Məhkəmə qərarları › İş №e-2(006)-4411/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4411/2025

10.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4411/2025 10.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “atalıq faktının müəyyən olunması və aliment” tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə yaşayışdan anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X2 hər ay aliment kimi 246 (iki yüz qırx altı) manat sabit pul məbləği cavabdehdən tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının Cavabdehlə birgə yaşayışdan anadan olmuş xx.xx.2024-cü il təvəllüdlü X2 onun anadan olduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hər ay aliment kimi 246 (iki yüz qırx altı) manat sabit pul məbləği və İddiaçı, onun və cavabdehin qızı X2 baxdığına görə dekretdə olduğu üçün, Cavabdeh hər ay aliment kimi 246(iki yüz qırx altı) manat sanit pul məbləği, ümumi olaraq 492(dörd yüz doqsan iki) manat cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə əlavə təqdim edərək, iddia ərizəsində göstərilən tələblərlə yanaşı Cavabdeh xx.xx.2024-cü il təvəllüdlü Milissa Axundovanın atası olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər birgə nikahda olmasa belə, bir müddət bir yerdə yaşamışlar, xx.xx.2024-cü il təvəllüdlü X4 adlı övladı var. Birgə yaşayış dövrünün əvvəlində-hər şey yaxşı idi. Cavabdehlə yola gedirdi, uşaqları anadan oldu, ağız deyəni-qulaq eşidirdi, lakın sonradan ailə həyatı kəskin surətdə pozulmağa başladı. Münasibətləri gərginləşdi və bu səbəbdən ailə-nikah münasibətləri pozulmuşdur. Halhazırda o, övladıyla birləkdə anasının evində yaşayırlar. Ailə faktiki olaraq mövcüd deyil. Aralarında olan nikah-hazırda formal xarakter daşıyır. Onun tərəfindən ailəni dağılmaqdan xilas etmək təşəbbüsləri-nəticəsiz qalıb. İlk öncə X4 üçün anadan olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən eyni zamanda, İddiaçı da aliment təyin edilməlidir, belə ki, İddiaçı öz övladı X2 baxır və hazırda dekretdədir, dekretdə olduğu üçün cəmi 44(qırx dörd) AZN pensiya alır, bundan savayı İddiaçı ünvanlı sosial yardım alır və təbii ki, aldığı pul özünə və övladı Milissaya heç cür bəs etmir. Axundova Milissa körpə uşaqdır, 1 yaş 5 ayı var, ana südünə və s. ana qayğısına möhtacdır. Onu da bildirir ki, Axundova Milissaya onun anası İddiaçı başqa baxası bir kəs yoxdur, belə ki, İddiaçı anası X3 yaşlı adamdır, 66 yaşı var, şəkər xəstəsidir və sosial pensiya alır, İddiaçı da atası X10 yaşlı adamdır, 69 yaşı var, istənilən vaxt nəsə ola bilər, bununla da, təbii ki, İddiaçı körpə uşağı olan Axundova Milissanı nə anasına, nə də ki atasına etibar edə bilməz və yalnız özü baxmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 34.4 maddəsinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Göründüyü kimi, Axundova Milissanın saxlanılması üçün ona mütləq şəkildə anası İddiaçı tərəfindən qayğı daimi və fasiləsiz olaraq göstərilməlidir. Axundova Milissaya qayğı göstərdiyinə görə İddiaçı heç bir yerdə işləyə bilmir və göründüyü kimi, İddiaçı saxlanılması üçün belə aliment təyin edilməlidir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, uşağın doğum haqqında şəhadətnaməsində ata adının dəyişdirilməsini istəmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, ata olduğunu bildiyi tarixdən etibarən sadəcə uşağın alimentini ödəməyə hazırdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı 06 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB/06-01126 saylı, xx.xx.2025ci il tarixli arayışa əsasən, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 14:30-da keçirilmiş ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. 7 saylı Bakı «Asan xidmət» Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışına əsasən X4 xx.xx.2024-cü il tarixdə anadan olmuşdur. Anası İddiaçıdır. Ata haqqında məlumat ananın ərizəsinə əsasən X1 yazılmışdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4411/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi (bioloji) ekspertizası təyin edilmiş, mülki iş rəy alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 göndərilmiş və mülki işin icraatı dayandırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibb Ekspertizası və X8” PHŞnin xx.xx.2025-ci il tarixli, 635/2025-TBŞ nömrəli ekspert rəyinə əsasən alınmış göstəricilərə əsasən Ata Cavabdeh ekspertizaya təqdim olunmuş X4 adlı uşaq barəsində atalıq faktı inkar olunmadı. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 44.3-cü maddəsinə əsasən, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 47.1-ci maddəsinə əsasən, bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. 186-cı maddəsinə əsasən, atalığın müəyyən edilməsi məhkəmə tərəfindən müəyyən edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. 187.1-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Birləşmiş Millətlər Təşkilatının “Uşaq hüquqları haqqında” Konvensiyası. 3-cü maddəsinə əsasən. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. 27- ci maddəsinə əsasən valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 52.2, 52.5-ci maddələrinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 106.3-106.4-cü maddələrinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır; 191.3.-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 234.2.1-ci maddəsinə əsasən, qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmadan ailə həyatı qurmuş və münasibətlərindən xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissa anadan olmuşdur. Əvvəllər münasibətləri normal olsa da, tərəflər sonradan ayrılmışlar. Hazırda uşaq iddiaçının himayəsindədir. İddiaçı aralarında olan mübahisənin həll edilməsi üçün aidiyyəti mediasiya təşkilatına müraciət etsə də, ilkin mediasiya sessiyasından sonra proses davam etdirilməmişdir. Buna görə də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda İddiaçı cavabdehin xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın atası hesab olunması, uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün doğulduğu tarixdən hesablanmaqla cavabdehdən 246 manat miqdarında aliment tutulması, özü üçün isə cavabdehdən hər ay 246 manat məbləğində maddi yardımın tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh tərəf atalıq məsələsini mübahisələndirdiyindən, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyinə əsasən onun Axundova Milissa adlı uşaq barəsində atalıq faktı inkar olunmamışdır. Bundan sonra cavabdeh uşağın atası olmasını etiraf etmiş və uşağa münasibətdə tələb edilən məbləğdə aliment ödəməyə razı olduğunu bildirmiş, lakin alimentin iddiaçının tələb etdiyi müddətdən deyil, uşağın atası olduğunu bildiyi vaxtdan tutulmalı olmasını göstərmiş, habelə iddiaçının özü üçün tələb etdiyi 246 manat məbləğində pulu ödəməyə etiraz etdiyini bildirmişdir. Məhkəmə ekspertin rəyini və cavabdehin etirafını tədqiq edərək iddia tələbinin “atalığın müəyyən edilməsi və alimentin tutulması” hissəsi ilə bağlı hesab edir ki, xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın atasının Cavabdeh olması ekspert rəyi ilə öz təsdiqini tapdığından və onun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehdən sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.615 misli miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması uşağın mənafeyinə uyğun hesab edildiyindən, cavabdehin iddia tələbini bu hissədə etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddia tələbi bu hissədə təmin edilməlidir. Aliment tutulmasının başlanğıc tarixinin hesablanmasına gəldikdə məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı. A Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Buna görə də məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsi ilə məhkəməyə müraciət edildiyi tarixdən yəni xx.xx.2025-ci il tarixdən başlanmalıdır. İddia tələbinin “iddiaçının özünə görə hər ay 246 manat məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddianın həmin hissəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilk növbədə qeyd edilməlidir ki, ər-arvad dedikdə, ailə qurmaq məqsədilə nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınan kişi ilə qadın başa düşülür. Ailə münasibətlərinə daxil olan şəxslərin ər-arvad statusu nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır, nikahın pozulduğu gün başa çatır (Azərbaycan Respublikasının Ailə Məcəlləsi (bundan sonra – Ailə Məcəlləsi), 2.3, 9.4 və 23.1-ci maddələr). Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. Məhkəmə qeyd edir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsini nəzərdə tutan Ailə Məcəlləsinin (maddə 84-85) tələbləri baxımından bir-birinə maddi cəhətdən kömək etməklə bağlı mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Hazırkı halda tərəflər arasında rəsmi nikah münasibətlərinin olmaması və buna görə ər-arvad statusunun əldə edilməməsi həmin statusdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin qarşı tərəfdən tələb edilməsini istisna edir. İddianın həmin hissəsi ilə bağlı iddiaçı subyektiv hüquqa malik deyildir. Beləliklə, göstərilənləri ümumiləşdirərək və işin faktiki hallarına toplanmış sübutlarla birgə məcmu halda hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın atasının Cavabdeh olması müəyyən edilməli, xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının (iddia ərizəsinin verildiyi 2025-ci il üçün minimum aylıq əmək haqqının məbləği 400 manat müəyyən edilmişdir) 0,615 misli həddində (400 x 0,615 = 246 manat) sabit pul məbləğində aliment Cavabdeh alınaraq iddiaçıya verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 113.1-ci maddəsinə əsasən iddia verilən zaman qiymət qoyulması çətinlik törədən iddialar üzrə, habelə iddianın qiyməti düzgün göstərilmədiyi hallarda dövlət rüsumunun miqdarı hakim tərəfindən müəyyən edilən iddia qiymətinə müvafiq hesablanır, sonradan isə rüsumun kəsiri məhkəmə tərəfindən iş həll olunarkən müəyyən edilmiş iddia qiymətinə müvafiq olaraq alınır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən, qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsaslanaraq, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verməyi zəruri hesab edir. Belə ki, məhkəmə qeyd edir ki, bu məsələ prosessual qanunvericiliklə tənzimləndiyindən, bu barədə qərar qəbul edərkən məhkəmə iddia ərizəsində belə tələbin olub-olmamasından asılı deyildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin rüsum iddiaçı tərəfindən ödənilmədiyindən, cavabdehdən dövlət büdcəsinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın atasının Cavabdeh olması müəyyən edilsin. xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqınınb 0,615 misli həddində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamə xx.xx.2024-cü il təvəllüdlü Axundova Milissanın doğum haqqında akt qeydində müvafiq düzəlişlərin edilməsi üçün əsasdır. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar