Məhkəmə qərarları › İş №e-2(006)-4635/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №e-2(006)-4635/2022

27.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-4635/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən “əmlak sığortası” növü ilə sığortalamış “Honda Accord” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Azərmaş MMC-yə məxsus olan, etibarnamə ilə Cavabdeh1 Pirməmməd oğlunun idarə etdiyi “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə sığorta hadisəsi baş vermiş, hadisə nəticəsində “Honda Accord” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 270 (iki yüz yetmiş) manat məbləğində maddi zərər dəymişdir. Xətai rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, TP ******* saylı elektron qərarına əsasən Cavabdeh1 baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.6 və 327.1-ci maddələri ilə 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 270 (iki yüz yetmiş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitəsinin tam sığortası üzrə ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, “Honda Accord” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 27600 (iyirmi yeddi min altı yüz) manat məbləğində “əmlak sığortası” qaydası ilə sığortalanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədəkdir. İddia ərizəsinə əlavə edilmiş, www.isb.az saytından çıxarışdan göründüyü kimi, Cavabdeh2 MMC-yə məxsus, Cavabdeh1 Pirməmməd oğlunun idarə etdiyi “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası hadisə baş verən anda mövcud olmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 746/22 saylı sığorta aktına və qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Honda Accord” markalı, **-NY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 270 (iki yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığına əsasən qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 270 (iki yüz yetmiş) manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/4175 saylı geriyə tələb (subroqasiya) məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən iddiaçı tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 270 (iki yüz yetmiş) manat məbləğində sığorta ödənişinin 5 gün müddətində cavabdehlərdən müştərək qaydada tutularaq geri ödənilməsi tələb edilmişdir. Qeyd olunanlara əsasən ,iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 270 (iki yüz yetmiş) manat məbləğində sığorta ödənişinin məbləğini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna sahib olmuşdur. Bundan başqa, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu da cavabdehlərdən tutulmalıdır. Bununla bağlı bildirilmişdir ki, 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi haqqında qəbz iddia ərizəsinə əlavə edilmişdir. Beləliklə, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 Pirməmməd oğlundan müştərək qaydada 270 (dörd yüz yetmiş) manat məbləğində sığorta ödənişinin, 30,40 (otuz manat, qırx qəpik) məbləğində dövlət rüsumunun, cəmi 300,40 (üç yüz manat, qırx qəpik) məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə və ona əlavə edilən sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizə məhkəməyə təqdim edilərkən iddiaçı tərəfindən məhkəmə aidiyyəti qaydalarına riayət olunmamışdır. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması zamanı müəyyən edildi ki, hazırki mübahisə üzrə iddiaçı müvafiq qaydada dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) qanunamüvafiq qaydada dövlət qeydiyyatından keçərək yaradılmış kommersiya hüquqi şəxsidir. Bundan başqa, mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Xətai Rayon Polis İdarəsinin 101-27801 saylı xx.xx.2022-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, “KHAZAR LX” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 MMC-dir. Beləliklə, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş və iddia tələbinin yaranmasına səbəb olan, yəni iddiaçıya vurulmuş zərərin yaranmasının əsası olan sığorta hadisəsini törədən nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 MMC olduğundan, tələbin yönəldiyi cavabdehin də müvafiq qaydada dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsi olması müəyyən edilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh2 (VÖEN: **********) qanunamüvafiq qaydada dövlət qeydiyyatından keçərək yaradılmış kommersiya hüquqi şəxsidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılan hüquqi şəxslərdir. Bundan əlavə xüsusilə qeyd edilməlidir ki, iddiaçının iddia tələbinin yaranmasına əsas onun sığorta hadisəsinin tərəflərindən birinin (hazırki iş üzrə zərərçəkənin) əmlakını sığorta etməsi olmuşdur. Belə ki, mülki qanunvericiliyin sığorta hüququ üzrə təsbit edilmiş normalarına əsasən, iddiaçı sığorta hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərəri ödəmiş və hazırda cavabdehlərə qarşı iddia irəli sürərək, həmin zərəri tələb etmək hüququ yaranmışdır. İddiaçı zərərçəkənlə sığorta müqaviləsi bağlayan zaman həmin müqavilədən gəlir əldə etmək məqsədi güdmüşdür. Bu səbəbdən də, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ dolayı yolla onun öz kommersiya fəaliyyətini həyata keçirməsi, yəni zərərçəkənlə müvafiq müqavilə münasibətlərinə girməsi nəticəsində yaranmışdır. Cavabdehlərə münasibətdə isə qeyd edilməlidir ki, mülki işin materiallarında olan sənədlərdən müəyyən olunur ki, cavabdehlər arasında lizinq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Belə ki, Cavabdeh2 MMC mülkiyyətində olan avtonəqliyyat vasitəsini iş üzrə digər Cavabdeh1 etibarnamə əsasında vermişdir. Bundan başqa, sənədlərdən görünür ki, Cavabdeh1 həmin nəqliyyat vasitəsi ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olmuşdur. Beləliklə, müəyyən edilir ki, Cavabdeh2 MMC mülkiyyətində olan avtonəqliyyat vasitəsini etibarnamə əsasında digər Cavabdeh1 verməklə, Cavabdeh1 isə həmin nəqliyyat vasitəsi ilə taksi sürücüsü fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etmək məqsədi güdmüşlər. Bu səbəbdən də, cavabdehlərin də kommersiya məqsədli fəaliyyəti müəyyən olunmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırki mülki işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-cı maddəsinə əsasən, kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Hazırki iş üzrə mübahisənin subyekt tərkibinin (tərəflər) və predmetinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, məhkəmə belə qənaətə gəlir ki, hazırki işə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı, iddiaçıya qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ vardır. İddiaçı tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar