Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4586/2025 28.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyəti (Ləğv prosesindədir) qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyəti (Ləğv prosesindədir) qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən məbləğində gecikdirilmiş əmək haqqına görə hesablanan 1% ödənci təşkil edən 19.701,10 (on doqquz min yeddi yüz bir manat 10 qəpik) manat pul vəsaitinin, mediasiya xərclərinə dair 60 manat məbləğində vəsaitin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, əvvəllər cavabdehə qarşı əmək haqqının ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və iddiası qismən təmin edilmişdir. Həmin icraat çərçivəsində cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş tarixdə – yəni xx.xx.2023-cü il tarixində ödənilməli olan əmək haqqının ödənilmədiyi müəyyən edilmişdir. Həmin iş üzrə qəbul edilmiş 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamə xeyli müddət icra edilməmiş, bununla da onun hüquqları pozulmuşdur. Belə ki, cavabdeh qətnaməni aşağıdakı tarixlərdə 3 hissəyə icra etmişdir: 27 dekabr 2024-cü il tarixində – 1409 manat 29 dekabr 2024-cü il tarixində – 31 manat 29 aprel 2025-ci il tarixində – 1334,12 manat. Əslində isə göstərilən bütün məbləğlər ona 17 mart 2023-cü il tarixində ödənilməli idi. Beləliklə: 1409 manat 651 gün gecikmə ilə 31 manat 653 gün gecikmə ilə 1334,12 manat 774 gün gecikmə ilə ödənilmişdir. Hesablamalara əsasən: 1409 × 1% × 651 gün = 9.172,59 manat 31 × 1% × 653 gün = 202,43 manat 1334,12 × 1% × 774 gün = 10.326,08 manat Cəmi: 19.701,10 manat ödənc cavabdehdən tutulmalıdır. Bundan əlavə, bu iddianın mediasiya mərhələsindən keçirilməsi ilə bağlı 60 manat xərcləmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə müraciət edərək, 1409 (bir min dörd yüz doqquz) manat əmək haqqı üzrə – 17 iyul 2024-cü il tarixindən 27 dekabr 2024-cü il tarixədək olan 163 günlük gecikmə müddətinə görə hesablanmış 2.297,67 (iki min iki yüz doxsan yeddi manat 67 qəpik) AZN məbləğində ödəncin; 2) 31 (otuz bir) manat əmək haqqı üzrə – 17 iyul 2024-cü il tarixindən 29 dekabr 2024- cü il tarixədək olan 165 günlük gecikmə müddətinə görə hesablanmış 51,15 (əlli bir manat 15 qəpik) AZN məbləğində ödəncin; 3) 1334,12 (bir min üç yüz otuz dörd manat 12 qəpik) əmək haqqı üzrə – 17 iyul 2024- cü il tarixindən 29 aprel 2025-ci il tarixədək olan 286 günlük gecikmə müddətinə görə hesablanmış 3.814,59 (üç min səkkiz yüz on dörd manat 59 qəpik) AZN məbləğində ödəncin (cəmi: 6.163,41 manat, mediasiya xərclərinə dair 60 (altmış) manat məbləğində vəsaitin cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə onunla əsaslandırılmışdır ki, 27 dekabr 2024-cü il tarixində – 1409 manat, 29 dekabr 2024-cü il tarixində – 31 manat, 29 aprel 2025-ci il tarixində – 1334,12 manat ödəniş etmişdir. Əslində isə göstərilən bütün məbləğlər iddiaçıya 17 mart 2023-cü il tarixində ödənilməli idi. Beləliklə, 1409 manat 651 gün, 31 manat 653 gün, 1334,12 manat isə 774 gün gecikmə ilə ödənilmişdir. Hazırda cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmişdir. Bu səbəbdən onlar iddia tələbini azaldırıq və yalnız mediasiya ərizəsinin verildiyi xx.xx.2025ci ildən geriyə doğru bir illik dövrü (yəni xx.xx.2024–ödəniş tarixləri aralığını) nəzərə alırlar. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2[102]-1049/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində nəzərdə tutulmuş bir illik iddia müddətinin ötürülməsinə dair cavabdeh tərəfindən ərizə təqdim edilərsə, iddia ərizəsinin təqdim edildiyi vaxtdan əvvəlki bir illik dövr üzrə iddianın mahiyyəti ilə bağlı araşdırma aparılmalı, iddia müddəti həmin bir ildən əvvəlki dövrə tətbiq edilməlidir. Daha sonra cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyəti “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə və etiraz ilə məhkəməyə müraciət edərək, iddia müddətinin ötürülməsinin və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmədən iddia ərizəsinin rədd edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Ərizələr onunla əsaslandırılmışdır ki, qeyd edilən iddia ərizəsi iddia müddəti ötürülməklə verilib. İddiaçı iddia ərizəsində hüququnun pozulduğunu xx.xx.2023-cü il tarixdən bildiyini etiraf etmiş, lakin iddia ərizəsiylə məhkəmə yalnız xx.xx.2025-ci il tarixdə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürmüşdür. Sonradan iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşməsi barədə ərizədə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il dövrü üzrə gecikdirilmiş əmək haqqına görə 1 faiz ödənişin istəməsinin hüquqi əsası yoxdur, beləki həmin müddət üzrə iddiaçıya əmək haqqı hesablanmamışdır. Həmçinin, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh LPO Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, orta aylıq əmək haqqının üç misli miqdarında müavinətin, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər boşdayanmaya görə pul vəsaitinin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-3900/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiyanın qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsin aldıqdan sonra icra vərəqəsi icra olunması üçü banka göndərilmiş və bank tərəfindən icra edilmişdir. X1 icra sənədinin icrasından narazı qalaraq qətnaməyə izahla bağlı məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(006)- 32/2025 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ikinci abzasına izah verilmişdir. Məhkəmə qətnaməsinə izah verildikdən sonra bank xx.xx.2025-ci il tarixdə üzərinə düşən öhdəliyi tam olaraq yerinə yetirmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən də göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qanunvericiliyin tələblərinə əsasən icra edilmişdir. Göründüyü kimi tərəflər arasında əmək haqqının ödənilməsi ilə bağlı mübahisəyə məhkəmədə baxılmış və bununla bağlı məhkəmə qətnaməsi icra edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi Nümayəndə izahat verərək, iddianın tam təmin edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətinin ̇)Ləğv prosesindədir) nümayəndəsi X3 izahat verərək iddia müddətinin ötürülməsinin və qanunvericiliyin tələblərini nəzərə alaraq iddia tələbinin rədd edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Sonuncu məhkəmə iclasının (məhkəmə qərarının elan iclası) yeri və vaxtı barədə tərəflər lazımi qaydada məlumatlandırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək qətnaməni elan etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, izahatları dinləyərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. b) Mülki işin materialları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi, LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi qət edimişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1731/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 14 dekabr 2023-cü il tarixli qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır. - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-32/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı xx.xx.2023cü il tarixli qətnaməsinin ikinci abzasına aşağıdakı məzmünda izah verilməsi “LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi” hissəsində ödəniş xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək dövrü əhatə edən tarif (vəzifə) maaşının, yəni əmək haqqının əsas hissəsinin üçdə iki hissəsi miqdarında ödənilməlidir” qərara alınmışdır. - Bakı şəhəri 13 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş İMS-dən sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/13/2025-00814 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətinin (Ləğv prosesindədir) nümayəndəsi iştirak etməmişdir. İlkin mediasiya xərci olan 50 manat iddiaçı tərəfindən ödənilmişdir. -Mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, 27 dekabr 2024-cü il tarixində – 1409 manat, 29 dekabr 2024-cü il tarixində – 31 manat, 29 aprel 2025-ci il tarixində – 1334,12 manat ödəniş edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 4.1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında “müəssisələr”), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. Maddə 154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Maddə 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Qeyd: Bu maddədə «işəgötürənin təqsiri üzündən gecikdirildikdə» dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməsi başa düşülməlidir. Bu qayda müştərisi olduğu bank tərəfindən qanunvericiliyin tələblərinə zidd olaraq maliyyə vəsaitləri ilə bağlı əməliyyatların düzgün aparılmaması, bankın müflisləşməsi, həmçinin görülmüş işin və ya yerinə yetirilmiş xidmətin haqqının başqa işəgötürən tərəfindən ödənilməməsi nəticəsində işçilərin əmək haqqını vaxtında verməyə işəgötürənin özündən asılı olmayan səbəblərə görə imkanı olmadığı hallara şamil edilmir. Maddə 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296.7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq, işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən və bu sahəni tənzimləyən digər müddəalarına istinadən ilk növbədə qeyd edir ki, iddia müddətinin tətbiqi anlayışı mülki və əmək mübahisələrində fərqli formada tənzimlənir. Belə ki, mülki qanunvericiliyə əsasən iddia müddətinin tətbiqinin mümkünlüyü iddia əsaslı olduğu halda yaranır, iddia əsassız olduqda isə bu məsələyə hər hansı hüquqi zərurət qalmır. Əmək qanunvericiliyində isə bu proses fərqli qaydada tənzimlənir. Belə ki, əmək qanunvericiliyinə əsasən cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildikdə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsinə hüquqi qiymət verilməli və yalnız iddia müddətinin ötürülməsi öz təsdiqini tapmadığı halda iddiaya mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Bu hal Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndində aydın formada təsbit edilmişdir. Həmin maddədə qeyd edilən “fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər” ifadəsi iddia müddətinin ötürüldüyü və iddia müddətinin tətbiq edilməsi barədə ərizə verildiyi halda mübahisəyə mahiyyəti üzrə baxılmasının qeyri-mümkün olduğunu özündə ehtiva edir. Hüquqi nəticə etibarı ilə iddia müddəti tətbiq edilməli olan mübahisəyə mahiyyəti üzrə baxılmalı deyil. Bu baxımdan, məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və əmək qanunvericiliyinin bu sahəni tənzimləyən müddəalarını nəzərə alaraq, qeyd edilən iddia tələblərinə ilk növbədə iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab edir. Bu konteksdə məhkəmə qeyd edir ki, iddia müddəti institutu hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə xx.xx.2009-cu il tarixli qərarı). Atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx.xx.2000-ci il tarixli qərar). Bu baxımdan məhkəmə qeyd edir ki, iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün başlıca normanı Məcəllənin 296-cı maddəsinin 2-ci hissəsi təşkil edir. Həmin normaya əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmə müddəti işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır. Bu tələb həmçinin Mülki Məcəllənin 377.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Əmək Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına əsasən şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq isə qanunverici şəxsə əmək kitabçasının, əmək müqaviləsinə xitam verilməsi barədə ərizənin və ya son haqq-hesab sənədlərinin verildiyi tarixi hesab edir. Əmək Məcəlləsinin həmin müddəası işçinin hüququnun pozulduğunu bildiyi tarixin müəyyən edilməsinin mümkün olmadığı hallara aiddir. Belə ki, məhkəmə hesab edir ki, əmək münasibətlərində işçi daha zəif tərəf olmaqla, məhkəmədə müdafiəsini təşkil etmək məqsədi ilə ona zəruri sənədlər təqdim olunmalıdır. Lakin, onun bu hüququndan sui-istifadəsinə də yol verilməməlidir. Əks halda, iddia müddəti institutunun mahiyyətinə və məqsədlərinə xələl gətirilmiş olardı. Digər tərəfdən məhkəmə kollegiyası o halı da qeyd edir ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinin əmək mübahisələri üzrə bütün hallara şamil edildiyi düşünülsə belə, qanunverici şəxsin hüququnun pozulduğunu bildiyi gün olaraq yuxarıda istinad edilən 3 sənədin verilməsinin əsas götürüldüyünü qeyd edərkən məsələyə hərfi mənada və zahiri konseptdən yanaşmamışdır. Başqa sözlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.3-cü maddəsinin ağlabatan mühakiməsi ondan ibarətdir ki, şəxs bu 3 sənədin verilməsi ilə işdən azad edildiyindən azad edilmə səbəbi barədə məlumatlı olur. Bu sənədlərin fiziki olaraq işçidə olmaması onun işdən azad edilməsi əsası barədə məlumatsız olması mənasını daşıya bilməz. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş materiallardan göründüyü kimi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3900/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı orta aylıq əmək haqqının iki misli miqdarında müavinətin ödənilməsi, LPO Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək tarif (vəzifə) maaşının üçdə iki hissəsi miqdarında əmək haqqının ödənilməsi qət edimiş, həmin qətnamə xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almışdır. Lakin qətnamədə göstərilmiş məbləğ uzun müddət sonra, 27 dekabr 2024-cü il tarixində – 1409 manat, 29 dekabr 2024-cü il tarixində – 31 manat, 29 aprel 2025-ci il tarixində – 1334,12 manat kimi İddiaçı ödənilmişdir. Bundan sonra iddiaçı, xx.xx.2025-ci il tarixində mediasiya orqanına müraciət etmiş və bu tarix iddia müddətinin axımını müvafiq olaraq dayandıran hüquqi nəticə doğurmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia müddətinin hesablanması mediasiyaya müraciət tarixindən — xx.xx.2025-ci ildən — geriyə doğru bir il götürülməklə aparılmalıdır. Bu baxımdan iddiaçının tələbi yalnız xx.xx.2024-cü il tarixindən sonraki dövrü əhatə edə bilər. xx.xx.2024-cü ildən əvvəlki dövrə dair irəli sürülən tələblər isə bir illik iddia müddətinin keçməsi səbəbilə məhkəmə tərəfindən araşdırıla bilməz. Bu yanaşma tərəflərin maraqları arasında balansı təmin edir: işçiyə pozulmuş hüququnun müdafiəsi üçün qanunla müəyyən edilmiş səmərəli müddətdə məhkəməyə müraciət imkanı tanınır, eyni zamanda işəgötürən uzun illər öncə yaranmış, lakin irəli sürülməmiş tələblərə görə qeyri-müəyyən məsuliyyət daşımaqdan azad edilir. Yuxarıdakıları nəzərə alaraq məhkəmə iddiaçının gecikdirilmiş əmək haqqına görə 1% ödəncin hesablanması ilə bağlı təqdim etdiyi hesablamanı qiymətləndirərək aşağıdakıları qeyd edir: İş materiallarından, habelə tərəflərin izahatlarından müəyyən edilir ki, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan, lakin vaxtında ödənilməmiş ümumi məbləğ 2.774,12 manat (27 dekabr 2024-cü il tarixində – 1409 manat, 29 dekabr 2024-cü il tarixində – 31 manat, 29 aprel 2025-ci il tarixində – 1334,12 manat) təşkil etmişdir. Göstərilən məbləğ üzrə tərəflər arasında mübahisə mövcud deyildir. Məhkəmə nəzərə alır ki, iddia müddətinin yalnız xx.xx.2024-cü il tarixindən sonrakı dövr üçün tətbiq edilməsi mümkün olduğundan, gecikmə müddətinə görə ödəncin hesablanması da məhz bu tarixdən başlanmalıdır. Məhkəmə hesab edir ki, ilk olaraq, xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək olan dövr üzrə gecikmə müəyyən edilir. Həmin tarixədək cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyindən, bu müddət ərzində gecikmiş məbləğ 2.774,12 manat təşkil etmişdir. Göstərilən dövr üzrə gecikmə 163 gün olmaqla, gecikdirilmiş əmək haqqına görə hesablanan ödənc 2.774,12 × 1% × 163 gün = 4.521,81 manat təşkil edir. xx.xx.2024-cü il tarixində cavabdeh tərəfindən 1.409 manat məbləğində qismən ödəniş edildikdən sonra, gecikmiş məbləğ 1.365,12 manata (2.774,12 – 1.409) enmişdir. Növbəti ödəniş xx.xx.2024-cü il tarixində həyata keçirildiyindən, bu iki gün ərzində gecikmə qalan 1.365,12 manat məbləğ üzrə davam etmişdir. Həmin dövr üçün ödənc 1.365,12 × 1% × 2 gün = 27,30 manat təşkil edir. xx.xx.2024-cü il tarixində 31 manat məbləğində ödəniş edildikdən sonra gecikmiş əsas məbləğ 1.334,12 manata enmişdir. Bu məbləğ üzrə gecikmə xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək, yəni 121 gün davam etmişdir. Həmin dövr üçün gecikdirilmiş əmək haqqına görə ödənc 1.334,12 × 1% × 121 gün = 1.614,29 manat təşkil edir. Beləliklə, məhkəmə tərəfindən aparılmış hesablamalara əsasən, gecikdirilmiş əmək haqqına görə cavabdehdən tutulmalı olan ümumi ödənc məbləği 4.521,81 + 27,30 + 1.614,29 = 6.163,41 manat təşkil edir. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı mediasiyaya müraciət etmiş və 60 manat məbləğində rüsum ödənilmişdir. Odur ki, 60 manat məbləğində mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətindən (Ləğv prosesindədir) əmək haqqının ödənilməsi gecikdirildiyinə görə 6.163,41 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyəti (Ləğv prosesindədir) qarşı "əmək haqqı" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətindən (Ləğv prosesindədir), əmək haqqının ödənilməsi gecikdirildiyinə görə hesablanmış 6.163,41 (altı min yüz altmış üç manat, qırx bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş mediasiya xərci olan 60 (altmış) manat hissəsi cavabdeh "xxxx" Açiq Səhmdar Cəmı̇ yyətindən (Ləğv prosesindədir) alınaraq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(006)-4586/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4586/2025
28.11.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver