Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4533/2025 19.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X1 Zahid oğlunun sədrliyi, Ağayeva Yeganə Taleh qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilinə vurduğu maddi ziyana görə 3920 manat və ona vurduğu mənəvi ziyana görə 3000 manat, ümumilikdə 6920 (altı min doqquz yüz iyirmi) manat pul vəsaitinin tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o Cavabdeh 16 iyun 2025-ci il tarixdə baş vermiş avtoqəza hadisəsindən sonra tanımışdır. Belə ki, həmin tarixdə saat 23:00 radələrində Bakı şəhəri Heydər Əliyev prospektində cavabdehin idarə etdiyi “Wolkswagen Passat minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı avtomaşın sonuncunun yol hərəkəti qaydalarını pozması səbəbindən ona məxsus “Mercedes” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və nəticədə onun mülkiyyətində olan avtomobilə 3920 manat məbləğində maddi ziyan dəymişdir. Cavabdeh 16 iyun 2025-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə inzibati qaydada təqsirli bilinərək həmin tarixdə İXP7213100 saylı və TP ******* saylı inzibati xəta haqqında protokola və qərara əsasən 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İnzibati xəta hadisəsinin baş verdiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh özünün təqsiri üzündən baş vermiş hadisəyə görə onun mülkiyyətinə dəymiş 3920 manat ziyanı hal-hazıradək ödəməmişdir. Həmçinin sözügedən hadisə nəticəsində psixoloji gərginlik, stress və əsəb keçirtmiş, uzun müddət avtomobilsiz qalmış, bununla da psixoloji gərginlik yaşamış və nəticədə gündəlik fəaliyyəti pozulmuşdur. Bu səbəbdən hesab edir ki, cavabdeh tərəfindən ona vurulmuş mənəvi ziyana görə 3000 manat ödənilməlidir. Sonradan İddiaçı “iddia tələbinin artırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilimə vurduğu maddi ziyana görə 4720 manat və ona vurduğu mənəvi ziyana görə 3000 manat, həmçinin vəkil xidmət haqqına görə tərəfindən ödənilmiş 300 manat, ümumilikdə 8020 manat pul vəsaitinin, iddianın verilməsinə görə tərəfindən ödənilmiş dövlət rüsumunun və ekspertiza xərcinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, iş məhkəmənin icraatında olduğu dövrdə avtomobilin kor zonasının dəyişdirilməsinə zərurət yaranmış, buna görə də lazımi detalların dəyişdirilməsi ilə əlaqədar əlavə olaraq 800 manat xərc çəkilmişdir. Bununla bağlı qüsur aktının da iş materiallarına əlavə edildiyini bildirib, iddianın tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul etməyib izahatında bildirmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli olmasını qəbul edir. Lakin hadisədən sonra iddiaçıya maşınını təmir etdirməyi təklif etsə də, iddiaçı onunla razılaşmamış, maşını rəsmi servisdə düzəltdirəcəyini bildirmişdir. İddiaçının tələb etdiyi ziyanın məbləği ilə razı olmadığını əlavə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Bakı şəhəri DYPİ Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* №-li, xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə saat 23:00-da “Wolkswagen Passat minik” markalı, ** DZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. MF Avto Servis MMC-nin qüsur aktından görünür ki, İddiaçı məxsus “Mercedes Benz” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün istifadə olunacaq ehtiyat hissələri və görüləcək təmir işlərinin məbləği 3920 manat təşkil edir. MF Avto Servis MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, “Mercedes Benz” markalı, ** MA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün istifadə olunacaq ehtiyat hissələri və görüləcək təmir işlərinin məbləği 800 manat təşkil edir. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş UNİ/D 109-1000/2025 saylı ekspert rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus 2021-ci il buraxılışlı, 99MA050 dövlət qeydiyyat nişanlı, "Mercedes Benz E 300 E Plug-in Hibrid" minik markalı avtomobilə dəymiş ziyanın məbləği 3900,00 (üç min doqquz yüz) manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin taarif cədvəlinə müvafiq olaraq 300 manat təşkil edir. İddiaçı tərəfindən ödənilmişdir. Mülki iş materiallarına yol-nəqliyyat hadisəsi zamanı tərəflərin verdiyi izahatlar, həmçinin tibbi sənədlər əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göstərilən Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş və tərəflərin mübahisələndirmədiyi halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Eyni zamanda məhkəmə iclası zamanı Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsini inkar etməmiş, əksinə, hadisənin onun iştirakı ilə baş verdiyini və müəyyən mənada təqsirli olduğunu qəbul etmiş, lakin iddia olunan ziyanın məbləği ilə razılaşmamış və bu səbəbdən ekspertiza təyin edilməsini xahiş etmişdir. Bu hal cavabdehin ziyanın vurulması faktını dolayısı ilə etiraf etməsi kimi qiymətləndirilməklə yanaşı, yalnız ziyanın məbləği ilə bağlı mübahisənin mövcud olduğunu göstərir. Məhkəmə qeyd edir ki, mülki iş materialları ilə müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının nəqliyyat vasitəsinə ziyan dəymiş, həmin ziyanın məbləği ilkin olaraq "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktında 3920 manat göstərilmişdir. Lakin iş üzrə daha obyektiv və mübahisəsiz nəticəyə gəlmək məqsədilə məhkəmə tərəfindən təqdim edilmiş sübutlarla yanaşı, müstəqil ekspert rəyi də nəzərə alınmışdır. "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyinə əsasən, iddiaçıya məxsus avtomobilə dəymiş ziyanın məbləği 3900 manat təşkil etmişdir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Lakin məhkəmə onu da qeyd edir ki, iddiaçı ilkin iddia ərizəsində avtomobilinə dəymiş maddi ziyanın məbləğini 3920 manat olaraq göstərmiş, sonradan isə “iddia tələbinin artırılması” barədə ərizə təqdim edərək həmin məbləği 4720 manata qədər artırmışdır. İddiaçı artımı onunla əsaslandırmışdır ki, işə baxıldığı müddətdə avtomobilin bəzi hissələrini dəyişdirmək məcburiyyətində qalmış və əlavə xərclər çəkmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qüsur aktına əsasən, avtomobilin bəzi hissələrinin, o cümlədən “kor ölü zona” ilə bağlı detalların dəyişdirilməsi üçün 800 manat məbləğində xərc çəkilmişdir. Eyni zamanda, iş üzrə təqdim edilmiş "xxxx" MMC-nin ekspert rəyindən müəyyən olunur ki, qeyd olunan hissələrin dəyəri ümumi ziyanın tərkibində 450 manat olaraq qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən göstərilən həmin hissələrin artıq faktiki olaraq təmir etdirilməsi və bu məqsədlə müvafiq xərc çəkilməsi nəzərə alınmalıdır. Bu halda ziyanın müəyyən edilməsi zamanı eyni zərərin həm ekspert rəyində nəzərə alınması, həm də əlavə olaraq faktiki çəkilmiş xərc kimi yenidən tələb olunması yolverilməzdir. Bu səbəbdən məhkəmə belə qənaətə gəlir ki, ümumi ziyanın məbləği müəyyən edilərkən ekspert rəyində həmin hissələr üzrə nəzərdə tutulmuş 450 manat məbləğ çıxılmalı, əvəzində isə iddiaçının faktiki olaraq çəkdiyi 800 manat məbləğində xərc nəzərə alınmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının avtomobilinə dəymiş maddi ziyanın məbləği 3900 manat – 450 manat + 800 manat olmaqla, yekun olaraq 4250 manat təşkil edir və həmin məbləğin cavabdehdən tutulması əsaslı və qanuni hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Həmin qərardan görünür ki, mənəvi zərərin kompensasiyası üsullarının və mənəvi təzminatın həcminin müəyyən edilməsi zamanı zərərçəkən və zərərvuran şəxslərə aid xüsusiyyətlər, pozulmuş şəxsiyyət hüquqlarının növü, hüquqazidd əməlin xarakteri, ağırlıq dərəcəsi və nəticələri, törədildiyi şərait, pozulmuş hüquqlara görə təyin edilən təzminat məbləğinin mütənasibliyi və işin faktiki hallarından asılı olaraq ədalətli kompensasiyanın müəyyən edilməsi üçün zəruri olan digər meyarlar nəzərə alınmalıdır. Mənəvi təzminatın həcminin hesablanması zamanı nəzərə alınan ağrı, əzab, fiziki narahatlıq, psixi sarsıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdikləri təzminatın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az təzminatın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları, o cümlədən adi həyat tərzi və vətəndaşların ölkə üzrə ümumi gəlirlərinə nisbətdə təzminatın əhəmiyyəti nəzərə alınmalıdır. Cavabdehin üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Lakin zərərçəkmiş şəxs öz iddiasında daha az zərər tələb edirsə, məhkəmə tələbdən kənara çıxaraq daha artıq məbləğ müəyyən edə bilməz. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin artıb-azalması da mümkündür. Belə ki, hadisədən dərhal sonra təzminat tələb edən şəxslə əhəmiyyətli müddətin keçməsindən sonra tələb irəli sürən şəxs arasında zərərin təsiri ilə bağlı qiymətləndirmə aparılmalıdır. Məhkəmə iddiaçının mənəvi zərərin ödənilməsi ilə bağlı tələbini araşdıraraq belə nəticəyə gəlir ki, həmin tələb təmin edilə bilməz. Belə ki, iddiaçı mənəvi zərərin mövcudluğunu onun baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində psixoloji gərginlik, stress keçirməsi və müəyyən müddət avtomobilsiz qalması ilə əsaslandırmışdır. Lakin məhkəmə qeyd edir ki, mənəvi zərərin ödənilməsi üçün təkcə ümumi xarakterli izahatlar kifayət etmir, həmin zərərin real mövcudluğu, dərəcəsi və cavabdehin qanunsuz hərəkətləri ilə səbəbli əlaqəsi sübut olunmalıdır. İş materiallarında iddiaçının qeyd etdiyi psixoloji sarsıntını, mənəvi iztirabları və ya gündəlik həyat fəaliyyətinin əhəmiyyətli dərəcədə pozulmasını təsdiq edən hər hansı tibbi sənəd, mütəxəssis rəyi və ya digər mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, baş vermiş hadisə nəqliyyat vasitələrinin toqquşması ilə bağlı olmuş, iddiaçının sağlamlığına zərər dəyməsi, yaxud ağır nəticələr doğuran hallar müəyyən edilməmişdir. Bu baxımdan, belə hallarda yalnız avtomobilin zədələnməsi faktı öz-özlüyündə mənəvi zərərin ödənilməsi üçün əsas kimi çıxış edə bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının mənəvi zərərin ödənilməsi barədə tələbi sübut olunmadığından və hüquqi əsasları müəyyən edilmədiyindən iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddiaçının ekspertiza (mütəxəssis rəyi) üçün çəkdiyi 300 manat məbləğində xərcin ödənilməsi ilə bağlı tələbini ayrıca qiymətləndirərək qeyd edir ki, həmin xərc iş üzrə zərərin müəyyən edilməsi məqsədilə çəkilmiş zəruri və əsaslandırılmış xərc hesab olunmalıdır. Belə ki, iş üzrə ziyanın məbləği tərəflər arasında mübahisəli olduğundan, iddiaçı tərəfindən müstəqil ekspert rəyinin alınması zəruri olmuşdur. Təqdim edilmiş "xxxx" MMCnin ekspert rəyindən və ödəniş sənədindən görünür ki, həmin xidmət üçün 300 manat məbləğində vəsait iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, bu xərc birbaşa olaraq cavabdehin təqsirli hərəkətləri nəticəsində baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması və ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı olduğundan, həmin məbləğ dəymiş zərərin tərkib hissəsi kimi qiymətləndirilməli və cavabdeh tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə görə Femida Bürosunun hesabına 300 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilmiş 300 (üç yüz manat) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 100,60 manat məbləğində dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4.250 (dörd min iki yüz əlli) manat məbləğində maddi ziyanın, 100,60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu, 300 (üç yüz) manat hüquqi xidmət və 300 (üç yüz) manat mütəxəssis xərclərinin əvəzi alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4.250 (dörd min iki yüz əlli) manat məbləğində maddi ziyanın, 100,60 (bir yüz manat altmış qəpik) manat dövlət rüsumu, 300 (üç yüz) manat hüquqi xidmət və 300 (üç yüz) manat mütəxəssis xərclərinin əvəzi alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmən verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X2
Məhkəmə qərarları › İş №e-2(006)-4533/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4533/2025
19.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver