Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-513/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətindən həyat yoldaşı X4 «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən İİ dərəcə əlilliyə görə - 60 faiz məbləğində, yəni 6.600 manat sığorta ödənişinin və ödənilmiş 86 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı - mərhum X5 xx.xx.1993-cü il tarixdən hərbi xidmətdə müxtəlif vəzifələrdə qulluq etmişdir. Hərbi xidmət zamanı aldığı xəsarət və xəstəliyə görə müxtəlif müddətlərdə Hərbi Hospitalda və Rayon xəstəxanalarında müalicələr almış və dəfələrlə əməliyyat olunmuşdur. Həkimlərin qərarı ilə X5 xidmətə yararsız hesab edilmiş və xx.xx.2015-ci il tarixdə tərxis olunmuşdur. Hərbi xidmətlə əlaqədar ona Qarabağ əlili statusu verilmişdir. Murov ərazisində xidmətdə olarkən orada şaxtaya düşmüş və nəticədə ayaq nahiyyəsində qanqren yara əmələ gəlmişdir. Hərbidən tərxis olunduqdan sonra bədənində şəkərin yüksək olmasından və həmçinin uzun illər ayaq nahiyəsində yaranmış qanqren yarasından əziyyət çəkmiş və həkimlərin gəldiyi nəticəyə əsasən ayağın amputasiya olunması bildirilmişdir. Əməliyyata hazırlıq mərhələsi başlamışdır. Lakin həmin nahiyədən qazlı qanqren başlamış, nəticədə qana zəhərlənmə keçmiş və xəstə «şok»a düşmüş, Gəncə şəhər Beynəlxalq Xəstəxanasında 2 gün «koma» vəziyyətində qalmış və sonda xx.xx.2020-ci il tarixdə həyat yoldaşı X5 vəfat etmişdir. «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci bəndinə əsasən hərbi qulluqçular dövlət büdcəsi hesabına icbari sığorta edilirlər. Həmin Qanunun 5-ci maddəsinin ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə: - İ dərəcə əlilliyə görə - 80 faiz; - İİ dərəcə əlilliyə görə - 60 faiz; - İİİ dərəcə əlilliyə görə - 40 faiz məbləğində müəyyən edilmişdir. X5 xidmətə yararsız hesab edilmişdir və xidmətdən tərxis olunmuş və hərbi xidmətlə əlaqədar ona xx.xx.2016-cı il tarixdə 2-ci dərəcəli Qarabağ əlili statusu verilmişdir. Belə ki, xx.xx.1993-cü il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi hərbi xidmət keçmiş və həkimlərin qərarı ilə X5 xidmətə yararsız hesab edilmişdir və xidmətdən tərxis olunduqdan, yəni xx.xx.2015-ci il tarixdən qanunda nəzərdə tutulan 3 il müddət ötürülməmiş, ona xx.xx.2016-cı il tarixdə 2-ci dərəcəli Qarabağ əlili statusu verilmişdir. Sığorta pulunun alınması ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə müraciət etmişdir. Lakin müraciətinə cavab verilməmişdir. Sonradan xx.xx.2022-ci il tarixdə təkrar müraciət etmişdir. İkinci dəfə etdiyi müraciətinə xx.xx.2022-ci il tarixdə 05/1698 saylı məktubla cavab olaraq bildirmişlər ki, Şirkətin elektron informasiya bazasının məlumatına əsasən 6.600 manat sğorta pulu ödənilmişdir. O, bu cavabla razılaşmamışdır. Şirkətin məktubuna cavab olaraq yenidən ərizə ilə müraciət edərək bu barədə sübut tələb etmişdir. Lakin xx.xx.2022-ci il tarixli 08/01-412 saylı məktubla ona cavab olaraq bildirilmişdir ki, kommersiya sirri olduğundan bu barədə sübut verə bilmərlər. Hesab edir ki, həyat yoldaşı, mərhum X2 hüquqi varisi olduğundan onun barəsində nə kimi sənədlər mövcuddursa, həmin sənədlərin əldə edilməsi üçün ona görə heç bir zərurət yaranmamalıdır. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin cavabı onu qane etmədiyi üçün hesab edir ki, həyat yoldaşına sğorta pulu (İİ dərəcə əlilliyə görə - 60 faiz) verilməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya mahiyyəti üzrə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdiyindən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılması qərarına gəlmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, mərhum X1, 30 may 2016-cı il tarixdə qanunla müəyyən edilmiş 6.600 manat sığorta pulunu almış, bununla bağlı 20/11 saylı kassa məxaric orderi verilmiş və o, həmin orderi imzalamışdır. DSKŞ üzərinə düşən vəzifəni icra etmişdir. İddiaçının hazırki iddia tələbi əsassızdır. Çünki, yuxarıda da qeyd etdiyi kimi, iddiaçının əri şəxsən ona qanunla təyin edilmiş sığorta haqqını tam şəkildə almışdır. Bu səbəbdən, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş, 30 may 2016-cı il tarixli 20/11 saylı kassa məxaric orderinin surətindən görünür ki, iddiaçının mərhum həyat yoldaşı X1 «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin «ç» bəndinə əsasən İİ dərəcə əlilliyə görə təyin edilmiş 6.600 manat sığorta pulunu almışdır. Digər sənədlərdən görünür ki, X5 yuxarıda qeyd olunan sığorta ödənişini almaq üçün zəruri sənədlərin surətlərini əlavə etməklə, 23 may 2016-cı il tarixdə Göygöl rayon Dövlət Sığorta agentliyinin direktoruna ərizə təqdim etmiş, hərbi bilet, müvafiq arayışlar, xəstəlik tarixi ilə bağlı tibbi sənədlər araşdırılmış, X5 hüquq sahibi olduğundan verilməsini tələb etdiyi 6.600 manat sığorta ödənişi ona nağd şəkildə təqdim olunmuşdur. 03 iyun 2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 065194 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 21 may 2020-ci il tarixdə Gəncə şəhərində, septik şokdan vəfat etmiş, bu barədə 22 may 2020-ci il tarixdə müvafiq akt qeydləri kitabında 213 saylı akt qeydi aparılmışdır. İddiaçı həyat yoldaşı vəfat etdikdən sonra, 01 aprel 2021-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış, ərinin pozulmasını zənn etdiyi hüquqlarını müdafiə etmək məqsədi ilə, ərinin vəfat etməsi ilə bağlı 11.000 manat sığorta ödənişinin verilməsini cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən tələb etmiş, müraciətinə müsbət cavab almadığından, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli 2(006)- 5568/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 01 mart 2022-ci il tarixli 2(103)-1878/2022 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Hazırda iddiaçı mərhum ərinin İİ dərəcəli əlil olmasına istinad edərək, mərhum ərinə əlilliyi ilə bağlı 6.600 manat sığorta ödənişi verilməli olduğunu iddia edir. Lakin təqdim olunmuş sübutlardan da göründüyü kimi, iddiaçının mərhum əri sağlığında ona qanunla təyin olunmuş sığorta ödənişini almışdır. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti iddiaçıya münasibətdə sonuncunun hüquqlarını pozan, mənafeyinə aid hər hansı qanuna zidd hərəkət və ya hərəkətsizlik etməmişdir. Göründüyü kimi, iddia əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, ödənilmiş 86 manat dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı «sığorta ödənişinin verilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 86 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №e-2(006)-513/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-513/2023
20.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver