Məhkəmə qərarları › İş №e-2(006)-4895/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-4895/2022

12.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-4895/2022 12.12.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat məbləğində pul vəsaitinin cavabdeh “Azərişıq" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin işçisi vəzifə təlimatının tələblərinə əsasən bilavasitə elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etməli, qəzaları vaxtında aradan qaldırmalı, hava, kabel xətlərinin normal vəziyyətdə olmasını təmin etməli, məsul olduğu sahədəki bina və qurğuların vəziyyətinə nəzarət etməli və vaxtında nasazlıq aktları tərtib etməli olduğu halda texniki-təhlükəsizlik və istismar qaydalarına tam riayət olunmasına əməl etməyərək şəbəkənin elektrik ustası X5 xidməti ərazisi olan Yerfi-Talış budaqlanmasında yüksək gərginlikli xətləri birləşdirən bir neçə ağac ankerlərin (dayaqların), o cümlədən 24 və 25 saylı ankerlərin qəzalı vəziyyətdə olduğundan istismara yararsız olması barədə şifahi və yazılı qaydada verilmiş xidməti məlumatlarına məhəl qoymayaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşaraq işə laqeyd münasibəti nəticəsində 1985-ci il tarixli "Elektrik qurğularının quraşdırılması qaydaları” toplusunda olan, xx.xx.1977-ci ildə təsdiq edilmiş "Gərginliyi 1 kV-dan yuxarı hava elektrik xətləri” adlı 2,5 bölməsinin 2.5.23 cədvəlinə uyğun olaraq qeyri-yaşayış və çətin keçilə bilən yerlərdən, 110 kV-dək gərginlikdə hava elektrik xətlərinin yer səthinədək hündürlüyünün 6 metrdən az olmaması barədə tələblərinə əməl etməyərək aşkar olunmuş nasazlığın aradan qaldırılması, yəni yüksək gərginlikli elektrik xətlərinin təlimata uyğun istismarını təmin etməməklə öz xidməti vəzifələrini yerinə yetirməmiş, yəni 24 və 25 saylı ağac ankerlər arasında olan 10 kV-dək gərginlikdə olan hava elektrik xəttinin yer səthinədək hündürlüyünün qeyd olunan normadan aşağı olduğu halda bunun qarşısını tam həcmdə tədbirlər görməklə vaxtında almamış, işə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini yerinə yetirməməsi səbəbindən, yəni səhlənkarlığından 08 oktyabr 2019-cu il tarixdə saat 10 radələrində yağışlı hava şəraitində Quba rayonu, Yerfi kənd sakini, oğlum X2 yaxınlığındakı örüş-otlaq sahəsində kəndin heyvanlarını otararkən əlindəki taxta çubuq yer səthindən 2,07 metr hündürlükdə olan yüksək gərginlikli AS-35 markalı elektrik naqilinə toxunduğundan elektrik cərəyanı vurması nəticəsində elektrik nişanəsinin giriş nöqtəsi sol əlin İİİ barmağının əsas falanqasının ovuc səthində, elektrik nişanələrinin çıxış nöqtəsi isə sağ ayağın bud və baldır nahiyələrində olmaqla xəsarətlər alaraq ehtiyyatsızlıqdan oğlu X6 ölümünə səbəb olmuşdur. Quba Rayon Məhkəməsinin iş № 1 (027)-44/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmünə əsasən təqsirləndirilən şəxs X11 Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cavabdeh şirkətlərin məsul vəzifədə çalışan əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində ona maddi və mənəvi ziyan dəymişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə bağlı onun və digər ailə üzvlərinin mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan mərhum oğlunun ölümü nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq ona dəymiş mənəvi zərər cavabdehdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək, istinad etdiyi hökmün qanuni qüvvəsini aldığını bildirmiş, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Quba rayon VVAQ şöbəsi tərəfindən xx.xx.2002-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 246727 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2001ci il tarixdə Quba rayonunda anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixdə 408 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X12, ana qrafasında İddiaçı göstərilmişdir. Quba RİHB-nin Yerfi İƏD üzrə nümayəndəliyi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı, 974416 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdi. Ölümün səbəbi kimi “elektrik cərəyanı ilə zədə” olduğu qeyd edilmişdir. Quba Rayon Məhkəməsinin 1(027)-44/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs X8 Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, təqsirləndirilən şəxs X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsi hökm edilmişdir. "Quba Rayon Mərkəzi Xəstəxanası" X14 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba rayonu Yerfı kəndində qeydiyyatda olan, xx.xx.1965-ci il təvəllüdlü İddiaçı, Quba Rayon Mərkəzi Xəstəxanasına sonuncu dəfə İTS" proqramı üzərindən xx.xx.2021-ci il tarixində həkim-otolarinqoloqa müraciət etmişdir. “J31.02 (xroniki faringit)” diaqnozu ilə ambulator (ev şəraitində) müalicə almışdır. Növbəti dəfə isə xx.xx.2021 -ci il tarixində həkim-endokrinoloqa müraciət edərək müayinə olunmuşdur. Lakin, müayinə nəticələrinə görə şəkər xəstəsi kimi qeydiyyata alınmamışdır. Quba Rayonu İcra Hakimiyyəti başçısının Yerli İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli vəkil sorğusuna cavab məktubundan görünür ki, X4 mərhum övladı X10 ilə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibəti və mənəvi yaxınlığı olmuşdur. Ananın həyatında mühüm yer tutmuşdur. Onlar arasında olan möhkəm şəfqət və mənəvi bağlılığı nümayiş olunurdu. Övladı dünyaya gələndən bəri birgə yaşayıb birgə təsərrüfat aparmışlar. X6 ölümü nəticəsində ana İddiaçı həyat şəraiti mənfi dərəcədə dəyişmişdir. Mənəvi sarsıntı, əzab və iztirab keçirmişdir. Özünə qapanmış, həyatda yaşamaq hissi azalmışdır. Ana İddiaçı himayəsində digər iki övladları var. Mərhumun ümumi ailə üzvləri ilə doğmalıq və sevgi hissləri, mütəmadi və sıx ünsiyyətləri olmuşdur. Bundan başqa mərhumun vəfatından sonra ailə üzvləri mənəvi sarsıntı keçirmiş, hal-hazıradək iztirab çəkirlər. Ödəniş qəbzindən (№9********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1096.1, 1097.1, 1097.2 və 1099-cu maddələri təşkil edir. Həmin maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri. Bundan başqa qeyd edilməlidir ki, qanunvericilikdə zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları da nəzərdə tutulmuşdur. Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı zərər vurmalı, yəni işçinin hərəkətlərində (hərəkətsizliyində) hüquqi və ya fiziki şəxsin fəaliyyəti ifadə olunmalı, o, əmək müqaviləsi və ya mülki hüquqi müqavilə üzrə iş görməli və müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərməlidir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən hüquqi və ya fiziki şəxsin işçisinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin (işçisinin törətdiyi əmələ görə) qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması qanuni qüvvəyə minmiş hökmlə müəyyən edilmişdir. Belə ki, hökmlə müəyyən edilmiş bu faktlar hazırki mülki iş üçün preyudisial əhəmiyyətə malikdir və mülki icraat qaydasında işə baxan məhkəmənin araşdırma predmeti ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 4 saylı, 24 noyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətin kim tərəfindən edilməsi məsələsində mülki işə baxan məhkəmə üçün məcburidir. Buna görə də cinayət işindən meydana gələn ziyanın ödənilməsi barədə mülki işə baxan məhkəmə öz qətnaməsində cavabdehin təqsirlilik məsələsinə qiymət verə bilməz. İddianın təmin olunması barədə qətnamədə hökmlə bərabər, qət edilmiş məbləğ haqqında işdə olan və ya təqdim olunan digər sübutlara da istinad edilməlidir. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından göründüyü kimi, Quba Rayon Məhkəməsinin 1(027)-44/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən, "xxxx" ASCnin əməkdaşı olmuş X11 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, qeyd olunan cinayət işi ilə bağlı aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmiş və hazırki mülki iş üzrə preyudisial əhəmiyyətə malik olan hallardan görünür ki, iddiaçının oğlu X1 yaxınlığındakı örüş-otlaq sahəsində kəndin heyvanlarını otararkən əlindəki taxta çubuq yer səthindən 2,07 metr hündürlükdə olan yüksək gərginlikli AS-35 markalı elektrik naqilinə toxunduğundan elektrik cərəyanı vurması nəticəsində elektrik nişanəsinin giriş nöqtəsi sol əlin İİİ barmağının əsas falanqasının ovuc səthində, elektrik nişanələrinin çıxış nöqtəsi isə sağ ayağın bud və baldır nahiyyələrində olmaqla aldığı xəsarətlər onun ehtiyyatsılıqdan ölümünə səbəb olmuşdur. Sözügedən hökmə əsasən baş vermiş hadisənin səbəbi X8 öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanının lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda buna cinayətkarcasına etinasız yanaşaraq işə laqeyd münasibəti, vəzifə təlimatlarını pozması ilə əlaqəli olduğu müəyyən edilmişdir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Bu Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1097.1-ci və 1097.3-cü maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1099-cu maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair 24 aprel 2020-ci il tarixli qərarına əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Həmin qərara əsasən mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, "xxxx" ASC-nin əməkdaşı X8 vəzifə öhdəliklərini düzgün icra etməməsi nəticəsində X10 vəfat etmişdir. Baş vermiş cinayət hadisəsi nəticəsində oğlunun ölməsi ilə əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stress, əzab və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı, yaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə 30.000 (otuz min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Dəymiş mənəvi zərərə görə 30.000 manat və dövlət rüsumu kimi ödənilmiş 180 manat, cəmi 30.180 (otuz min yüz səksən) manat məbləğində pul cavabdeh "xxxx" ASCdən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar