Məhkəmə qərarları › İş №e-2(006)-4625/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4625/2021

26.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4625/2021 26.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, LPO Cavabdeh3 ASC-yə, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə qarşı «ipotekaya xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi 106 saylı evin 11 saylı mənzilinə dair LPO Cavabdeh3 ASCnin ipoteka yüklülüyünə xitam verilməsi; həmin mənzilin ipoteka yüklülüyündən azad edilməsi və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı məhkəməyə ərizə təqdim edərək, ləğvedici cavabdeh qismində qeyd edildiyindən, LPO bankın adının cavabdehlər siyahısında qalmasına hüquqi zərurət olmadığından, siyahıdan çıxarılmasını xahiş etmiş və iddiaçının vəsatəti əsaslı olduğundan təmin edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23.11.2012-ci il tarixli 2(103)-4735/2012 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 ASC-nin xeyrinə cavabdeh X1 cəmi 68.166 ABŞ dolları 38 sent borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2012-ci il tarixli 2(103)-4735/2012 saylı icra vərəqəsinə əsasən ipoteka predmetinin açıq hərracdan satılması üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 29.12.2020-ci il tarixli 15769-16541/13-15-7 saylı sifariş məktubuna əsasən ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzili "xxxx" MMC tərəfindən 29.01.2021-ci il tarixdə açıq hərracdan satılması üçün ilkin satış qiyməti 160.000 manat olmaqla ilkin hərraca çıxarılmış, lakin hərracda alıcı olmadığı üçün hərrac baş tutmamışdır. Sonradan ipoteka predmeti qanunvericiliyin tələbinə uyğun olaraq dəyərinin 15 % aşağı qiymətinə 136.000 manata 17.02.2021-ci il tarixdə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda da alıcı olmadığı üçün "xxxx" MMC tərəfindən hərracın baş tutmaması ilə bağlı «Birja Yenilikləri» qəzetində müvafiq elan verilmişdir. Həmin elan tarixindən bu günədək ipoteka saxlayan (tələbkar) Cavabdeh3 ASC ilə hərracın təşkilatçısı "xxxx" MMC arasında həmin ipoteka predmetinin əldə edilməsinə dair hərracın yekunları barədə protokol bağlanmamışdır. Onun tərəfindən 23.04.2021-ci il tarixli vəkil sorğusu ilə hərracın keçirilməsi və yekunları barədə məlumat almaq üçün "xxxx" MMC-yə rəsmi müraciət edilmişdir. Müraciətinə cavab olaraq "xxxx" MMC tərəfindən 29.04.2021-ci il tarixli a/1388 saylı məktubla bildirilmişdir ki, ipoteka qoyan İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzili açıq hərraca çıxarılmış, lakin alıcı olmadığı üçün əmlak satılmamışdır. İpoteka predmeti 30 gün ərzində əldə edilməsi üçün tələbkara təklif edilmiş, tələbkar tərəfindən 10.03.2021-ci il tarixli məktubla razılıq məktubu verilmiş, lakin bu günə qədər tələbkar tərəfindən xidmət haqqı ödənilmədiyi üçün protokol təqdim edilməmişdir. Yuxarıda qeyd olunanları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 ASC ilə ipoteka qoyan İddiaçı arasında bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə ipoteka qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzili ipoteka ilə yüklülükdən azad edilməli və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmalıdır. İddiaçı «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 59.5.1, 71.1, 71.3-cü maddələrinə; «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.7-ci maddələrinə, 43.8-ci, 15.1-ci maddələrinə, həmçinin Qanunun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.10.2014-cü il tarixli qərarına istinad edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun, Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nərimanov rayon İcra və Probasiya Şöbəsinin 29 dekabr 2020-ci il tarixli 15769- 16541/13-15-7 saylı məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23.11.2012-ci il tarixli 2(103)-4735/2012 saylı icra sənədinə əsasən tələb üzrə tutma ipoteka predmeti olan Bakı şəhəri Nərimanov rayonu X4 küçəsində yerləşən 106 saylı evin 11 saylı mənzilinə yönəldilməlidir. İcra sənədi üzrə hərracın keçirilməsi üçün müvafiq sənədlər və zəruri məlumatlar "xxxx" MMC-yə göndərilmişdir. - "xxxx" MMC-nin 06 yanvar 2021-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Nərimanov rayon İcra və Probasiya Şöbəsinə), tələbkara (Cavabdeh3 ASCyə), borcluya (X3) və ipoteka qoyana (İddiaçı) bildiriş ünvanlayaraq, Nərimanov rayon İca və Probasiya şöbəsinin sifariş məktubuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsində yerləşən 106 saylı evin 11 saylı mənzilinin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, əmlakın ilkin satış qiyməti və açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. Hərrac 29 yanvar 2021-ci il tarixə saat 11.00-a təyin olunmuşdur. - "xxxx" MMC-nin 02 fevral 2021-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Nərimanov rayon İcra və Probasiya Şöbəsinə), tələbkara (Cavabdeh3 ASCyə), borcluya (X3) və ipoteka qoyana (İddiaçı) bildiriş ünvanlayaraq, təkrar hərracın 17 fevral 2021-ci il tarixə saat 11.00-a təyin edildiyini, əmlakın ilkin satış qiymətinin 136.000 manat (160.000 – 15 %) təşkil etdiyini bildirmişdir. Birinci və təkrar hərracların keçirilməsi ilə bağlı KİV-də elanlar verilmişdir. - "xxxx" MMC-nin 23 fevral 2021-ci il tarixli 01/526 saylı məktubundan görünür ki, həmin Mərkəz tərəfindən keçirilən hərrac zamanı alıcı olmadığı üçün əmlak satılmadığından iş Nərimanov rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. - Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun “Borc öhdəliyinin olub-olmaması barədə” 22 fevral 2021-ci il tarixli Arayışdan görünür ki, 17.02.2021-ci il tarixinə X2 04-893 saylı kredit müqaviləsi üzrə 37529,71 ABŞ dolları əsas, 4144,23 ABŞ dolları faizlər və 1105,77 ABŞ dolları cərimə faizi məbləğində borc öhdəliyi mövcuddur. - "xxxx" MMC-nin 14.04.2021-ci il tarixli 01/1204 saylı məktubundan görünür ki, tələbkar tərəfindən əmlakı əldə etmək üçün hərrac təşkilatının depozit hesabına heç bir ödəniş aparılmamış və protokol əldə edilməmişdir. Hazırki mübahisə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: - 41.1-ci maddəsinə əsasən ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda satıla bilər. - 41.2-ci maddəsinə əsasən məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. İcra məmuru hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) sifariş verir. - 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. - 42.3-cü maddəsinə əsasən hərracın təşkilatçısı və onun əməkdaşları istisna olmaqla, hərracda istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan alıcı qismində iştirak edə bilər. - 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. - 43.5-ci maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. - 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin araşdırılmış hallarına əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə minmiş, qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün Nərimanov rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, icra vərəqəsi icraata qəbul edilərək, müvafiq prosedur qaydalara uyğun hərəkətlər yerinə yetirilmiş, maraqlı tərəflərə məktub ünvanlanmaqla, hərracın vaxtı və yeri barədə məlumat vermiş, əmlakın ilkin satış qiyməti qeyd olunmaqla, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğunu izah etmişdir. Birinci hərrac baş tutmadığından, ikinci hərracın yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, əmlakın ikinci (təkrar) hərracda satış qiyməti bildirilmiş, maraqlı tərəflərə keçiriləcək hərracda iştirak etmək hüquqlarının olduğu izah edilmişdir. Təkrar hərrac təyin olunmuş, lakin təkrar hərrac da baş tutmamışdır. Həmin hərracın baş tutmaması ilə bağlı kütləvi informasiya vasitəsi olan «Birja Yenilikləri» qəzetində elan dərc olunmuşdur. Nəhayət, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etmədiyi üçün sənədlər toplusu Nərimanov rayon İcra və Probasiya şöbəsinə geri qaytarılmışdır. İddiaçının tələbinin əsasını ipoteka saxlayanın qanunla müəyyən olunmuş müddət ərzində ipoteka predmetini əldə etməməsidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-cimaddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. Plenum həmçinin qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Həmin Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarda daha sonra qeyd olunmuşdur ki, ipoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarır. Qanunvericiliyə əsasən Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqeylərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 13.7-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 66.1-ci maddəsində öz əksini tapmışdır. Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz. Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688 - İİ QD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair» 25 yanvar 2005-ci il tarixli qərarında göstərmişdir ki, Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir». Məhkəmə qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarında təkrar hərracın baş tutmadıqda ipotekasaxlayana ipoteka predmetinin alınması üçün ayrıca təklifin göndərilməsi nəzərdə tutulmamıdır. Qanunun 43.7 və 43.8-ci maddələrinin məzmunundan görünür ki, hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir və o, həmin hüququndan 30 gün müddətində istifadə etməzsə, ipotekaya xitam verilir. Həmçinin, Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində istifadə olunmuş “təkrar hərrac baş tutmamış elan edildikdən sonra” istilahının həmin Qanunun 43.1-ci maddəsinin məzmunu kontekstində təfsirindən aydın olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi dedikdə, təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməsi başa düşülür. “Kültəvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən kütləvi informasiya vasitələri - dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formalarıdır. Dövri mətbu nəşrlər dedikdə çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməsi ilə ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə etmək hüququ yarandığından və bu hüquq qanunvericilikdə nəzərdə tutulduğundan bu barədə onun ayrıca təklif məktubu ilə məlumatlandırılmasına heç bir prosessual zərurət olmamışdır. İpoteka saxlayan icra sənədi üzrə icraatı və keçirilən hərracları təqib etməli və əmlakı əldə etməkdə maraqlı olmalı idi. Göründüyü kimi, qanunun mənasına görə ipotekasaxlayana ipoteka predmetini almaq təklifi (oferta) ayrıca sənədlə (məktubla) deyil, hərracın baş tutmamış elan olunması ilə verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 408.1-ci maddəsinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Həmin Məcəllənin 325.1-ci maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. Hüquqi müəyyənlik prinsipi kontekstində Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Avropa Məhkəməsinin hüquqi mövqeyi də ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Həmçinin, AİHM-in "Miragall Eskolano və digərləri İspaniyaya qarşı" iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. 17 fevral 2021-ci il tarixli hərracın baş tutmamış elan olunmasının kütləvi informasiya vasitələrində 23.02.202l-ci il tarixdə dərc edilməsi iş üzrə mübahisəsiz halıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh3 ASC 30 gün müddətində hüququndan istifadə edərək, ipoteka predmetini təkrar hərracda satış qiymətindən 25%-dək az qiymətlə almalı idi. Lakin müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 18 mart 2021-ci il tarixədək ipoteka predmetinin alınması ilə əlaqədar tədbirlər görülməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, ipoteka saxlayana ayrıca xüsusi təklifin verilməsi zərurətinin olmasını qəbul etsək belə, iş materialları ilə belə təklifin "xxxx" MMC tərəfindən verilməsi və tələbkar tərəfindən 10.03.2021-ci il tarixli məktubla razılıq məktubu verilməsi müəyyən olunmuşdur. Lakin həmin tarixdən sonrakı müddətdə də 30 gün ərzində ipotekasaxlayan ipoteka predmetini əldə etməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında qeyd olunmuşdur ki, bu Qanun mülki hüquqi müqavilələrdən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi ilə bağlı ipotekanın yaranması əsaslarını, onun dövlət qeydiyyatı, təmin olunmuş borcun və digər mülki hüquqi öhdəliyin ipoteka hesabına ödənilməsi qaydalarını, tərəflərin hüquq və vəzifələrini müəyyən edir, habelə bu sahədə digər münasibətləri tənzimləyir. Başqa sözlə, ipoteka predmetinə tutma yönəldilməsi prosedurunu tənzim edən ixtisaslaşdırılmış normativ-hüquqi akt olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda ipoteka predmetinin ipoteka saxlayana təklif edilməsi və ipoteka saxlayanın həmin təklifi qəbul etməsi barədə məktub ünvanlaması üsulu ilə əldə etməsi forması nəzərdə tutulmamışdır. Çünki yuxarıda qeyd olunduğu kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci və 43.8-ci maddələrinin məzmunundan göründüyü kimi təkrar hərrac baş tutmadıqdan sonra ipoteka saxlayanın ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətinin 25 az olmayan qiymətlə əldə etməsinə dair subyektiv hüququ bilavasitə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsi əsasında yarandığından onun bu hüququ əldə etməsi üçün hər hansı digər əsasa (ona bu barədə təklif verilməsi, onun əlavə bildirişlə məlumatlandırılması və s.) ehtiyac olmadığından sonuncunun belə bir təklifi qəbul etməsi proseduruna da ehtiyac yoxdur. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin müqavilənin hərracda bağlanmasını tənzim edən 414-416-cı maddələrində də belə bir prosedur nəzərdə tutulmamışdır. Tələbkara təklif verilməsi və həmin təklifin qəbul edilməsi proseduru isə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsinin məzmunundan göründüyü kimi ipotekanın deyil, məhz üzərinə həbs qoyulmuş əmlakın icra xidməti tərəfindən realizəsi zamanı həyata keçirilir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1-ci maddəsində birmənalı şəkildə göstərilir ki, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Eyni zamanda iş üzrə materiallardan göründüyü kimi ipoteka saxlayan təkrar hərracın baş tutmaması barədə elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25%-dən az olmayan qiymətlə yəni 102 000 (bir yüz iki min) manata əldə etmək imkanına malik olmuşdur. İpoteka predmetinə yönəldilən tələbin həcmi isə cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 22.02.2021-ci il tarixli **********130 saylı “Borc öhdəliliyinin olub-olmaması barədə” Arayışdan göründüyü kimi 42 780 (qır iki min yeddi yüz səksən) ABŞ dolları, yəni ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə 72 725,51 (yetmiş iki min yeddi yüz iyirmi beş manat əlli bir qəpik) manat olmuşdur. İpoteka saxlayan isə əmlakın satış qiymətinin tələbinin həcmindən artıq olan 29 474 (iyirmi doqquz min dörd yüz yetmiş dörd) manat hissəsini bu günə kimi mülkiyyətçiyə ödəməmişdir. Göründüyü kimi İpoteka saxlayan ipoteka predmetinin hərracdan əldə olunması ilə bağlı hər hansı real addım atmamş, əmlakı hərracdan əldə etməmiş, sadəcə olaraq hərrac təşkilatına əmlakın əldə edilməsinə dair formal deklarativ bəyanat xarakterli məktub göndərməklə kifayətlənmişdir. Halbuki, ipoteka predmetinin əldə edilməsi dedikdə, həmin əmlakın əldə edilməsi ilə bağlı real addımların və hərəkətlərin edilməsi başa düşülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Göründüyü kimi, istər “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.8-ci maddəsinin, istərsə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasın ipoteka saxlayanın hərrac mərkəzinə ünvanladığı hər hansı bir razılıq məktubunun deyil, məhz hərracın nəticələri haqqında protokolun təşkil etdiyini nəzərə alsaq ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsinə dair razılıq məktubu real iradə ifadəsi kimi nəzərə alına bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının 3-cü bəndində ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanın ipoteka predmetini əldə etmək niyyətində olmadıqda yox, məhz əldə etmədikdə, ipoteka qoyanın mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilməsi qeyd olunmuşdur. Göründüyü kimi qeyd olunan halda ipoteka qoyanın ipotekaya xitam verilməsini tələb etmək hüququ ipoteka saxlayanın ipoteka predmetini əldə etmək niyyəti ilə deyil, məhz nəticə yönümlü real addımlar ataraq əldə etməsi ilə şərtləndirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən 29.04.2021-ci il tarixli a/1388 saylı məktubundan görünür ki, tələbkar tərəfindən 10.03.2021-ci il tarixli məktubla razılıq məktubu verilmiş, lakin bu günə qədər tələbkar tərəfindən xidmət haqqı ödənilmədiyi üçün protokol təqdim edilməmişdir. Məhkəmə işin bu halı üzrə hesab edir ki, qanunvericiliyə əsasən ipoteka predmetinin əldə edilməsi üçün müddət hər hansı şərtlərlə müəyyən olunmamış və ipotekasaxlayan göstərilən müddət ərzində bütün texniki məsələləri həll etməklə, əmlakı əldə etmək vəzifəsini daşıyır. Başqa sözlə, tələbkar tərəfindən 10.03.2021-ci il tarixli məktubla razılıq məktubu verilməsi onun həmin əmlakı qəbul edilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materiallarında cavabdeh tərəfindən ipoteka predmetinin əldə edilməsi üçün hərrac təşkilatına xidmət haqqının ödənilməsi ilə bağlı hesab-fakturanın təqdim olunması ilə müraciət etməsi, lakin hərrac təşkilatının təqsiri ucbatından alqı-satqı müqaviləsinin bağlanmasının qeyri-mümkün olması ilə bağlı hər hansı sübutlar yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə əsasən hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır. Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.4-cü maddəsinə əsasən hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.6-cı maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci maddəsinə əsasən hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən ipoteka predmetinə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldildikdə ipoteka predmetinin satılmasından əldə olunan gəlir icra məmurlarının depozit hesabına daxil olduqdan sonra 7 təqvim günündən gec olmayaraq icra məmuru tərəfindən aşağıdakı qaydada bölüşdürülür: 47.2.1. ipoteka saxlayanın ipoteka ilə təmin olunmuş tələbinin, o cümlədən əsas borcun, faizlərin, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, yaxud icranın gecikdirilməsi nəticəsində dəbbə pulunun və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsinə (bu ödənişlər göstərilən ardıcıllıqla həyata keçirilir); 47.2.2. bu Qanunun 4.1.4-cü və 5-ci maddələrində nəzərdə tutulmuş xərclərin ödənilməsinə; 47.2.3. sonrakı ipoteka saxlayan ipoteka hüququnu həyata keçirdikdə onun tələbinin ödənilməsinə; 47.2.4. bu Qanunun 47.2.1‒47.2.3-cü maddələrində qeyd edilən tələblər tam ödənildikdən sonra “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş məbləğdə icra ödənişinin ödənilməsinə. 47.3. Birgə ipoteka saxlayanların tələbi ipoteka müqaviləsində müəyyən edilmiş qaydada, müəyyən olunmadıqda isə onların tələblərinə mütənasib olaraq bölüşdürülür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 273-cü maddəsinə əsasən girov saxlayana və ya ipoteka saxlayana girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanı mənimsəmək hüququ verən hər cür razılaşma etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 298.2-ci maddəsinə əsasən bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra girov qoyulmuş əşyanın satışından əldə olunan vəsaitin qalan hissəsi girov qoyulmuş əşyanın satılmasından 10 (on) iş günü müddətində girov qoyana qaytarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 598.4-cü maddəsinə əsasən əgər alıcı alğı-satqı müqaviləsini pozmaqla əşyanı qəbul etməkdən və ödəməkdən imtina edirsə, satıcı öz seçimi ilə əşyanın ödənilməsini tələb edə bilər və ya müqavilənin icrasından imtina edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: 447.2.1. bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; 447.2.2. öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; 447.2.3. xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda. Göründüyü kimi hətta ipoteka saxlayanın hərrac təşkilatına ünvanladığı əmlakın qəbul edilməsinə dair məktubu şərti olaraq fakt kimi qəbul etsək belə, mülki qanunvericiliyin istinad olunan müddəalarına əsasən ipoteka saxlaayan bu halda alıcı qismində əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) tam ödəmədiyindən həmin alğı-satqı müqaviləsi bağlanmamış və əmlak hərracdan əldə edilməmiş hesab olunmalıdır. Başqa sözlə, hazırki vəziyyətdə hətta “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-43.8-ci maddələrində nəzərdə tutulmuş 30 günlük müddətdən keçdikdən sonra ipoteka qoyan ipoteka predmetinin əldə edilməsinə dair məktub ünvanlasa da, bu dəfə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.7-ci maddəsində nəzərdə tutulmuş əmlakın tam dəyərinin ödənilməsinə dair müəyyən edilmiş 7 təqvim günlük müddəti də ötürərək predmetin dəyərini tam ödəməmiş və bununla da nəticə etibarilə predmeti əldə etməmişdir. Təsadüfi deyildir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa son əlavə edilmiş 43.7-1-ci maddədə də bu məsələyə xüsusilə aydınlıq gətirilmiş, belə ki, həmin maddədə göstərilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qeyd olunduğu kimi tələbkar - ipoteka saxlayan ipoteka predmetinin alış qiymətini tam ödəməmiş, hərrac təşkilatının təqdim etdiyi hesab-faktura üzrə müvafiq xərcləri və məsrəfləri, habelə vergi öhdəliklərini, o cümlədən ən əsası isə əmlakın satış qiymətinin tələb həcmindən artıq hissəsinin ödənişi icra etməmiş, bununla da əmlakın əldə edilməsinə dair heç bir real addım atmamaqla dolayısı ilə onun alışından imtina etmişdir. Beləliklə də, mhkəmənin qənaətinə görə hazırkı iş üzrə ipotekaya xitam verilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. “Marks Belçikaya qarşı” işdə AİHM şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa məhkəməsinin 18 dekabr 1996-cı il tarixi “LOİZİDU” (Lazidou) Türkiyəyə qarşı işində qeyd etmişdir ki, mülkiyyət hüququna müdaxilə şikayəti mülkiyyətə daxil olmaq hüququndan məhrum edilmə ilə məhdudlaşmayaraq, yaranmış situasiyanı daha geniş konteksdə əhatə edir. Məsələ bundan ibarətdir ki, xanım Loizidu öz mülkiyyətinə daxil olmaq hüququnu davamlı olaraq həyata keçirə bilmədiyinə görə, faktiki olaraq onun üzərində hər cür nəzarəti, o cümlədən ondan istifadə etmək, onu satmaq, miras qoymaq, öz torpağını yaxşılaşdırmaq və sadəcə onun üzərində sevinc hissi ilə yaşamaq hüququnu itirib. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməli, həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzili ipoteka yüklülüyündən azad edilməli, bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə cavabdeh LPO Cavabdeh3 ASC arasında Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzilinə dair bağlanmış ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. Həmin ipoteka müqaviləsi üzrə Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzili ipoteka yüklülüyündən azad edilsin. Bu barədə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Bu Qətnamə Daşınmaz Əmlakın Dövlət Reyestrində Bakı şəhəri Nərimanov rayonu X4 küçəsi 106 saylı evin 11 saylı mənzilininin LPO Cavabdeh3 ASC qarşısında ipoteka ilə yüklülüyünə xitam verilməsi ilə bağlı müvafiq qeydlərin aparılması üçün əsasdır. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar