Məhkəmə qərarları › İş №e-2(006)-4435/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4435/2025

17.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4435/2025 17.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə baxaraq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təhqiqat, İstintaq Orqanlarının qanunsuz istintaq hərəkətləri nəticəsində 630 gün 21 ay qanunsuz həbsdə saxlanılmağı ilə əlaqədar ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 315000 manat məbləğin Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasına və ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin İş № 1(091)-24/2024 saylı 18 iyul 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət almışdır. Ona ittiham ona görə sürülmüşdür ki, CM-nın 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in İ siyahısına daxil edilən 5.001 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Yevlax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş birgə əməliyyat-axtarış tədbiri zamanı İddiaçı 28 oktyabr 2022-ci il tarixdə saat 04:15-də ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 Yevlax rayon Polis Şöbəsinə aparılıb həmin gün saat 06:00-dan etibarən üzərində şəxsi axtarış həyata keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 5.001 qram çəkidə narkotik vasitə heroin əynindəki qara rəngli pencəyin sol iç cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. X5 Cinayətlər Məhkəməsi bəraətverici əsaslarla qərar qəbul etmişdir. Həmin qərardan Apellyasiya protesti verilmiş, protestə Şəki Apellyasiya Məhkəməsində baxılmış, protest təmin edilməmişdir. Həmin qərardan Azərbaycan Respublikası Ali məhkəməsinə kassasiya protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının İŞ N 1(102)- 969/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Apellyasiya Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı 21 ay əsassız olaraq mühakimə edilmişdir. Yəni, xx.xx.2022-ci il tarixində saat 04:15-də tutularaq Yevlax rayon Polis Şöbəsinə ordanda Narkotiklərlə Mübarizə Baş İdarəsinə aparılmışdır. Barəsində həbs qətimkan tədbiri seçilib. Bu zülm və əziyyəti çəkmişdir. X7 Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)-24/2024 saylı hökmü ilə bəraət alaraq həbsdən azad edilmişdir. Yəni, üst-üstə 20 ay 21 gün olmaqla yuvarlaq şəkildə 21 ay həbsdə qalmışdır. Həqiqəti və günahsızlığını sübut etmək üçün sağlamlığını və psixoloji vəziyyətini itirmişdir. İşgəncəyə və döyülməyə məruz qalmışdır. Lakin dövlətinin bir daha güclü olduğunu, öz vətəndaşlarının yanında olduğunu görmüşdür. Bütün bunları canlı olaraq yaşamışdır. 21 ay həbsin hər gününü çiyinlərində yaşamışdır. Səhhətinə bu mühitdə yaşamaqla ciddi ziyan dəymiş, xəstə olmuşdur. Hazırda vərəm xəstəsidir. Hepatitdən əziyyət çəkir. Hər iki gözü sıradan çıxmışdır. Bütün bunları istintaq və tədqiqat orqanları başına gətirmişdir. Halbuki o, pəhlivan qüssəli idi. Qanunsuz saxlanıldığı otaqda spid xəstəsi olan, qaraciyər serrozunu yaşayan, hepatit xəstəlikləri olan, habelə birbaşa vərəm çöplərini daşıyan dusdaqlarla saxlanıldığı 21 ay ərzində, sonradan isə bu xəstəlikləri daşımışdır. Qətimkan tədbiri isə hər dəfə artırılmaqla bu havasız şəraitdə xəstə olmuşdur. Onun bu prosesdə ailəsi və uşaqları ciddi, mənəvi xəsarət almışdır. Olunan işgəncəyə münasibətdə özünü dəfələrlə doğramışdır. Əsassız ittihamla bağlı olaraq 21 ay istintaq təcritxanasında saxlanmışdır. Azadlığı əlindən alınıb. Zülüm və əziyyət çəkmişdir. Qeyd olunan məhkəmə hökmündə barəsində qaldırılan cinayət işi sübuta yetirilməsədə o, həmin maddə üzrə ittiham olunmamışdır. Ancaq ittiham olunmağı bu səbəbdən də barəsində məsuliyyəti müəyyən edən qərarların qəbul edilməsi, onun dəfələrlə həmin maddə ilə soğru suallara cəlb edilməyi, son durumda məhkəmə ədaləti olmasaydı, o, 5 ildən artıq cəza almalı idi. Bu kimi halları başına gətirən istintaq və təhqiqat orqanlarının bu qanunsuz hərəktləridir. Hər gün üçün çəkdiyi mənəvi işgəncənin, iztirabın, zülmün, məsəqqətin, hüquqsuzluğun, həyati təhlükənin, vəhşiliyin nəticəsi olaraq hər gününə 500 manat hesablasaq bu məbləğ 315000 manat edir. Halbuki hər gün işləyərək bu pulu qazanırdı. Bu məbləğ dünyada ən aşağı bir həddir. Cavabdehin etirazı: Cavabdeh iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, iddia ərizəsindən aydın olur ki, İddiaçı hüquq-mühafizə orqanları tərəfindən AR Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işinin başlanmasını və həbsdə saxlanılmasını qanunsuz hesab edərək bu əsasda ona vurulmuş mənəvi ziyanın əvəzi olaraq 315.000 manat pulun cavabdeh Maliyyə Nazirliyindən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarından göründüyü kimi İddiaçı hüquq-mühafizə orqanlarının hərəkətləri və çıxarılan hökm ilə əlaqədar maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə çıxış edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmiş və iddia tələbini ərizəsində qeyd etdiyi kimi hüquq pozuntusunu törədən ibtidai istintaq orqanına deyil, Maliyyə Nazirliyinə yönəltmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edirlərk ki, həmin iddia tələbi rədd edilməlidir. İlk növbədə bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Maliyyə Nazirliyi haqqında Əsasnamə"də Maliyyə Nazirliyinin təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi vəzifəsinin olması müəyyən edilməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 63-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında 'Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. Mülki mühakimə icraatı qaydasında qaldırılan bu cür iddiaların hüquqi əsasını təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı həmin orqanların (vəzifəli şəxslərin) qanunsuz hərəkətləri təşkil etsə də, fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə cavabdeh qismində qanunsuz hərəkəti törətmiş qurumlar deyil, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunur. Halbuki sözügedən qanunda “müvafiq icra hakimiyyəti”, yəni Maliyyə Nazirliyi qeyd olunmamışdır, bu isə o deməkdir ki, ziyanın ödənilməsi buna cavabdeh olan, yəni hüquq pozunutusunu törətmiş aidiyyəti dövlət orqanı və ya müvafiq bələdiyyə orqanı tərəfindən ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikasında ali hüquqi qüvvəyə malik olan AR Konstitusiyasının 68-ci və 146-cı maddəsinin tələblərinə müvafiq olaraq dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar. Burdan da bir daha aydın olur ki, dövlətin adından Maliyyə Nazirliyi deyil, hüquq pozuntusuna yol vermiş aidiyyəti dövlət orqanı və ya bələdiyyələr çıxış edir. Həmçinin AR Konstitusiyasının 127-ci və 129-cu maddələrinin tələblərinə görə isə hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» AR Qanunun 6-cı maddəsində fiziki şəxslərə vurulmuş ziyanının ödənilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi nəzərdə tutulsa da, bu hal sözügedən iddia tələbləri üzrə Maliyyə Nazirliyinin cavadeh kimi tanınmasına əsas yarada bilməz. Belə ki, Maliyyə Nazirliyi dövlət büdcəsinin sərəncamçısı olmadığından, bununla bağlı müstəqil çıxış etmək hüququna malik deyildir. Nazirlik öz əsasnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən təşkilatların, o cümlədən təhqiqat və ibtidai istintaq orqanlarının sifarişinə əsasən yalnız onların maliyyələşdirilməsini həyata keçirir. Təsadüfi deyildir ki, analoji olaraq sosial və infrastruktur təyinatlı layihələrin icrası zamanı mülkiyyətçilərə vurulmuş zərərin maliyyələşmə mənbəyi dövlət büdcəsi olsa da, həmin məhkəmə işlərinə cavabdeh qismində müvafiq layihəni həyata keçirən və pozuntuya yol vermiş dövlət orqanı, 3-cü şəxs qismində isə Maliyyə Nazirliyi cəlb olunur. Təhqiqat, ibtidai istintaq və məhkəmə araşdırmaları zamanı fiziki şəxslərə vurulmuş ziyanın da dövlət büdcəsindən ödənildiyini nəzərə alaraq, bu tipli işlərə də eyni praktika tətbiq edilməlidir. Həmçinin sözügedən məhkəmə proseslərinə cavabdeh qismində müvafiq təhqiqat və ibtidai istintaq orqanlarının cəlb olunması aidiyyəti vəzifəli şəxslərin məsuliyyətliliyinin gücləndirilməsinə, eləcə də bu sahədə yol verilən pozuntuların azaldılmasına, nəticədə vətəndaşların hüquq və azadlıqlarının qorunmasına və məhkəmələrin iş yükünün azaldılmasına səbəb olacaqdır. Eyni zamanda Maliyyə Nazirliyinin sözügedən məhkəmə işlərinə cavabdeh qismində cəlb edilməsi və sonrakı prosessual hərəkətlərin (vəsatətlərin, apellyasiya və kassasiya şikayətlərinin verilməsi və s.) onun tərəfindən həyata keçirilməsi cəmiyyətdə və mediada Nazirliyin fiziki şəxslərə zərər vurulmasında təqsirli olması imicini yaratmaqla, Mülki Məcəllənin 23-cü maddəsində qeyd olunan işgüzar nüfuzuna xələl gətirməkdədir. Fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi ilə bağlı məhkəmə proseslərinə Maliyyə Nazirliyinin cavabdeh qismində cəlb olunmasının hər hansı konkret hüquq normasına söykənmədiyini nəzərə alaraq, habelə məhkəmə proseslərinin obyektiv tədqiq edilməsi, qanun pozuntusuna yol vermiş təqsirkar qurumların məsuliyyətinin artırılması və qanunvericilin müddəalarının düzgün tətbiq edilməsi üçün bu tipli məhkəmə işlərinə cavabdeh qismində müvafiq cinayət işləri üzrə təhqiqat və ibtidai istintaq aparmış orqanların cəlb olunması zəruridir. Həmçinin Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Sözügedən maddənin məzmunundan belə anlaşılır ki, hüquq pozuntusu dövlət orqanları və ya onların vəzifəli şəxsi tərəfindən törədildikdə Azərbaycan Respublikası, digər halda isə müvafiq bələdiyyə ödəyir. Həmin Məcəllənin 1101-ci maddəsinə görə isə qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Lakin yuxarıda göstərilən 2 maddənin məzmununda qeyd edilən orqan dedikdə Maliyyə Nazirliyi nəzərdə tutulmur. Belə ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Maddələrin məzmunundan da göründüyü kimi “Azərbaycan Respublikası" dedikdə təkcə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi deyil, digər dövlət orqanları da nəzərdə tutulur. Eyni zamanda Azərbaycan Respublikasının Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyəşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə orqanın saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Həmçinin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hər ilin dövlət büdcəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmiş ayırmalar ciddi şəkildə öz təyinatına uyğun olaraq maliyyələşdirilir və onların icra müddəti büdcə ilinin sonunda başa çatır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən hər il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərc maddələri üzrə büdcə daxilolmalarının vəziyyətindən asılı olaraq bütün büdcə təşkilatlarını onların şifarişləri əsasında tərtib olunmuş smetalarına uyğun olaraq mütəmadi maliyyələşdirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarına əsasən Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz. Bundan başqa, iddiaçı maddi və mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. İddiaçı mənəvi zərərə məruz qaldığını bildirsə də, bu zərərin məhz Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən vurulması ilə bağlı heç bir sübut göstərməmişdir. Məhkəmələr tərəfindən dəymiş olan zərərin müəyyən edilməsi zamanı iddia məbləği ilə bağlı işdə olan və ya təqdim olunan sübutlara da istinad edilməlidir. İddia ərizəsində sadalanan əsaslara münasibətdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 190-cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Belə ki, həmin maddədə zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş ziyana görə müvafiq məbləğdə kompensasiya almaq hüququ müəyyən edilmişdir, (ona qarşı xüsusilə ağır cinayət törədildikdə — üç yüz otuz manat, ona qarşı ağır cinayət törədildikdə — yüz altmış beş manat, ona qarşı az ağır cinayət törədildikdə — əlli beş manat, ona qarşı böyük ictimai təhlükə törətməyən cinayət törədildikdə — on bir manat). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 2018-ci il 10 iyul tarixli “Bogdanov və Vasilevski Rusiyaya qarşı” Qərarında ərizəçinin 472 gün qanunsuz olaraq həbsdə saxlanılması ilə əlaqədar ona dəymiş mənəvi zərərə görə 5.000 avro (1 gün üçün təxminən 10 avro) məbləğində pulun kompensasiya qismində ərizəçiyə ödənilməsi nəzərdə tutulmuşdur. Bu baxımından iddia ərizəsində qeyd edilən tələb şişirdilmiş və absurd olmaqla yanaşı, beynəlxalq məhkəmələrin analoji işlər üzrə qəbul etdiyi qərarlarla ziddiyət təşkil edir. Avropa məhkəməsinin qərarında vurğulanmışdır ki, mənəvi zərərin dəqiq məbləğinin qiymətləndirilməsində yerli səviyyədə verilən pul kompensasiyasının sözügedən ölkənin sosial faktorlarının, habelə ərizəçinin həbsdə saxlanma müddəti kimi işin faktiki elementlərinin nəzərə alınması ilə qiymətləndirilməlidir. Bu baxımdan iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində maddi və mənəvi ziyana məruz qalmasını əsaslandırdığı hallarla bağlı sənədlər təqdim edilmədiyindən iddia əsassız hesab olunmalıdır. Odur ki, məhkəmədən İddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi” iddia tələbinin tam həcmdə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)-24/2024 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilməsi, İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və dərhal məhkəmə iclas zalından azad olunması, bəraət alması ilə əlaqədar İddiaçı cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi tələbi ilə müraciət hüququnun olması izah olunması, İddiaçı iş üzrə 92 (doxsan iki) manat təşkil edən ekspertiza xərcini dövlət büdcəsinə ödəmək vəzifəsindən azad edilməsi və həmin pulun dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 1(107)-397/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən dövlət ittihamçısı X3 tərəfindən verilmiş apellyasiya potesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(091)-24/2024 saylı hökmü dəyişdirilməsən saxlanılmışdır.. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli 1(102)-969/2025 saylı qərarına əsasən kasassiya protestinin təmin edilməməsi, İddiaçı barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024cü il tarixli 1(107)-397/2024 nömrəli qərarı verilmiş kasassiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 68-cı maddəsinin İİ hissəsinə görə hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində: barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması halında vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Maddə 4. Vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ bəraətverici hökm çıxarıldıqda; cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarıldıqda; inzibati xəta haqqında işə xitam verildikdə yaranır. Maddə 5.Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının və ya onların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (səhvi və ya sui-istifadəsi nəticəsində) nəticəsində hər bir şəxsə vurulmuş fiziki və mənəvi ziyan, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər ödənilməlidir. Maddə 6.1. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli qərarı “…Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığazərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqazidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 56 və 56.01. bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Maddə 57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Maddə 58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbi, əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərərin ödənilməsindən ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsasını isə Mülki Məcəllənin 1097 və 1101-ci maddələri təşkil edir. İddiaçının tələbi müvafiq maddi hüquq normalarının dispozisiya şərtlərinə uyğundur. Belə ki, İddiaçı bəraət alıb həbsdən azad olunanadək 01 il 08 ay 21 gün (xx.xx.2022ci il tarixdən xx.xx.2024-cü il tarixədək) müddətində həbsdə saxlanılması işin mübahisəsiz halıdır. Deməli, hazırkı işdə İddiaçı əsassız olaraq həbs edilməsi ilə mənəvi zərər arasında səbəbli əlaqənin olması sübuta yetirilmişdir. Həbs qətimkan tədbirinə məruz qalmasının iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnməsi labüddür. Çünki işdə belə zərərin vurulmasını istisna edən halları məhkəmə müəyyən etməmişdir. Təqdim olunmuş sübutların məcmusundan da göründüyü kimi İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlar (təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, iddia ərizəsində qeyd etdiyi kifayət qədər uzun müddət ərzində əsassız yerə həbsdə saxlanılması) doğrudur. İddiaçıya yuxarıda qeyd edilən hallarla bağlı mənəvi ziyan vurulmuşdur və iddiaçının hazırki iddia tələbi ilə məhkəmə müraciət etməsinə subyektiv hüququ yaranmışdır. Hazırda iddiaçı mənəvi zərərin əvəzi kimi 315000 (üç yüz on beş min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə hesab edir ki, İddiaçı 01 il 08 ay 21 gün müddətində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır. Məhkəmə hesab edir ki, iddiaçıya vurulmuş mənəvi zərərin məbləğinin ağlabatan və ədalətli sayılması üçün hər ayı üçün 1.000 manat hesablanmaqla 21000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş iddiaya etirazda göstərilmiş məqamlarla bağlı qeyd edir ki, Maliyyə Nazirliyi özünün cavabdeh qismində göstərilməsini düzgün hesab etməmişdir, lakin nəzərə alınmalıdır ki, Maliyyə Nazirliyinin cavabdehliyi gələcəkdə qətnamənin icrası baxımından müəyyən edilən haldır. Belə ki, Maliyyə Nazirliyindən ümumən dövlət büdcəsinin icrasına nəzarət edən orqan kimi pul şəklində kompensasiya məbləğlərinin tutulması barədə mübahisələr üzrə qəbul edilmiş məhkəmə qərarları Maliyyə Nazirliyinin hüquqlarına toxunmur. Məhkəmə nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur. Zərər çəkmiş şəxsə kompensasiya ödənilməsi bir sıra beynəlxalq hüquqi sənədlərdə də ifadəsini tapmışdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs onun konstitusiya və ya qanunla verilmiş əsas hüquqları pozulduğu hallarda həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsi müəyyən edir ki, bu maddənin müddəalarının pozulması ilə tutulmadan və həbsə almadan zərər çəkmiş hər kəsin iddia tələbi ilə təmin olunan kompensasiya hüququ var. «İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsində deyilir: «Əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 21000 (iyirmi bir min) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsi vəsaiti hesabına ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin vasitəsi ilə dövlət büdcəsinin vəsaiti hesabına mənəvi zərərə görə İddiaçı xeyrinə 21000 (iyirmi bir min) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar