Məhkəmə qərarları › İş №e-2(006)-488/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-488/2023

14.02.2023 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-488/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) – Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs – X1 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 olmaqla cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «pul» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında 22 iyul 2019-cu ildə bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğv olunması və müqavilə əsasında cavabdehə ödədiyi 15000 manatın və ödənilmiş 135 manat dövlət rüsümün alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, ləğv etmə prosesində olan Cavabdeh ASC ilə iddiaçı arasında 22 iyul 2019-cu ildə bağlanmış nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, müqaviləyə əsasən iddiaçının aldığı **-JS-*** dövlət qeydiyyat nişanlı “Mersedes Bens 906AK35” markalı mikroavtobusun hərracdan satılması və satışda üstünlük hüququnun iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmişdir. Cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyəti əsl cavabdeh Ləğvetmə prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 22 iyul 2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən “Mersedes Benz 906AK35” mikroavtobus **-JS-*** dövlət qeydiyyat nişanlı avtomobili 35000 manata almaq şərti ilə ilkin 10000 manat ödəməklə almışdır. Mikroavtobusu aldıqdan sonra 5000 manat ödədikdən sonra cavabdeh müflis olunduğunu elan etdi və ləğv etmə prosesində olduğundan pulun ödənilməsi ləğvedici tərəfindən qəbul edildiyi bildirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkili) və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 iyul 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, cavabdeh iddiaçıya Mercedes Benz 906KA35 mikroavtobus markalı **-JS-*** dövlət qeydiyyat nişanlı (ili 2008, rəngi qara) avtomobili 35000 manata satmağı, iddiaçı isə həmin avtomobili qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Ləğvetmə Prosesində olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X2 ünvanlanmış xx.xx.2022-ci il tarixli **********696 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun 81.1-ci maddəsinə əsasən kreditorların banka qarşı təsdiqlənmiş tələblərinin təminatı və bankın öz tələblərinin təminatı olan bütün aktivlər ləğvedici tərəfindən açıq hərracda satılmalıdır. Belə ki, ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv prosesində olan Cavabdeh ASC-nin balansında olan “Mercedes Benz 906 KA 35” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı mikro avtobusun alqı-satqısı mümkün deyil, ancaq sözügedən avtomobil Cavabdeh ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən açıq hərracda satıla bilər. Bankın balansında olan “Mercedes Benz 906 KA 35” markalı, **-JS-*** dövlət qeydiyyat nişanlı mikro avtobusa görə “AGBank" ASC-nin aktiv dövründə ödənilmiş pul vəsaitinin ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən geri qaytarılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında 22 iyul 2019-cu il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya Mercedes Benz 906KA35 mikroavtobus markalı **-JS-*** dövlət qeydiyyat nişanlı (ili 2008, rəngi qara) avtomobili 35000 manata satmağı, iddiaçı isə həmin avtomobili qəbul etməyi və Müqavilə ilə razılaşdırılmış qaydada dəyərini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Bundan sonra Cavabdeh Açıq Səhmdar Cəmiyyəti məhkəmə qərarı ilə müflis elan edilmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Həmçinin tərəflər şəraitin dəyişməsinin qarşısını ala bilməzlər. Bu cür şəraitdə müqavilənin icrası tərəflərdən ən azı biri üçün son dərəcə əlverişsiz olmalıdır. Müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və onun ləğv edilməsi məsələləri tərəflərin razılaşmaları ilə həll edilir. Belə razılaşma olmazsa müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilir və ya dəyişdirilir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Ləğv etmə prosesində olan Cavabdeh ASC ilə İddiaçı arasında 22 iyul 2019-cu il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsi ləğv edilsin, müqaviləyə əsasən İddiaçı aldığı **-JS-*** dövlət qeydiyyat nişanlı “Mersedes Bens 906AK35” markalı mikroavtobus hərracdan satılsın və satışda üstünlük hüququ İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar