Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(006)-5068/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 bildirmişdir ki, alimentin azaldılması tələbi ilə məhkəməyə müraciət etməzdən öncə mediasiyaya müraciət etməmişlər, çünki bu barədə məlumatlı olmamışdırlar.
3. Məhkəmə iclasında Cavabdeh mülki işin baxılmamış saxlanılmasına etiraz etmədi.
4. Məhkəmə tərəfləri dinləyib, iddia ərizəsini nəzərdən keçirib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.
Əsaslandırıcı hissə:
5. Belə ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməmişdir.
6. Məhkəmə qeyd edir ki, İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməlidir. Çünki xx.xx.2019-cu il tarixdə qəbul edilmiş “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu xx.xx.2021-ci il tarixdən qüvvəyə minmişdir və həmin tarixdən vətəndaşlar ailə və əmək (əvvəllər kommersiya) münasibətlərindən irəli gələn mülki mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.
7. Bundan əlavə, gələcəkdə iddia ərizəsi ilə təkrar müraciət edilərsə, nəzərə alınması məqsədilə məhkəmə iddiaçıya izah və tövsiyə edir ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müvafiq mediasiya təşkilatına müraciət etməsi barədə sənədi iddia ərizəsinə əlavə etməklə yanaşı, həm də dövlət rüsumunu ödəməlidir. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən iddia ərizəsi üzrə dövlət rüsumu ödəməmişdir. Anlaşılır ki, iddiaçı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunduğundan özünü həmin kateqoriyaya aid edərək, dövlət rüsumundan azad hesab edir. Məhkəmə izah edir ki, hazırki iddia tələbi alimentin alınması ilə deyil, azaldılması ilə bağlıdır, ona görə də, iddiaçı bu tələb üzrə rüsumdan azad deyildir.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 149.2.4-1-ci maddə. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir; 259.0 və 259.0.13-cü maddələr. Məhkəmə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda ərizəni baxılmamış saxlayır.
6. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 3.1 və 3.1.2-ci maddə. Ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir; 26.1 və 26.1.5-ci maddə. Ailə münasibətlərindən irəli gələn digər mübahisələr bu Qanuna uyğun olaraq, mediasiya vasitəsilə həll oluna bilər; 28.1-ci maddə. Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.13, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim: Günay Abidova