Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4471/2022 26.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili EEE oğlunun iştirakı ilə İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "alimentin təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı AAA qızı cavabdeh BBB oğlu ilə birgə nikaha daxil olmuş və bundan sonra cavabdeh ilə bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 22 oktyabr 2011-ci il tarixdə CCC qızı anadan olmuşdur. Tərəflərin ailə münasibətləri bir müddət yaxşı olsa da, sonralar tədricən pozulmağa başlamışdır. Tərəflər hazırda faktiki olaraq bir ailə kimi yaşamırlar. Cavabdeh son vaxtlar atalıq borcunu yerinə yetirmir və uşağa maddi yardım göstərmir. Cavabdehin valideynlik vəzifələrini yerinə yetirməməsi, övladının tələbatını qarşılaya bilməməsinə gətirib çıxartmışdır ki, bu da iddiaçının maddi çətinlikləri ilə əlaqədardır. Cavabdehin məhkəməyə müraciət etməzdən əvvəl, dəvət edilməsinə baxmayaraq mediasiya prosesində iştirak etməməsi bu faktı bir daha sübut edir. Cavabdeh hazırda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsində işləyir və əmək haqqısı (aylıq vəzifə maaşına bütün əlavələrlə) yüksəkdir. Göstərilənlərə əsasən birgə nikahdan 22 oktyabr 2011-ci il tarixdə doğulmuş CCC qızının yetkinlik yaşına çatanadək saxlanması üçün məhkəməyə müraciət edilən vaxtdan başlayaraq cavabdeh BBB oğlundan aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçı AAA qızına verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızının nümayəndəsi və vəkili EEE oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdeh BBB oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İİ № 772253 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, CCC qızı 22 oktyabr 2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş, xx.xx.2022-ci il tarixli, 123-42456-1222 saylı məhkəmə sorğusuna cavab məktubundan görünür ki, polis baş serjantı BBB oğlu Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin operatoru vəzifəsində xidmət etdir və sonuncu aylıq əmək haqqısı 1051,90 (bir min əlli bir manat doxsan qəpik) manat olmuşdur. Bakı 2 saylı Mediasia Təşkilatının mediatoru X1 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, MŞB/2-01385 saylı arayışdan görünür ki, AAA qızı aliment tələbi ilə bağlı ailə mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak etmiş, BBB oğlu isə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan tərəflərin faktiki ailə münasibətləri pozulmuşdur. Tərəflər hazırda ayrı yaşayır və cavabdeh BBB oğlu uşağın saxlanılmasında iddiaçıya köməklik göstərmir. Cavabdeh BBB oğlu Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin operatoru vəzifəsində xidmət edir və sonuncu aylıq əmək haqqısı 1051,90 (bir min əlli bir manat doxsan qəpik) manat olmuşdur. Hazırda iddiaçı uşağın saxlanılması üçün cavabdehdən aylıq qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Belə olan halda uşağın mənafeyini nəzərə almaqla məhkəmə hesab edir ki, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmalı və alimentin məbləği cavabdehin qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müəyyən edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etdiyi üçün, aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, 9.4-cü və 8.1.2-ci maddələrinin tələblərini nəzərə alaraq dövlət rüsumu ilə bağlı məhkəmə qeyd edir ki, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı halda iddianın qiyməti 3155 manat olduğundan cavabdehdən 51 (əlli bir) manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 22 oktyabr 2011-ci il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh BBB oğlundan qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment iddiaçı AAA qızının xeyrinə tutulmalı, BBB oğlundan 51 (əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. 22 oktyabr 2011-ci il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq cavabdeh BBB oğlundan qazancın və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment iddiaçı AAA qızının xeyrinə tutulsun. BBB oğlundan 51 (əlli bir) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-4471/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4471/2022
26.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver