Məhkəmə qərarları › İş №e-2(006)-4486/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4486/2023

12.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4486/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi və əlavə xərclərin ödənilməsinə cəlb olunma" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin təyin edilməsi və əlavə xərclərin ödənilməsinə cəlb olunma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində Rusiya Federasiyasının Moskva VVAQ idarəsi Kutuzov VVAQ şöbəsində nikah bağlanmış və 3197 saylı akt qeydi ilə qeydiyyata alınmışdır. Həmin nikahdan tərəflərin xx.xx.2012-ci il təvəllüdlü övladı X1 Federasiyasında dünyaya gəlmişdir. Tərəflərin övladı hazırda anası ilə birlikdə daimi olaraq Rusiya Federasiyasında yaşayır. Həm ana, həm də uşaq Rusiya Federasiyasının vətəndaşlarıdır. Hazırda uşağın maddi tələbatlarının ödənilməsi yükü tamamilə ananın üzərindədir. Hazırda cavabdeh heç bir yerdə rəsmi olaraq işləmədiyi üçün aliment hər ay 220 manat stabil məbləğdə tutulmalıdır. Rusiya Əmək Nazirliyinin “Moskva vilayəti üzrə TSE DB” FBM filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən tərəflərin övladı – X4- əlil uşaq hesab edilmişdir. Onun psixi və fiziki vəziyyətinin yaxşılaşdırılması üçün ana hər ay böyük miqdarda xərcləri təkbaşına çəkir: uşağı xüsusi reabilitasiya mərkəzlərində oxudur, onu müntəzəm loqoped və psixoloq yanına aparır, idman ilə məşğul olmasını təmin edir. Əlil olan uşağın müalicə xərclərinin təmin edilməsi üçün hər ay əlavə olaraq 250 manat stabil məbləğdə pul vəsaiti tutulmalıdır. Göstərilənlərə əsasən xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və əlavə olaraq, xx.xx.2012-ci il təvəllüdlü X2 müalicə xərclərinin ödənilməsi üçün hər ay 250 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.

3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, həmçinin xx.xx.2012-ci il təvəllüdlü X2 müalicə xərclərinin ödənilməsi üçün hər ay 300 manat pul vəsaitinin, hüquqi yardımın göstərilməsi üçün iddiaçının vəkilə ödəmiş olduğu 800 manat məbləğində vəsaitin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması haqqında ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbindən əlavə olaraq 50 manat ödənilmiş mediasiya xərcinin və 31 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, Rusiya Federasiyasının vətəndaşı olan İddiaçı ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixində nikah bağlanmışdır. Həmin nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Tərəflərin övladı hazırda iddiaçı ilə birlikdə daimi olaraq Rusiya Federasiyasında yaşayır. Həm ana, həm də uşaq Rusiya Federasiyasının vətəndaşlarıdır. Hazırda uşağın maddi tələbatlarının ödənilməsi yükü tamamilə ananın üzərindədir. Bundan başqa X4 əlil uşaq hesab edilmişdir. Onun psixi və fiziki vəziyyətinin yaxşılaşdırılması üçün ana hər ay böyük miqdarda xərcləri təkbaşına çəkir, uşağı xüsusi reabilitasiya mərkəzlərində oxudur, onu müntəzəm loqoped və psixoloq yanına aparır, idman ilə məşğul olmasını təmin edir. Cavabdeh tərəfindən isə iddiaçıya heç bir maddi vəsait ödənilmir. Cavabdeh də valideyn kimi üzərinə düşən öhdəliyi icra etməlidir. O, özü də keçən məhkəm iclasında iddiaçının uşağın müayinə və müalicə olunması üçün bütün zəruri tədbirləri gördüyünü bildirmişdir. Cavabdehin rəsmi iş yeri olmasa da, onlarda olan məlumata əsasən hazırda “Coffee Shop” işlədir. Sadəcə bununla bağlı əllərində kifayət qədər sübut yoxdur. Həmçinin iddia tələblərindən biri kimi vəkil xidmətindən istifadəyə görə iddiaçı tərəfindən çəkilmiş 800 manat məbləğində xərcin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qeyd edilmişdir. İddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və daimi olaraq orada yaşayır. Burada yaxın qohumu və yaşayış yeri yoxdur. Buna görə də, məhkəmədə təmsil olunmaq üçün vəkil xidmətindən istifadə etməyə məcbur idi. Bundan başqa cavabdeh iddiaçının məhkəməyə müraciət etməmişdən qabaq belə bir niyyətinin olmasından xəbərdar idi. Əgər cavabdeh mediasiya sessiyasında və ya iddiaçı ilə notarial qaydada aliment tələbi ilə bağlı barışıq sazişi bağlamağa razı olsaydı, iddiaçı hazırda məhkəməyə müraciət etmək və vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmazdı. Qeyd olunanlara əsasən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, 300 manat məbləğində alimentin təyin edilməsinə etirazım yoxdur. İddia tələbini qalan hissədə qəbul etmir və rədd olunmasını xahiş edir.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflərin rəsmi nikahdan xx.xx.2012-ci il təvəllüdlü X4 adlı bir övladları dünyaya gəlmişdir. Hal-hazırda uşaq ananın himayəsindədir. İddiaçı uşağın saxlanılmasında maddi çətinlik çəkir və uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasını və əlavə xərclərin ödənilməsinə cəlb olunmasını tələb edir. Cavabdeh isə iddia tələbini qismən qəbul edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan Moskva vilayəti VVAQ idarəsi Dzerjinsk VVAQ şöbəsi tərəfindən 23 may 2012-ci il tarixində verilmiş İV-ИК № 524367 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təstiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Rusiya, Moskva vilayəti, Lyubertsı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

10. Mülki işin materiallarında olan Rusiya Əmək Nazirliyinin “Moskva vilayəti üzrə TSE DB” FBM filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışa əsasən xx.xx.2012-ci il təvəllüdlü X4 əlil uşaq hesab edilmişdir.

11. Mülki işin materiallarında olan X7 Moskva şəhəri və Moskva vilayəti üzrə 3 saylı Baş İdarəsi Dövlət Müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş arayışdan görünür ki, X7 Moskva şəhəri və Moskva vilayəti üzrə 3 saylı Baş İdarəsi Dövlət Müəssisəsində uçotdadır və ona xx.xx.2019-cu il tarixinə aşağıdakı növləri müəyyən edilib: - əllilik üzrə dövlət pensiyası xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək 12681.09 rubl. - aylıq pul ödənişi xx.xx.2019-cu ildən xx.xx.2024-cü ilədək 1580,2 rubl.

12. Mülki işin materiallarında olan təhsil xidmətlərinin ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “uşaq autizmi” diaqnozu ilə əlaqədar olaraq X3 müqavilə üzrə 86400 rubl məbləğində göstərilən adaptiv bədən tərbiyəsi məşqçisinin xidmətlərini ödəmişdir.

13. Mülki işin materiallarında olan təhsil xidmətlərinin ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “uşaq autizmi” diaqnozu ilə əlaqədar olaraq X3 müqavilə üzrə 108000 rubl məbləğində göstərilən loqoped-defektoloq xidmətlərini ödəmişdir.

14. Mülki işin materiallarında olan təhsil xidmətlərinin ödənilməsi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək “uşaq autizmi” diaqnozu ilə əlaqədar olaraq X3 müqavilə üzrə 144000 rubl məbləğində göstərilən pedaqoq-psixoloq xidmətlərini ödəmişdir.

15. Mülki işin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə MŞB/6-0394 saylı, xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə poçt vasitəsi ilə məlumatlandırılmış, lakin iştirak etməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancının (gəlirinin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

20. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər.

21. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMT-nin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır.

22. Bundan əlavə, Azərbaycan Respublikası MPM-in 191.3.-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

23. Həmin Məcəllənin 220.4-cü maddəsində göstərilmişdir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

24. Belə olan halda, məhkəmə uşağın mənafeyini, iddiaçının tələbini, cavabdehin etiraz etmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməlidir.

25. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

26. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixində daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, həmin tarixdən başlayaraq tutulmalıdır.

27. Əlavə xərclərin ödənilməsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

28. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

29. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2012-ci il təvəllüdlü X3 əlillik üzrə dövlət pensiyasının müəyyən edilməsi, cavabdehin əmək haqqının məbləğinin 150 manat olması, həmçinin 300 manat sabit pul məbləğində alimentin ondan tutulması nəzərə alınmalı və iddia tələbi bu hissədə rədd edilməlidir.

30. Həmçinin, işdən də göründüyü kimi İddiaçı Cavabdeh zəruri vəsaitə malik olmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.

31. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

32. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

33. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

34. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93)

35. Məhkəmə hüquqi yardım xərcinə görə 800 manat məbləğində pulun tutulması hissəsi üzrə qeyd edir ki, bu hissədə tələb qismən təmin edilməlidir.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

37. İddiaçı vəkilə göstərilmiş yardıma görə 800 manat məbləğində pulun ödənilməsini təsdiq edən müvafiq müqaviləni iddia ərizəsinə əlavə etsə də, məhkəmə iddia tələbinin qismən təmin edildiyini, cavabdehin zəruri maddi imkana malik olmamasını nəzərə alaraq hesab edir ki, hüquqi yardıma görə ağlabatan məbləğ kimi 400 (dörd yüz) manat məbləğində pulun tutulması müəyyən edilməlidir.

38. Bundan əlavə, mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

39. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

40. Həmçinin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

41. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

42. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

43. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. (300 x 12 = 3600 manat. 2600 x 1% = 26 manat. 30+26= 56 manat)

44. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən əlavə olaraq könüllü qaydada 31 manat dövlət rüsumu ödənilmişdir.

45. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödədiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, mediasiya mərhələsində isə ödənilmiş dövlət rüsumu cavabdehdən tutulduğundan, yalnız 6 (altı) manat hissəsi məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyirinə tutulmasına zərurət qalmışdır.

46. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməli, ödənilmiş hüquqi xidmət xərcin əvəzi kimi 400 (dörd yüz) manat, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və ödənilmiş 6 (altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir.

47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

51. Məhkəmə habelə hesab edir ki, alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.

52. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş hüquqi xidmət xərcin əvəzi kimi 400 (dörd yüz) manat, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat və ödənilmiş 6 (altı) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra olunsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar