Məhkəmə qərarları › İş №e-2(006)-4761/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4761/2022

28.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4761/2022 28.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin nümayəndələri X3, X6 iştirakları ilə İddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızının cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nə qarşı "mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Cənub RETSİ-nin X5 Ləkin şəbəkə sahəsində usta işləyən X12 vəzifələrini lazımi qaydada yerinə yetirməməsi, yəni səhlənkarlıq etməsi fiziki şəxslərin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasına, o cümlədən ağır nəticələrin baş verməsinə - həyat yoldaşı X4 ölümünə səbəb olmuşdur. Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-76/2020 nömrəli hökmünə əsasən təqsirləndirilən şəxs X16 Azərbaycan Respublikası CM-in 162.2ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il dövlət və yerli özünüidaretmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddətinə şərti hesab edilmişdir. Cinayət işinə əlavə edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X15-Təcrübi və X7 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli, 30 nömrəli ekspert rəyindən görünür ki, X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanın təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur. X1 meyitinin sağ əlinin 2-ci, 4-cü və 5-ci barmaqlarının ovuc səthlərində elektrik yanığı yaraları, sol əlin 1-ci barmağında əzilmiş səthi yaralar, alın, sol almacıq, hər iki çiyin qurşağı, sol bel sol bud və sağ baldır nahiyələrində sıyrıqlar və qarın nahiyəsində qançır müəyyən olunmuşdur. Müəyyən olunan xəsarətlər həyatidir, qeyd olunan xəsarətlərdən elektrik yanığı yaralan yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. Əzilmiş səthi yaralar, sıyrıqlar və qançır isə bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 19 noyabr 2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməyən əlamətlərə malikdirlər. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və hər hansı narkotik maddə aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş, əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 09 yanvar 2020-ci il tarixli, 32301 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar cinayət işi materiallarında olan, “Rayon Elektrik Şəbəkəsinin X11 ustasının vəzifə təlimatının 6, 7, 21, 31-ci bəndlərinin və cinayət işi materiallarında olan, “Rayon Elektrik Şəbəkəsinin X11 elektrik montyorunun vəzifə təlimatı”nın 1-ci bəndinin tələbləri pozulmuşdur. Bu baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparılmış və cinayət işi rahkəməyə göndərilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(073)-76/2020 saylı hökmü çıxarılmış və qanuni qüvvəsini almışdır. Cinayət işindən görünür ki, hadisə "xxxx" ASC-nin Cənub RETSİ-nin X2 Ləkin şəbəkə sahəsində usta işləyən əməkdaşın təqsiri ucbatından baş vermişdir. Məhkumun cinayət əməlində təqsiri tam sübuta yetirilmiş, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam təsdiq olunmuşdur. Cavabdeh orqanın məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona həyat yoldaşı olaraq maddi və mənəvi ziyan dəymiş, 3 körpə balalarını atasız böyütmək məcburiyyətində qalmışdır. Baş vermiş cinayət hadisəsi nəticəsində həyat yoldaşının ölməsi ilə bağlı onun mənəvi sarsıntı və iztirablar keçirməyi mübahisəsizdir, bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Göstərilənlərə əsasən, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ nin xeyrinə 90000 manat məbləğində mənəvi zərərə görə kompensasiyanın tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmiş və həmçinin izahat verərək bildirmişdir ki, iddia ərizəsində qeyd olunan hadisə həqiqətən baş vermiş və iddiaçının həyat yoldaşı X8 həyatını itirmişdir. Ancaq həmin hadisə zamanı həyatını itirmiş işçinin atası olan Ərəstun Rəciyevə "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən zərərçəkmiş qismində 30 min manat məbləğində təzminat ödənilmişdir. Həmin məbləğin mərhumun atasına ödənilməsinin səbəbi ibtidai araşdırma zamanı yalnız onun zərərçəkmiş qismində tanınması ilə bağlıdır. Əlavə olaraq iddiaçıya onlar tərəfindən iş də təklif olunmuşdur. Nəticə olaraq zərərçəkmişin ailəsinə edilə biləcək bütün maddi dəstək tam olaraq edilmişdir. Həmçinin "xxxx" ASC dövlət müəssisəsi olsa da faktiki olaraq büdcədən maliyyələşmir. Hazırda işğaldan azad olunmuş ərazilərdə elektrik xətlərinin bərpası və yenidən qurulması tədbirləri "xxxx" ASC-nin üzərindədir. Buna görə iddia tələbində göstərilən 90 min manatı ödəmək faktiki olaraq şirkəti imkanları xaricindədir. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 izahat verərək bildirmişdir ki, mərhumun atası mənəvi ziyanın ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmiş və ona təzminat olaraq 30 min manat ödənilmişdir. Həmin məhkəmə prosesi zamanı mərhumun öz təqsiri üzündən həlak olaması ilə bağlı sübutlar məhkəməyə təqdim olunmuşdur. Ancaq Ali Məhkəmənin yekun qərarına əsasən səbəbli əlaqə müəyyən edilmiş və təzminatın ödənilməsi ilə bağlı qətnamə dəyişdirilmədən saxlanmışdır. Nəticə olaraq mərhumun atasına "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ tərəfindən mənəvi ziyan ödənilmişdir. Hazırda mərhumun həyat yoldaşına yenidən mənəvi ziyanla bağlı ödənişin ödənilməsi cavabdeh olaraq onları çətin vəziyyətə salmaqla nəticələnər. İddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-76/2020 tarixli hökmün surətindən görünür ki, X16 Azərbaycan Respublikası CMnin 162.2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il dövlət və yerli özünüidarətmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 03 (üç) il sınaq müddətinə şərti hesab edilməsi, sınaq müddəti ərzində X12 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, iş üzrə 180 manat məbləğində ekspertiza xərci təqsirləndiilən şəxs X10 alınaraq dövlət büdcəsinə ödənilməsi, X12 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir.

8. Həmin hökmdən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və X15-Təcrübi və X7 rayon şöbəsinin 19 dekabr 2019-cu il tarixli 30 nömrəli ekspert rəyinə əsasən X1 ölümünə yüksək gərginlikli texniki elektrik cərəyanının təsirindən törənmiş ağır dərəcəli elektrotravmatik şok səbəb olmuşdur.

9. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, AZ-İİ № 041092 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ölümün səbəbi: yüksən gərginlikli elektrik cəryanı vurma.

10. İş materiallarında olan 10 fevral 2011-ci il tarixində verilmiş AZ-İ № 637599 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X14 10 fevral 2011-ci il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rəciyeva soyadı verilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" ASC-nin əməkdaşı X12 tutduğu vəzifə ilə əlaqədar tabeliyində olan işçi heyətinin təhlükəsizliyinə, onların əmək intizamına nəzarət olunması qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində 19 noyabr 2019-cu il tarixində baş vermiş qəzada iddiaçının əri X8 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür.

12. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cəlilabad Rayon Məhkəməsinin 19 mart 2020-ci il tarixli, 1(073)-76/2020 tarixli hökmü ilə X16 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinmiş, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-nin 70ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 3 il sınaq müddətinə şərti hesab edilmiş, sınaq müddəti ərzində X12 üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana xəbər vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmuşdur.

13. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçıya və onun üç övladına mənəvi zərər dəymiş, ərinin həyatını itirmişdir. Ərinin faciəvi şəkildə həlak olmasından onun psixi durumu pisləşmişdir. İddiaçı bu günədək X4 itkisinin ağır iztirabını çəkir. Bu səbəbdən iddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətı̇ ndən 90000 (doxsan min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

17. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarına əsasən, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır.

18. Plenumun qərarında əlavə olaraq qeyd edilmişdir ki, ölənin yaxınının mənəvi təzminat tələbi ailə başçısını itirməyə görə zərərin əvəzi tələbi ilə eyniləşdirilməməlidir. Belə ki, Mülki Məcəllənin 1121-ci maddəsi ilə tənzimlənən ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məhz maddi zərərin qarşılanması məqsədli olub müvəqqəti əvəzləşdirici xarakter daşıyır.

19. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, iddiaçının əri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı X12 təqsiri nəticəsində ölməsi iddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızında yüksək dərəcəli mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur.

20. Məhkəmə hesab edir ki, ərinin vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması və ərinin həyata qaytarılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, müəyyən qədər təsəlli ala bilər.

21. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

23. Qərarın 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.

24. Həmin Qərarın 10-cu maddəsinə əsasən Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı vəiztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

25. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

28. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

30. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

31. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC-nin əməkdaşı X12 tutduğu vəzifə ilə əlaqədar tabeliyində olan işçi heyətinin təhlükəsizliyinə, onların əmək intizamına nəzarət olunması qaydalarına riayət etməyə borclu olduğu halda həmin qaydaları pozması nəticəsində baş vermiş qəzada iddiaçının əri X8 həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölmüşdür. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır.

32. Məhkəmə sonda hesab edir ki, məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsini, bunun nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsirini (qəsd və yaxud ehtiyatsızlıq), həyat yoldaşı olmadan ailəsinə təsəlli verməklə keçirdiyi çətinliyi, uşaqlarına həm ata, həm ana qayğısı çəkməkdə yaşadığı çətinliyi, habelə işin sair diqqətəlayiq hallarını nəzərə almaqla ağlabatan məbləğ olaraq 30.000 (otuz min) manat pul vəsaiti vurulmuş mənəvi ziyanın əvəzi kimi cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızının xeyrinə ödənilməlidir.

33. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızına ödənilməlidir.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat məbləğində pul cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçı Rəcı̇ yeva Aysel Nı̇ zami qızına ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar