Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4448/2021 28.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul kompensasiyasının tutulması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul kompensasiyasının tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; qeyd edilən hallar ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması; əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək o, Əmanətlərin Sığortalanması Fondunda aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmişdir. 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd edilmişdir. Əmək müqaviləsinə uyğun olaraq o, vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri yerinə yetirmək məqsədi ilə gündəlik iş saatlarından artıq işləmişdir. Belə ki, ƏSF ləğv prosesində olan bankların ləğvedicisidir. İşlədiyi dövrlərdə ləğv prosesində olan bankların çoxluğu iş yükünün həddən artıq artmasına səbəb olmuşdur. Bununla əlaqədar, o, 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixlərədək həftənin 6-cı günlərində və gündəlik olaraq iş saatından artıq vaxtlarda vəzifə öhdəliklərini yerinə yetirmişdir. Həmçinin, o, İİ qrup əlil olduğu üçün onun iş saatı həftəlik 36 saat olmalıdır. Tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verildikdən sonra o, ödənilmiş son haqq-hesab zamanı iş vaxtından artıq işlədiyi saatlar nəzərə alınmadığı, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş həftəlik 36 saat normasından artıq işləməsini əlavə iş saatı kimi nəzərə alaraq, ona hesablanması və ödənilməsi barədə müraciətləri fond tərəfindən icra edilmir. İş vaxtından artıq işləməsinin təsdiqi Fondun elektron sənəd dövriyyəsi (Aurora proqramı) üzərindən onun icraatına verilmiş sənədlər üzrə müəyyən etmək olur. Həmin proqramda sənədə hər bir istifadəçi tərəfindən edilmiş münasibət tarixlər, saat və saniyələrlə sənəd məlumatları bölməsində əks edilir. Bəzən iş çoxluğu zərurətindən hətta bayram və bazar günləri də işləmişdir. İş vaxtlarından artıq işləmələri elektron sənəd dövriyyəsi proqramından hər icraatına daxil olmuş sənədlərin tərəfindən icra edildiyi vaxt sənəd məlumatlarında qeyd edilir. Təqribi hesablamalara görə 650 saat bilavasitə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtlar üçün iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməlidir. Həmçinin iş günləri ərzində əlavə işlədiyi saatlar üzrə ortalama 3-4 saat gündəlik üçün 3.000 saatın, 6cı və bayram günləri üçün 2.000 saatın haqqı ona əlavə iş saatları sonuncu əmək haqqı üzrə hesablanaraq ödənilməlidir. 500.000 manat ona ödənilməlidir. İddiaçı, Əmək Məcəlləsinin 91-ci maddəsinə, 99-cu maddəsinin İ hissəsinə, 102-ci maddəsinin İ hissəsinə istinad edərək daha sonra qeyd etmişdir ki, 23.07.2018-ci il tarixdən 01.09.2021ci il tarixədək ƏSF-in Elektron sənəd dövriyyəsində onun icraatına daxil olmuş bütün sənədlər üzrə məlumatlarını məhkəməyə təqdim etməklə, iş saatından artıq işlədiyi vaxtların düzgün hesablanmasını təmin etməlidir. Əmək Məcəlləsinin 165-ci maddəsinin İ hissəsinə, 195-ci maddəsinin «d» bəndinə, «e» bəndinə istinad edən iddiaçı daha sonra qeyd etmişdir ki, onun məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi günə olan hesaba görə cavabdeh Əmanətlərin Sığortalanması Fondu ödənişin hər gecikdirilmiş gün üçün ona əlavə kompensasiya verilməlidir. Əsas və digər ödənişlərin ödənilməsi üçün cavabdehə şifahi müraciət edilmiş, cavab alınmadıqda 2 dəfə onun tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktuba fond tərəfindən ona iş saatından artıq hesablanmış kompensasiyanın cəmi 7 gün üçün verilməsi qeyd edilsə də, bu cavab, onun tələbi üzrə imtina hesab edilməlidir. Əmək Məcəlləsinin 164, 165, 172-ci maddələrinə istinad edən iddiaçı həmçinin qeyd etmişdir ki, onun həftəlik 36 saat işləməli olduğu halda 40 saat rəsmiləşdirildiyi hal üçün əmək haqqına əlavə 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək ona ödənilməmişdir. Həmçinin iş vaxtından əlavə və istirahət günlərində işlədiyi üçün əmək haqqına əlavələri vaxtında ödənilməmişdir. Bu səbəbdən həmin gecikmə üçün sonuncu haqq-hesab günü üzrə 50.000 manat fond tərəfindən ona ödənilməlidir. Əlavə olaraq qeyd edilən hallar ona mənəvi ziyan vurmuş, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzinə fond ona 50.000 manat kompensasiya ödəməlidir. Mülki Məcəllənin 21-ci maddəsinə istinad edən iddiaçı bundan başqa qeyd etmişdir ki, Əmanətlərin Sığortalanması Fondunun ona vurduğu zərər maddi təminatının düzgün verilməməsi səbəbindən əldən çıxmış fayda üzrə ona ödəniləcək məbləğ 10.000 manat təşkil edir. İddiaçı öncəki məhkəmə iclaslarında iştirak edərək, iddia tələbini müdafiə etmiş, izahat vermiş, növbəti məhkəmə iclası barədə müvafiq qaydada xəbərdar edilmiş, məhkəmə iclasının vaxtı və yeri barədə bildirişi imzalamış, lakin məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmədən mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını və yekun məhkəmə aktı çıxarılmasını tələb etmişdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Qanunun müddəasından göründüyü kimi, iş saatından artıq iş anlayışı geniş anlayışdır və bu halın baş verməsi üçün həm işəgötürənin artıq işə cəlbetmə ilə bağlı əmri, həmçinin işçi ilə müvafiq razılıq əldə olunmalıdır. Lakin qeyd edilən halların heç birini özündə əks etdirən sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının iddia tələbini əsaslandırdığı, mötəbər sübut hesab etdiyi və məhkəməyə təqdim etdiyi «dırnaqarası sənəd» hesab edir ki məhkəmə tərəfindən mötəbər sübut olaraq qiymətləndirilməli deyil. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdehdən tutulub iddiaçıya ödənilməsi xahiş edilən digər hissə isə əldən çıxmış faydadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarında əldən çıxmış faydanın anlayışı tam ifadə edilir. Qərara əsasən əldən çıxmış fayda, borclunun kreditora borcunu gecikdirməsi nəticəsində kreditorun həmin pul vəsaitindən istifadə (dövriyyə) etmədiyinə görə xeyir, gəlir, mənfəət əldə etməkdən məhrum olmasıdır. İddiaçı isə bununla bağlı hərhansı sübut məhkəməyə təqdim etməmişdir. Belə bir sübut isə faktiki mövcud deyildir. Həmçinin iddia tələbində iddiaçının əlil olması qeyd edilmiş və bu səbəbdən əlavə iş saatlarına cəlb edildiyi də bildirilmişdir. Lakin bu halın özünü sübut edən sənədlər belə iddia ərizəsinə əlavə edilməmişdir. Sübutetmə isə qanunvericiliyə uyğun olaraq iddiaçı tərəfin üzərindədir. İş materialına belə bir sübut əlavə edilsə idi belə hesab edir ki, o tələb əsassızdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Bu Məcəllənin 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. Qanundan da göründüyü kimi, işəgötürənlə işçi arasında tənzimlənən iş saatlarını qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürənin əmri əsasında müəyyən edilir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Göstərilənlərdən bəllidir ki, müqavilə azadlığı vardır və bu hər iki tərəfin hüquq, vəzifələrini müəyyən edir. Mübahisə predmeti isə iddiaçı və cavabdeh arasında bağlanmış müqavilədir. Müqavilənin imza qrafasında isə tərəflərin razılığı, iradə ifadəsi öz əksini tapmışdır. Hazırda bəllidir ki, əlillik statusu almış şəxslərin həqiqiliyi şübhə altına alınmış və əlil olmayan şəxslərin əlil statusları ləğv edilir. İddiaçıya verilmiş həmin status isə müddətlidir və müddətinin bitməyinə az qalmışdır. Eyni zamanda statusun hansı formada ləğv edilməsi hazırda nə onlara, nə məhkəməyə bəlli deyildir. Belə ki, sözügedən status Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq idarəsi (orqan) tərəfindən statusun verildiyi andan ləğv edilə bilər. Qeyd edilənlərə əsasən, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiya ödənilməsi» tələbinə dair mülki iş üzrə iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilə bilməz. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - 14.11.2016-cı il tarixli tibbi sosial ekspertiza müayinəsindən çıxarışdan görünür ki, İddiaçı 12.11.2021-ci il tarixə kimi İİ dərəcəli əlillik təyin edilmişdir. Əmək qabiliyyətinin itirilməsi ilə bağlı TSEK-in diaqnozu: Virus mənşəli xroniki C hepatiti, 16 qenotipi residiv gedişli, natamam remissiya mərhələsində, qaraciyər fibrozu, İİ mərhələ İİİ dərəcəli. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışdan görünür ki, İddiaçı 23.07.2018-ci il tarixdən müddətli əmək müqaviləsinə əsasən Əmanətlərin Sığortalanması Fondunda departament direktorunun müavini vəzifəsinə təyin edilmiş, aylıq əmək haqqının məbləği 4200 manat müəyyən edilmişdir. Beləliklə də, işin araşdırılmış hallarından görünür ki, İddiaçı 23.07.2018-ci il tarixdən 01.09.2021-ci il tarixədək o, Əmanətlərin Sığortalanması Fondunda aparıcı hüquqşünas, sonra isə departament direktorunun müavini vəzifəsində işləmiş, hazırda isə iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulması tələbini irəli surmüşdür. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin İ hissəsinə əsasən iş vaxtının rejimi qaydaları - gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Həmin Məcəllənin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənin 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 46-cı maddəsinin İ hissəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Həmin Məcəllənin 99-cu maddəsinin İ hissəsinə əsasən iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin Məcəllənin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Məhkəmə sadalanan normaların təhlili baxımından həm iddiaçının tələbinin, həm də cavabdehin iddianın bu hissəsinə etirazının əsası kimi istinad etdiyi hallara qiymət verərək qeyd edir ki, iş saatından artıq iş anlayışı geniş anlayışdır və bu halın baş verməsi üçün həm işəgötürənin artıq işə cəlbetmə ilə bağlı əmri, həmçinin işçi ilə müvafiq razılıq əldə olunmalıdır. Yalnız bu halda işəgötürənin faktiki olaraq işçinin iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmaq kimi vəzifəsi yaranır. Məhkəməyə təqdim edilməsə də, tərəflərin izahatlarından görünür ki, aralarında bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən onun iş saatları 5 günlük iş həftəsi ilə gündəlik 8 saat, həftəlik 40 saat qeyd olunmuşdur. İddiaçının bildirdiyinə görə vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri yerinə yetirmək məqsədi ilə gündəlik olaraq iş saatından artıq vaxtlarda, hətta həftənin şənbə, bəzən bayram və bazar günləri də işləmişdir. İddiaçı iş vaxtından artıq işləməsi faktlarının mövcudluğu ilə bağlı Fondun elektron sənəd dövriyyəsi (Aurora proqramı) üzərindən onun icraatına verilmiş sənədlərin surətlərini təqdim etmiş və bu sənədlərdə hər bir istifadəçi tərəfindən edilmiş münasibət tarixlər, saat və saniyələrlə sənəd məlumatları bölməsində əks edilməsini bildirmişdir. İşin araşdırılmış hallarından da görünür ki, iddiaçı rəhbər vəzifədə işləmiş və onun işlədiyi təşkilatın fəaliyyəti ilə bağlı iş yükünün çox olmasına dair göstərdiklərini şübhə altına alınmasına da zərurət yoxdur. Lakin bununla bağlı məhkəmə baxışı zamanı iddiaçının iş saatından artıq işləməsi ilə bağlı onun müvafiq razılığı əsasında işəgötürənin əmrinin olmaması müəyyən edilmişdir. İddiaçı əmək müqaviləsinin şərtlərinə əsasən vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri iş vaxtı ərzində yerinə yetirməli olduğu halda özünün bildirdiyinə görə iş saatından artıq işlər apardığı halda işlədiyi tarixləri və saatları texniki vasitələr ilə qeydə alınmasının səbəblərinə dair verdiyi izahatında bunların iddiasının sübut edilməsi üçün etdiyini göstərmişdir. Məhkəmə hesab edir ki, iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən isə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə iddiaçının izahatları əsasında belə qənaətə gəlir ki, sanki o, vəzifə təlimatı əsasında öhdəliyinə düşən işləri iş vaxtında yerinə yetirə bilmədiyi üçün, belə olan halda bunu öz təşəbbüsü ilə iş saatlarından artıq vaxtlarda icra etməsi ilə bağlı cavabdehə qarşı gələcəkdə iddia qaldıracağına əvvəlcədən bu qaydada hazırlaşmışdır. Məhkəmə iddiaçının iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrinin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdehdən tutulmasına dair iddiası ilə bağlı həm izahatını, həm də təqdim etdiyi sənədləri mötəbər sübut kimi qiymətləndirmir və hesab edir ki, o, rəhbər vəzifəli şəxs olmaqla bağlanmış əmək müqaviləsinin şərtlərinə əsasən vəzifə təlimatı əsasında öhdəsinə düşən işləri iş vaxtı ərzində yerinə yetirib-yetirməməsi onun məsuliyyətidir və onun iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirilməsinə məcbur edilməsi halı müəyyən edilməmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçı iş vaxtından artıq işləməyə məcbur edilməmişdir, işəgötürənlə işçi arasında bununla bağlı hər hansı razılıq yoxdur, işəgötürən bu barədə hər hansı əmr, sərəncam, qərar verməmişdir. Məhkəmə həmçinin hesab edir ki, bu barədə işəgötürənin əmri olmadan öz təşəbbüsü ilə, könüllü surətdə iş saatlarından artıq, bayram və istirahət günlərində üzərinə düşən öhdəlikləri yerinə yetirməsi faktı mövcud olsa da belə, o, bununla əlaqədar həmin günlər üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdehdən tələb edilməsinə dair hazırki iddianı qaldırmaqda haqlı olmamışdır. Belə ki, əmək müqaviləsinin şərtlərinə əsasən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək iddiaçının işçi kimi vəzifələrindən biri olmuşdur. (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin «a» və «f» bəndləri) Məhkəmə daha sonra iddiaçının İİ qrup əlil olduğu üçün onun iş saatının həftəlik 36 saat olmalı olduğu halda əmək müqaviləsində 40 saat müəyyən edilməsi və həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtlar üçün iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməli olmasına dair iddia tələbləri ilə bağlı qeyd edir ki, yuxarıda sadalanan maddi hüquq normalarının müqayisəli təhlili onu göstərir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır və bu müqavilə hər iki tərəfin onu imzalaması ilə təsdiq edilir. İşin materiallarından görünür ki, iddiaçıya xəstəliyi ilə əlaqədar 14.11.2016-cı il tarixdə 5 illik müddətə İİ qrup əlillik təyin edilmiş, tərəflər arasında isə əmək müqaviləsi 23.07.2018-ci il tarixdə bağlanmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 91-ci maddəsini İİ hissəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və 1-ci, 2-ci dərəcə əlilliyi olan işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə bağladığı əmək müqaviləsinin şərtləri ilə razılaşmış, onu imzalamış, qanuniliyini mübahisələndirmədiyi bu müqavilənin şərtləri əsasında da, 01.09.2021-ci il tarixədək tərəflərin birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilənə kimi fəaliyyət göstərərək müvafiq əmək haqqını da almışdır. İddiaçının əmək müqaviləsi bağlananda ona 2016-cı ildən müddətli İİ qrup əlillik təyin edilməsinə dair müvafiq sənədi işəgötürənə təqdim etməklə sözügedən müqavilədə iş saatının həftəlik 36 saat olmalı olmasının qeyd edilməsini tələb etməməsini tutarlı arqumentlərlə izah edə bilməmişdir. Məhkəmə iddiaçının bununla bağlı verdiyi izahatlarına (əgər İİ qrup əlil olduğunu bildirsə idi, onunla əmək müqaviləsi bağlanmayacaqdı) tənqidi yanaşaraq hesab edir ki, iddiaçı hüquqşünas ixtisasına malik şəxs olmaqla özünün qanunvericiliklə təsbit edilmiş hüquqlarını bildiyi halda, müqavilə bağlanarkən billə-bilə əlil statusuna malik olmasını cavabdehdən gizlətmiş, bağladığı əmək müqaviləsində iş saatının həftəlik 40 saat müəyyən edilməsi ilə razılaşmış, əmək müqaviləsinə xitam verildikdən sonra əlil olması əsası ilə həftəlik 36 saat əvəzinə həftəlik 40 saat işlədiyi vaxtların iş vaxtından əlavə kimi sayılaraq ona kompensasiya edilməli olmasına dair iddia tələbini irəli sürmüşdür ki, məhkəmə də bunu hüquqdan sui-istifadə kimi qiymətləndirir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin 3-cü hissəsinə əsasən hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrını də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 21 dekabr 2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsindən və 71-ci maddəsinin İİ hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqlardan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericinin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüquqdan istifadə edilməsi. Oxşar mövqe X1 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Məhkəmə iddiaçının əlillik barədə sənədini cavabdehə təqdim etməməsinin səbəbi ilə bağlı izahatına dair həmçinin qeyd etməyi zəruri sayır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «İşəgötürənin əsas vəzifələri və məsuliyyəti» adlanan 12-ci maddəsinin İ hissəsinin «i» bəndinə əsasən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələrin işlədiyi vaxtlar üçün 500.000 manatın cavabdeh Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulmasına dair iddia tələbi üzrə irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığı üçün əsassızdır. Buna görə də digər, yəni, Əmanətlərin Sığortalanması Fondunda iş saatlarından artıq, bayram və istirahət günləri üçün ödənilməmiş əmək haqqına əlavələri cavabdeh tərəfindən gecikdirilməsinə görə, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında cəmi 50.000 manat pul kompensasiyasının, qeyd edilən halların ona maddi və mənəvi ziyan vurduğundan, sağlamlığının və mənəvi halının pisləşməsinə səbəb olaraq vurulmuş mənəvi ziyanın əvəzi 50.000 manatın, əldən çıxmış fayda üzrə 10.000 manat pul vəsaitinin Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə tutulmasına dair iddia tələblərinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Məhkəmə digər tələblər üzrə əlavə araşdırılmasına lüzum görməməsi ilə bağlı özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul kompensasiyasının tutulması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul kompensasiyasının tutulması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №e-2(006)-4448/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4448/2021
28.09.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver