Məhkəmə qərarları › İş №e-2(006)-4329/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4329/2022

16.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4329/2022 16.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizdən çox olmayan hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizdən çox olmayan hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan övladı xx.xx.2015-ci il təvəllüdlü X6 xeyrinə hər ay İddiaçı tərəfindən ödənilən alimentin 50 % hissəsinin yetkinlik yaşına çatana qədər onun bank hesabına köçürülməsi və yetkinlik yaşına çatana qədər həmin hesabdan məxaric əməliyyatının dondurulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-1647/2017 saylı qətnaməsinə əsasən İddiaçı əmək haqqısının 1/4 hissəsi qədər vəsait hər ay övladı xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh ödənilir. İddiaçı tərəfindən hər ay ödənilən aliment vəsaitinin məbləği yüksək olduğu üçün Cavabdeh alimenti tam olaraq təyinatı üzrə xərcləmir və onun bir hissəsini müxtəlif məqsədlər üçün, o cümlədən öz mənafeyi üçün xərcləyir. Belə ki, İddiaçı tərəfindən ortalama hər ay 1000 (min) AZN məbləğində vəsait aliment qismində Cavabdeh ödənilir. Lakin, qanunvericiliyə əsasən 2022-ci ildə minimum alimentin məbləği 193 manat (yüz doxsan üç) müəyyən edilmişdir. Hal-hazırda, İddiaçı tərəfindən ödənilən aliment vəsaiti minimum aliment məbləğindən və real olaraq 7 yaşlı uşağın saxlanması üçün dəfələrlə artıqdır. Beləliklə, İddiaçı tərəfindən ödənilən alimentin 50 % hissəsi, yəni ortalama 500 (beş yüz) AZN məbləğində vəsait bir uşağın aylıq tələbatını tam ödəmək iqtidarındadır. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil1 iddianı müdafiə edib, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi X4 iddianı qəbul etməyib iddiaya etiraz edərək bildirdi ki, aliment məhkəmə qərarı ilə İddiaçı maaşına yönəldilmişdir. İddiaçı 2017-ci ildə "xxxx" QSC-nin KOBK üzrə kredit mütəxəssisi vəzifəsində işləmişdir. Məlumata görə iddiaçı halhazırda daha yüksək vəzifədə "xxxx" ASC-də işləyir və əmək haqqı daha da artmışdır. Bundan başqa əgər iddiaçı bu gün aliment tələbinin azaldılması barədə ərizə veribsə, mütləq idi ki, ailə və maddi vəziyyətində hansısa dəyişiklik olsun. Əksinə bu dəyişiklik Cavabdeh ilə bağlı olmuşdur ki, indi onun vəziyyəti daha da çətindir. Çünki, Cavabdeh övladı özəl məktəbdə təhsil alır, onun yol xərcləri, hazırlıq kurslarının ödənişləri, geyim və s. xərcləri bu pulla təkbaşına ödəyir və çətinlik çəkir. İddiaçı qeyd edir ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Lakin iddiaçının qazancı (əmək haqqı) gəliri nə qeyrimüntəzəmdir, nə də ki natura və ya xarici valyuta ilə əmək haqqı alır. İddiaçı hal-hazırda stabil olaraq hər ay yüksək əmək haqqı alır. Bununla bağlı məhkəmə "xxxx" ASC-yə müvafiq sorğu göndərə bilər. İddiaçı həmçinin tələb edir ki, ödənilən aliment 500 (beş yüz) manat hissəsinin yetkinlik yaşına çatana qədər onun bank hesabına köçürülsün və yetkinlik yaşına çatana qədər hesabdan məxaric əməliyyatı dondurulsun. “Bu tələbi irəli sürən valideyn sual vermir ki, hansı vəsaitə ana övladını saxlasın?” Atanın uşağı saxlamaq birbaşa borcudur(Ailə Məcəlləsinin 75.1-ci maddə). Eyni zamanda iddiaçının qeyd etdiyi məsələ qanunsuzdur. O halda aliment hesaba köçürülüb və dondurula bilərdi ki, (Ailə Məcəlləsinin 79.2-ci və 79.3-cü maddəsi) əgər cavabdeh valideynlik hüququndan məhrum edilsəydi və ya övladı valideyn himayəsində məhrum edilmiş olsaydı. Qeyd edilən hallardan və qanunverciliyin tələblərindən də görünüdüyü kimi, iddiaçının alimentin məbləğinin azaldılması tələbi, yəni hər ay 500 (beş yüz) manat tutularaq X9 adlı uşağın yetkinlik yaşına çatana qədər onun bank hesabına köçürülməsi və yetkinlik yaşına çatana qədər həmin hesabdan məxaric əməliyyatının dondurulması ədalətsiz və qanunsuzdur. İddia tələbinin əsassız olmasını nəzərə alıb rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, cavabdehin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-1647/2017 saylı qətnaməsindən görünür ki, iddianın qismen təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və 770 nömrəsi ilə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladlarının yetkinlik yaşına çatana qədər anası Cavabdeh yanında qalması, xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün atası İddiaçı gəlirinin 1/4 hissəsindən aliment tutularaq Cavabdeh verilməsi, iddianın qalan hissədə təmin edilməməsi Mülki işin materiallarında olan "xxxx" Təhsil Kompleksi QSC ilə X6 valideyni Cavabdeh arasında imzalanmış “Təhsil xidməti göstərilməsi haqqında” 3429 №-li, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, bu Müqavilənin şərt və müddəalarına uyğun olaraq, Təhsil Müəssisəsi Tələbəyə bu Müqaviləyə Əlavə(lər)də müəyyən edilən təhsil proqramını (bundan sonra – “Təhsil Proqramı” adlandırılacaq) tədris etməyi, Valideyn isə Əlavə(lər)də müəyyən olunmuş bu Təhsil Proqramının tədris olunması üçün müvafiq xidmət haqqını (bundan sonra – "xxxx" adlandırılacaq) Təhsil Müəssisəsinə ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan "xxxx" Təhsil Kompleksi QSC ilə X6 valideyni Cavabdeh arasında imzalanmış “Təhsil xidməti göstərilməsi haqqında” 3429 №-li, xx.xx.2022-ci il tarixli müqaviləyə 1 №-li Əlavədən görünür ki, X9 2022-2023 tədris ili üzrə 15 sentyabr – 15 iyun təhsil müddəti olmaqla, rus bölməsində aldığı təhsilə görə 6160 (altı min altmış) AZN təhsil haqqı ödəyir. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasının iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışından görünür ki, bu arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə (aliment) xx.xx.2022-ci il tarixində, 13:00-14:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasının iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt və telefon vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı səlahiyyətli nümayəndəsi Vəkil1 ilkin mediasiya sessiyasının iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc ödəmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 3630 nömrəli arayışından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli 10532/32 saylı İcra sənədinə əsasən hər ay İddiaçı əmək haqqısının dörddə bir hissəsi miqdarında aliment tutulur və X5 bank hesabına köçürülür. 2021-ci ilin avqust ayından 2022-ci ilin iyul ayınadək İddiaçı əmək haqqısından ümumilikdə 13,287.05 manat pul tutulmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 50 manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 6(060)- 82/2022 saylı qərarından görünür ki, Cavabdeh tərəfindən Sumqayıt şəhər prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayətin təmin olunması, Cavabdeh tərəfindən Sumqayıt şəhər prokurorunun köməkçisi vəzifəsi üzrə stajor X3 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarının qanunsuz hesab edilməklə ləğv olunması, işin yenidən araşdırılması üçün Sumqayıt şəhər Prokurorluğuna qaytarılması qərara alınmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin xx.xx.2018-ci il tarixli 10532/32 saylı İcra sənədinə əsasən hər ay İddiaçı əmək haqqısının dörddə bir hissəsi miqdarında aliment tutulur və X5 (Cavabdeh) bank hesabına köçürülür. xx.xx.2019-cu il tarixdən 2022-ci ilin avqust ayınadək İddiaçı əmək haqqısından 2019-cu ilin iyul ayı üzrə 547.32 manat, 2019-cu ilin avqust ayı üzrə 480.96 manat, 2019-cu ilin sentyabr ayı üzrə 567.81 manat, 2019-cu ilin oktyabr ayı üzrə 627.43 manat, 2019-cu ilin noyabr ayı üzrə 638.85 manat, 2019-cu ilin dekabr ayı üzrə 760.67 manat, 2020-ci ilin yanvar ayı üzrə 710.50 manat, 2020-ci ilin fevral ayı üzrə 682.69 manat, 2020-ci ilin mart ayı üzrə 928.75 manat, 2020-ci ilin aprel ayı üzrə 1233.00 manat, 2020-ci ilin may ayı üzrə 568.60 manat, 2020-ci ilin iyun ayı üzrə 578.62 manat, 2020-ci ilin iyul ayı üzrə 1,337.95 manat, 2020-ci ilin avqust ayı üzrə 826.40 manat, 2020-ci ilin sentyabr ayı üzrə 755.44 manat, 2020-ci ilin oktyabr ayı üzrə 804.77 manat, 2020-ci ilin noyabr ayı üzrə 803.75 manat, 2020-ci ilin dekabr ayı üzrə 816.05 manat, 2021-ci ilin yanvar ayı üzrə 846.85 manat, 2021-ci ilin fevral ayı üzrə 878.75 manat, 2021-ci ilin mart ayı üzrə 980.55 manat, 2021-ci ilin aprel ayı üzrə 881.55 manat, 2021-ci ilin may ayı üzrə 1,036.55 manat, 2021-ci ilin iyun ayı üzrə 873.65 manat, 2021-ci ilin iyul ayı üzrə 699.59 manat, 2021-ci ilin avqust ayı üzrə 1,516.21 manat, 2021-ci ilin sentyabr ayı üzrə 320.00 manat, 2021-ci ilin oktyabr ayı üzrə 1,148.69 manat, 2021-ci ilin noyabr ayı üzrə 1,259.90 manat, 2021-ci ilin dekabr ayı üzrə 1,059.53 manat, 2022-ci ilin yanvar ayı üzrə 1,040.83 manat, 2022-ci ilin fevral ayı üzrə 1,131.38 manat, 2022-ci ilin mart ayı üzrə 1,296.97 manat, 2022-ci ilin aprel ayı üzrə 1,126.63 manat, 2022-ci ilin may ayı üzrə 958.57 manat, 2022-ci ilin iyun ayı üzrə 1,004.33 manat, 2022-ci ilin iyul ayı üzrə 1,424.00 manat, 2022-ci ilin avqust ayı üzrə 1,003.50 manat, ümumilikdə 34,157.59 manat pul tutulmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 4210 nömrəli arayışından görünür ki, "xxxx" ASC-nin Nizami filialının KOB kreditləri üzrə meneceri İddiaçı 2022-ci ilin yanvaravqust ayları üzrə orta aylıq əməkhaqqısı 1,884 (bir min səkkiz yüz səksən dörd) AZN və orta işəmuzd əmək haqqı əlavəsi 3,227 (üç min iki yüz iyirmi yeddi) AZN təşkil edir. Mülki işin materiallarında olan "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli, 262 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2018-ci il tairixinədək "xxxx" QSC-də “Kiçik və X10 üzrə Mütəxəssis” vəzifəsində işləyib. İşçinin 2017-ci ilin sentyabr ayından 2018-ci ilin aprel ayına kimi aylıq gəlirlərindən 2017-ci ilin sentyabr ayı üzrə - 1,322.83 manat, 2017-ci ilin oktyabr ayı üzrə - 1,403.19 manat, 2017-ci ilin noyabr ayı üzrə - 1,309.60 manat, 2017-ci ilin dekabr ayı üzrə - 492.63 manat, 2018-ci ilin yanvar ayı üzrə - 588.96 manat, 2018-ci ilin fevral ayı üzrə - 502.14 manat, 2018-ci ilin mart ayı üzrə - 486.82 manat, 2018-ci ilin aprel ayı üzrə - 125.31 manat aliment məbləği tutulmuşdur. Mülki işin materiallarında olan məhkəmə tərəfindən edilmiş sorğu üzrə daxil olmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, 18-18-88/12 nömrəli tələb olunan məlumatların təqdim edilməsi barədə məktubundan görünür ki, "xxxx" Təhsil Kompleksi QSC tərəfindən verilmiş məlumata əsasən, X9 valideyni Cavabdeh ilə imzalanmış 3429 №-li xx.xx.2022-ci il tarixli müqavilə əsasında Təhsil Kompleksinin ünvan 1 ünvanında yerləşən tədris binasında 1-ci sinifdə rus bölməsində təhsil alır. O, cari tədris ili ərzində bütün dərslərdə iştirak etmiş, davamiyyətinin pozulması halı müşahidə edilməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-1647/2017 saylı qətnaməsinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün atası İddiaçı gəlirinin 1/4 hissəsindən aliment tutularaq Cavabdeh ödənilir. Belə ki, İddiaçı hesab edir ki, onun tərəfindən Cavabdeh ortalama hər ay 1000 (min) AZN məbləğində ödənilən aliment məbləği yüksək olduğu üçün Cavabdeh alimenti tam olaraq təyinatı üzrə xərcləmədiyini, alimentin bir hissəsinin Cavabdeh tərəfindən müxtəlif məqsədlər üçün, o cümlədən öz mənafeyi üçün xərclədiyini mübahisələndirərək, hazırda 2022-ci ildə minimum alimentin məbləği 193 manat (yüz doxsan üç) müəyyən edilməsini və onun ödədiyi aliment məbləğinin minimum aliment məbləğindən və real olaraq 7 yaşlı uşağın saxlanması üçün dəfələrlə artıq olmasını nəzərə alıb, onun tərəfindən ödənilən alimentin 50 % hissəsinin yetkinlik yaşına çatana qədər onun bank hesabına köçürülməsi və yetkinlik yaşına çatana qədər həmin hesabdan məxaric əməliyyatının dondurulmasını tələb edir. İddiaçı bu tələbi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53-cü maddəsinə istinad edərək əsaslandırmışdır. Cavabdeh isə iddiaçının tələbinə qarşı etiraz təqdim edərək, hal-hazırda iddiaçının əmək haqqısının daha da artdığını, uşağın özəl məktəbdə təhsil aldığını, onun yol xərcləri, hazırlıq kurslarının ödənişləri, geyim və s. xərcləri bu pulla təkbaşına ödədiyini nəzərə alıb, iddianın əsassız olduğunu və təmin edilməməsini tələb edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.9-cu bəndinə əsasən alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Birləşmiş Millətlər Təşkilatının «Uşaq Hüquqları haqqında» Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Məhkəmə qeyd edir ki, Ailə qanunvericiliyində məhkəmənin uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxarmaq səlahiyyəti qeyd edilsə də, hazırki vəziyyətdə iddiaçının bu tələb uşağın maraqları ilə uzlaşdıqca məhkəmə onu təmin etməlidir. Hazırki vəziyyətdə isə iddiaçının tələbinin təmin edilməsinin uşağın maraqlarına uyğun olması, eyni zamanda uşağa verilən alimentdən düzgün istifadə olunmadığını düşünməyə əsas verəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmiş və iddiaçı tərəfindən tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Bunların əksinə isə cavabdeh tərəf uşağın "xxxx" Təhsil Kompleksinin rus bölməsində təhsil alması və 5600 (beş min altı yüz) AZN təhsil haqqı ödədiyi ilə bağlı məhkəməyə öz dəlillərini təqdim etmişdir. Həmçinin alimentin bir hissəsinin uşağın adına açılan bank hesabına köçürülməsi qanunveriliklə nəzərdə tutulsa da, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının tövsiyyəsinə görə bunun üçün məhkəmə aliment alan valideynin buna münasibətinin əsasını (razılığına və ya etirazına) təşkil edən dəlillərinə, daha sonra belə qərarın uşağın mənafeyinə uyğun olubolmamasına qiymət verməlidir. Hazırki iş üzrə cavabdeh-aliment alan valideyn iddiaçının bu tələbinə etiraz etmişdir. Hazırki iş üzrə iddiaçının, yəni aliment ödəyən valideynin tələbi ilə alimentin 50 % hissəsinin yetkinlik yaşına çatana qədər onun bank hesabına köçürülməsi və yetkinlik yaşına çatana qədər həmin hesabdan məxaric əməliyyatının dondurulması xx.xx.2015-ci il təvəllüdlü X6 əvvəlki təminat səviyyəsinə müəyyən təsirini göstərə bilər. İddiaçının tələbi ilə bağlı verdiyi izahatlar özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki Mülki Prosesual Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, iddiaçının uşaqlarının adına bank hesabı açdırmaq və alimentdən kənar vəsaitləri bu hesaba köçürməsi kimi hüququ vardır ki, bu hüquqdan istifadə edilməsi uşaqlarının gələcəkdə tələbatlarının ödənilməsinə sərf edilməsi məqsədi ilə onların mənafeyinə uyğundur. İddiaçı ödənilən alimentin uşağın saxlanması, tərbiyəsi, təhsili üçün xərclənməməsinə, aliment alan valideyn tərəfindən alimentin başqa məqsədlər üçün istifadə edilməsi ilə bağlı heç bir dəlilə istinad etməmişdir ki, alimentin düzgün istifadəsi ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşsün. Sadəcə ödənilən aliment məbləğinin yüksək olması isə bu tələbin təmin edilməsi üçün əsas vermir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, iddiaçının tələbinin uşağın mənafeyinə uyğun olmaması, ona əvvəlki həyat şəraitinin qorunub saxlanmasına əsas verən aliment məbləğinin ödənildiyini, bu məbləğin yarısının bank hesabına köçürülməsinin həmin həyat şəraitinə təsir edəcəyini nəzərə alaraq hesab edir ki, İddiaçı yetkinlik yaşına çatmayan övladı xx.xx.2015-ci il təvəllüdlü X6 xeyrinə hər ay İddiaçı tərəfindən ödənilən alimentin 50 % hissəsinin yetkinlik yaşına çatana qədər onun bank hesabına köçürülməsi və yetkinlik yaşına çatana qədər həmin hesabdan məxaric əməliyyatının dondurulması tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.2-ci maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin 50 faizdən çox olmayan hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar