Məhkəmə qərarları › İş №e-2(006)-4784/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4784/2023

12.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4784/2023 12.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 fevral 2020-ci ildə həbs edilib. İddiaçıya Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bakı Hərbi Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarı ilə iddiaçı barəsində həbs qətimkan tədbiri seçilib, həbsdə saxlanılma müddəti 04 ay müəyyən edilib. Bakı Apellyasiya Məhkəməsinin 27 fevral 2020ci il tarixli qərarı ilə müdafiə tərəfinin apellyasiya şikayəti təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin 20 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. Bakı Hərbi Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qərarı ilə iddiaçının həbsdə saxlanılma müddəti 3 ay, yəni 20 sentyabr 2020-ci il tarixədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilib, iddiaçının həbsdə saxlanılma müddəti 01 ay, yəni 20 iyul 2020-ci il tarixədək endirilib. Bakı Hərbi Məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarı ilə iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub. İddiaçının barəsində 20 sentyabr 2020-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilib. Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının ev dustaqlığında saxlanılma müddəti 20 dekabr 2020-ci il tarixədək uzadılıb. Bakı Apellyasiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılıb. 20 dekabr 2020-ci ildə iddiaçının barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Beləliklə, iddiaçı 10 ay müddətində həbsdə saxlanılıb (20 fevral – 17 iyul 2020-ci il tarixədək həbsdə, 17 iyul – 20 dekabr 2020-ci il tarixədək ev dustaqlığı). Baş Prokurorluğun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X2 20 oktyabr 2021-ci il tarixli qərarına əsasən iddiaçı tərəfindən ləğv olunmuş Milli Təhlükəsizliyi Nazirliyinin Maliyyə idarəsinin xəzinəsindən götürülmüş 100.680 manat məbləğində pul vəsaitlərinin mənimsənilməsi sübuta yetirilmədiyindən, onun barəsində cinayət təqibinə CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilib. İddiaçı həbs olunmazdan əvvəl Bakı-İstanbul istiqaməti üzrə 07-10 mart 2020-ci il tarixləri aralağı üçün özü və həyat yoldaşına təyyarə bileti alıb. Bu biletlərə iddiaçı 580.6 (271.45+309.15) manat pul xərcləyib. O, 20 fevral 2020-ci ildə həbs olunduğuna görə bu uçuşu həyata keçirməyib və beləcə 580.60 manat maddi zərərə məruz qalıb. Bundan əlavə, iddiaçı qeyd edilən tarixlərdə İstanbulda qalmaq üçün 234 manat məbləğində otel otağı sifariş edib. Həbs olunduğuna və İstanbula gedə bilmədiyinə görə otel tərəfindən onun bank kartından 56.80 euro (109.60 AZN) pul silinib. Bununla da iddiaçı 109.60 manat maddi zərərə məruz qalıb. İddiaçı həbs edilməzdən əvvəl sonuncu dəfə "xxxx" MMC-də Təhlükəsizlik Departamentinin iqtisadi təhlükəsizlik şöbəsində böyük mütəxəssis vəzifəsində işləyib. Belə ki, o, xx.xx.2019-cu ildə həmin MMC-də işə başlayıb və əmək müqaviləsi xx.xx.2021-ci il tarixədək davam edib. Onun əmək haqqı məbləği 1360 manat olub. O, 20 fevral 2020-ci ildə həbs edildikdən azad edilənə qədər əmək haqqı almayıb və həmin tarixlər üçün vergi və sosial sığorta ödənişləri hesablanmayıb. Beləliklə, iddiaçı 10 ay ərzində əmək haqqı almadığına görə 13600 manat maddi zərərə məruz qalıb. İddiaçı 20 fevral 2020-ci ildə həbs edilib, 17 iyul 2020-ci ildə onun barəsində həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib, 20 dekabr 2020-ci ildə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. İddiaçı əmək qabiliyyətli şəxs olub, həbsdə qalması nəticəsində gəlirdən məhrum edilib. O, həbsdən azad edilməsinə və 20 oktyabr 2021-ci ildə barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsinə baxmayaraq işləmək hüququndan da məhrum edilib. Belə ki, Daxili işlər nazirliyinin elektron sistemində onun adı məhdudiyyətlər siyahısında olub. Buna görə də iddiaçı müvafiq sənədləri olmadan işləmək imkanından məhrum edilib. Hətta iddiaçıya ümumvətəndaş pasportu belə verilməyib. İddiaçı ümumvətəndaş pasportu ilə yalnız xx.xx.2023-cü ildə təmin edilib. Məhz həmin tarixdə DİN-in sistemində məhdudiyyətlər siyahısından iddiaçının adı silinib. Minimum aylıq əmək haqqı 2019-cu ilin sentyabrın 1dən 250 manat, 2022-ci ilin yanvarın 1-dən 300 manat müəyyən edilib. İddiaçının 20 fevral 2020-ci ildə həbs edildiyini, 20 dekabr 2020-ci ildə polisin nəzarəti altına verildiyini, xx.xx.2023-cü ildə DİN-in sistemindən adı məhdudiyyətlər siyahısından çıxarılmasını nəzərə alaraq onun məhrum edildiyi əmək haqqı minimum aylıq əmək haqqı məbləğindən hesablanılsa, onun məhrum edildiyi əmək haqqı – cəmi 10.400 manat təşkil edir. (05 yanvar 2021–01 yanvar 2022-ci ilə qədər 12 ay*250 manat = 5000 manat, 01 yanvar 2022-ci ildən 18 iyul 2023-cü ilə qədər – 18 ay *300 manat =5400). Beləliklə, iddiaçıya maddi zərərə görə cəmi 24690,20 manat (580,60+109,60+13600+10400) ödənilməlidir. Göstərilənlərə əsasən, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyindən dövlət büdcəsinin vəsaiti hesabına İddiaçı xeyrinə maddi zərərin əvəzi olaraq 24690,20 manat, mənəvi zərərin əvəzi olaraq 30.000 (otuz min) manat, cəmi 54690,20 (əlli dörd min altı yüz doxsan manat, 20 qəpik) manatın tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və tələbin tam şəkildə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4- 1(093)-24/2020 saylı Qərarına əsasən Azərbaycan Respublikasının Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralovun təqdimatı əsasında daxil olmuş Azərbaycan Respublikası Baş prokurorluğunun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi İİİ dərəcəli dövlət ədliyyə müşaviri Eldar Əhmədovun vəsatəti təmin olunmuş, xx xxxx 1976-cı il tarixdə Ağcabədi rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 4 ay müəyyən edilmiş, İddiaçı həbsdə saxlanılma müddətinin başlanğıcı tutulduğu-20 fevral 2020-ci il tarixdən hesablanmış, qərarın icrası Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasına həvalə edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 4-1(103)-6/2020 saylı Qərarına əsasən apellyasiya şikayəti təmin edilməmiş, Bakı Hərbi Məhkəməsinin İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair 20 fevral 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4- 1(093)-82/2020 saylı Qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddətinin uzadılması barədə Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, ədliyyə polkovniki Elçin Məmmədovun təqdimatı təmin olunmuş, xx xxxx 1976-cı il tarixdə Ağcabədi rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, Milli Təhlükəsizlik Nazirliyində işləmiş, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan İddiaçı həbsdə saxlanılama müddəti 3 ay, 5-ci, 6-cı və 7-ci aylara, yəni 20 sentyabr 2020-ci il tarixədək uzadılmışdır. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 4-1(103)-17/2020 saylı Qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddətinin uzadılmasına dair Bakı Hərbi Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 4-1(093)-82/2020 saylı qərarı dəyişdirilmiş, təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddətinin uzadılmasına dair vəsatət qismən təmin edilmiş, təqsirləndirilən şəxs İddiaçı həbsdə saxlanılma müddəti 01 ay, yəni 20 iyul 2020-ci il tarixədək endirilmişdir. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4- 1(093)-96/2020 saylı Qərarına əsasən təqsirləndirilən şəxs İddiaçı barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini, ədliyyə polkovniki Elçin Məmmədovun təqdimatı təmin edilməmiş, təqsirləndirilən şəxsin müdafiəçisi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Vəkil vəsatəti təmin edilmiş, xx xxxx 1976-cı il tarixdə Ağcabədi rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində işləmiş, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin müvəqqəti saxlama yeri və istintaq təcridxanasında saxlanılan İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, İddiaçı barəsində 20 sentyabr 2020-ci il tarixədək “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, İddiaçı istintaq orqanının çağırışlarına gəlməsi istisna olmaqla saat 22.00-dan 08.00-dək yaşadığı Bakı şəhərini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Azərbaycan Respublikasının hüdudlarını tərk etməmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, istintaq orqanının çağırışlarına vaxtında gəlmək kimi vəzifələr qoyulmuşdur. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 4-1(103)-24/2020 saylı Qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı ev dustaqlığında saxlanılma müddəti 20 dekabr 2020-ci il tarixədək uzadılmışdır. Sözügedən qərarla isə təqsirləndirilən şəxs İddiaçı müdafiəçisi X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs İddiaçı barəsində məhkəməyədək icraat zamanı ev dustaqlığında saxlanılma müddətinin uzadılması barədə Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilən xx.xx.2023-cü il tarixli İddiaçı ünvanlanan məktubdan görünür ki, C.Zaur xx.xx.2023-cü il tarixdə “C03286487” nömrəli ümumvətəndaş pasportu ilə təmin olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında həmin tarixdə müqavilə bağlanmış, aylıq əmək haqqı 1360 manat məbləğində müəyyən edilmidir. Mülki işin materiallarında olan STP MMC-nin keçmiş işçisi İddiaçı məxsus xx.xx.2023-cü il tarixli əmək haqqı və digər gəlirlər haqqında Arayışdan görünür ki, onun işlədiyi dövrdə taarif əmək haqqı 1360 manat məbləğində olmuşdur. Mülki işin materiallarında olan "xxxx" MMC-dən verilən xx.xx.2023-cü il tarixli, 28№li Arayışdan görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində Təhlükəsizlik departamentinin İqtisadi Təhlükəsizlik şöbəsinin böyük mütəxəssisi vəzifəsi üzrə əsas iş yeri olaraq bağlanmış əmək müqaviləsi xx.xx.2021-ci il tarixinədək davam etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 137/04 nömrəli Arayışdan görünür ki, Ələkbərova Cahananın adına 25 dekabr 2019-cu il tarixində “Buta Airways” aviaşirkətinin uçuşlarına 07 mart 2020-ci il tarixinə Bakı-İstanbul istiqaməti üzrə J2 9103 nömrəli reysə və 10 mart 2020-ci il tarixinə İstanbul-Bakı istiqaməti üzrə J2 9106 nömrəli reysə 771 ********** nömrəli aviabileti əldə etməsi və uçuşu həyata keçmədiyi təsdiq edilmiş, 771 ********** nömrəli aviabilet üzrə ödənilən məbləğ 260.13 manat, 771 ********** nömrəli qəbz üzrə yerə görə ödənilən məbləğ 5.66 manat və 771 ********** nömrəli qəbz üzrə yerə görə ödənilən məbləğ 5.66 manat, ümumi ödənilən məbləğ isə 271.45 manat təşkil etmişdir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli, 138/04 nömrəli Arayışdan görünür ki, İddiaçı adına 25 dekabr 2019-cu il tarixində “Buta Airways” aviaşirkətinin uçuşlarına 07 mart 2020-ci il tarixinə Bakı-İstanbul istiqaməti üzrə J2 9103 nömrəli reysə və 10 mart 2020-ci il tarixinə İstanbul-Bakı istiqaməti üzrə J2 9106 nömrəli reysə 771 ********** nömrəli aviabileti əldə etməsi və uçuşu həyata keçmədiyi təsdiq edilmiş, 771 ********** nömrəli aviabilet üzrə ödənilən məbləğ 260.13 manat, 771 ********** nömrəli qəbz üzrə baqaja görə ödənilən məbləğ 37.70 manat, 771 ********** nömrəli qəbz üzrə yerə görə ödənilən məbləğ 5.66 manat və 771 ********** nömrəli qəbz üzrə yerə görə ödənilən məbləğ 5.66 manat, ümumi ödənilən məbləğ isə 309.15 manat təşkil etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı 07-10 mart aralığında İstanbulda qalmaq üçün 234 manat məbləğində otel sifariş etmiş, "xxxx" ASC tərəfindən verilən hesabdan çıxarışdan göründüyü kimi də xx.xx.2020-ci il tarixində iddiaçıya məxsus bank hesabından 109.60 manat məbləğində pul çıxılmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, istintaq qrupunun rəhbəri, kiçik ədliyyə müşaviri X4 tərəfindən qəbul edilən 20 oktyabr 2021-ci il tarixli Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında Qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş İddiaçı tərəfindən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Maliyyə İdarəsinin xəzinəsindən götürülmüş 100.680 manat məbləğində pul vəsaitlərinin mənimsənilməsi sübuta yetirilmədiyindən, onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin araşdırılmış hallarından müəyyən olundu ki, xx.xx.2020-ci il tarixdə İddiaçı Bakı Hərbi Məhkəməsinin 4-1(093)-24/2020 saylı Qərarına Azərbaycan Respublikası CMnin 179.3.1, 179.3.2, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddəti 4 ay müəyyən edilmiş, Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4-1(093)-82/2020 saylı Qərarına əsasən İddiaçı həbsdə saxlanılma müddəti 3 ay, 5-ci, 6-cı və 7-ci aylara, yəni 20 sentyabr 2020-ci il tarixədək uzadılmış, Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4-1(093)-96/2020 saylı Qərarına əsasən İddiaçı barəsində seçilmiş həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuş, Bakı Hərbi Məhkəməsinin 18 sentyabr 2020-ci il tarixli qərarı ilə İddiaçı ev dustaqlığında saxlanılma müddəti 20 dekabr 2020-ci il tarixədək uzadılmış, 20 dekabr 2020-ci il tarixdə İddiaçı barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Daha sonra 20 oktyabr 2021-ci il tarixli Cinayət təqibinə hissəvi xitam verilməsi haqqında Qərarla İddiaçı barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərə görə 24.690,20 manat, mənəvi zərərə görə 30.000 manat məbləğində pulun dövlət büdcəsindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının nümayəndəsi və vəkilinin izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, iddiaçı əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində mənəvi sarsıntı və iztirablar keçirmişdir. Belə ki, qanunsuz olaraq istintaqa cəlb olunması, cinayət işinin məhkəməyə verilməsi və təqsirsizliyinin uzun sürən məhkəmə çəkişmələrinin predmeti olması nəticəsində o, fəal ictimai həyat tərzindən məhrum edilmiş, onun azadlıq və digər bir sıra hüquqları məhdudlaşdırılmış, sağlamlığına, şərəf və ləyaqətinə zərər dəymişdir. Ona görə də İddiaçı vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda, məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla real qiymətləndirilmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 10.000 manat məbləğində təmin olunmasını məhkəmə ədalətli və ağlabatan hesab edir. Belə ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi həbsdə (5 ay), xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə kimi isə ev dustaqlığında (5 ay) olmuş, daha sonra ev dustaqlığı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə isə onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri–inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X1rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13-cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyri-maddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Cinayət Prosessual Məcəlləsinin 57.1-ci maddəsinin tələblərinə görə cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Bu Məcəllənin 58.3-cü maddəsinə görə bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri müdafiəçiyə ödənilmiş pul məbləği və hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cəriməyə görə kompensasiya verilir. Məhkəmə iddianın “vurulmuş maddi zərərin ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı həbs olunana qədər "xxxx" MMC-də Təhlükəsizlik departamentinin İqtisadi Təhlükəsizlik şöbəsinin böyük mütəxəssisi vəzifəsində çalışmış, işlədiyi müddətdə aylıq əmək haqqı 1.360 manat məbləğində olmuşdur. İddiaçının xx.xx.2020-ci ilin fevral ayından qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edildiyi nəzərə alınsa, o zaman 2020-ci fevral ayının 20-dən dekabr ayının 20-dək, yəni 10 aylıq əmək haqqı (10x1.360=13.600 manat) təşkil etməkdədir. Odur ki, iddiaçıya ödənilməyən 13.600 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilməlidir. Bundan başqa, iddiaçı 20 dekabr 2020-ci il tarixdə ev dustaqlığından azad edilsə də, onun barəsində 20 oktyabr 2021-ci il tarixədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, 20 oktyabr 2021-ci il tarixdə cinayət təqibinə xitam verilsə də, iddiaçının üzərində 2023-cü ilin iyul ayına qədər məhdudiyyət hələ də qalmaqda davam etmişdir. Hazırda iddiaçı üzərində məhdudiyyətin olduğu dövrlər üçün məhrum olduğu minimum aylıq əmək haqqının (2021-ci il üçün 250 manat, 2022-ci ilin üçün isə 300 manat) cavabdehdən tutulmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır və 10.400 manat məbləğində pul vəsaiti (2021-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək-12 ay x 250=5000 manat; 2022-ci ilin yanvar ayından 2023cü ilin iyul ayınadək-18 ay x 300=5400 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iddiaçı həbs edilməmişdən əvvəl 07-10 mart 2020-ci il üçün özü və həyat yoldaşı üçün təyyarə bileti almış, lakin xx.xx.2020-ci ildə həbs edildiyindən və həmin uçuş həyata keçirilə bilmədiyinə görə iddiaçıya ümumilikdə 580.60 manat məbləğində ziyan vurulmuşdur. Əlavə olaraq, məhkəmə araşdırması zaman müəyyən edildi ki, iddiaçı İstanbulda qalmaq üçün otel sifariş etmiş və bunun üçün onun bank hesabından 109.60 manat məbləğində pul çıxılmışdır. Odur ki, həmin pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi “maddi ziyanın ödənilməsi hissəsində” əsaslıdır. Odur ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində tam təmin edilməklə cavabdehdən iddiaçının xeyrinə maddi ziyanın əvəzi kimi cəmi 24.690,20 (13.600+10.400+580,60+109,60) manat məbləğində pul vəsaiti tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 24.690,20 manat, mənəvi zərərə görə 10.000 manat, cəmi 34.690,20 manat alınaraq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə ijlasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.13-ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxsə vurulmuş ziyanın ödənilməsi haqqında mübahisələr üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.2-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən maddi ziyana görə 24.690,20 (iyirmi dörd min altı yüz doxsan manat, iyirmi qəpik) manat, mənəvi zərərə görə 10.000 (on min) manat, ümumilikdə 34.690,20 (otuz dörd min altı yüz doxsan manat, iyirmi qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar