Məhkəmə qərarları › İş №e-2(006)-4846/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4846/2022

22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4846/2022 22.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixindən, yəni qarşı tərəfə mediasiya təklifi göndərilən gündən hesablanaraq xx.xx.2012-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən hər ay 193 manat pul məbləğinin, mediasiya prosessi üçün ödənilmiş 50 manat məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Nəsimi rayon Məhkəməsinin 26 fevral 2019-cu il tarixli 2(006)-2225/2019 nömrəli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdehdən bu günə qədər aliment tələb edilməsinə baxmayarq onun tərəfindən hər hansı tədbir görülməmişdir. Cavabdeh birgə nikahdan olmuş yetkinlik yaşına çatmış övladları xx.xx.2000-ci il təvəllüdlü X3, xx.xx.2001-ci il təvəllüdlü X4, eləcə də yetkinlik yaşına çatmamış xx.xx.2012-ci il təvəllüdlü X1 üçün heç bir maddi köməklik göstərməmişdir. Uşağın saxlanılması üçün məsrəflər yetərincə artmışdır, universitet xərcləri tək onun tərəfindən ödənilmiş və cavabdehin həmin xərclərdə iştirakı olmamışdır. Bundan əlavə uşaqlar üçün yaşayış minimumum məbləği 2022-ci il hər uşaq üçün 193 manat məbləğində müəyyən edilmişdir. Onu da qeyd edir ki, cavabdeh övladlarının maddi təminatı ilə ümumiyyətlə maraqlanmır onların həyatında hər hansı iştirakı olmur. Uşağın bütün qayğısını ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də o, aliment və əlavə xərclərin cavabdeh tərəfindən ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul ediıməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 877107 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında X6 göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 894 nömrə ilə qeyd edilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-2225/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı X6 ilə Cavabdeh arasında xx.xx.1999-cu il tarixdə Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsində bağlanmış və 387 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından andan olan xx.xx.2001-ci il təvəllüdlü X7 və 24 aprel 2012-ci il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması qət edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İ seriyalı 425540 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 268 nömrə ilə qeyd edilmişdir. Nikah pozulandan sonra kişiyə Muradov, qadına Əliyeva soyadı verilmişdir. Bakı 13 saylı mediasiya təşkilatının xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən müəyyən edildiyinə görə, tərəflər rəsmi nikahda olmuşlar. Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatmamışdır. İddiaçı ilə Cavabdeh arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2225/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmişdir. Belə ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-nin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin valideyinin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddənin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. AM-nin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə uşağın ananın - iddiaçının himayəsində olması, onun təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyi, habelə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu nəzərə alaraq hesab edir ki, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan başqa məhkəmə alimentin nə vaxtdan hesablanmalı olması məsələsi ilə əlaqədar qeyd etməyi zəruri sayır ki, qanunvericilikdə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması barədə göstəriş vardır. Belə ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhz məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixdən (məhkəməyə müraciət edildiyi vaxtdan) başlayaraq Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Həmçinin mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinin tələblərinə görə “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixdən hesablanmaqla, xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə digər hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Mediasiya xərci kimi ödənilmiş 50 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar