Məhkəmə qərarları › İş №e-2(006)-4409/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4409/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4409/2022 15.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili - Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 130.000 manat məbləğində borcun və ödənilmiş 420 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1962-ci il təvəllüdlü Cavabdeh ilə dostu Kənan vasitəsi ilə tanış olmuşdur. Cavabdeh onun işlədiyi avtosalona dəfələrlə gəlmiş və avtomobil almışdır. Elə həmin vaxtdan aralarında münasibət yaranmış və qarşılıqlı etibar yaranmışdır. Belə ki, aralarında etibar yarandığı üçün ona dəfələrlə nisyə maşın satılmışdır. Cavabdeh sahibkarlıq fəaliyyətinin daha səmərəli aparılması üçün işlədiyi şirkətin vergi partnyorluğuna cəlb edilməsinin faydalı olduğunu bildirmişdir. Bundan sonra cavabdeh həmin prosedurların rahat şəkildə təşkil edilə biləcəyini və bunun üçün 130.000 manat pul vəsaitinin tələb olunduğunu bildirmişdir. Aralarında uzun müddət ərzində etibar yaranmış və ortaq tanışlarının olduğunu nəzərə alaraq, ona pul vəsaitini alıb aldadacağı ağlına gəlməmişdir. O, cavabdehlə 2017-ci ilin yanvar ayında Bakı şəhəri Yasamal rayonu İnşaatçılar prospektində yerləşən «Pəncərə» restoranı tərəfdə görüşərək 100.000 manat pul vəsaitini vermişdir. Həmin vaxt Cavabdeh qısa vaxt ərzində rəsmiləşdirəcəyinə söz vermişdir. Daha sonra 30.000 manat pul vəsaitinin verilməsini istəmişdir. Belə ki, müəyyən lisenziya və rüsumların da ödənilməsinin tələb edildiyini bildirmişdir. Bundan sonra mütəmadi olaraq işin nə yerdə olduğu ilə maraqlansa da, Cavabdeh tərəfindən müxtəlif bəhanələr səsləndirilmişdir. Daha sonra cavabdehə ödənilən pulu qaytarmasını tələb etsə də, cavabdeh pulun onda olmadığını bildirmişdir. Daha sonra aralarında olan razılaşmaya əsasən Cavabdeh ona 130.000 manat borcu olmasını etiraf etmiş və ödəniş edəcəyinə söz verməsinə dair yazılı öhdəlik götürmüşdür. Lakin cavabdeh öhdəliyini yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 29 dekabr 2021-ci il tarixdə cəza çəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş borc öhdəliyinin etirafı haqqında ərizədən görünür ki, o, İddiaçı 130.000 manat borcu aldığını ətraflı şəkildə izah edərək, həmin borcu etiraf etmiş, azadlığa çıxdıqdan sonra İddiaçı olan borcu ödəməyə başlayacağına vəd vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh İddiaçı 2017-ci ilin yanvar ayında 100.000 manat, daha sonra 30.000 manat borc almış, 130.000 manat borcu tez bir müddət ərzində qaytaracağını öhdəsinə götürsə də, öhdəliyini icra etməmiş və iddiaçıya cəmi 130.000 manat borcu qalmışdır. Borcun qaytarılması ilə bağlı iddiaçının bir neçə müraciətindən sonra, tərəflər arasında borcun eiraf edilməsi barədə razılıq əldə olunmuş, cavabdeh cəza çəkdiyi müəssisənin rəhbərliyi tərəfindən təsdiq edilmiş ərizə yazaraq borcunu etiraf etmişdir. Borcun alınmasından və borcun etiraf edilməsi barədə ərizə yazılandan sonra keçən dövr ərzində cavabdeh tərəfindən borc qaytarılmamış, borcun qaytarılması yönündə heç bir addım atılmamış, əməli tədbir görülməmişdir. İddiaçı məcbur olaraq cavabdehə pretenziya məktubu ünvanlamış, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 420 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 130.000 manat məbləğində borc və ödənilmiş 420 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 130.000 manat məbləğində borc və ödənilmiş 420 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar