Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4318/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X5 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları olan 24 yanvar 2019-cu il təvəllüdlü X8 və 28 fevral 2021-ci il təvəllüdlü X2 üçün 2022-ci il aprel ayından etibarən hər ay sabit pul məbləğində 400 (dörd yüz) manat və onun himayəsində 3 yaşına çatmayan övladları olduğu üçün xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək sabit pul məbləğində 200 (iki yüz) manat, ümumilikdə 600 (altı yüz) manat alimentin alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə rəsmi olaraq Cavabdeh ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 anadan olmuşdur. İlk vaxtlardan etibarən münasibətləri pis olmuş, xasiyyətləri uyğun gəlmədiyindən ailələrində tez-tez münaqişələr baş vermişdir. Övladlarına görə bir müddət dözsə də, artıq aralarındakı münasibətlər dözülməz bir həddə çatmışdır. Faktiki olaraq aralarındakı ailə münasibətləri bitdiyindən bu şəraitdə bir yerdə yaşamaqları mümkün olmamışdır və o, 2022-ci ilin aprel ayından etibarən evi tərk etmək məcburiyyətində qalmışdır. Hal-hazırda övladları X8 və X9 onun himayəsində yaşayırlar, onların bütün xərc və tələbatlarını o tək ödəyir. Buna baxmayaraq, Cavabdeh övladlarının saxlanmasında ona heç bir maddi köməklik etmir. Dəfələrlə uşaqlarının saxlanmasında ondan yardım etməsini tələb etsə də, heç bir müsbət nəticəsi olmamışdır. Hesab edir ki, ailənin və uşaqların saxlanılmasında cavabdehin də qanunda nəzərdə tutulmuş vəzifələri vardır. Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, o, 500 (beş yüz) manat maaş alır, iddiaçı isə 600 (altı yüz) manat pul istəyir. Bu məbləği ödəməyə onun imkanı yoxdur. Buna görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan 10 yanvar 2018-ci il tarixli, AZ-İİ № 247972 seriyalı 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 10 yanvar 2018-ci il tarixdə nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 88№ ilə qeyd aparılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 24 yanvar 2019-cu il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 26 fevral 2021-ci il tarixdə anadan olmuşdur. Mülki işin materiallarında olan 08 avqust 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, 08 avqust 2022-ci il tarixində 15:00-15:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məktub vasitəsilə məlumatlandırılmasına baxmayaraq iştirak etməmiş, İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiya dair xərci ödəmişdir (Mediator: İ.Fərzəliyev). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən iki övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onlar ayrı yaşamışlar, cavabdeh övladları ilə maraqlanmır. Hazırda iddiaçı övladları X8 və X1 üçün 2022ci il aprel ayından etibarən hər ay sabit pul məbləğində 400 manat və əlavə olaraq onun himayəsində 3 yaşına çatmayan övladları olduğu üçün xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək sabit pul məbləğində 200 manat, ümumilikdə 600 manat alimentin alınıb ona ödənilməsi yetkinlik yaşına çatmadığından onun yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment təyin edilməsini məhkəmədən tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün cavabdehdən hər ay alimentin tutulması hissəsində qismən əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17 və 34-cü maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinə əsasən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən edir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 11-ci bəndində göstərilmişdir ki, nikah məhkəmə qaydasında pozularkən ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçun vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim etməzlərsə və yaxud təqdim olunan saziş uşaqların və ya tərəflərdən birinin marağını pozarsa, məhkəmə mütləq qaydada boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və uşaqlar uçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşgul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən görülsün. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələbinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları bəyənnaməsi»nin (BMT Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 ( XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə «Uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətini inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2022-ci il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, 24 yanvar 2019-cu il təvəllüdlü X8 və 28 fevral 2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin “...onun himayəsində 3 yaşına çatmayan övladları olduğu üçün xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək sabit pul məbləğində 200 (iki yüz) manat alimentin tutulması...” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə də qismən əsaslıdır. Belə ki: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Məhkəmə xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək iddiaçının saxlanılması ilə bağlı iddiaçının tələb etdiyi alimentin məbləğini yüksək qiymətləndirərək hesab edir ki, X7 3 yaşına çatanadək iddiaçı Əzizov X3 üçün hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı aliment tələbi barədə iddia ərizəsi ilə 30 avqust 2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə belə hesab edir ki, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay 50 (əlli) manat, cəmi 436 (dörd yüz otuz altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, aliment xx.xx.2022-ci il tarixdən tutulmalı, alimentə dair hissə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat məbləğində, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment və xx.xx.2021-ci il təvəllüdlü X7 3 yaşına çatanadək iddiaçının saxlanılması üçün hər ay 50 (əlli) manat, cəmi 436 (dörd yüz otuz altı) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2022-ci il tarixdən tutulsun. Alimentə dair hissə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(006)-4318/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4318/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver