Məhkəmə qərarları › İş №e-2(006)-5164/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(006)-5164/2025

17.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(006)-5164/2025 17.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon məhkəməsinin 8(006)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün qazancından 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 648/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı Əli-Əkbər oğlundan xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3864/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə borclu İddiaçı hər ay 100 manat sabit pul məbləğində alimentin və uşağın 3 yaşına çatanadək hər ay 50 manat sabit pul məbləğində alimentin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3864/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 8(103)-371/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmişdir. İddiaçı yenidən ailə həyatı qurmuş, yeni nikahdan 1 övladı var. Bələdiyyədə işləyir, 560 manat əmək haqqı alır. Daha sonra iddiaçı, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün onun qazancından 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində 250 (iki yüz əlli) manatdan az olmamaqla alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, övladı hazırda 10-cu sinifdə təhsil alır. Onun hər ay 6 fəndən hazırlıqlarının ödənişi 600 manatdır, əlavə olaraq yol xərcləri, hər ay sınaq imtahanları və dərs vəsaitlərinin ödənişi üçün də mütəmadi xərclər çəkilir. Bundan başqa, övladının gözlərində ciddi problemlər var, uzun illərdir fasiləsiz müalicə olunur, hər 6 aydan bir eynəkləri dəyişdirilir, 3 aydan bir isə 10 günlük şüa müalicəsi alır. Hər dəfə həkim ödənişi, müalicə üçün alınan dərmanlar, şüa müalicəsi, eynək dəyişdirilməsi kifayət qədər məbləğ edir. Üstəlik məktəb üçün çəkilən lazımi xərclər, qida, geyim, əlavə problemlər və s. Özü heç bir yerdə çalışmır və bütün bu xərclər ailəsinin dəstəyi ilə qarşılanır. Uşağın yaşında təyin olunan aliment ilə illərdir səs çıxarmadan kifayətlənmişdir. Halbuki, hər il artım olsa belə məhkəməyə müraciət etməmişdir. İddiaçı dəfələrlə məhkəməyə əmək haqqı ilə bağlı qeyri-dəqiq və saxta məlumatlar təqdim etmiş və alimentdən yayınmaq üçün hər cür bəhanələr gətirmişdir. İddiaçı illərdir biznes fəaliyyəti ilə məşğuldur və müxtəlif yerlərdə dükanları var. Bundan əlavə, iddiaçı ailəlidir və ailəsi ilə hər il həm Azərbaycanın müxtəlif rayonlarına istirahət mərkəzlərinə, həm də xarici ölkələrə istirahətə gedirlər. Məhkəməyə iyul ayında Türkiyədə və Azərbaycanın rayonlarında çəkilmiş fotoşəkilləri sübut kimi təqdim etmişdir. Həmçinin, ikinci nikahdan olan qız övladı X7-da təhsil alır və bu məktəbin illik təhsil haqqı çox yüksəkdir, hal-hazırda 11500 manatdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, ata da övladının ehtiyaclarını təmin etməkdə bərabər məsuliyyət daşıyır. İddiaçının yeni ailə qurması və digər övladının olması onun əvvəlki övladına qarşı aliment borcunu azaltmaq üçün qanuni əsas deyil. Əksinə, onun maddi vəziyyəti və xərcləri göstərir ki, real gəlirləri rəsmi olaraq göstərdiyindən xeyli çoxdur. İddiaçının əmək haqqısının az olması uşağın saxlanması xərclərini azaltmır. Uşağın gündəlik ehtiyacları (qida, geyim, təhsil, tibbi xərclər və s.) dəyişməz qalır. İddiaçının yenidən ailə həyatı qurması və yeni övladının olması onun əvvəlki övladına qarşı aliment ödəmək vəzifəsini aradan qaldırmır və bu Ailə Məcəlləsinin 77-ci maddəsi ilə də təsdiqlənir. Tərəflərin iştirakı və izahatlar: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İş materialları: Bakı 18 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, MŞB/18/2025- 00596 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən cavabdeh tərəfin sessiyada iştirak etməməsi səbəbindən prosesi davam etdirmək mümkün olmamışdır. “MyGov” portalında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iş yeri bölməsindən edilən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən Əzizov X1 rayon Zığ Bələdiyyəsində baş mühasib işləyir və aylıq əmək haqqı 560 manat təşkil edir. “MyGov” portalında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nikah haqqında şəhadətnamə məlumatları bölməsindən edilən xx.xx.2025-ci il tarixli çıxarışa əsasən İddiaçı və X4 arasında xx.xx.2014-cü il tarixdə nikah bağlanmış, bu barədə 1637 nömrə ilə qeyd edilmişdir. “MyGov” portalında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin övladlarımın şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən edilən xx.xx.2025-ci il tarixli çıxarış aəsasən X8 xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 12922064 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən X9 xx.xx.2010-cu il tarixdə doğulmuş, atası İddiaçı, anası Cavabdehdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-648/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulub xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 verilməsi qət edilmişdir. Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilən nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı və X10 arasında bağlanmış nikah 2011-ci il tarixdə ləğv edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3864/2012 nömrəli, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 1,07 misli həddində indeksasiya edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-254/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına həmçinin, X6 məxsus tibbi sənədlər və fotoşəkillər əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: İddiaçı, cavabdehlə birgə nikahından olan övladları xx.xx.2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ondan minimum əmək haqqının 1,07 misli həddində tutulan aliment məbləğinin azaldılaraq, aylıq gəlirlərinin ¼ hissəsinə (250 manatdan az olmamaqla) uyğunlaşdırılmasını tələb etmiş və bunu ikinci dəfə ailə həyatı qurması və həmin nikahdan bir övladının olması ilə əlaqələndirmişdir. Məhkəmə qeyd edir ki, aliment miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) üçün imperativ olaraq müəyyən edilmiş şərtlər aşağıdakılardır: 1) tərəflərdən hər hansı birinin maddi vəziyyətində baş vermiş dəyişiklik; 2) tərəflərdən hər hansı birinin ailə vəziyyətində baş vermiş dəyişiklik. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” qərarında qeyd edilir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Göründüyü kimi iddiaçının məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladının mövcudluğu aliment məbləğinin azaldılması üçün əsas təşkil etmir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanılmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Məhkəmə İddiaçı nəzərinə çatdırır ki, alimentin məbləğinin azaldılması onun övladının maksimum normal şəraitdə yaşamasını və böyüməsini təmin etmir. Məhkəmə bu qəbildən olan işlərə baxarkən, ilk öncə daha çox qayğıya ehtiyacı olan uşağın mənafeyini, daha sonra valideynlərin mənafeyini nəzərə almağa borcludur. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirməsi üçün tərəflərdən birinin ailə və ya maddi vəziyyətində ciddi dəyişiklik olması, yaxud diqqətəlayiq başqa maraqlar mövcud olmalıdır. Həmin halların olması və ya mövcudluğunun sübut edilməsi yükü isə alimentin miqdarının dəyişdirilməsini tələb edən tərəfin yəni, iddiaçının üzərinə düşsə də o, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının qəbul edildiyi vaxtdan indiyədək ailə və maddi vəziyyətində alimentin azaldılması üçün əsas təşkil edən ciddi dəyişikliyin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin qənaətinə görə iddiaçının əsaslandığı hallar alimentin azadılması üçün əsas kimi qəbul edilə bilməz. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, Ailə Məcəlləsi alimentin təyin edilməsində olduğu kimi, onun azaldılması zamanı da yalnız uşağın valideynlərinin ailə və ya maddi vəziyyəti ilə bağlı meyarların nəzərə alınmasını tələb edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin azaldılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar