Məhkəmə qərarları › İş №e-2(006)-4434/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4434/2025

20.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4434/2025 20.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu və Azərbaycan Respublı̇ kasının Daxili İşlər Nazirliyi cəlb edilməklə) "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizənin təmin edilməsi, təhqiqat, İstintaq Orqanlarının qanunsuz istintaq hərəkətləri nəticəsində 390 gün yəni, 13 ay qanunsuz həbsdə saxlanılmağımla əlaqədar ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 39000 manat məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin İş № 1(091)-137/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət almışdır. Ona ittiham ona görə sürülmüşdür ki, o, satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 7.943 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib CM-nın 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 5.001 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində İddiaçı həmin gün saat 17:25-də Yevlax şəhəri, H.Əliyev prospekti 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2x rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman onun satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda ümumilikdə 7.943 qram çəkidə eyni tərkibli narkotik vasitə heroin əynindəki göy rəngli şalvarın sağ yan cibindən 02 ədəd bükümdə, ayrılıqda təmiz çəkiləri 3.631 qram və 4.312 qram olmaqla aşkar edilərək götürülmüşdür. O əsassız olmaqla bu ittihamla günahkar hesab edilmişdir. X4 Cinayətlər Məhkəməsi bəraətverici əsaslarla qərar qəbul etdi. Həmin qərardan Apellyasiya protesti verilmiş, protestə Şəki Apellyasiya Məhkəməsində baxılmış, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(107)-71/2024 nömrəli qərarı ilə protes təmin edilməmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının N 1(102)-2016/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixində saat 17:25-də tutularaq Yevlax rayon Polis Şöbəsinə ordanda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılmışam. xx.xx.2022-ci il tarixində barəsində həbsqətimkan tədbiri seçilib. Zülm və əziyyəti çəkmişdir. X5 Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(091)- 137/2023 saylı hökmü ilə bəraət alaraq həbsdən azad edilmişdir. Yəni, üst-üstə 13 ay olmaqla yuvarlaq şəkildə 13 ay həbsdə qalmışdır. Həqiqəti və günahsızlığımı sübut etmək üçün sağlamlığını və psixoloji vəziyyətini itirmişdi. İşgəncəyə və döyülməyə məruz qalmışdır. Onu evindən götürərək saatlarla işgəncə və fiziki təsirə məruz qoyublar. Yevlax rayon Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin amansız zülmünü yaşamışdır. Onun nə günahı vardır ki, dünyəvi və demokratik bir ölkədə bu qanunsuzluğun əziyyətini çəkib. Ancaq dövlətimiz, Prezidentimiz həmişə bizim yanımızda olaraq bir daha təsdiq etdiki heç bir şəxs günahı olmadan cəza çəkə bilməz. O bütün bunları canlı olaraq gördü və yaşadı. Bu səbəbdəndə dövlətinin bir daha güclü olduğunu, öz vətəndaşlarının yanında olduğunu gördü. Bütün bunları canlı olaraq yaşadı. 13 ay həbsin hər gününü çiyinlərində yaşadı. Bəzən geyinməyə paltarı belə olmadı. Saxlanıldığı yerdə 6 nəfərlik yerdə 14 nəfər saxlanılırdı. Saxlanılan otaq 30 kv olmaqla 26 şəxslə 6 kravatda yatmaq mümkünsüz olduğundan bəzən daş polda, bəzən nəm divarlara söykənib bu acı həyatı yaşamışdır. Səhhətinə bu mühitdə yaşamaqla ciddi ziyan dəymiş, xəstə olmuşdur. Psixoloji durumu pozulmuşdur. 5 ay Müalicə Müəssisəsində müalicə olunmuşdur. Hazırda ciddi psixi xəstədir. Onurğa sütunu ciddi acılar yaşadır ona. Bütün bunları istintaq və tədqiqat orqanları başına gətirmişdir. Qanunsuz saxlanıldığı otaqda spit xəstəsi olan, qaraciyər serrozunu yaşayan, hepatit xəstəlikləri olan, habelə birbaşa vərəm çöplərini daşıyan dusdaqlarla saxlanıldığı 13 ay ərzində, sonradan isə bu xəstəlikləri daşıdı. Qətimkan tədbiri isə hər dəfə artırılmaqla bu havasız şəraitdə xəstə oldu. Onun bu prosesdə ailəsi ciddi, mənəvi xəsarət aldı. Olunan işgəncəyə münasibətdə özünü dəfələrlə doğramışdı. O, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək 13 ay təcridxanada saxlanılmışdır. O, əsassız ittihamla bağlı olaraq 13 ay istintaq təcritxanasında saxlanmışdı. Azadlığı əlindən alınıb. Zülüm və əziyyət çəkmişdir. Qeyd olunan məhkəmə hökmündə barəsində qaldırılan cinayət işi sübuta yetirilməsədə o həmin maddə üzrə ittiham olunmamışdı. Ancaq ittiham olunmağı bu səbəbdən də barəsində məsuliyyəti müəyyən edən qərarların qəbul edilməsi, onun dəfələrlə həmin maddə ilə soğru suallara cəlb edilməyi, son durumda məhkəmə ədaləti olmasaydı, o 5 ildən artıq cəza almalı idi. Bu kimi halları başına gətirən istintaq və təhqiqat orqanlarının bu qanunsuz hərəktləridir. O bu işdə təqsirsiz olmağına baxamayaraq əsasız mühakimə olunmuşdur. Əsassız olaraq sorğu-sullara cəlb edilmişdir. Əsassız olaraq ittiham olunmuşdu. İstintaq və Məhkəmə müstəvilərində mənəvi əziyyət çəkmişdi. Qolları zəncirlənib. Onunla pis rəftar edilib. Məhkum edilənlərin maşınında dəfələrlə hakim qarşısına çıxarılmışdı. Bütün bunları ona qanunsuzcasına, ədalətsizcəsinə ediblər. O və ailəsi hər məhkəmə müstəvisində mənəvi əziyyət və sarsıntı keçirib. İstintaq orqanı sənədləri saxtalaşdıraraq onu döyərək, işgəncə verərək bu ittihamı üzərinə atıb. Bütün saxta ifadələri tam mənada onun ittihamı üçün hazırlayıb. Saxta sübutlar çərçivəsində ittihamı formalaşdıraraq onu təqsirləndirilən şəxs qismində cəlb edərək məhkəmə müstəvisində həbsi üçün zəmin yaradıblar. Çünki o qanunsuz olaraq 13 ay təcridxanada, yəni 6 nəfər üçün nəzərdə tutulan rütubətli, iyli, qoxulu bir darıskal otaqda 14 nəfərlə qalmışdır. Yatmaq üçün nəzərdə tutulan yerdə gecə və gündüz növbə ilə yatmış, son dərəcə keyfiyyətsiz olan türmə yeməyi yemişdir. Gündə 2 saat hava görmüşdür. Hüquqları pozulub. Döyülməyə, işgəncəyə, psixi zora məruz qalmışdır. Hər dəfə ən aşağı ifadələrlə çağrılmışdır. Xəstə, ehtiyaclı anasına belə baxa bilməmişdir. Özü psixi sarsıntı keçirir. Özünü doğramışdır. O, 13 ay təcridxanada saxlanıldı. Bütün bunları günlərlə hesablasaq bu müddət 390 gün edir. O bu günlər ərzində işləyib ailəsini saxlayırdı. Hər gün üçün çəkdiyi mənəvi işgəncənin, iztirabın, zülmün, məsəqqətin, hüquqsuzluğun, həyati təhlükənin, vəhşiliyin nəticəsi olaraq hər gününə 100 manat hesablasaq bu məbləğ 39000 manat edir. O halbuki hər gün işləyərək bu pulu qazanırdı. Bu məbləğ dünyada ən aşağı bir həddir. Bundan başqa bu qanunsuzluğu edən əməliyyatçı, müstəntiq, prokuror nə üçün kənarda qalmalıdır. Dövləti onlara iş, rütbə, status verib ona görə ki, insanları döysün, işgəncə versin, qanunsuz həbsə cəlb etsinmi? Bunlar nədən cəzasız qalmalı, bu zülmün əvəzini dövlət ödəməli deyil. Bu insanlar ödəməlidir. Onlar haqqında xüsusi qərar qəbul edilməsini istəyir. Bununla da onlar ona mənəvi cəhətdən məhv edib, sarsıdıb, xəstə edib. Bunun əvəzini mütləq verməlidirlər. Barələrində cinayət işi qaldırılmalıdır. Bütün bunlar işin görünən tərəfidir. Görünməyən tərəfi isə onun bu izdirabları yaşamağı bu vəziyyəti ailəsiylə birlikdə keçirməyidir. Döyülməyə, işgəncəyə məruz qalmışdır. Hazırda xəstədir. O, bütün bunlara görə keçirdiyi mənəvi iztirabların əvəzi olaraq 39000 manat məbləğin yəni, vurulan zərərin əvəzini tələb edir. Hesab edir ki, həmin zərər cavabdeh orqan tərəfindən ödənilməlidir. Azərbaycan Respublı̇ kası Baş Prokurorluğunu və Azərbaycan Respublı̇ kasının Daxili İşlər Nazirliyini üçüncü şəxs qismində məhkəmə icraatına cəlb etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, iclasın onların iştirakı olmadan keçirlənməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: b) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-137/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və hazırda saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən dərhal azad olunması hökm edilmişdir. - 27 oktyabr 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, İddiaçı həmin tarixdə saat 1805 -da şübhəli şəxs qismində tutulmuşdur. - Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(107)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısı Tofiq Mirzəyev tərəfindən verilmiş apellyasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 04 noyabr 2023-cü il tarixli, 1(091)-137/2023 saylı hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-2016/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya protestinin təmin edilməməsi, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-71/2024 saylı, 6 mart 2024-cü il tarixli hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda, cinayət hadisəsinin, əməldə cinayət tərkibinin olmaması və ya şəxsin cinayət törətməkdə iştirakının sübut edilməməsi ilə əlaqədar cinayət işinə xitam verildikdə və ya cinayət işinin başlanması rədd edildikdə yaranır. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Göstərilənlərlə yanaşı məhkəmə hesab edir ki, hüquqi cəhətdən dəyərləndirilməli olan məsələlərdən biri də kompensasiyanın nədən ibarət olmasıdır. Məhkəmə belə qənaətdədir ki, zərərin kompensasiya edilməsi təkcə onunla bağlı maddi ziyanları - gəlirin və əldə edilə biləcək faydanın itirilməsi ilə yanaşı, ayrı-ayrı şəxslərə vurulmuş qeyri-maddi zərəri də əhatə edir. Qeyri-maddi zərər dedikdə, bir qayda olaraq doğma və yaxınlarının itirilməsi, ağrı və əzablar, şəxsiyyətə və ya şəxsi həyata qəsdlə əlaqədar hisslərə toxunulma başa düşülür. Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd etmişdir ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). Məhkəmə iddiaçıya vurulmuş mənəvi və fiziki zərərin ödənilməsi məsələsini aşağıdakı qaydada həll edilməsini məqsədəmüvafiq hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İşin mübahisəsiz halıdır ki, iddiaçı barəsində 1 il 8 gün müddətinə həbs qətimkan tədbiri tətbiq edilmişdir. O, həmin müddət ərzində ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş ziyanın məbləğinin ağlabatan və ədalətli hesab edilməsi üçün 1 il 8 gün müddətinə həbs qətimkan tədbirinə görə 12.267 manat (bir ay üzrə 1000 manat x 12 ay 8 gün) məbləğində müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsini mümkün hesab etməyərək, iddianın bu hissəsini qismən, yəni 12.267 (on iki min iki yüz altmış yeddi) manat həcmində təmin olunmasını ədalətli hesab edir. Belə ki, iddiaçının azadlıqdan məhrum olunması ona inamsızlıq, narahatlıq, məyusluq hissləri, streslər, əzab və əziyyətlər yetirsə də, bunun qarşılığının iddia edilən məbləğdə ödənilməsi kifayət qədər ağlabatan deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 12.267 (on iki min iki yüz altmış yeddi) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Eyni Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə 12.267 (on iki min iki yüz altmış yeddi) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissələrdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar