Məhkəmə qərarları › İş №e-2(006)-4689/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4689/2024

16.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4689/2024 16.11.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı X3 qəyyumu İddiaçıın Cavabdeh qarşı "aliment və əlavə xərclərin ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə 16 noyabr 2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X3 qəyyumu İddiaçı Cavabdeh qarşı «alimentin məbləğinin artırılması tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 üçün hər ay 270 manat məbləğində sabit aliment vəsaitinin və ayda 1500 manat əlavə xərc məbləğinin, eləcə də ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödəilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 24 dekabr 2004-cü il tarixində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Onların birgə nikahdan xx.xx.2005-ci il tarixində Leyli adlı övladları anadan olmuşdur. Övladında anadangəlmə “serebral iflici, mikrosefoliya” xəstəliyi aşkar edilmişdir. Cavabdehlə rəsmi nikaha daxil olmaqlarına və birgə yaşamaqlarına baxmayaraq, bir müddət keçdikdən sonra, aralarında ailə münasibətləri pozulmuş və onların nikahları formal olaraq yalnız rəsmi sənəd üzərində qalmışdır. Belə ki, Cavabdeh narkomaniyadan əziyyət çəkdiyindən, onların övladı anadan olarkən qüsurlarla doğulmuş və uşaq doğulduqdan bir müddət sonra, cavabdeh nə ona, nə də öz övladına baxmamış və rəsmi nikahının olmasına baxmayaraq, onlar ayrı yaşayırlar. Övladı anadan olduğu gündən hazırki vaxtadək yataq xəstəsi olmaqla, övladına o qulluq edir və maddi cəhətdən də ehtiyyacı olan hər bir şeyini o və valideyinləri təmin edir. Qeyd etmək istəyir ki, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qətnaməsi ilə aralarındakı nikaha xitam verilmiş və 2009-cu ilin mart ayının 07-də ona Suraxanı rayon VVADQ şöbəsindən nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Onu da qeyd etmək istəyir ki, məhkəmə qətnaməsinə əsasən Cavabdeh azyaşlı uşağın saxlanılması üçün aylıq 60 manat məbləğində aliment, əlavə xərc kimi 40 manat, övladının 3 yaşına çatana qədər isə əlavə 20 manat pulun tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra, alimentin artırılmasına dair o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 160 manat aliment və 100 manat əlavə xərc olmaqla 260 manat pulun Cavabdeh tutularaq ona ödənilməsi qət edilmişdir. Digər tərəfdən onu da qeyd etmək istəyir ki, onlar ayrıldıqları andan bu günə qədər cavabdeh onlara heç bir maddi yardım göstərmir, ondan məhkəmə qərarı əsasında tutulmuş alimentləri ödəmir, məhkəmə qətnaməsinə əsasən birgə nikah dövründə əldə etdikləri əmlakın satılması hesabına onun xeyrinə tutulmuş vəsaiti ödəməkdən imtina edir. Yalnız icra məmurlarının köməyi ilə ödənilməsi nəzərdə tutulmuş vəsaitin bir hissəsi cavabdehin adına olan əmlaka yönəldilməklə, həmin əmlak heabına ödənilmişdir. Yerdə qalan digər məbləğlər isə, yəni 60.000 manata yaxın olan məbləğlər bu günə qədər cavabdeh tərəfindən ödənilmir. Əlavə xərclərlə bağlı bildirmək istəyir ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumata əsasən, X6 “çox ağır əqli gerilik, dərin kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi nitq, davranış və dayaq-hərəki apparatının pozuntuları ilə. İQ-0, Nitq artikulyasiyasının spesifik pozuntusu” diaqnozu ilə müddətsiz birinci qrup əlildir. Qızı Leyli tam iflic vəziyyətdə olduğundan, ona verilən bütün yeməklər blenderdən keçirildikdən sonra, onun və ya dayənin köməkliyi ilə yedizdirilir. Belə ki, ona verilən yeməkləri o çeyniyə bilmədiyindən və sərt yemək yeyə bilmədiyindən, məcburiyyət qarşısında qalırlar ki, verilən yeməkləri blenderdən keçirib çətinliklə bir əllə ağzından tutub, digər əllə isə qaşıqla yemək verirlər. Onda udma problemi olduğundan və udma refleksi olmadığından, çətinliklə verilən yeməyi və mayeni daxilə qəbul edir. Leyli Həsənovanın saxlanılması üçün kifayət qədər yüksək məbləğdə xərclər tələb olunur ki, bu xərclər də, yalnız onun və valideyinlərim tərəfindən qarşılanır. Belə ki, onun saxlanılması üçün hər ay o, sabit şəkildə 4 qutu, hər birində 30 ədəd olmaqla, M ölçüdə olan böyüklər üçün bez (pampers) alır ki, bunun da bir qutusunun qiyməti 52-55 manat təşkil edir. Eyni zamanda onun üçün hər həftə 2- 3 dəfə bir neçə qutu sıyığ, nəm salfetlər, quru salfetlər, südlər, yataq bezləri alır ki, bunların da alınmasına kifayət qədər çox vəsaitlər sərf edir. Eyni zamanda, Leylinin olduğu kimi həyatda qalması və daha da ağırlaşmaması üçün, ayda 1 dəfə on günlük xüsusi təlim keçmiş tibb bacısını dəvət edir ki, evdə Leyliyə zəruri olan masaj və idman hərəkətlərini etsin. Belə ki, o hərəkətsiz və ağır olduğundan, onu hərhansısa bir tibb müəssiəsinə gündəlik aparmağı mümkünsüzdür. Bunun üçün də o, həmin adama hər gün üçün 30-40 manat pul ödəyir ki, bu da hər ay üçün əlavə 300-400 manat xərcin tələb olunmasına gətirib çıxarır. Daha sonra bildirmək istərdi ki, o, müəllim vəzifəsində işlədiyindən və həftənin altı günü işdə olduğu üçün məcburiyyət qarşısında qalaraq dayə tutmuşdur ki, ona da hər ay 700 manat məbləğində vəsait ödəyir. Nəticə etibarı ilə, Leyli Həsənovanın saxlanılması üçün ərzaqlardan savayı, yuxarıda göstərdiyi və ərizəsində qeyd etmədiyi digər vəsaitlər də stabil şəkildə tərəfindən xərclənir ki, bu da ayda təxminən 1500-1700 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh X1 üçün hər ay 270 manat sabit pul məbləğində alimentin və ayda 1500 manat əlavə xərc məbləğinin, eləcə də ödənilmiş 60 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək X1 üçün hər ay 270 manat məbləğində sabit aliment vəsaitinin və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulması qət edilmiş əlavə xərcin 100 manatdan 1500 manatadək artırılaraq, ayda 1500 manat əlavə xərc məbləğinin, ödənilmiş 60 manat mediasiya xərcinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı X3 qəyyumu İddiaçı nümayəndəsi və vəkili X7 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılması və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X7 iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3395/2019 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2005-ci il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(010)-562/2024 saylı qətnaməsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 107 saylı sərəncamına əsasən İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş xx.xx.2005-ci il təvəllüdlü övladı X4 üzərində qəyyum təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 12 yanvar 2006-cı il tarixdə verilmiş AZ-İ № 711685 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamədə xx.xx.2005-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası X5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 mart 2009-cu il tarixli, AZ-İ № 084543 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah ləğv edilmiş və bu barədə akt qeydləri kitabında 24 oktyabr 2008-ci il tarixdə 193 nömrə ilə qeyd olunmuşdur. Nikah pozulduqdan sonra qadına Həbibullayeva soyadı verilmişdir. Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı tərəf mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya xərci olan 60 manat məbləğ iddiaçı tərəfindən ödənilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə ailə həyatından xx.xx.2005-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)- 3395/2019 saylı qətnaməsi ilə Cavabdeh X2 üçün 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment və xx.xx.2005-ci il təvəllüdlü X2 ilə bağlı əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Tərəflərin yetkinlik yaşına çatmış övladı xəstə olduğundan, müalicəyə ehtiyacı vardır. Bu səbəbdən də cavabdehdən 270 manat sabit pul məbləğində alimentin 1500 manat isə əlavə xərcin tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunanları nəzərə alınmaqla mübahisənin həllinə nail olmaq mümkündür. Qərarda qeyd olunur ki, Ailə Məcəlləsinin Beşinci bölməsi ailə üzvlərinin aliment öhdəliklərini nəzərdə tutur. Bu Məcəllənin 49.1- 49.3-cü maddələrinə görə 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Qeyd olunan Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 76-cı maddəsində uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı müəyyən edilmişdir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Bunun davamı olaraq, Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin məqsədi yetkinlik yaşına çatmış maddi yardıma ehtiyacı olan və gəlir əldə etmək imkanı obyektiv olaraq olmayan övladlara onların valideynlərinin öz imkanları daxilində maddi yardımının təmin edilməsidir. Ailə Məcəlləsinin 80 və 81-ci maddələrində “əmək qabiliyyəti olmayan” və 81ci maddəsində “göstərilən kənar xidmət”, “və digər hallarda” ifadələrində nəyin nəzərdə tutulması ilə bağlı ünvanlanan müraciətə dair aşağıdakıların qeyd edilməsi zəruridir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır (“Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 1992-ci il 25 avqust tarixli Qanununun 2-ci maddəsi). Ailə Məcəlləsinin 80.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların saxlanması üçün alimentin miqdarı tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara valideynləri tərəfindən alimentin ödənilməsi iki qaydada həyata keçirilir: aliment ödənilməsi barədə valideyn və övlad arasında bağlanan sazişə əsasən (Ailə Məcəlləsinin 94-cü maddəsinə uyğun olaraq, tərəflər alimentin miqdarı, ödənilmə qaydası və şərtləri barədə razılığa gələ bilərlər); tərəflər arasında belə saziş olmadıqda isə məhkəmə tərəfindən müəyyən edilən həcmdə və qaydada. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşına çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimenti məhkəmə hər ay ödənilən sabit pul məbləğində təyin etməklə yanaşı, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə uyğun olaraq, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün ödənilən alimentin miqdarını dəyişdirə və yaxud valideyni aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun müddəalarına görə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı nəzərdə tutulur. Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və s.) bağlı yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Qeyd olunan maddədə valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir. Göründüyü kimi, Ailə Məcəlləsində əlavə xərclərin ödənilməsinin halları dəqiq müəyyən edilməmişdir. Lakin məhkəmənin müstəsna hesab etdiyi digər hallarda da valideyndən əlavə xərclər alına bilər. Qanunvericilikdə qeyd olunmuş digər hallar o zaman əlavə xərclərin alınması üçün əsas ola bilər ki, onlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmətlər, müalicə, bu və ya digər şəkildə tibbi xidmət və müalicə ilə əlaqəli olmaqla göstərilən analoji xidmətlər (ağır bədən yarasının sağaldılması, protezləşdirmə, uşağın reabilitasiya təlimləri, sanatoriya-kurort müalicəsi və s.) olsun. Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan “göstərilən kənar xidmət”, “və digər hallarda” müddəaları bir-birindən fərqlənir. Belə ki, “və digər hallarda” müddəası maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidmət ilə bağlı olduğu halda, “göstərilən kənar xidmət” müddəası isə birbaşa tibbi xidməti deyil, həmin şəxslərə göstərilmiş və ya gələcəkdə göstərilməsi nəzərdə tutulan əlavə xidmətlərə görə (maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladın müalicə müəssisəsinə aparılıb-gətirilməsi üçün nəqliyyat xərcləri, kənar şəxslərin köməyinə ehtiyacı olan şəxslərə qulluq göstərilməsi ilə əlaqədar xidmətçiyə ödənilən xərclər və s.) çəkilən xərclərdir. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Valideynlər övladlarına görə əlavə xərclərin çəkilməsində könüllü iştirak etmədikdə, onları saxlayan şəxslər – digər valideyn, qəyyum, himayəçi, tərbiyəçi, yetkinlik yaşına çatmış övlad isə özü (o, fəaliyyət qabiliyyətlidirsə) məhkəmədə iddia qaldıra bilər. Bu halda Ailə Məcəlləsinin 81.2-ci maddəsinə uyğun olaraq valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri nəinki faktiki çəkilmiş xərclərdə iştiraka, habelə gələcəkdə çəkilməsi zəruri olan xərclərə də cəlb edə bilər (Ailə Məcəlləsinin 81.3-cü maddəsi). Bu barədə məhkəməyə müraciət edən şəxs gələcəkdə çəkilməsi zəruri olan xərcləri mötəbər sübutlarla əsaslandırmalıdır. Valideynlərin verməli olduğu əlavə xərclərin miqdarı hər bir işin konkret halından asılıdır, əlavə xərclər dəyişməz deyildir. Belə ki, sonralar daha yüksək xərclərin çəkilməsi tələb edilərsə, bu məqsədlə təkrarən məhkəməyə müraciət etmək imkanı istisna edilmir Göründüyü kimi, iddiaçının övladlarının saxlanılması üçün cavabdehdən alimentin ödənilməsini tələb etmək, habelə cavabdehi əlavə xərclərə cəlb etmək hüququ vardır. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddaçı İddiaçı cavabdehdən hər ay 270 manat sabit pul məbləğində alimentin və 1500 manat məbləğində maddi yardımın (əlavə xərcin) ödənilməsini tələb etsə də, cavabdehin kifayət qədər gəlirə malik olmasına və maddi vəziyyətinin əvvəlki illərə nisbətdə yaxşılaşmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tam təmin olunmamalıdır. Halbuki, Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Beləliklə məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyəti olmayan uşağının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X6 adlı uşağının saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulmalı və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan maddi yardımın miqdarı artırılaraq 150 (bir yüz əlli) manat məbləğində maddi yardım Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəməyə təqdim edilmiş iddia ərizəsindən görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Ona görə də məhkəmə belə hesab edir ki, aliment ərizənin verildiyi yəni xx.xx.2024-cü il tarixdən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan sonra ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, iş materiallarından da göründüyü kimi, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə, mediasiya xərci qismində 60 manat ödəsə də, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, habelə iştirak etməməsinin hər hansı bir üzrlü səbəbdən baş verməsinə dair sübut təqdim etməmişdir. Belə olan halda isə yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycyn Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2005-ci il təvəllüdlü X1 üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulma müddəti xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3395/2019 saylı qətnaməsi ilə xx.xx.2005-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan maddi yardımın miqdarı dəyişdirilsin. Cavabdeh İddiaçı xeyrinə 150 (bir yüz əlli) manat məbləğində maddi yardım tutularaq İddiaçı ödənilsin. İddiaçı tərəfindən mediasiya xərci qismində ödənilmiş 60 manat pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə əsassız olduğu üçün rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar